Taxıl biçini — 2009

 

Tərtərin bol çörəyi

 

Biçinçilər işə tezdən başlamışdılar. Kombaynlar ilk bunkerlərin dənini yük maşınlarına boşaltmışdılar ki, Murovun zirvəsindən sürətlə aşağı enən qara buludlar, sanki, hər yanı toranlaşdırdı. İri yağış damlaları oturduğumuz maşının damını, şüşələrini döyəcləməyə başladı. Bizimlə birlikdə Çaylı kəndinə fermer Murad Paşayevin taxıl zəmisinə gəlmiş Tərtər Rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə müavini Ədalət Əliyev maşının açıq pəncərəsindən qarşı dağların başını göstərərək sözə başladı:

 

— Buna kənd yerlərində “çoban aldadan” deyirlər. Görürsünüzmü, buludlar aşağı enən kimi dağların başı işıqlandı. Yuxarıdakı ağırlaşmış buludlar “yükünü” boşaldan kimi bu yağış da 5-10 dəqiqəyə kəsəcək. Başqa əkin-biçinə xeyiri olsa da, taxıla ziyan vurur, biçini ləngidir. Son günlər gecənin-gündüzün müxtəlif vaxtlarında qəfil yağan belə yağışlar çətinliklər yaratsa da, hava açılan, sünbüllər quruyan kimi biçinçilər ikiqat sürətlə işləyir, yetişmiş dənin itkiyə getməsinə yol vermirlər.

Bu arada Ədalət müəllim son illərdə rayonda taxılçılığın inkişafından, əkin sahələrinin genişlənməsindən, məhsuldarlığın yüksəlməsindən söz saldı. Öyrəndik ki, ölkə Prezidentinin taxıl istehsalçılarına ayırdığı vəsait, mineral gübrələrin güzəştli qiymətə satılması kimi təşviqedici tədbirlər son 2 ildə yüksək nəticələr üçün stimul olmuşdur. Bu il taxılçılara 750 min manatadək kompensasiya ödənilib. Onlara 1068 ton ucuz qiymətə gübrə satılıb.

Keçən il 14556 hektardan 49 min ton taxıl toplanıb. Son 5 ildə taxıl istehsalı 3 dəfə artıb. Bu il taxıl əkinlərinin sahəsi 7 min hektar artaraq 21600 hektara çatıb. İndiyədək hər hektardan orta hesabla 33-34 sentner məhsul götürülməsi o deməkdir ki, bu il tərtərlilərin 60 min tonadək taxıl əldə etmək imkanı var.

... Doğrudan da, qəfil yağan yağış 5-10 dəqiqədən sonra kəsdi, ətraf aydınlığa büründü. Maşınlarda daldalanmış biçinçilərin dilxorçuluğunu bilsək də işlərlə tanış olmaq üçün onlara yaxınlaşdıq. Fermer Murad Paşayev bildirdi ki, bu il 140 hektarda taxıl əkib-yetişdirib. Ölkə rəhbərliyinin göstərdiyi maliyyə köməyindən ayrıca söz açdı. Qeyd etdi ki, bu vəsaiti və güzəştli qiymətə gübrə almasaydı, bu qədər sahədə bol məhsul yetişdirmək mümkün olmazdı. Fermer onu da söylədi ki, təbiətin şıltaqlığına dözmək mümkündür. Bu gün bir neçə saatlığa qiymətli vaxt əldən çıxsa da yaxşı işləməklə sabah, ya o birisi gün biçini qurtaracaq. 400 tondan çox məhsul gözlənilir. Bunun 3-4 tonu öz ehtiyacını ödəyəcək. Qalanını isə satmaq lazımdır ki, xərclər ödənsin, qazanc əldə edəsən, gələn il üçün də sərmayən qalsın. Lakin builki əlverişsiz bazar başqa taxıl istehsalçıları kimi onu da qayğılandırıb.

Məhsul bolluğu bazarda taxılın kiloqramını 10 qəpiyə salıb. Bu isə ancaq çəkilən xərcləri ödəyə bilər. Çıxış yolu ondadır ki, dəyirman sahibləri, çörəkbişirənlər daxili bazara üz tutsunlar. Ölkədə daxili tələbatı ödəyəcək qədər taxıl istehsal olunduğu halda kənardan keyfiyyətsiz buğda alınmasına ehtiyac varmı?

Murad və onun biçinçi yoldaşlarına iş avandlığı arzulayıb rayonun geniş taxılçılıq ərazisi sayılan Şıxarx zonasına yollandıq. Burada da yağış biçində fasiləyə səbəb olmuşdu. Kombaynçılar, sürücülər boş vaxtdan istifadə edib texnikaya əl gəzdirirdilər. Burada “Duman” fermer təsərrüfatının rəhbəri Eldəniz Nəbiyevlə tanış olduq, uğurları, qayğıları ilə maraqlandıq. O, bu il 45 hektarda bol buğda yetişdirib. 140 tonadək məhsulu olacaq. Lakin qiymətin aşağılığı onun da kefinə soğan doğrayıb. Fermer açıq bildirdi ki, onların məhsulu sərfəli qiymətə tədarük olunmasa, gələn il taxıl əkinləri azala bilər. Bu da ölkədə buğda qıtlığına, çörəyin yenidən bahalaşmasına gətirib çıxarar.

Şıxarxda olarkən “Tərtər” MMC-nin burada böyük ərazidə taxıl əkib-becərdiyini də öyrəndik. Fərman Qurbanovun başçılıq etdiyi bu aqrar qurum Şıxarxda, Əskiparada, Qaradağlıda 548 hektarda taxıl əkib-becərib. 1500 tonadək taxıl gözlənilir.

Ölkədə taxılçılığın inkişafı üçün yaradılmış əlverişli şərait fərdi istehsalçıdan tutmuş iri aqrar qurumlaradək hamını bu sahəyə həvəsləndirib. Ayrı-ayrı ailələr öz tələbatlarını ödəmək üçün 3-5 ton taxıl əldə edirsə böyük təsərrüfatlar 3040 ton, hətta yüz tonlarla məhsul yetişdirib. Taxıl əkinlərinin xeyli hissəsi cəbhə xəttinin yaxınlığındadır. Əkin, becərmə, eləcə də biçin erməni silahlılarının vaxtaşırı atəşi altında aparılır. Dəfələrlə yaralanan, xəsarət alanlar olub. Elə bu günlərdə Qaxdan Tərtərə biçinə gəlmiş Balay adlı kombaynçı güllə yarası alıb. Qaradağlı kəndində Firuz adlı sürücünün yük maşını atəşə tutulub. Bir neçə zəmidə yanğın törədilib.

Bütün bunlar tərtərliləri qətiyyən qorxutmayıb. Ona görə də bu il Tərtərdə rekord həcmdə taxıl yetişdirilib. Rayonda taxılçılığın sürətli inkişafına türk iş adamı Murtuza Korkutun rəhbərlik etdiyi “Azəraqro” MMC-nin də samballı köməyi var. Qurum bu il Şıxarx zonasında 1160 hektarda taxıl əkib-becərmişdir. Məhsul yığımı sürətlə aparılır.

Tərtərdə yüksək məhsuldar sortların yetişdirilməsinə, toxumluq məhsul becərilməsinə də xüsusi diqqət yetirilir. Bu sahədə Əkinçilik İnstitutunun Zona Təcrübə Stansiyasının əldə etdiyi uğurlar daha böyükdür. Onların 234 hektarda becərdikləri “Qarabağ-7", ”Qarabağ-22", “Qarabağ-23", ”Aran", “Əzəmətli”, “Bərəkətli”, “Azəri”, “Uğur”, “Əkinçi” kimi sortlardan yüksək məhsullarlıqlı və keyfiyyətli toxumluq buğda yetişdirilir.

Stansiyanın direktoru Faiq Məmmədov son illərdə ölkəmizdə taxılçılığın inkişaf etdirilməsi üçün həyata keçirilən, kompleks məqsədyönlü tədbirlərin, nəhayət, öz bəhrəsini verməsindən — respublikamızın taxıla tələbatının yerli məhsulla ödənilməsindən böyük razılıqla danışdı. O bildirdi ki, növbəti hədəf fermerlərimizin xarici bazara çıxması olmalıdır. Bunun üçün fəal iş aparılmalı, qonşu ölkələrdə etibarlı alıcılar tapılmalıdır.

Taxılçılığı gəlirli sahəyə çevirməyin əsas yolu isə bu sahənin elm və texnika tutumunu artırmaq, yüksək məhsuldar sortları az xərclə yetişdirmək olmalıdır. Tərtərdə taxılçılığın yüksək inkişafında meliorasiya və su təsərrüfatı işçilərinin “Aqrolizinq” ASC-nin də kifayət qədər köməyi olmuşdur. Ermənilər təbii suvarma mənbələrini kəsdiklərindən əsas ağırlıq Qarabağ kanalının maşın qoşunun və subartezian quyularının üzərinə düşmüşdür. Hər iki mənbə əkinləri bu mövsümdə kifayət qədər su ilə təmin etmişdir.

“Aqrolizinq” ASC-nin Tərtər filialı isə 12 kombayn, 10 əkin traktoru, 3 səpin aqreqatı, 1 gübrəsəpən, 1 dərmançiləyən, 3 kipbağlayanla fermerlərin xidmətindədir.

Rayondakı 2 böyük dəyirman artıq mövsümün təzə məhsulu ilə işləyir. Hərəsi sutkada 10-12 ton dən üyüdür. Yerli dədə-baba dəyirmanlarının da təknəsindən təzə un ələnir. Hər gün çörək sexlərində, təndirlərdə bişən isti çörəyin xoş iyi Tərtəri bərəkət ətrinə bürüyüb. Qarabağın bu axar-baxarlı, münbit bölgəsi bu il öz tarixində heç vaxt olmayan qədər taxıl yetişdirib. Texnika çatışmazlığına, tez-tez yağışlar yağmasına baxmayaraq, zəmilərin çox hissəsinin məhsulu toplanıb. Cəbhəyanı rayon bu il də öz tələbatını gen-bol ödəyəcək, ölkə bazarına min tonlarla taxıl çıxaracaq. Bununla tərtərlilər aqrar sahədə tarixi bir nailiyyətin qazanılmasına öz töhfələrini vermiş olur.

 

 

Ziyəddin SULTANOV,

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2009.- 16 iyul.- S. 7.