Azərbaycanda qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılır

 

Son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə etmiş, neft sahəsinin, qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Regional inkişaf proqramının, habelə digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə reallaşdırılması nəticəsində yeni iş yerlərinin və müəssisələrin yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiya qoyuluşlarının artırılması, yoxsulluğun azaldılması və s. məsələlər öz müsbət həllini tapmışdır.

 

Uğurların mənzərəsini görmək üçün son beş ilin rəsmi statistikasından bəzi məqamlara diqqət yetirək. Sözügedən dövrdə ölkədə ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə, sənaye istehsalı isə 2,5 dəfə artmışdır. Yoxsulluq səviyyəsində yaşayan insanların sayı 49 faizdən 13 faizə qədər azalmışdır. Beş il ərzində büdcə xərcləri on dəfədən çox artmışdır. Belə göstəricilərin sayını daha da artırmaq olar. Bu barədə dövlət başçımız İlham Əliyev demişdir: “... Son beş ildə Azərbaycanın inkişafı çox uğurlu olmuşdur. Biz ölkəmizdə genişmiqyaslı tədbirlər həyata keçirmişik. Biz artıq elə bir iqtisadiyyat yaratmışıq ki, o, enerji amilindən ciddi şəkildə asılı deyil. İqtisadi islahatlar siyasəti və enerji strategiyamız nəticəsində, biz dünyada görünməmiş iqtisadi artıma nail olmuşuq... Biz sosial infrastruktura, təhsil, səhiyyə və informasiya texnologiyalarının inkişafına böyük sərmayələr yatırmışıq. Özəl sahibkarlığın dəstəklənməsi məqsədilə bir çox işlər görülmüşdür. Bu gün iqtisadiyyatımızın 85 faizi özəl sektorun payına düşür. Onu da qeyd edim ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda özəl sektor sıfır dərəcəsində idi...”.

Prezident İlham Əliyev demişdir ki, güclü siyasi dəyişikliklər olmadan, iqtisadi nailiyyətlər əldə etmək mümkün deyil. Azərbaycanda möhkəm siyasi sistem yaradılmışdır, qanunun aliliyi və cəmiyyətin demokratikləşməsi təmin edilmişdir. Bütün bunlar, o cümlədən də iqtisadi islahatlar bu gün də diqqət mərkəzindədir. Başqa sözlə, Azərbaycanda iqtisadi və siyasi islahatlar son beş il ərzində paralel şəkildə aparılmışdır. Bunlar bir-birini tamamlamışdır. Məhz elə bunun nəticəsidir ki, ölkədə davamlı iqtisadi inkişafa nail olunmuşdur.

Azərbaycanda son illər infrastruktur və xidmət sahəsinə böyük həcmdə investisiya cəlb edilmişdir. Sahibkarlığa diqqət daha da artırılmışdır. Bu il özəl sektorun dəstəklənməsinə 150 milyon dollar məbləğində uzunmüddətli güzəştli kreditlər ayrılmışdır. Əlbəttə, bu, iqtisadiyyatın şaxələndirilməsinə və onun dinamik inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Yeri gəlmişkən, bir məsələyə diqqət yetirək. Bəzən belə bir fikir yürüdürlər ki, Azərbaycanda iqtisadi artım neft və qaz amili ilə bağlıdır. Burada müəyyən həqiqət var. Amma əslində dövlət başçımızın dediyi kimi, ölkədə, eyni zamanda, insan kapitalına böyük həcmdə sərmayə qoyulur. Başqa sözlə, neft və qaz amili bizim üçün hədiyyə deyil. Azərbaycanda bu sahədə çox cəsarətli enerji siyasətini həyata keçirməklə mühüm uğurlar əldə edilmişdir. Neftdən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilmişdir.

Bu gün maliyyə böhranının dünya iqtisadiyyatına mənfi təsiri barədə çox danışılır. Amma bu mənfi meyl Azərbaycana o qədər də ciddi təsir göstərməmişdir. Prezident İlham Əliyev bu barədə demişdir: “... Bu il neft qiymətləri üç-dörd dəfə aşağı düşmüşdür. Buna baxmayaraq iqtisadiyyatımız inkişaf edir. Cari ilin birinci rübündə Azərbaycanda iqtisadiyatın artımı 4,1 faiz səviyyəsində olmuşdur. Milli valyutamız sabitdir. Ölkənin ümumi inkişafı çox müsbətdir. Bu ilin birinci rübündə qeyri-neft sektoru təqribən 14 faiz artmışdır. Bu, aydın şəkildə onu göstərir ki, iqtisadi inkişafımızın əsas səbəbi apardığımız iqtisadi islahatlar, eləcə də iqtisadi təşəbbüslər, bütün səylərimizin səfərbər edilməsi, əsas diqqətin sosial məsələlərə yetirilməsi və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsidir. 2008-ci ildə Azərbaycanın Dünya Bankı tərəfindən ”Doinq Business" hesabatında bir nömrəli islahatçı ölkə kimi elan edilməsi bütün bunların göstəricisidir. Bu, o deməkdir ki, biz bütün ölkələr arasında islahatlara görə birinci yerdəyik. Bu qiymət ciddi iqtisadi islahatlar nəticəsində qazanılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığına işgüzar səfəri zamanı Avropa Siyasi Mərkəzində keçirdiyi görüşdə ölkəmizin enerji sektorunun maliyyə sistemində yüksək şəffaflığa nail olduğunu vurğulamışdır. Dövlət başçımız bildirmişdir ki, Azərbaycan Dövlət Neft Fondu tam şəffaf strukturdur. Bu qurum toplanmış kapital barədə ictimaiyyət qarşısında dövri hesabatlarla çıxış edir. Onun fəaliyyətini beynəlxalq audit nəzarətdə saxlayır. Məhz bunun nəticəsidir ki, BMT 2007-ci ildə Dövlət Neft Fondunu şəffaflıq mükafatı ilə təltif etmişdir.

Azərbaycanda neft hasilatı getdikcə artır. Hesablamalara görə, bu il ölkəmizdə hasil edilən neftin həcminin 45-50 milyon ton olacağı gözlənilir. Qaz istismarında da uğurlar əldə edilir. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan enerji siyasətində əsas məqsədlərə nail olmuşdur. Ümumiyyətlə, ölkəmizin enerji siyasəti bu gün uğurla həyata keçirilir. Ötən əsrin 90-cı illərinin ortalarından bu günə kimi sözügedən sahənin dinamik inkişafı məqsədilə müxtəlif tədbirlər reallaşdırılmışdır. Bununla əlaqədar bir məqama diqqət yetirək. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalanmışdır. Avropa İttifaqı bu baxımdan ölkəmizin strateji tərəfdaşıdır. Elə buna görə də hazırda Azərbaycan bu nüfuzlu təşkilatla birgə təchizatın şaxələndirilməsini əngəlləyən məsələlərin həlli üzərində işləyir.

Yuxarıda xatırlatdıq ki, Azərbaycanda neft sektorunun inkişafı ilə yanaşı, qeyri-neft sahəsi də diqqət mərkəzində saxlanılır. Paytaxtda, eləcə də regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, su və qaz ilə təchizatın gücləndirilməsi, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sosial sahəyə irihəcmli dövlət investisiyaları yönəldilir. Bu isə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlığını şərtləndirir.

Onu da deyək ki, makroiqtisadi sabitliyi nəzərə alaraq qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması və xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanıllması və s. tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur.

Hazırda ölkədə xüsusi diqqət yetirilən məsələlərdən biri də ixracyönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqinə mühüm əhəmiyyət verilməsidir. Belə ki, ixrac potensialının səmərəli reallaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması, istehlakçıların hüquqlarının qorunması məqsədilə Ümumdünya Ticarət Təşkilatının prinsipləri diqqət mərkəzində saxlanacaqdır.

Kənd təsərrüfatının daha da inkişafı prioritet istiqamətlərdən olacaqdır. Aqrar bölmənin normativ hüquqi bazası, elmi-metodik təminatı və kadr hazırlığı sistemi təkmilləşdiriləcəkdir. Sözügedən sahənin xammal istehsalı stimullaşdırılacaqdır. Aqrar bölməyə maliyyə dəstəyi artırılacaq, kənd təsərrüfatında suvarma və meliorasiya təminatı yaxşılaşdırılacaqdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 16 iyul.- S. 1.