Azərbaycanı yeni dünyaya aparan şəxsiyyət

 

Dünya siyasətçiləri ulu öndərimizin uzaqgörənlik, dözüm, qabiliyyət və liderlik keyfiyyətlərini yüksək qiymətləndirirlər

 

Heydər Əliyev Azərbaycanı dəyişdirən, Azərbaycanı həqiqi mənada yeni dünyaya aparan şəxsiyyət olmuşdur. O, Azərbaycanı irəli aparmaq üçün kifayət qədər uzaqgörənlik, dözüm, qabiliyyət və liderliyə malik idi. Azərbaycan müstəqil olandan sonra dünyaya yol tapmalı idi. Heydər Əliyev məhz bunu etdi.

 

Robert LİNQVİSTON ABŞ Konqresinin sabiq üzvü

 

Bu il — iyul ayının 14-də Azərbaycan xalqının həyatında çox böyük tarixi əhəmiyyət kəsb edən mühüm və əlamətdar hadisələrdən birinin — XX əsrin ən görkəmli siyasətçilərindən olan ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 40 ili tamam oldu. Tarixçilərin “tarixin memarı”, siyasətçilərin “liderlərin lideri” politoloqların “tarixi yaradan şəxsiyyət”, nəhayət sadə vətəndaşların “ən böyük azərbaycanlı” adlandırdığı Heydər Əliyev həmin adların hamısını Tanrının ona verdiyi şəxsi keyfiyyətləri ilə, təkrarolunmaz əməlləri nəticəsində qazanmışdı.

 

Ulu öndərin cismani olaraq bu fani dünyanı tərk etdiyi günlərdə rusiyalı ekspertlərdən biri söyləmişdi ki, Heydər Əliyevin 80 illik həyatı o qədər tarixi hadisələrlə zəngindir ki, həmin hadisələrin hamısının bir adamla bağlı olması inandırıcı görünmür. O, sadəcə Tanrının bəxş etdiyi qeyri-adi imkanlara malik bir insan idi. Bu gün ulu öndərimizin həyatındakı həmin tarixi hadisələrin biri — xilaskarlıq missiyası barədə söz açmaq istəyirdik. Ancaq mümkün olmur. Heydər Əliyev həyatı, bu həyatın bütün məqamları bir-biri ilə elə üzvi surətdə bağlıdır ki, həmin məqamların biri barədə söz açarkən mütləq digər hadisə də xatırlanır, yada düşür.

Tarixin bütün dönəmlərində bəşər mədəniyyətinə misilsiz töhfələr verən Azərbaycan xalqının çox böyük dövlətləri və dövlət xadimləri olub. Son 200 ildə isə bu millətin ən böyük arzularından biri özünün müstəqil və qüdrətli dövlətinin yaradılması idi. XX əsrin əvvəllərində əldə edilmiş ilk müstəqil Azərbaycan dövləti zamanın amansız gərdişlərinə tab gətirə bilmədiyinə görə bu istək xalqın hər bir fərdinin ürəyində getdikcə daha böyük şövqlə böyüyürdü. Tarix nə qədər amansız olsa da üzərinə ilahi missiya düşən böyük şəxsiyyətlər həmişə xalqın arzu və istəklərinin reallaşdırılması üçün cəsarət, qətiyyət, mətanət tapır və göstərirlər. Bu baxımdan ümummilli lider Heydər Əliyevin ötən əsrin 50-60-cı illərində Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı dövrdə nümayiş etdirdiyi milli təəssübkeşlik əsl cəsarət nümunəsi idi. Gənc zabit bu qurumda çalışdığı ən kiçik vəzifələrdə belə milli təəssübkeşlik nümunəsi göstərir, xalqın sabahı naminə mühüm addımlar atır, ən başlıcası özünün işlədiyi komitədə azərbaycanlı kadrların yetişməsinə, irəli çəkilməsinə nail olurdu. İkinci Dünya müharibəsindən sonrakı müəmmalı və qarışıq illərdə SSRİ-də aparılan kütləvi “təmizləmə” əməliyyatları zamanı kapitan Heydər Əliyevin yüzlərlə günahsız soydaşını ölümün pəncəsindən qurtardığı barədə tarixi faktlar dəfələrlə yazılıb, səsləndirilibdir. Ulu öndərin bu qurumda rəhbər vəzifələrdə çalışdığı illərdə isə onun Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində milliləşdirmə siyasəti apardığı barədə məlumatlar, raportlar bilavasitə həmin günlərdə də yazılırdı. Ermənilər (onlar Azərbaycan DTK-sında daha dərin kök salmışdılar) və azərbaycanlı olmayan digər zabitlər açıq şəkildə etiraz edirdilər ki, Heydər Əliyev kadrlara milliyyətinə görə qiymət verir. Bu, ulu öndərin fitri istedaddan doğan uzaqgörənliyinin nəticəsi idi.

Ancaq bütün bunlara — yəni bədxahların çoxsaylı danoslarına və qaragüruhun fitnə-fəsadına baxmayaraq ulu öndər Dövlət Təhlükəsizlik Komitəsində sıravi əməliyyat işçisindən DTK generalı rütbəsinə qədər yüksəldi. Moskvada və Leninqradda SSRİ-nin ən yüksək ixtisaslı kadrlarının yetişdirildiyi xüsusi məktəblərdə, kurslarda təhsil alan Heydər Əliyev o dövrə qədər heç bir türk övladının fəth edə bilmədiyi zirvələri fəth edə bildi. Bu ifadə ulu öndərin təkcə DTK generalı rütbəsinə və bu sahədə komitə sədri vəzifəsinə qədər yüksəlməsinə deyil, eləcə də onun SSRİ rəhbərlərindən biri kimi Siyasi Büronun ən nüfuzlu üzvünə çevrilməsinə də şamil edilir.

Ulu öndərin fitri istedaddan doğan siyasi uzaqgörənliyi onun Azərbaycana rəhbərlik etdiyi 1969-82-ci illərdə özünü daha bariz şəkildə göstərdi. Mən indi aşağıda Heydər Əliyevin Azərbaycanda rəhbər vəzifəyə seçilməsinədək və onun seçilməsindən sonrakı dövrdə ölkədəki vəziyyət barədə söz açacağam. Hələlik isə əvvəlcə iki-üç tarixi faktı xüsusilə qeyd etmək istəyirəm. Birinci fakt. Türkiyədə çıxan “Cümhuriyyət” qəzeti hələ 90-cı illərin əvvəllərində belə bir sual vermişdi: “Ermənilər Heydər Əliyevin siyasi vəzifələrdən istefa verməsindən cəmi 20 gün sonra özlərində güc taparaq Yerevanda və Xankəndində Dağlıq Qarabağ uğrunda mübarizəyə qalxdılar. Azərbaycanlılar bunun farkındadırlarmı?” Bu sual o zaman verilirdi ki, Azərbaycan rəhbərliyi Heydər Əliyevin Moskvadan Bakıya qayıtmasına mane olmaq üçün minbir fitnə-fəsad düşünür, xalqın böyük oğlunu öz Vətəninə buraxmaq istəmirdi. Məhz azərbaycanlıların bu nankorluğuna və haqsızlığına dözməyən türk ekspertlər tarixi məqamı yada salaraq Heydər Əliyevin öz xalqına və dövlətinə böyük dayaq olduğunu sübut edirdilər.

İkinci fakt. Mixail Qorbaçovun erməni müşavirinin Fransada yaydığı sərsəmləmələr, Kremlin ermənipərəst siyasəti və Azərbaycan xalqının təklənməsi nəticəsində əl-qol açan ermənilər bütün dünyanın gözünə kül üfürmək üçün Dağlıq Qarabağ haqqında uydurma tarix quraşdırır, bu “tarixi” böyük israrla bütün ölkələrdə yayırdılar. O zaman mərhum akademik Ziya Bünyadov ermənilərə konkret tarixi faktlarlarla cavab vermişdi. Həmin faklardan biri də ermənilərin Dağlıq Qarabağa köçməsinin 150 illiyi münasibətilə muxtar vilayətdə ucaldılan abidə idi. Qeyd edək ki, erməni “tarixçilərinin” və dünyadakı erməni lobbisinin çoxsaylı cəfəng və uydurmalarına baxmayaraq 1978-ci ildə Mardakert (Ağdərə) rayonunun Marağaşen-Leninavan kəndində bu tarixi ildönümü münasibəti ilə xüsusi abidə qoyulmuşdur. Ziya Bünyadov ermənilərə də, onları Azərbaycan ərazisinə köçürənlərə də sərf edən həmin tarixi faktı aqambekyanların, balayanların yadına salırdı. Akademikin həmin elmi əsaslandırmalarına cavab verən Davityan familiyalı erməni alimi Ziya Bünyadovun ünvanına əsəbi cümlələrlə dolu cavab ünvanlamışdı: “Ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyinin qeyd edilməsi, bu hadisəyə abidə həsr edilməsi o zamankı Azərbaycan rəhbəri Heydər Əliyevin qərəzli tədbirlərinin nəticəsi idi. O, (H. Əliyev — red.) Dağlıq Qarabağda azərbaycanlıların sayının süni şəkildə artırılması ilə, ermənilərin buraya köçmə olduğunu abidə vasitəsilə rəsmiləşdirməklə Dağlıq Qarabağın gələcək taleyinə zəmin yaratmaq istəyib”.

Erməni alimin qərəzli adlandırdığı Heydər Əliyevin müdrikliyinə və siyasi üzaqgörənliyinə heyran olmamaq mümkün deyil. O, sözün həqiqi mənasında fitri istedadada əsaslanan fenomenal siyasi uzaqgörənliyə malik şəxsiyyət idi. Yeri gəlmişkən, bu xüsusda başqa bir tarixi fakta da müraciət etmək zərurəti yaranır. Bu fakt hörmətli akademik Ziyad Səmədzadənin 1995-ci ildə nəşr edilmiş “Dağlıq Qarabağ: naməlum həqiqətlər” kitabında da öz əksini tapır. Məsələnin məğzi belədir. Ermənilərin Qarabağ, Böyük Ermənistan xülyalarının qızışdığı günlərdə — 1988-ci ilin martında Bakıda DQMV-nin sosial-iqtisadi vəziyyətinin real mənzərəsini ictimatiyyətə çatdıran “dəyirmi masa” söhbəti keçirilmişdi. Tədbirdə Azərbaycan rəsmiləri və alimləri ilə yanaşı SSRİ Elmlər Akademiyasının akademiki Tiqran Xaçaturov da iştirak edirdi. Tədbirdə akademik Budaq Budaqov Dağlıq Qarabağın Aran Qarabağla bir iqtisadi rayon olduğunu, bu ərazilərin bir-birini tamamlandığını söyləyir: “Axı Dağlıq Qarabağ Aran Qarabağla — Ağdam, Mirbəşir, Ağcabədi, Füzuli, Cəbrayıl və respublikanın qərb regionları — Kəlbəcər, Laçın, Qubadlı rayonları ilə birlikdə bütöv coğrafi region, kompleks ekoloji sistem, vahid çay şəbəkəsi qarşılıqlı surətdə bir-birinə bağlı iqtisadiyyat və kommunikasiya əmələ gətirirlər. Qarabağın təbii-coğrafi və iqtisadi birliyini, onun digər regionlarla qarşılıqlı əlaqələrinin təbiiliyini həyati əhəmiyyəti olan kommunikasiyalar, — Ağdam-Stepanakert dəmir yolu xətti, avtomobil yolları, qaz kəməri, elektrik təchizatı xətləri ilə bağlıdır ki, bu da muxtar vilayətin xalq təsərürfatının səmərəli fəaliyyəti üçün son dərəcə zəruridir”. Diqqət yetirin, Azərbaycan alimi mövcud reallıqları dilə gətirir. Cəmi bir həftə sonra isə erməni mətbuatı başqa həqiqətlərdən bəhs edir: “Dağlıq Qarabağda yaradılmış kommunikasiya xətləri muxtar vilayətin inkişafına deyil, Heydər Əliyevin bu vilayəti Azərbaycana bağlamaq istəyinə xidmət edirdi.” Etiraf edək ki, düşmən nə qədər qərəzli və məkrli olsa da həmin məqamda həqiqəti qiymətləndirməyi bacarmışdı.

İndi isə yuxarıda qeyd etdiyimiz kimi ulu öndərin ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə üfüqdə Azərbaycanın dövlət müstəqilliyinin konturlarını görərək həyata keçirdiyi bəzi tədbirlər barədə qısa da olsa söz açaq. Böyük idarəçilik və rəhbərlik təcrübəsi olan ulu öndər çox gözəl bilirdi ki, dövlətin idarə edilməsi üçün dörd mühüm sahə mətləq və daim diqqət mərkəzində saxlanılmalıdır:

1. Kifayət qədər peşəkar kadrların hazırlanması.

2. Mükəmməl ordu quruculuğu.

3. İqtisadiyyatın təbii sərvətlər hesabına gücləndirilməsi.

4. İnsanlarda dövlətə inam və etimadın yaradılması.

Siyasi fəaliyyəti bir akademiya təsiri bağışlayan Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul 1969-cu il tarixli plenumundan dərhal sonra öndə bu dörd mühüm cəhət olmaqla cəmiyyət həyatının bütün sahələrində köklü islahatların tezislərini yaratdı. Yeri gəlmişkən qeyd edək ki, 60-cı illərdə Azərbaycanda elə bir sahə yox idi ki, onun göstəriciləri üz ağardan olsun. Hətta, 40-cı illərdə və 50-ci illərin əvvəllərində bütün dünyada böyük nüfuz qazanmış neft sənayemiz də geriləmələrlə hörmətdən düşürdü. Ona görə də Heydər Əliyevə çox ağır miras qalmışdı.

Beləliklə, ulu öndərin titanik idarəçilik məktəbinin qeyd etdiyimiz dörd cəhətinə aid olan bəzi tarixi faktlara diqqət yetirək. Kifayət qədər peşəkar kadrların hazırlanması üçün Heydər Əliyev ilk növbədə ölkədə orta təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, çoxsaylı yeni məktəb binalarının tikilməsinə nail oldu. 1969-82-ci illərdə Azərbaycanda, təxminən 420 min şagird yerlik 792 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdi. Həmin dövrdə Azərbaycanda mövcud olan ali məktəblərdə 100-dən artıq yeni kafedra, 42 yeni fakültə yaradılmışdı. Ali məktəblərdə 100-ə qədər yeni ixtisas üzrə təhsilli mütəxəssislərin hazırlığına başlanılmışdı. Ulu öndərin ölkəyə birinci dəfə rəhbərlik etdiyi müddətdə Rus Dili və Ədəbiyyatı, Xarici Dillər, Stepanakert Pedaqoji, İnşaat Mühəndisləri, Texnologiya (Gəncədə) və Naxçıvan Dövlət Pedaqoji institutları, eləcə də 12 orta ixtisas məktəbi yaradılmışdı. Ancaq ölkə üçün ixtisaslı kadrlar yetişdirilməsi üçün daha münasib bir üsul da var idi və Heydər Əliyev SSRİ rəhbərliyi arasındakı yüksək nüfuzundan istifadə edərək həmin varianta daha böyük önəm verirdi. Belə ki, ulu öndər SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbənin və 110 aspirantın təhsil almasına nail olmuşdu. Təkcə Moskvanın 42 ali məktəbində 800 azərbaycanlı gənc təhsil almışdı. Məhz həmin siyasətin nəticəsi olaraq Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyinə nail olanda dövlətin və xalq təsərrüfatının idarə edilməsi üçün heç bir kadr çatışmazlığı hiss edilməmişdi. Cəmi 10 ildə üç nəfər azərbaycanlı müəllimin Sosialist Əməyi Qəhrəmanı, 817 maarif işçisinin əməkdar müəllim adına layiq görülməsi, 8718 müəllimin isə SSRİ-nin orden və medalları ilə təltif edilməsi Heydər Əliyevin müəllim əməyinə verdiyi qiymətin nəticəsi idi.

Qeyd etmək istədiyimiz ikinci məsələ — mükəmməl ordu quruculuğu yolu da əslində elə birinci məsələ ilə əlaqədar inkişaf etdirilirdi. Ulu öndər gələcəkdə müstəqil Azərbaycanın özünün peşəkar hərbçilərinin olmasının qayğısına hələ 70-ci illərdə qalırdı. İttifaq miqyaslı ali məktəblərə göndərilən gənclərin böyük bir hissəsi məhz hərbi ixtisasa yiyələnirdi. Üstəlik, Bakıda ilkin hərbi təhsil verən orta internat məktəbi yaradıldı və məhz Heydər Əliyevin prinsipiallığı nəticəsində məktəbə ilk Azərbaycan diviziyasının komandanı olmuş Cəmşid Naxçıvanskinin adı verildi. O illərdə Bakıda fəaliyyət göstərən SSRİ Ali Soveti adına Ümumqoşun Komandanlıq Məktəbinin və Ali Hərbi Dəniz Donanması Məktəbinin rəhbərliyinə milli kadrların gətirilməsi ilə həmin məktəblərdə təhsil alan azərbaycanlı gənclərin (onlar əvvəlki illərdə 1-2 faiz idilər) sayının on dəfələrlə artırılmasına nail olundu. Ali Ümumqoşun Komandanlıq Məktəbinin rəhbərliyinə Azərbaycan generalının gətirildiyi zaman orada 100 erməni, 18 azərbaycanlı gənc oxuyurmuş. Ölkənin digər müttəfiq respublikalarından göndərilmiş gənclər də azərbaycanlılardan çox imiş . Heydər Əliyev bu ədalətsiz mizan-tərəzini tamamilə yenidən qurmaqla milli tariximizdə əbədilik qazanmışdır.

Üçüncü məsələ: iqtisadiyyatın təbii sərvətlər hesabına gücləndirilməsi. Böyük idarəçilik mütəxəssisi olan Heydər Əliyev 70-ci illərdə iqtisadiyyatın iki mühüm qanadı olan sənayeni və aqrar bölməni ayrılıqda deyil, məhz kompleks şəkildə inkişaf etdirərək o zamankı müttəfiq respublikalar üçün əlçatmaz olan nailiyyətlərə imza atdı. 14 il ərzində Azərbaycanda üst-üstə 250-dən çox zavod, fabrik, istehsalat obyektləri tikildi. 1970-82-ci illərdə respublikamızda sənaye və kənd təsərrüfatı məhsullarının inkişaf sürəti artıq ittifaq göstəricilərini qabaqlamışdı. Sənaye məhsulu istehsalı 2,7 dəfə artaraq əvvəlki 50 ildə istehsal edilmiş məcmu məhsulun səviyyəsinə çatmışdı. Taxıl istehsalı ölkədə 10 ildə təxminən 2 dəfəyə yaxın, meyvə istehsalı 2,5 dəfə, çay yarpağı istehsalı 3,2 dəfə, üzüm istehsalı isə 5 dəfədən də çox artmışdı. 80-ci illərin əvvəllərində Azərbaycan artıq dünyanın 65 ölkəsinə 350 adda məhsul göndərirdi.

Bütün bunlar ölkə iqtisadiyyatının təbii sərvətlər əsasında gücləndirilməsi barədə bəzi mülahizələrdir. Ancaq bu sahədə ən böyük tədbirlər neft sənayesinin inkişaf etdirilməsinə yönəldilmişdi. Heydər Əliyev ölkəyə ilk dəfə rəhbərlik etdiyi dövrdə dəniz kəşyfiyyatının asanlaşdırılması və dənizdə neft-qaz hasilatının daha da artırılması məqsədilə o dövr üçün ən yüksək hesab edilən bütün texniki vasitələrin alınmasına nail olmuşdu. Bakıda inşa edilmiş iki neftayırma və Dərin Dəniz Özülləri zavodları bilavasitə ulu öndərin təşəbbüsü ilə ərsəyə gəlmiş və Azərbaycan neft sənayesinin inkişafına mühüm təkan vermişdi.

Ulu öndərin titanik siyasi fəaliyyətinin, daha doğrusu idarəçilik məktəbinin xüsusi qeyd edilməli dördüncü cəhəti xalqın dövlətə və dövlət başçısına inamının, etimadının yaranması idi. Heydər Əliyev həqiqətən bu sahədə Azərbaycan nümunəsini yaratdı, yeni tendensiyanın təməlini qoydu. O, siyasi hakimyiyətə gəldiyi ilk günlərdə “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin 50 illik yubiley mərasimində, daha bir neçə gün sonra isə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universitetidir) 50 illik yubiley tədbirində Azərbaycan dilində çıxış etmişdi. Bu, Azərbaycan Respublikasının tarixində ilk dəfə atılan addım idi. Bəlkə də kiməsə kiçik jest kimi görünə bilər. Ancaq dövlətçiliyin və idarəetmənin böyük ustası olan Heydər Əliyev həmin addımıyla daim xalqın arasında, xalqla birlikdə olacağını bildirmişdi. Elə ömrünün sonuna qədər də bu ənənəyə sadiq qalan böyük dövlət xadimi hələ sağlığında xalqın ürəyində öz abidəsini ucaltmışdı. Onun iş planında neftçilərin, pambıqçıların, maşınqayıranların, çayçıların, poladəridənlərin, üzümçülərin, müəllimlərin, sərhədçilərin, ağsaqqalların, uşaqların, ümumiyyətlə, hamının yanında olmaq, hamı ilə görüşmək, söhbət etmək, hətta, xoş əhval-ruhiyyə yaradan zarafatlar etmək kimi ali insani əməllər daim olurdu. Bu, şəxsiyyətin böyüklüyü idi. Biz xoşbəxtik ki, ulu öndər siyasi hakimiyyətə ikinci dəfə gələndən sonra da məhz həmin keyfiyyətləri ilə, xalqın arasında olmaq, insanların etimadını qazanmaq, insanlara qayğı göstərmək keyfiyyətləri ilə yadda qaldı.

Ulu öndərin ən böyük keyfiyyəti isə ötən əsrin 90-cı illərində özünü göstərdi. Xalq azadlıq hərəkatının başlandığı günlərdə bu hərəkata dayaq olması ulu öndərin növbəti dəfə siyasi uzaqgörənlik nümayiş etdirməsi idi. Mixail Qorbaçovun milli-ayrıseçkilik zəminində törətdiyi münaqişələrə etiraz edən azərbaycanlı azadlıqsevərlər məhz Qorbaçovun əliylə qanına qəltan edilmişdi.

O zaman ulu öndər xalqı tək buraxmadı. Özünün həyatının təhlükə qarşısında olmasına baxmayaraq bilavasitə Moskvada Mixail Qorbaçovun siyasətini ifşa edən bəyanat verdi. Eləcə də xalqın böyük tələb və təkidi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələndən sonra da onun həyatına böyük təhlükələr var idi. Heydər Əliyev həmin təhlükələrin heç birinə əhəmiyyət vermədən xalqa qurtuluş, dövlətə nicat, milli dövlətçiliyimizə əbədilik qazandırdı. Onun siyasi fəaliyyətinin hər anı bir dərs, həyatı isə böyük məktəbdir. Azərbaycanın bugünkü inkişafını da məhz həmin məktəbin ən layiqli məzunu olan cənab Prezident İlham Əliyev təmin edir. Ulu öndərin ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 40-cı ildönümü hər bir azərbaycanlı üçün əlamətdar hadisə, mühüm tarixi faktdır.

 

 

İsgəndər NAMAZOV,

YAP Binəqədi rayon təşkilatı siyasi şurasının üzvü

 

Xalq qəzeti.- 2009.- 16 iyul.- S. 4.