Nur şəhərinin
nurlu günləri
Şairlərin sevə-sevə vəsf edərək
“nur şəhəri” adlandırdıqları Mingəçevirdə
son bir ildə yeni quruculuq ab-havası yaranmışdır. Şəhərdə
gedən tikinti-abadlıq işləri öz vüsəti ilə
sanki Mirgəçevirin ilk quruculuq illərini xatırladır.
Aparılan quruculuq işlərinin panoramı zəngin və
çoxşaxəlidir. Şərq giriş qapısı,
klassik memarlıq üslubunda salınan park şəbəkələri,
Heydər Əliyevin yadigarı olan şəhər
avtovağzal kompleksinin müasir üslubda bərpası, “Nur
şəhəri” təqdimat kompleksi, ecazkar Heydər Əliyev
parkı, göz oxşayan fəvvarələr, böyük
zövqlə salınan yaşıllıqlar zolağı, əkilən
bəzək kolları, dekorativ ağaclar, yaraşıqlı
yolüstü piyada keçidi və s. Qısa müddətdə
100 yaşayış binasının dam örtüyü dəyişdirilmiş,
107 bina təmir olunmuş, 30 km asfalt örtüyü
salınmış, 600 yeni işıq dirəyi
quraşdırılmışdır.
Bir il ərzində 2,5
km su, 1 km kanalizasiya, 1,3 km qaz kəməri çəkilmiş,
11,8 km yeraltı elektrik kabelləri yeniləri ilə əvəz
olunmuşdur.
Son dövrlər ölkəmizin
hər yerində — hər bir şəhər və rayonunda
aparılan böyük quruculuq və abadlıq işlərindən
ruhlanan mingəçevirlilər sanki bu bir ildə yeniləşmə
prosesinin ön cərgəsinə çıxmağa can ataraq
daha həvəs və əzmlə çalışırlar. Cari
ilin altı ayı ərzində şəhərdə
ümumi məhsul istehsalı ötən ilin eyni dövrü
ilə müqayisədə 1,6 faiz, sənaye məhsulunun
istehsalı 1,9 dəfə, orta aylıq əməkhaqqı
38,6 faiz, əsas kapitala yönəlmiş investisiyanın
miqdarı 8,8 dəfə, əmtəə dövriyyəsi 33
faiz, pullu xidmətin həcmi 22 faiz artmış, 3 yeni müəssisə,
10-dan çox idarə, 5 yeni bank filialı, 50-dən artıq
ticarət və xidmət obyektləri
açılmışdır. Gündə 150 kompyuter dəsti
istehsal edən zavod qısa müddətdə ölkəmizin
təhsil ocaqlarına 26 mindən çox elektron cihaz göndərmişdir.
Bu, dövlətimizin təhsil müəssisələrini informasiya
və kommunikasiya texnologiyaları ilə təmin etmə
proqramına çox böyük töhfə olmuşdur.
Nəinki Qafqazda,
ümumən MDB məkanında analoqu olmayan “Kür”
avarçəkmə bazasında tikinti-bərpa işləri
yüksək templə davam etməkdədir. Müasir dünya
standartları səviyyəsində qurulan bu bazanın sayəsində
Mingəçevirdə avarçəkmə idmanı üzrə
möhtəşəm beynəlxalq yarışların, Avropa
və dünya birinciliklərinin keçiriləcəyi
gün uzaqda deyil.
Bütün bunlar son bir
ildə — şəhər icra hakimiyyətinə cənab
Mübariz Ağayevin rəhbərlik etdiyi dövrdə
görülmüş işlərin yalnız bir hissəsidir.
Ümumilikdə isə Mingəçevirdə 2003-2008-ci illər
ərzində 40-dan artıq sənaye, sosial, mədəniyyət,
təhsil, səhiyyə obyektləri tikilib istifadəyə
verilmiş, bununla da şəhərdə fəaliyyət
göstərən müəssisələrin ümumi sayı
285-ə çatmışdır.
Mingəçevir
Politexnik İnstitutu, Azərbaycan Müəllimlər
İnstitutunun Mingəçevir filialı, Bakı İslam
Universitetinin Mingəçevir şöbəsi, Mingəçevir
Tibb Məktəbi, Mingəçevir Turizm Kolleci və Türk
liseyi kimi ali və orta təhsil ocaqları şəhərimizin
sakinləri ilə yanaşı respublikamızın müxtəlif
bölgələrindən gəlmiş gənclərin
yüksək peşə ixtisaslarına yiyələnmələri
üçün səmərəli fəaliyyət göstərirlər.
Şəhər icra
hakimiyyətinin təşəbbüsü ilə 1948-1955-ci
illərdə Mingəçevirdə aparılan
inşaat-quruculuq işlərinə rəhbərlik etmiş
İslam İslamzadənin, eləcə də şəhərin
salınmasında onunla çiyin-çiyinə
çalışaraq Mingəçevirin şərəfli
tarixini yazmış əmək qəhrəmanları Qafar Xəlilov,
Bəhlul Bayramov, Sarvan Salmanov, İsa Salahov, Qəşəm
İsmayılov, Rəsul Balakişiyev, Məhərrəm
Dadaşov, Qriqori Kuzmin, İvan Kiyasko, Əhmədfərid Əfəndiyev
kimi insanların — şəhərin ilk qurucularının əziz
xatirəsini əbədiləşdirmək, eyni zamanda,
sıraları ildən-ilə seyrəlmətdə olan
veteranlara diqqət və qayğı göstərmək məqsədilə
“İlk Qurucular” parkı yaradılmışdır. Qəlblərə
rahatlıq gətirən yaşıllıq,
gül-çiçək kolları, yaraşıqlı
oturacaqlar, işıqlandırma qurğuları və cazibədar
fəvvarələr qısa zamanda bu parkı mingəçevirlilərin
sevimli istirahət guşəsinə çevirmişdir. “İlk
Qurucular” parkının gənc nəslin təlim-tərbiyəsində,
onların qəlbində ötən nəsillərin əməllərinə
görə minnətdarlıq duyğularının baş
qaldırmasında da müstəsna rol oynayacağı
şübhəsizdir. Gənclər görürlər ki,
öz ömürlərini xalqın rifahı, Vətənin
çiçəklənməsinə həsr etmiş
insanların əməlləri heç zaman unudulmur.
Ulu öndərimiz Heydər
Əliyev Mingəçeviri “halal insanlar şəhəri”
adlandırmışdı. Ümummilli liderimizin yüksək
etimad ifadə edən həmin sözlərini
doğrultmağa çalışan mingəçevirlilərin
yaradıcı əməyini möhtərəm Prezidentimiz cənab
İlham Əliyev də yüksək qiymətldəndirmişdir:
“Çox sevindirici haldır ki, Mingəçevir inkişaf
edir, yaşayır və burada özəl sektor möhkəmlənir,
yeni iş yerləri açılır. Mingəçevirdə
regional proqramlar uğurla həyata keçirilir. Ümumiyyətlə,
Mingəçevirdə gördüklərimiz bir daha təsdiq
edir ki, seçdiyimiz inkişaf strategiyası Azərbaycanın
milli maraqlarına tam cavab verir”.
Möhtərəm
Prezidentimizin mingəçevirlilərin əməyinə
verdiyi yüksək qiymət bizim ürəyimizdə
böyük qürur hissi doğurur.
Ölkəmizin
inkişaf strategiyasının əyani bir nümunəsi olan
Mingəçevirin bu günü barədə bu qısa qeydlərimi
şəhərin icra başçısı Mübariz
Ağayevin sözləri ilə bitirmək istərdim:
“Prezident İlham Əliyevin rəhbərliyi altında
uğurla həyata keçirilən regionların sosial-iqtisadi
inkişafı üzrə Dövlət Proqramının
birinci mərhələsi Mingəçevirdə aparılan
genişmiqyaslı quruculuq işlərində də öz əksini
tapmışdır. Son bir ilin nəticələri hər
şeydən əvvəl büsbütün yeniləşən
şəhərimizin indiki durumunda özünü göstərir.
Mingəçevir kəhkəşanlar məkanının
nadir incisinə çevrilir. Yeni yaradılan hər şey
şəhərin hüsnünü daha da gözəlləşdirir,
müasirləşdirir, insanlara zövq verir, qəlblərini
iftixar hissi ilə döyündürür”.
Adil KƏRİMOV,
müəllim
Mingəçevir şəhəri
Xalq qəzeti.- 2009.- 16 iyul.- S. 4.