Nəsillərə nümunə olan görkəmli şəxsiyyət
Neft – qaz sənayesinin formalaşmasında Sabit Orucovun
xüsusi xidmətləri olmuşdur
Neft-qaz sənayesinin dünya şöhrətli korifeylərinin
arasında S.A.Orucovun əvəzsiz yeri vardır. Sabit Atababa oğlu Orucov 1912-ci ildə Bakıda anadan
olmuşdur. 1936-cı ildə M.Əzizbəyov adına Azərbaycan
Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) fərqlənmə diplomu ilə bitirərək,
neft-qaz mədənlərində mühəndis və rəhbər
vəzifələrdə çalışmışdır.
1937-39-cu illərdə kompressor stansiyasında mexanik, usta,
neft-qaz mədənlərinin baş mühəndisi, müdiri
vəzifəsində işləmişdir.
Sabit Orucov 1939-cu ildə
“Orconikidzeneft” trestinin (indiki Suraxanıneft NQİ) müdiri vəzifəsinə
irəli çəkilmişdir. O, ayrı-ayrı vaxtlarda keçmiş SSRİ neft sənayesi
nazirinin müavini (1949-1953 və 1955-1957), Azərbaycan SSR
Nazirlər Soveti sədrinin müavini (1957-1959), keçmiş
SSRİ Nazirlər Soveti nəzdində Azərbaycan SSR Nazirlər
Sovetinin daimi nümayəndəsi (1959-1962), keçmiş
SSRİ Kimya, Neft və Yanacaq Sənayesi Dövlət Komitəsinin
sədr müavini, keçmiş SSRİ Dövlət Plan
Komitəsi nəzdində Dövlət Neftçıxarma Sənayesi
Komitəsi sədrinin birinci müavini (1962-1965),
keçmiş SSRİ neftçıxarma və neft sənayesi
nazirinin birinci müavini (1965-1972) və 1973-1982-ci illərdə
qaz sənayesi naziri vəzifələrində
çalışmışdır. O, çoxsaylı elmi
işlərin və ixtiraların müəllifi, texnika elmləri
doktoru, professor, Elmlər Akademiyasının müxbir
üzvü olmuşdur. Dəfələrlə Ümumdünya
konqreslərində (Moskva, Yaponiya, İngiltərə, Kanada) məruzələr
etmiş, Beynəlxalq Neft-Qaz konqreslərinin vitse-prezidenti
seçilmişdir.
O, bacarıqlı dövlət
xadimi omaqla yanaşı, neft-qaz sənayesinin görkəmli təşkilatçı,
neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi
sahəsində görkəmli alim kimi həmişəlik
yaddaşlarda qalmışdır. Onun elmi, istehsalat və rəhbər
kadr kimi idarəetmə fəaliyyəti geniş miqyaslı
olmuşdur: Sabit Orucov harada işləməsindən
asılı olmayaraq, doğma Azərbaycanın neft-qaz sənayesinin
inkişafı naminə sahənin problemlərinin həllində
yorulmaq bilmədən fədakarlıqla
çalışmışdır. 1970-71-ci illərdə
diametri 1000-1200 mm, illik məhsuldarlığı 10 milyard
kubmetr olan İran-Astara-Qazıməmməd-Qazax magistral qaz kəməri
istismara verilmiş və onun üzərində Qazıməmməd,
Ağdaş və Qazaxda kompressor stansiyaları tikilmişdir.
Yevlax-Laçın-Şahbuz-Naxçıvan,
Naxçıvan-Culfa-Ordubad magistral qaz kəməri 1970-82-ci
illərdə tikilmiş və həmin magistral qaz kəmərindən
Şuşa, Qubadlı, Zəngilan və Xankəndinə qaz xətləri
çəkilmişdir.
Rusiyadan təbii qazın
alınması məqsədilə 1972-82-ci illərdə
diametri 1200 mm olan Şirvanovka-Qazıməmməd-Ağdaş-Qazax
magistral qaz kəməri tikilmiş və ildə 25 milyard
kubmetr təbii qaz nəql edilmişdi. 1970-80-cı illərdə
qərb istiqamətində “Qaradağ-Qazax-Gürcüstan sərhədi”,
şimal istiqamətində “Rusiya sərhədi-Qazıməmməd”
magistral qaz kəmərləri çəkilmişdir.
Qonşuların qazla təchizatı əsasən Azərbaycanın
magistral qaz kəmərləri vasitəsilə həyata
keçirilmişdir.
1969-82-ci illərdə çəkilən
magistral və daşıyıcı qaz kəmərlərindən
texniki cəhətdən, coğrafi şəraitinə görə
ən mürəkkəbi, lakin iqtisadi və sosial əhəmiyyətinə
görə vacib obyekt olan Yevlax-Naxçıvan-Şahbuz,
Naxçıvan-Culfa-Ordubad magistral qaz kəmərləri və
ondan Şərur, Şuşa, Laçın, Ordubad, Zəngilan
istiqamətlərində ayrılan qollar relyef şəraitinə
görə o zaman çəkilişi çətin hesab olunan
qaz kəmərlərindən biri olmuşdur. Naxçıvan
MR-a çəkilən 1804 km uzunluğunda qaz xətti Muxtar
Respublikanın iqtisadiyyatında və əhalisinin sosial
durumunda əhəmiyyət kəsb edərək yeddi rayon mərkəzində,
kənd və qəsəbələrdə 36 min mənzilin təbii
qazla təmin olunmasına imkan vermişdir. Naxçıvan
şəhərində illik məhsuldarlığı 6 min ton
olan maye qaz doldurma-paylama stansiyası tikilmişdir.
70-ci illərdə Azərbaycanın
dövlət başçısı Heydər Əliyevin
böyük səyi nəticəsində Xaldan-Balakən
magistral qaz kəmərinin çəkilməsinin layihəyə
daxil edilməsi mümkün oldu və qısa müddətdə
Xaldan-Şəki-Qax-Zaqatala-Balakən magistral qaz kəmərlərinin
çəkilişi başa çatdırıldı;
Qaradağla Sumqayıt şəhəri arasında 40 km
uzunluğunda diametri 500 mm olan ikinci xətt çəkildi.
1971-78-ci illərdə İran keçmiş SSRİ-yə Azərbaycanın
ərazisindən hər il 6,0 milyard kubmetr qaz göndərmişdir.
Qaz İran körfəzi rayonundan magistral qaz kəmərləri
vasitəsilə Astaraya, oradan Qazıməmməd kompressor
stansiyası vasitəsilə nəql edilirdi.
Təbii qazın
mövsümü sərfinin qeyri-bərabərliyini aradan
qaldırmaq məqsədilə 1976-cı ildə Qalmaz YQA və
1986-cı ildə isə Qaradağ YQA istismara daxil edilmiş və
bunun nəticəsində qaz təchizatı sistemi xeyli
etibarlı olmuş, ölkənin ən böyük dövlət
rayon elektrik stansiyalarıının qaz təminatı xeyli
yaxşılaşdırılmışdı. Kənd yerlərinin
təbii qazla qazlaşdırılmasına ilk dəfə Azərbaycanda
başlanmışdır.
Qaz təsərrüfatı
sistemində mərkəzləşdirilmiş idarəetmə
prinsipinin, görülən işlərə vahid texniki rəhbərliyin
və nəzarətin təmin edilməsi məqsədilə
1973-cü ildə Nazirlər Sovetinin qərarı ilə
respublikanın qaz təsərrüfatı təkmilləşdirilmiş,
“Bakqaz” trestinin bazasında Bakı istehsalat qaz idarəsi və
onun tərkibində inzibatı 11 rayon qaz istismar kontorları
yaradılmışdır. Naxçıvan MR-da zona istehsalat
qaz birliyi, Muxtar Respublikanın Ordubad, Culfa, Şahbuz və
Şərur rayonlarında qaz istismar kontorları, maye qazın
hasilatı və satışı üzrə istehsalat birliyi,
nəzarət-ölçü cihazları və
avtomatikanın quraşdırılması və sazlanması,
qaz kəsmərlərinin korroziyadan mühafizə idarəsi,
eləcə də 52 rayonda təbii və maye qaz təchizatı
ilə məşğul olan qaz istismar kontorları
yaradılmışdır. Bu respublika qaz təsərrüfatının
inkişaf etdirilməsi yolunda böyük addım olmuşdur.
1983-cü ildə Nazirlər Soveti yanında “Bakqazın”
bazasında Respublika Dövlət Qazlaşdırma Komitəsi
yaradılır.
“Bahar”, “Azəri”, “Duvannı-dəriz”,
“Xərə-Zirə-dəniz” qazkondensat yataqları sənaye
işlənməsinə daxil edilmişdir; Azərbaycanın Cənubi
Xəzər sektorunda neft-qaz yataqlarının geniş
miqyaslı axtarış və kəşfiyyat işlərinin
aparılması həyata keçirilmişdir; ilk öncə
perspektivli “Şahdəniz” strukturunda kəşfiyyat işləri
aparılmışdır. Lakin o dövrdə dərin dəniz
suları şəraitində (500-700 m) dərin kəşfiyyat
quyularının (7000 m) qazılması üçün dərin-qazma
stasionar platformalarının və qazma
avadanlıqlarının olmaması ucbatından həmin
perspektivli strukturda kəşfiyyat işləri uzun müddət
dodurulmuşdur. “Günəşli”, “Çıraq” və “Azəri”
perspektiv strukturlarda kəşfiyyat işlərinə
başlanılması məqsədilə hələ 70-ci illərdə
“Günəşli” perspektiv strukturunda o vaxt üçün dərin
olan 84 m-də dəniz statsionar platforması
quraşdırılmış və orada qazılan
axtarış quyusu vasitəsilə 1979-cu ildə “Günəşli”
neft-qaz yatağı kəşf etdilmiş və 80-cı illərin
əvvəllərində həmin nəhəng neft-qaz
yatağının sənaye işlənilməsinə
başlanılmışdır. Həmin illərdə “Dənizneftqazlayihə”
İnstitutunun konstruktorlarının texniki layihəsi əsasında
dərinliyi 6000 m olan kəşfiyyat quyularının
qazılması məqsədilə özüqalxan “Bakı” və
“Oktyabrın 30 illiyi” platformaları
yaradılmışdır.
Xəzərin dərinliyi 200 metrə
qədər olan sahələrdə yarımdalma “Şelf” qazma
qurğusu tikilmiş və bu qurğudan istifadə edilməklə,
dənizin 80-350 metr dərinliyində 1979-cu ildə “Günəşli”,
1985-ci ildə “Çıraq” və 1987-ci ildə “Azəri”
perspektivli dəniz strukturlarında nəhəng neft-qaz
yataqları kəşf edilmişdir. Lakin keçmiş
İttifaq hökuməti həmin yataqların işlənməyə
daxil edilməsinə tələsmirdi. 80-cı illərdə Qərbi
Sibirin neft-qaz yataqlarının intensiv işlənməyə
daxil edilməsi məqsədilə kapitalın əsas hissəsi
daimi donma zonalarında yerləşən neft-qaz
yataqlarının mənimsənilməsinə yönəldilmişdir.
Keçmiş İttifaq çökdükdən sonra xarici
şirkətlər tezliklə həmin dəniz
yataqlarının istismarına investisiyalar yönəltdilər.
Beynəlxalq müqavilə yataqlarının hesabına
yaxın illərdə dəniz neft-qaz yataqlarının
hasilatının kəskin surətdə artacağı
gözlənilirdi. Keçən əsrin 70-ci illərinin
sonlarında ümummilli liderimiz Heydər Əliyevin və
nazir Sabit Orucovun təşəbbüsü və yaxından
köməkliyi ilə Heydər Əliyev adına Dərin Dəniz
Özülləri zavodunun tikintisinə
başlanılmış və dərin dəniz neft-qaz
yataqlarının kəşfiyyatı və işlənməsində
mühüm rol oynayan bu nəhəng strateji obyekin birinci
növbəsi 1984-cü ildə fəaliyyətə
başlamışdır.
Onların təşəbbüsü
və yaxından köməkliyi nəticəsində
AzETLQİ- nin alimləri tükənmiş qazkondensat
yataqları bazasında yeraltı qaz anbarlarının (YQA)
yaradılmasına dair tədqiqatlar aparmışlar. Nəhayət,
1976-cı ildə fəal qaz həcmi 1,2 milyard kubmetr olan Qalmaz
YQA yaradılmış, 1986-cı ildə isə layihə
gücü 2,3 milyard kubmetr olacaq Qaradağ YQA-nın
buraxılış obyekti kimi 400 milyon kubmetr fəal qaz həcmi
yaradıla bilmişdir. Lakin məlum hadisələr nəticəsində
bu strateji obyekti layihə gücünə çatdırmaq
mümkün olmamışdır. Həmin illərdə
AzETLQİ- nin alimlərinin iştirakı ilə
Bolqarıstanda fəal qaz həcmi 0,5 milyard kubmetr olan
Çiren yeraltı qaz anbarı yaradılmış və
Naxçıvan MR Nehrəm duz yatağı bazasında
yeraltı qaz anbarı və duzçıxarma kompleksinin
yaradılması məqsədi ilə Nehrəm duz
yatağında 800-900 m dərinliklərdə 9 dərin kəşfiyyat
quyuları qazılmış, prosesin texnoloji sxemi tərtib
edilmiş və qaz-duzçıxarma kompleksinin
“Texniki-İqtisadi Əsaslandırılması” işlənib
hazırlanmış və qəbul edilmişdir. Muxtar
Respublika üçün təklif olunan texnoloji kompleksin
inşa olunması prosesi böyük iqtisadi səmərə
gətirə bilər.
Sabit Orucovun böyük təşkilatçılıq
qabiliyyəti keçmiş SSRİ qaz sənayesi naziri
olduğu dövrlərdə (1973-1982-ci illər) daha da
parlamışdır: Qərbi Sibirin Tümen vilayətinin
unikal qazkondensat yataqları (QKY): Urenqoy, Medvejye, Nadım,
Yamburq QKY; Şərqi Sibirin Krasnoyar vilayətinin Messoyax QKY,
Yakutiya vilayətinin Mastax QKY; Uzaq Şərqin Tunqorskoye QKY,
Türkmənistanın Açak, Ququrtlu, Dövlətabad,
Şatlık QKY, Özbəkistanın Şurtan, Qazli,
Mübarək; Qazaxstanın Karaçaqanak, Tenqiz QKY;
Ukraynanın Şebelinka, Kotelevski, Novotroitski, Timofeyevski,
Bitkovski QKY; Komi MR-nın Vuktıl QKY; Ural-Volqaətrafı
neft-qaz zonasının Perm, Saratov, Samara, Volqaqrad vilayətlərinin,
Başqırdıstanın neft-qaz yataqları; Şimalı
Qafqazın Krasnodar (Maykop, Anastasiyevski-Troitski QKY), Stavropol
(Russkiy Xutor, Severo-Stavropolski QKY), Astraxan (Astraxan, Promıslovoye
QKY), vilayətlərinin, Dağıstan,
Çeçenistanın yataqlarının kəşfi və
sənaye işlənməsində onun misilsiz xidmətləi
olmuşdur.
O, Qərbi Sibirin qaz kompleksinin
formalaşmasında və intensiv inkişafında
mühüm rol oynamışdır. Regionun geoloji-texniki, təbii
iqlim xüsusiyyətləri nəzərə alınmaqla,
qazkondensat yataqlarının sənaye işlənməsinin
yeni yanaşma ilə konsepsiyasını işləyib
hazırlamışdır; qazkondensat quyularının
qazılması, qaz hasilatının artırılması, təbii
qazın magistral kəmərlərlə uzaq məsafələrə-Avropaya
nəqlini, habelə mütərəqqi
texnika-texnologiyaların yaradılması proseslərini müvəffəqiyyətlə
həyata keçirmişdir; xalq təsərrüfatında
qazın səmərəli istifadə olunması problemlərinin
qısa müddətdə həll olunmasına, qaz sənayesinin
iqtisadiyyatının daha da inkişaf etdirilməsinə nail
ola bilmişdir; ilk dəfə ölkənin qaz hasilatı o
vaxt üçün rekord rəqəmə-407 milyard kubmetrə
çatdırılmışdır.
Həmin dövrdə ölkənin
dünyada ən böyük Vahid Qaz Təsərrüfatı
sistemi intensiv inkişafa nail olmuşdur: sənaye
istismarında 250 qaz-qazkondensat yataqları olmuş; qaz
emalı zavodlarının illik məhsuldarlığı 65
milyard kubmetrə çatdırılmış; magistral qaz kəmərlərinin
ümumi uzunluğu 130 min kilometrə
çatdırılmış; sıxıcı kompressor
stansiyalarındakı qaz vurucu aqreqatların ümumi
gücü 18 milyon kilovatdan artıq olmuşdur; fəaliyyətdə
olan yeraltı qaz anbarlarının sayı 40-ı
keçmişdir; təbii qaz və maye qazlardan istifadə
çox yüksək səviyyəyə
çatdırılmış, 195 milyon nəfərlik əhali
kateqoriyası bu ekoloji yanacaqdan istifadə etmişdir. Qərbi
Sibirdə, Orenburq vilayətində, Türkmənistanda unikal
qazkondensat yataqları sənaye işlənməsinə daxil
edilmişdir.
Tərkibində xeyli miqdarda
hidrogen sulfid və ağır merkaptanlar olan Həştərxan,
Mübarək, Orenburq qazkondensat yataqları bazasında qaz
emalı zavodları (QEZ) kompleksləri tikilmiş və qiymətli
xammal olan kükürdün ayrılıb istehsal olunması
prosesləri müvəffəqiyyətlə həyata
keçirilmişdir. Orenburqun yaxınlığında yerləşən
unikal Karaçaqanak QK-nın yüksək hidrosulfid tərkibli
qazı və kondensatı Orenburq QEZ-da emal olunur və
merkaptanlardan azad edilir. Nəhəng Şatlık QKY-nın
qazkondensat sistemində parafinin çökməsinin
qarşısının alınması məqsədilə
yüksək effektli metod işlənib hazırlanmış və
istehsalatda tətbiq edilmişdir. Sabit Orucov ölkənin qaz sənayesində
müasir infrastrukturun qurulmasına müvəffəqiyyətlə
nail ola bilmişdir.
Yüksək potensiallı
kondensata malik olan qazkondensat yataqlarının məhsuldar
laylarında olan qalıq kondensatının (retroqrad
kondensatı) çıxarılma əmsalını xeyli
artırmaq məqsədilə keçmiş SSRİ-də ilk
dəfə olaraq sayklinq-prosesi tətbiq olunmuş və
yüksək səmərəlilik əldə edilmişdir. Həmin
mütərəqqi metod Kotilevski və Karaçaqanaq QKY
üçün layihələndirilmişdir.
Medvejye (1972) və Urenqoy (1978)
QKY-nın misalında S.A.Orucov göstərmişdir ki, mədəndaxili
boru kəmərləri yerüstü olarsa, onlar xüsusi
istilik örtükləri ilə mühafizə olunarlarsa,
istismar quyularından hasil olunan təbii qazın temperaturu
çıxış xətlərində və kollektorlarda
hidratəmələgəlmənin (donmanın)
qarşısının alınması üçün tamamilə
kifayət edə bilər. Bu məqsədlə
yaradılmış texnologiya nəticəsində hidratəmələgəlməyə
qarşı xüsusi ingibitorun verilməsinə və onun
regenerasiyasına ehtiyac olmamışdır. Medvejye və
Urenqoy QKY-da daimi buzlaq şəraitində təbii qazın mədəndə
qurudulması məqsədilə idxal adsorbentlərinin (bərk
sorbentlər) və ölkədə istehsal olunan absorbentlərin
(maye sorbentlər) tətbiq olunmasilə yüksək məhsuldarlıqlı
qurğulardan geniş istifadə olunmağa
başlanılmışdır. Urenqoy və Messoyax QKY-nın
qaz kondensatından dizel yanacağının və yüksək
oktanlı benzinin alınması texnologiyası işlənib
hazırlanmış və istehsalata tətbiq edilməyə
başlanılmışdır.
Unikal Urenqoy və Yanburq senoman
qazkondensat yataqlarının alt hissəsində yatan valancin
qazkondensat yataqlarının sənaye əhəmiyyətli neft
zolağının yüksək parafinli-qətranlı və
böyük özlülüklü neftinin
çıxarılması məqsədilə elmi tədqiqatlar
aparılmışdır. Urenqoyun valancin qazkondensat
yatağının sənaye əhəmiyyətli neft
zolağının neftinin çıxarılması məqsədilə
“qaz repressiyası” və kontaktyanı zonada yerləşən
quyuların süzgəclərində qazkondensat
zonasının və neft zolağının eyni zamanda birlikdə
istismarı metodları işləyib
hazırlanmışdır.
Keçən əsrin 70-ci illərində
keçmiş SSRİ-də ilk dəfə olaraq, neft məhsullarının
və maye qazın yeraltı saxlanılması məqsədilə
müəyyən dərinliyə qazılmış quyuya
texniki-qoruyucu kəmər buraxılmış, sonra layihə dərinliyinə
qədər qazılmış və “kamuflet”
partlayışı (yeraltı mina partlayışı) həyata
keçirilmişdir. Quyuda partlayışın enerjisindən
səmərəli istifadə edilməsi və quyunun
etibarlı qorunması üçün quyu gil məhlulu ilə
doldurulur və yenidən ikinci partlayış yaradılır,
sonra üçüncü dəfə güclü
partlayıcı maddə partladılır. Bundan sonra, quyudan
gil məhlulu çıxarılır, yaranmış
yeraltı kameranın divarları hava ilə qurudulur, neft məhsullarının
və maye qazın yeraltı saxlanılması prosesi həyata
keçirilir. Göstərilən bu maraqlı texnoloji proses
şəxsən Sabit Orucovun rəhbərliyi ilə istehsalata
tətbiq edilmişdir.
70-ci illərdə qaz
hasilatının əsas mənbələri Qərbi Sibirdə
yerləşdiyi üçün uzaq məsafələrə-Avropaya
qazın nəqli üçün magistral qaz kəmərlərinin
uzunluğunun 4,5 min kilometrə çatdırılması ilə
əlaqədar olaraq Sabit Orucovun təşəbbüsü ilə
“Dostluq” ixrac boru kəmərinin diametri ölkə
üçün rekord həddə-1420 mm-ə və nəql
olunan qazın təzyiqi 75 atmosferə çatdırılmışdır.
Sabit Orucovun səmərəli və
dəyərli xidmətləri yüksək qiymətləndirilmişdir.
O, Sosialist Əməyi Qəhrəmanı, Lenin
mükafatı, SSRİ Dövlət mükafatı
laureatı, Azərbaycan SSR əməkdar elm və texnika xadimi
adlarına layiq görülmüşdür. İki dəfə
Lenin, “Oktyabr İnqilabı”, dörd dəfə
“Qırmızı Əmək Bayrağı” ordenləri və
medallarla təltif edilmişdir. Neft-qaz sənayesinin dahi
istehsalat təşkilatçısı və rəhbəri,
tanınmış alim və gözəl insan, həmyerlimiz
Sabit Orucovun heykəli Nadım şəhərinin görkəmli
yerində qoyulmuşdur, Urenqoy Neft-Qazçıxarma
İstehsalat Birliyinə, “Xəzərdənizneftdonanma”sının
sərnişin gəmilərindən birinə onun adı
verilmişdir.
Neft-qaz sənayesinin
inkişafında xüsusi xidmətləri olan
tanınmış təşkilatçı alimin 2012-ci ildə
100 illik yubileyidir. Nəsillərə nümunə olan dahi
şəxsiyyət Sabit Atababa oğlu Orucovun 100 illik yubileyi
münasibətilə doğulduğu Bakı şəhərində
heykəli qoyularsa, bu, Azərbaycanın neft-qaz sənayesinin
daha bir şanlı səhifəsinin yazılması demək
olacaqdır.
Vaqif ASLANOV,
geologiya-mineralogiya
elmləri
doktoru, AzETLQİ-nin laboratoriya
müdiri
Xalq qəzeti.- 2009.- 16 iyul.- S. 5.