Azərbaycanın şanlı neft salnaməsinin 40 ili ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü xalıqmızın ümummilli lideri Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Bu il müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbərlik etməsinə başlamasının 40 ili tamam olur.

 

Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, alovlu vətənpərvər Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həmçinin 1982-1987-ci illərdə keçmiş İttifaqın liderlərindən biri olduğu dövrdə Azərbaycanın dövlət müstəqilliyi üçün möhkəm zəmin və bünövrə yaradılmış, siyasi, iqtisadi və mədəni sahələrdə mühüm addımlar atılaraq çox ciddi nailiyyətlər əldə edilmişdir. Həmin illərdə respublikamızda güclü iqtisadiyyat və kadr potensialı yaradılmış, Azərbaycan SSRİ-nin ən qabaqcıl müttəfiq respublikalarından birinə çevrilmişdi. O illərdə respublikamızda inşa edilən nəhəng obyektlərin əksəriyyəti Ümumittifaq büdcəsindən maliyyələşdirilirdi. Bu isə yalnız Heydər Əliyevin gücü, qətiyyəti, uzaqgörənliyi sayəsində reallaşırdı.

Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı iqtisadi inkişaf konsepsiyası Azərbaycanda kənd təsərrüfatı sahəsi ilə yanaşı, sənayenin də sürətli inkişafını təmin etdi. Heydər Əliyevin təkidi və uzaqgörənliyi nəticəsində İttifaq əhəmiyyətli nəhəng sənaye obyektlərinin bir çoxunun Bakıda inşa edilməsinə nail olundu. Bunun nəticəsində Azərbaycanda istehsalın həcmi kəskin şəkildə artdı, respublikanın iqtisadiyyatı sürətli inkişaf mərhələsinə qədəm qoydu. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyası nəticəsində Azərbaycan keçmiş İttifaqın dotasiyasız yaşayan müttəfiq respublikalarından birinə çevrildi.

Məlum olduğu kimi, hər bir ölkənin inkişaf etməsi, irəli getməsi iqtisadiyyat sahəsində qazanılan uğurlardan başlayır. Məhz öz fəaliyyətində bu tezisi rəhbər tutan ulu öndər Heydər Əliyev xalqın, dövlətin gələcəyinin bu günün iqtisadiyyatından asılı olduğunu böyük uzaqgörənliklə görür, dərk edirdi. Odur ki, ulu öndər respublika iqtisadiyyatının inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prioritetlərindən biri hesab edirdi. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə iqtisadiyyat sürətlə inkişaf edirdi. Belə ki, 1969-82-ci illər ərzində respublikamızda milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı iki dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,7 dəfə, xalq istehlak mallarının istehsalı isə üç dəfə artmışdı.

Heydər Əliyev əzəmətli bioqrafiyası ilə nəsillərə örnək olan bir ömür yaşamış nadir şəxsiyyət, titanik fəaliyyət dairəsinə malik bir insan idi. Belə fenomenal siyasi bioqrafiya isə hər kəsə nəsib olmur. Heydər Əliyevin taleyinin möhtəşəmliyi və bənzərsizliyi bir də onda idi ki, o, bütün şüurlu həyatını bütövlükdə doğma xalqına, Vətəninə həsr etmişdi.

Azərbaycanın şanlı neft salnaməsinin də düz 40 ili ümummilli liderimizin adı ilə bağlıdır. Heydər Əliyevin neft sənayesinin inkişafına göstərdiyi böyük diqqət və qayğısı XX əsrin sonu – XXI əsrin əvvəllərində dövlətçiliyimizin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun xeyli artmasına, həmçinin iqtisadiyyatımızın dinamik inkişafına güclü təkan vermişdir.

Bütün bunların bünövrəsi isə hələ ötən əsrin 70-ci illərində qoyulmuşdur. 1969-cu il iyul ayının 14-də ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbər təyin olunduğu vaxtdan neft sənayesinin daha da inkişaf etdirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, neft sənayesinin iqtisadi inkişafdakı rolunu böyük uzaqgörənliklə nəzərə alan Heydər Əliyev ötən əsrin 70-ci illərində bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Məhz həmin dövrdə Azərbaycanın neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin xalqımızın rifahına və respublikamızın tərəqqisinə xidmət edən mühüm bir vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. O illərdə Xəzərin Azərbaycan sektorunda yeni yataqların kəşfiyyatı, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz ulu öndər Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur. Onu da qeyd etmək lazımdır ki, ümummilli liderimizin qətiyyətli addımları nəticəsində respublikamızda neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri və digər müəssisələr yaradılmışdır. Məhz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış “Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi uğurla başa çatdırılmışdır. Heydər Əliyevin rəhbərliyi ilə həmin işlər ardıcıl, məqsədyönlü şəkildə həyata keçirilməsəydi, ölkəmizin yeni neft strategiyasını bu gün belə müvəffəqiyyətlə reallaşdırmaq mümkün olmazdı.

Ümummilli liderimiz, müstəqil Azərbaycanın yeni neft strategiyasının banisi Heydər Əliyev çox-çox sonralar həmin illəri xatırlayarkən demişdir: “... 1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır... Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyi düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.

Bəli, müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatının hərtərəfli inkişaf etdiriliməsində neft amilindən istifadə olunması Heydər Əliyevin uzaqgörən, düşünülmüş siyasətinin nəticəsidir. Özünün dediyi kimi, daim Azərbaycanı, Azərbaycan xalqının gələcəyini düşünərək o, 70-80-ci illərdə respublikamızda nəhəng neftayırma kompleksi sistemlərinin, müasir səviyyəli neft donanmasının yaradılmasına, keçmiş SSRİ-də analoqu olmayan Dərin Özüllər Zavodunun Bakıda tikilməsinə nail oldu. İndi biz həmin illərdə görülmüş o işlərin ölkəmizin bugünkü iqtisadi həyatında oynadığı rolun canlı şahidləriyik.

Hazırda ölkəmizin yeni neft strategiyası uğurla həyata keçirilir. Bu strategiyanın müəllifi və ilhamverici ümummilli lider Heydər Əliyevdir. Məhz xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev ölkəmizin neft sənayesinin yenidən bərpası və inkişafı ilə yaxından məşğul olmağa başladı. Azərbaycanda siyasi sabitliyin təmin edilməsinə və dövlətçiliyin möhkəmləndirilməsinə nail olan tanınmış siyasətçi neft-qaz sahəsində fəaliyyət göstərən xarici şirkətləri ölkəmizə dəvət etdi. Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və dünya şöhrətli siyasətçi Heydər Əliyevin şəxsi nüfuzu sayəsində dünyanın neft istehsalçıları olan iri şirkətlərin rəhbərlərini danışıq masası ətrafına toplamaq mümkün oldu. Çoxdan arzuladıqları ideyanın gerçəkləşdirilməsi üçün imkan yaradıldığına əmin olan neft nəhəngləri Azərbaycana investisiya yönəltmək qərarını qətiləşdirdilər. Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının məntiqi nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də dünyanın səkkiz ölkəsini təmsil edən 11 xarici neft şirkəti ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və"Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. İmzalanma mərasiminin uğurla başa çatması və sonradan “Əsrin müqaviləsi” adını almış bu mühüm neft sazişinin dərhal həyata keçirilməsinə başlanılması dünya dövlətlərinin müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikasına inamını xeyli artırdı. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin imzalanması mərasimində çıxış edən ümummilli liderimiz demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq”.

İndi “Əsrin müqaviləsi” adlandırılan həmin tarixi sazişin imzalanmasından on beş ilə yaxın vaxt ötür. Ötən müddətdə “Əsrin müqaviləsi”nin tərkib hissəsi olan nəhəng neft layihələri uğurla reallaşdırılmışdır. Təkcə onu demək kifayətdir ki, bu müqavilənin həyata keçirilməsi üçün Azərbaycana indiyədək 15 milyard dollardan artıq xarici investisiya yönəldilib. Həmin investisiyaların arxasında isə zəngin infrastruktur imkanları, minlərlə yeni iş yeri, ən başlıcası isə böyük iqtisadi səmərə dayanır. Məhz ötən müddətdə Dövlət Neft Şirkətinin müəssisə və obyektlərinin bir çoxu əsaslı şəkildə modernləşdirilmiş, dünya standartlarına uyğun yeni istehsal sahələri yaradılmışdır. Neft sazişlərinin həyata keçirilməsini sürətləndirmək məqsədilə “Dədə Qorqud” və “İstiqlal” yarımdalma qazma qurğuları modernləşdirilmiş, “Qurtuluş” və Heydər Əliyev adına qazma qurğuları tikilib istismara verilmişdir. Ötən müddətdə dəniz işlərini sürətləndirmək üçün “Azərbaycan” kran və “İsrafil Hüseynov” borudüzən gəmiləri, eləcə də Xəzərdənizneftdonanma İdarəsinin bir çox yardımçı gəmi və barjları əsaslı şəkildə təmir edilmişdir.

Azərbaycanın yeni neft strategiyası çərçivəsində ilkin neft hasilatına başlanılması məqsədilə əvvəlki dövrdə tikilmiş “Çıraq-1" stasionar özülü beynəlxalq standartlar səviyyəsində modernləşdirilmiş, buradan sahilə sualtı neft və qaz kəmərləri çəkilmişdir. 1997-ci ilin noyabr ayında Azərbaycanın yeni neft strategiyası çərçivəsində ilkin neft hasil edildi. Bununla da “Əsrin müqaviləsi”nin ilkin neft layihəsi uğurla reallaşdırıldı. Xam nefti qəbul edib texnoloji prosesdən sonra ixrac sisteminə vurmaq məqsədilə Xəzərin sahilində – Səngəçal qəsəbəsində nəhəng terminal tikildi. Nefti dünya bazarına çıxarmaq üçün alternativ ixrac marşrutu sistemi yaradıldı. 1998-ci ildən istismarda olan Bakı-Novorossiysk və 1999-cu ilin əvvəllərində istifadəyə verilmiş Bakı-Supsa ixrac boru kəmərlərinin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan neftinin dünya bazarına ixracı ildən-ilə artdı.

2001-ci il avqustun 30-da isə “Əsrin müqaviləsi”nin həyata keçirilməsi istiqamətində növbəti, çox mühüm addım atıldı. “Azəri” yatağının işlənməyə cəlb olunmasının “Faza-1" layihəsinə başlamağa dair qərar qəbul edildi. Bundan təxminən bir il sonra adı çəkilən yatağın şərq və qərb hissələrinin işlənməsinə yönəldilən “Faza-2” layihəsinə sanksiya verildi. “Azəri” layihəsi çərçivəsində Azərbaycanda və xaricdə nəhəng tikinti-quraşdırma işləri həyata keçirildi. Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri” yatağında üç hasilat və bir qaz-kompressor platforması istismara verildi. Xam nefti qəbul edib onu ixrac sisteminə vurmaq üçün Səngəçal terminalı dünya standartları səviyyəsində yenidən tikilərək genişləndirildi. “Azəri” yatağından sahilə sualtı neft və qaz kəmərləri çəkildi. Bütün bu işlərə Azərbaycanın yüzlərlə tikinti təşkilatı və on mindən çox vətəndaşı cəlb edildi.

2005-ci ilin əvvəllərində “Azəri” yatağının mərkəzi hissəsinin istismara daxil edilməsi ilə ölkəmizdə böyük neft hasilatının başlanğıcı qoyuldu. Bununla yanaşı, “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin istismara daxil edilməsi üçün yeni platformalar inşa edildi. Ötən il “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində neft hasilatı təmin olundu. Bununla da “Əsrin müqaviləsi” çərçivəsində yataqların istismara daxil edilməsi başa çatdırıldı. Hazırda Azərbaycanda il ərzində neft hasilatı təqribən 45 milyon ton təşkil edir ki, bu da ölkəmizin neft sənayesi üçün rekord göstəricidir.

Azərbaycanın yeni neft strategiyasının ən böyük uğurlarından biri də Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft kəmərinin istismara verilməsidir. Yeri gəlmişkən, Bakı-Tbilisi-Ceyhan kəmərinin müəllifi və memarı da ümummilli liderimiz Heydər Əliyevdir. Belə ki, hələ 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən neftin çoxvariantlı marşrutlar üzrə dünya bazarına çıxarılması və bu zaman əsas ixrac marşrutu kimi Bakı–Tbilisi–Ceyhan xəttinin çəkilməsi ideyasını Prezident Heydər Əliyev qətiyyətlə və böyük uzaqgörənliklə irəli sürmüşdür. Məhz onun prinsipial və ardıcıl mövqeyi bu ideyanın həyata keçirilməsinə səbəb olmuşdur. Artıq üç ildir ki, xalqımız bu uzaqgörən, səmərəli ideyanın real nəticələrini hiss edir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə xam neftin ixracına başlanılması ümummilli liderimizin müəllifi olduğu yeni neft strategiyasının uğurlu məntiqi nəticəsi olmaqla yanaşı, həm də ölkəmizin, xalqımızın firavan gələcəyinin təminatıdır. Onu da qeyd etmək lazımdır ki, istismara verilməsindən ötən üç il ərzində adı çəkilən kəmərlə təqribən 90 milyon ton Azərbaycan nefti Türkiyənin Ceyhan terminalına ixrac edilmiş, oradan isə dünya bazarına çıxarılmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı və indi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən yeni neft strategiyasının son illər ölkəmizə gətirdiyi möhtəşəm qələbələrdən biri də Azərbaycanın təbii qaz ixracatçısına çevrilməsidir. Buna isə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismara daxil edilməsi imkan yaratmışdır. 2007-ci ildə istismara verilən “Şahdəniz” yatağı ehtiyatlarına görə dünyadakı ən iri qaz-kondensat yataqlarından sayılır. İndi “Şahdəniz” qazı Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə Gürcüstana və Türkiyəyə, oradan isə Yunanıstana ixrac olunur. Onu da qeyd etmək istəyirəm ki, hazırda “Şahdəniz” qazına maraq göstərən ölkələrin sayı getdikcə artmaqdadır. Bu da, heç şübhəsiz, ulu öndər Heydər Əliyevin neft strategiyasının təntənəsidir.

Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının həqiqiliyi və Azərbaycandakı əlverişli investisiya mühiti ölkəmizin qurudakı yataqlarına da marağı xeyli artırıb. Ötən illərdə qurudakı yataqların birgə işlənilməsinə dair xarici şirkətlərlə çoxsaylı sazişlər imzalanmışdır. Həmin sazişlərin həyata keçirilməsi üçün Dövlət Neft Şirkəti ilə birgə müəssisələr və əməliyyat şirkətləri yaradılmışdır. Ötən müddətdə köhnə yataqlarda neft hasilatını artırmaq və işlənmədən kənarda qalmış strukturların istismara cəlb edilməsi üçün xeyli vəsait xərclənmişdir. Bunun hesabına neft mədənlərinin infrastruktur imkanları xeyli yaxşılaşdırılmış, yeni quyular qazılmış, neftçıxarmada mütərəqqi texnologiyaların tətbiqinə başlanılmışdır.

Neft yataqlarının xarici şirkətlərlə birgə işlənilməsindən gələn mənfəətin, neft satışından daxil olan valyutanın və digər gəlirlərin toplanması və onlardan xalqımızın firavan gələcəyi naminə səmərəli şəkildə istifadə edilməsi, bu vəsaitlərin perspektiv sahələrin inkişafına və mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədilə Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmışdır. Bir il sonra isə Prezidentin müvafiq fərmanı ilə fondun əsasnaməsi təsdiq edilmişdir. Dövlət Neft Fonduna indiyədək təqribən 20 milyard dollardan artıq vəsait daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə fondun hesabından məcburi köçkünlərin məskunlaşdırılması, habelə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri layihəsində Dövlət Neft Şirkətinin payının maliyyələşdirilməsi üçün lazımi vəsait ayrılmışdır. Bundan əlavə, hazırda fondun vəsaitlərindən digər ümummilli layihələrin reallaşdırılmasında, eləcə də Azərbaycanın dövlət büdcəsinin formalaşdırılmasında istifadə olunur.

Yeri gəlmişkən, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin yayında xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişi bütövlükdə ölkənin neft sənayesini böhran və tənəzzüldən xilas etdi. Əvvəlki rəhbərliyin səriştəsiz iqtisadi siyasəti, ölkədə hökm sürən xaos və anarxiya, təsərrüfatsızlıq neft hasilatının kəskin şəkildə azalmasına səbəb olmuşdu. Yalnız 1995-96-cı illərdə iqtisadiyyatın bir çox sahələri kimi, neft sənayesində də tənəzzülün qarşısını almaq mümkün oldu, hasilatda sabitlik əldə olundu. Artıq 13 ildir ki, ölkə neftçiləri hasilata dair proqnoz tapşırıqlarına bir qayda olaraq vaxtından əvvəl və artıqlaması ilə əməl edirlər.

Son illər isə neftçilər daha bir uğura imza atıblar. Bu da ölkənin qaz sənayesində uzun illər davam edən böhranın qarşısının alınması ilə bağlıdır. Məlum olduğu kimi, möhtərəm Prezidentimiz İlham Əliyev ölkədə qaz hasilatının artırılmasını Dövlət Neft Şirkətinin qarşısına məsul bir vəzifə kimi qoymuşdur. Ötən müddətdə şirkət rəhbərliyinin yaxından köməyi ilə “Azneft” İstehsalat Birliyində yeni qaz proqramı hazırlanmışdır. Artıq bir neçə ildir ki, həmin proqram uğurla həyata keçirilir. Bu da ARDNŞ üzrə qaz hasilatını təqribən iki dəfə artırmağa imkan yaratmışdır.

Neftçilərimiz son illər qazandıqları bütün uğurlara görə ümummilli liderimiz Heydər Əliyevə borcludurlar. Çətin və şərəfli peşə sahibləri olan neftçilər Heydər Əliyevin qayğı və diqqətini həmişə hiss etmişlər. “Neftçilər günü” peşə bayramının təsis edilməsi haqqında" 16 avqust 2001-ci il tarixli fərmanı da Heydər Əliyevin Azərbaycan neftçilərinə olan böyük qayğı və diqqətinin təcəssümüdür. Müstəqil Azərbaycanımızın tarixində ilk beynəlxalq neft sazişinin – “Əsrin müqaviləsi”nin imzalandığı günün – sentyabrın 20-nin “Neftçilər günü” kimi qeyd edilməsi bütün neft sənayesi işçilərini hədsiz dərəcədə sevindirmişdir.

Azərbaycan dövlətçiliyinin qurucusu, ölkənin neft sənayesinin əsl himayədarı Heydər Əliyevin başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, yeni neft strategiyasının hazırlanıb həyata keçirilməsinin fəal iştirakçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilir. Neftçi əməyini yüksək qiymətləndirən Prezidentimiz bu şərəfli peşə sahiblərinə qayğı və diqqətini bir an da olsa, əsirgəmir. Hər il 20 sentyabr – “Neftçilər günün”də Azərbaycanın neft salnaməsinin yeni səhifələrini yaradan qəhrəman neftçilərimizin bir qrupunun orden və medallarla təltif edilməsi, qabaqcılların Prezident təqaüdünə və “əməkdar mühəndis” fəxri adına layiq görülməsi də bu qayğı və diqqətin parlaq təcəssümüdür. Heç şübhəsiz ki, bu qayğı neftçilərimizi yeni-yeni uğurlara ruhlandırır, onları ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsi işində daha böyük səylə çalışmağa sövq edir.

Sonda onu qeyd etmək istəyirəm ki, əsası 1969-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf konsepsiyası hazırda uğurla davam etdirilir. Bu gün ulu öndərin alternativi olmayan siyasi kursu, ümummilli mənafeyə yönəldilmiş islahatlar strategiyası xalqımıza uğurla xidmət göstərir. Bu siyasəti müasir dövrün tələblərinə uyğun, yaradıcı şəkildə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi ötən dövrdə ölkənin bütün problemlərinə milli dövlətçilik prinsipləri kontekstindən yanaşmış, onların həllinə nail olmağı bacarmışdır. Azərbaycan Prezidentinin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, həyata keçirdiyi islahatlar həm də onun idarəçilik qabilyyətinin, mükəmməl iş təcrübəsinin əyani təzahürüdür. Bir sözlə, bu gün ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün siyasət Azərbaycanı inkişafa və tərəqqiyə, xalqımızı əbədi xoşbəxtliyə, firavan gələcəyə aparır.

 

 

Səbuhi ƏHMƏDOV,

“Azneft” İstehsalat Birliyinin baş direktoru

 

Xalq qəzeti.- 2009.- 16 iyul.- S. 3.