Ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş “Qızıl Qran-Pri” turniri
Bütün xalqımızın ulu öndər Heydər
Əliyevin Azərbaycana rəhbər seçilməsinin 40
illiyini sonsuz məhəbbət və dərin ehtiramla bayram
etdiyi bu günlərdə təbii ki, idman ictimaiyyətinin də
deməyə sözü çoxdur. Ümummilli lider
respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində
həyatın digər sahələri kimi, bədən tərbiyəsi
və idmanın da inkişafını daim diqqət mərkəzində
saxlamış, ona xüsusi qayğı və hərtərəfli
kömək göstərmişdir. Təsadüfi deyil ki,
dünya şöhrətli müdrik şəxsiyyət xatirələrdə
həm də idmanımızın və
idmançılarımızın ən yaxın, bir nömrəli
dostu kimi yaşayır.
Azərbaycanda zəngin ənənələri
olan güləş Heydər Əliyevin ən çox sevdiyi
idman növlərindən biri idi desək, yanılmarıq. İdman
həvəskarlarımız onun bu növ üzrə
yarışları maraqla izləməsinin dəfələrlə
şahidi olmuşlar. Atlanta (ABŞ) Olimpiadası — 96-da isə
ilk dəfə müstəqil komanda kimi çıxış
edən nümayəndə heyətimizə yeganə
medal-gümüş mükafat qazandıran sərbəst
güləş ustası Namiq Abdullayevin müvəffəqiyyəti
o zaman Prezident Heydər Əliyevə hədsiz sevinc gətirmişdi.
Yadınızdadırsa, ulu öndər okeanın o tayından
yenicə qayıdan olimpiayaçıları qəbul edərkən
həmin tarixi qələbəni çox yüksək qiymətləndirərək,
gümüş medalı qızıla bərabər
tutmuşdu.
Budur, Bakıda Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə
həsr edilmiş beynəlxalq güləş turniri start ərəfəsindədir.
Özü də dünyada ən nüfuzlu yarışlardan
biri — “Qızıl Qran-Pri” turniri. Bu çox mötəbər
idman hadisəsində bizi təkcə sərbəst güləşdə
deyil, həm də yunan-Roma və qadın güləşində,
yəni birdən-birə üç növdə maraqlı və
gərgin görüşlər gözləyir.
Ümummilli liderin xatirəsini
yad etmək, ona dərin ehtiramlarını bildirmək
üçün otuz ölkənin güləş ustaları
Azərbaycan paytaxtına toplaşmaqdadırlar. Sabah
başlanıb iyulun 19-dək davam edəcək turnirin
mükafatları uğrunda 400-ə qədər
iştirakçının mübarizə aparacağı
gözlənilir.
Təşkilatçıların
441 min manat məbləğində mükafat fondu təsis etmələri
də qarşıdakı yarışın yüksək nüfuzundan
xəbər verir. Hər çəki dərəcəsində
qaliblərin uğuru 10 min manatla qiymətləndiriləcəkdir.
Gümüş və bürünc mükafatçılar
müvafiq surətdə 5 və 3 min manat qazanacaqlar.
Son illər
paytaxtımız ikinci dəfə dünya güləşinin
mərkəzinə çevrilir. 2007-ci ilin sentyabrında Heydər
Əliyev adına İdman — Konsert Kompleksində
keçirilmiş sərbəst güləş, yunan-Roma və
qadın güləşi üzrə Pekin Olimpiadasına
lisenziya xarakterli dünya çempionatında rekord miqdarda, səhv
etmirəmsə, 103 ölkə nümayəndələri
mübarizə aparmışdılar. Yenə bir çox
ölkədən güləşin hər üç
növünün ustaları Bakıya qonaq gəlirlər. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə
həsr edilmiş “Qızıl Qran-Pri” turniri ölkəmizdə
2009-cu ilin ən əlamətdar idman hadisələrindən
birinə çevriləcəkdir. Güləş həvəskarlarımız
Bakı İdman Sarayında keçiriləcək
yarışda bir çox mahir ustanın, o cümlədən
dünya və Avropa, Olimpiya oyunları
çempionlarının və
mükafatçılarının ustalığını qiymətləndirmək
imkanı qazanacaqlar. Bu turnirin həm də sentyabrda Danimarkada təşkil
olunacaq növbəti dünya çempionatına
hazırlıq baxımından əhəmiyyəti
böyükdür.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2009.- 16 iyul.- S. 8.