Zaqatala: təbii gözəlliyi asayiş və əmin-amanlıq daha da zənginləşdirir

 

Yerli hüquq-mühafizə orqanları bu iki dəyərin keşiyindədir

 

Qəzetimizin 2 iyul 2009-cu il tarixli sayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında” sərəncamını oxuyanda bu ilin may ayında Zaqatalada eşitdiyim bir söhbət yadıma düşdü... May ayının ortaları idi. Rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri işləyən Tofiq Əhmədovla şəhərdəki Heydər Əliyev parkında təxminən iki saata qədər gəzişdik. Bu tərəflərdə may ayının yaratdığı gözəlliyi vəsf eləmək mümkündürmü? Ətrafdakı gül-çiçəklər, bəzək ağacları insan əliylə yaradılmış abadlıq və səliqə-sahmanla daha da füsunkar olmuşdu. Gecədən xeyli keçsə də parkda hamı deyib-gülür, şənlənir, istirahət edirdi. Müasir işıqlandırma sistemi gecəni də gündüz kimi aydın eləmişdi. Çatışmayan ancaq quşların cəh-cəhi idi. Onları da uşaqların qayğısız gülüşləri əvəz edirdi.

 

Tofiq müəllimlə xeyli söhbət etdik, çox məsələdən danışdıq, gizlətmirəm mübahisəmiz də oldu. Söz-sözü çəkdi və istər-istəməz söhbət rayonda ictimai asayişin yüksək səviyyədə qorunmasına gəlib çatanda isə hər ikimizin fikri eyni oldu. Hər ikimiz təsdiqlədik ki, bəli, bu gün zaqatalılar belə sərbəst, azad, necə deyərlər, qorxusuz gəzmələrinə görə ilk növbədə polisə minnətdar olmalıdırlar. Məhz onların əməyinin nəticəsidir ki, gecədən xeyli keçməyinə baxmayaraq, hamı heç nədən narahat olmadan sərbəst istirahət edir. Açığını deyim ki, uzun müddət bu bölgədə müxbir kimi fəaliyyət göstərdiyimə görə Zaqatala Rayon Polis Şöbəsinin həyata keçirdiyi tədbirlər, əldə edilmiş uğurlar barədə kifayət qədər məlumatım var. Ona görə də Tofiq Əhmədova dedim ki, Zaqatala polisi hər mükafata, hər cür tərifə layiqdir. Tofiq müəllim isə çox maraqlı bir fikir söylədi:

—Bu ümummilli liderimiz, böyük siyasətçi Heydər Əliyevin qurub-yaratdığı dövlətdir. Ulu öndərin idarəçilik prinsiplərində kiminsə xidmətlərinin qiymətləndirilməməsi məsələsi yoxdur. Mən bilərəkdən “yox idi” — demirəm. Çünki cənab Prezident İlham Əliyev bu dahi şəxsiyyətin siyasi kursunu elə bir incəliklə və məharətlə davam etdirir ki, sanki bütün bu proseslərə o böyük insanın özü rəhbərlik edir. Heydər Əliyev siyasi idarəçiliyində kiminsə xidməti diqqətdən kənarda qalmırsa “nə zaman qiymətləndiriləcək?” — sualına da ehtiyac qalmır. Dəqiq bilirəm, siz də əmin olun, milli dövlətçiliyin möhkəmləndirilməsi və ölkədə yaradılmış firavanlığın qorunub saxlanılmasında xidməti olan hər kəs nə vaxtsa öz layiqli qiymətini alacaq. Üstəlik, polis orqanlarına böyük təcrübəli və ədalətli general Ramil Usubov rəhbərlik edir. Onun rəhbərlik etdiyi sahədə obyektivlik ən kiçik zərrəsinə qədər qorunur. Faiq Şabanova gəlincə isə deməliyəm ki, ömrü boyu xidmətinin qiymətləndirilməsini gözləyən adam olmayıb. O, sadəcə bir vətəndaş kimi insanların, zabit kimi qanunun keşiyində dayanıb.

Doğrusu, həmsöhbətimin bu fikirləri mənə ilıq may axşamından aldığım məmnunluq hissləri kimi xoş təsir bağışladı... Düz yanımızda qızıl güllər açılmışdı. Onlardan bir az aralıda isə meyvəsinə itburnu deyib dərdlər dərmanı kimi qəbul etdiyimiz ağ güllər... Hər şey gözəl, xoş təsir bağışlayan idi. İyulun ikisində qəzetimizdə verilən sərəncamı oxuyanda həmin axşamın məmnunluğunu bir də yaşadım. Amma indiki məmnunluğum daha böyük idi: “...Bu, böyük siyasətçi Heydər Əliyevin qurub-yaratdığı dövlətdir. Ulu öndərin idarəçilik prinsiplərində kiminsə xidmətlərinin qiymətləndirilməməsi məsələsi yoxdur”. Əhsən sənə, Tofiq müəllim, əhsən!. Silahlı qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən asayişin təmin olunmasında, hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Zaqatala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Faiq İsmayıl oğlu Şabanov 17 nəfər həmkarı ilə birlikdə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Sözün həqiqi mənasında ədalətli bir təltif, yüksək qiymətləndirmə nümunəsidir.

Zaqatalaya növbəti səfərim zamanı Faiq Şabanovla görüşüb onu təbrik etdim, may ayındakı axşam söhbətimizi ona da danışdım. Eyni zamanda növbəti bir məmnunluğun, xoş əhval-ruhiyyənin şahidi oldum:

— Bu ali qiymətləndirməyə görə dövlətə, cənab Prezidentə, hörmətli nazirimizə, fəaliyyətimizi istədiyimiz şəkildə qurmaq üçün bizə daim yardımçı olmuş rayon rəhbərliyinə dərin minnətdarlıq hissləri ilə yaşayıram. İnsan öz əməyinin qiymətini alanda xoşbəxt olur. Ancaq cənab Prezident də, möhtərəm nazirimiz də, hamı, elə mən özüm də, yaxşı bilirik ki, bu medal Zaqatala Rayon Polis Şöbəsinin xidmətinə verilən qiymətdir. Bu təltifdə hər bir polis nəfərimizin xüsusi xidməti, payı vardır. Hamıya, xüsusən, qədirbilən insanlarla əhatə olunduğuma görə taleyimə minnətdaram. O ki , qaldı gördüyümüz işə, deməliyəm ki, bizi hüquq mühafizə orqanları adlandırırlar. Yəni biz insanların hüquqlarını, əmin-amanlığı, asayişi, dövlətin və əhalinin əmlakını qoruyuruq, qanunçuluğun keşiyində dururuq. Gördüyünüz kimi, uzun bir siyahı alındı. Ancaq ümummilli liderimiz Heydər Əliyev bu siyahını çox qısaltmışdı: “Polis xalqa və dövlətə xidmət edir”. Nə qədər müdrik, konkret ifadədir. Fikrimcə, xalq və dövlət bir-birini tamamlayanda Vətən olur. Taleyin qismətindən Azərbaycan xalqı öz Vətənində öz dövlətini qurub və dahi siyasətçi Heydər Əliyev bu dövlətə əbədilik qazandırıb. Bizim borcumuz isə xalqa, bu dövlətə, deməli, bu Vətənə xidmət etməkdir. Xidmətlərimiz “Vətən uğrunda” medalıyla qiymətləndirilirsə, deməli, xidmət etdiyimiz dövlət qüdrətlidir, ədalətlidir. Təsadüfi deyildir ki, ulu öndərimiz xatırladırdı ki, dövlətin qüdrəti onun ədalətli olmasındadır.

Faiq müəllimlə xeyli söhbət etdik. Öz peşə bayramını yüksək səviyyədə qeyd edən Zaqatala polisinin həyata keçirdiyi tədbirlər, əldə edilən uğurlar barədə bəzi qeydləri də diqqətimizə çatdırdı. Bildirdi ki, Zaqatala Rayon Polis Şöbəsinin şəxsi heyəti cinayətkarlıqla mübarizə, baş vermiş cinayətlərin açılması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirdiyi fəaliyyətini mövcud qanunvericilik və Daxili İşlər Nazirliyinin tələblərinə uyğun olaraq yerinə yetirib. İnsan hüquq və azadlıqlarının təmin olunması, ümumən cinayətkarlığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə edilib. Məsələn, 2009-cu ilin 6 ayında rayon ərazisində qeydə alınmış 40 ümumi cinayət hadisəsinin hamısının, eyni zamanda ötən illərdən bağlı qalmış 1 cinayət hadisəsinin açılması təmin edilib.

Ötən ilin müvafiq dövründə isə 52 cinayət hadisəsi qeydə alınmış və onların 95,8 faizinin üstü açılmışdı. Bu müqayisədə iki müsbət tendensiya var. Görürsünüzmü, birinci, ötən ilin müvafiq dövrünə nisbətən qeydə alınmış cinayət hadisələri azalıb (12 hadisə). İkinci, bu il bütün cinayətləririn üstü açılıb. Keçirdiyimiz məqsədyönlü qabaqlayıcı və profilaktik tədbirlərin nəticəsində ümumi cinayət hadisələrinin sayının azalması ilə yanaşı ağır və xüsusilə ağır növ cinayətlər də 5 fakt azalıb. Qeyri-aşkar şəraitdə baş vermiş 10 cinayət hadisəsi qeydə alınıb ki, onların açılması da 100 faiz təmin edilibdir. Ötən ilin müvafiq dövründə belə cinayətlərn sayı 16, açılma göstəricisi isə 88,9 faiz idi.

Axtarışda olan təqsirləndirilən şəxslərin tutulması istiqamətində keçirilən axtarış tədbirləri də daim diqqət mərkəzində olub. Bunun nəticəsidir ki, axtarışda olan 9 nəfər təqsirləndirilən şəxsin tutulma göstəricisi 55,5 faiz təşkil edir. Aparılmış intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində şöbə əməkdaşları bu ilin yanvar ayında Pusiya Federasiyasının Samara şəhərində axtarışda olan bir nəfərin tutulmasını təmin edib.

Narkotiklərlə mübarizə sahəsində də özünəməxsus göstəricilər əldə etmişik. Göstərilən dövrdə 7 fakt aşkar edilib ki, onların beşi narkotik vasitələrin qanunsuz saxlanılması, ikisi isə satışla bağlı olub. 4,026 qram heroin və 2 kiloqram 025 qram qurudulmuş marixuana dövriyyədən çıxarılıb. Eyni zamanda şöbə əməkdaşları yabanı halda bitən 10 ton 420 kiloqram çətənə kollarını aşkar edərək yandırılma yolu ilə məhvini təmin ediblər. Bu sahədə də göstəricilər 2009-cu ilin göstəriciləri ilə müqayisədə xeyli uğurludur.

Qeyd edim ki, hələ 1994-cü il avqustun 9-da ümummilli lider Heydər Əliyev əhalidə saxlanılan qanunsuz silah və sursatın yığılması barədə fərman imzalamışdı. Həmin fərmana əsasən həyata keçirilən tədbirlər davam etdirilir. Bu ilin müvafiq dövründə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 ədəd AKM silahı, 1 ədəd qaz tapançası, 1 ədəd TT tapançası, 1 ədəd TOZ-8 markalı yivli silah, 1 ədəd ov tüfəngi, 2 ədəd avtomat sandığı, 1 ədəd PTD-5 əl qumbarası, 1 ədəd süngü bıçağı, 2 ədəd alışdırıcı, 744 ədəd avtomat patronu, 40 ədəd isə pulemyot patronu götürülərək Daxili İşlər Nazirliyinin müvafiq qurumuna təhvil verilib.

Həm Faiq Şabanovla, həm də rayon polis şöbəsinin digər əməkdaşları ilə söhbətimiz zamanı qeyd edildi ki, Zaqatala Rayon Polis Şöbəsinin şəxsi heyəti əldə olunan yüksək göstəriciləri gələcəkdə də qoruyub saxlamaq əzmindədir. Xalqa və dövlətə xidmət, Heydər Əliyev dövlətçilik prinsiplərinə sədaqət Zaqatala polisinin qarşıya qoyduğu əsas məqsəddir. Bunu zaqatalalılar hər gün, hər saat yox, hər an hiss edirlər...

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 18 iyul.- S. 5.