“Xalq qəzeti” — 90

 

Müqəddəs ocaq

 

Hər bir insanın həm alın yazısı, həm tale qisməti, həm də ömür payı var. Ömür payını alın yazısına uyğun Tanrı verir. Lakin tale qismətini insan özü qazanır. Təbii ki, bu tale qismətinin ülviyyətində, halallığında, bərəkətində rastlaşdığın insanların da rolu var. Bax, bu baxımdan mənim tale qismətimdə “Kommunist” (bugünkü “Xalq qəzeti”) qəzeti, bu redaksiyanın qələmli, səriştəli qəzetçiləri, peşəkar jurnalistləri böyük rol oynayıblar.

 

Mənim bu redaksiyanın kollektivinə qəbul olunmağım da xeyirxahlığın bir nümunəsidir. 1971-ci ilin payızında təhsil aldığım Azərbaycan Dövlət İncəsənət İnstitutundan məni bu redaksiyaya təcrübəyə göndərdilər. Redaksiya indiki binasında yerləşirdi və rəhbərlik, bir sıra siyasi-ideoloji şöbələr 3-cü, bəzi şöbələr, o cümlədən ədəbiyyat və incəsənət şöbəsi 5-ci mərtəbədə yerləşirdi. Redaktor müavini Adil Cavadlı institutun xahişnaməsini oxuyub, daxili telefonla ədəbiyyat və incəsənət şöbəsinin müdiri Əfqan Əsgərova zəng vurdu. Onun yanına qalxdım. Elə həmin gün özfəaliyyət kollektivlərinin “Oxu tar...” müsabiqəsinin yekun konsertinə göndərdilər. Oradan bir məqalə yazdım və iki gün sonra qəzetdə çap olundu. Təcrübə müddətində daha bir neçə məqaləm çıxdı.

1972-ci ilin iyun ayında diplom işimizi müdafiə edib, rayona getməliydim. Çünki bizim institut Bakıya təyinat vermirdi. Redaksiyaya gəlib Əfqan müəllimlə, şöbənin əməkdaşı, xeyirxah insan, mənə analıq qayğısıyla yanaşan Məryəm Həsənzadə ilə görüşdüm. Əfqan müəllim dedi ki, yaxşı oldu gəldin, redaktor Ağababa Rzayev səni axtarır. Birlikdə onun yanına düşdük. Gülər üzlə soruşdu:

— Bizim redaksiyada işləmək istəyirsən?

Çaşdım, çünki bu sualı gözləmirdim. Əfqan müəllimin üzünə baxdım, o, astaca başını tərpətdi. Dedim:

— Bəli, istəyərdim.

— Onda get rektorunuz Rahib Hüseynova mənim adımdan de, qoy təyinatını bizim redaksiyaya versin.

Baş üstə! — deyib, otaqdan çıxdım. Rektorun qəbuluna düşdüm və o, hökumət telefonunu götürüb Ağababa Rzayevlə danışdı. Ona dedi ki, bizim birbaşa təyinat verməyə ixtiyarımız yoxdur. Onda Ağababa müəllim instituta tələbnamə yazdı və həmin tələbnaməyə əsasən təyinatımı “Kommunist” qəzetinə verdilər.

Beləcə, redaksiyada müxbir, baş müxbir, şöbə müdiri işlədim. On doqquz il bu kollektivdə çalışdım. Ağababa Rzayev, Rəşid Mahmudov, Tofiq Rüstəmov kimi təcrübəli redaktorlarla işlədim. Adil Cavadlı, Rafael Nağıyev, Alp Ağamirov, Firdovsi Zamanov, Əfqan Əsgərov, Hidayət Zeynalov, Məryəm Həsənzadə, Əli İldırımoğlu, Əhməd İsayev kimi son dərəcə peşəkar qəzetçilərdən və jurnalistlərdən öyrəndim. Bir neçə yazım (“Restoranda orkestr çalır...”, “Sandıq ədəbiyyatı”, “Milli suvenirlərimiz”...) o dövrdə Azərbaycanın rəhbəri işləyən Heydər Əliyevin göstərişi ilə Mərkəzi Komitənin bürosunda, plenumunda, Bakı Şəhər Partiya Komitəsinin bürosunda geniş müzakirə olunub, müvafiq tədbirlər görülüb. Hətta 1977-ci ildə yazdığım incəsənət və mədəniyyət məqalələrimə görə çox gənc yaşımda Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatı ilə təltif olunmuşam. Məhz bu kollektivdə əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşəm.

Bu redaksiyada nələri öyrənmişəm? Onların bir qismini sıralamaq istəyərdim:

– peşəyə sədaqət, qələmin müqəddəsliyinə ehtiram;

– faktın səlistliyini və dürüstlüyünü dönə-dönə yoxlamaq;

– müsahibə apardığın qələm və sənət adamlarının yaradıcılığını əvvəlcədən ətraflı öyrənmək;

– jurnalist etikası;

– qəzet janrlarının özəl estetikasını və işlənmə prinsiplərini;

– Azərbaycan dilinin lətafətini, şirinliyini, poetik hüsnünü qorumağı;

– dövlət səviyyəsindəki yarıtmaz işlərini tənqid etdiyin adamın şəxsiyyətinə hörmət və ehtiramla yanaşmağı;

– jurnalistliklə yanaşı, qəzetçilik mədəniyyətinə yiyələnməyi...

“Xalq qəzeti”nin 90 yaşı tamam olur. İşlədiyim şöbənin xarakteri ilə bağlı olaraq cəsarətlə deyə bilərəm ki, Azərbaycan xalqının mədəniyyətinin, incəsənətinin (teatr, kino, musiqi, təsviri sənət... hamısı bura daxildir), ədəbiyyatının ən böyük nailiyyətləri məhz bu qəzetin səhifələrində nəsillərdən-nəsillərə çatdırılır. Məhz bu qəzetin səhifəsində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin müqəddəsliyi həmişə ləyaqətlə qorunur.

Şanlı və şərəfli bayram günündə bu qəzetin fəaliyyətində əməyi olmuş mərhum qələmdaşlarıma, təqaüddəki və başqa işlərdə çalışan həmkarlarıma və bu gün həmin kollektivdə əzmlə işləyən fədakar qələm dostlarıma gözaydınlığı verirəm. Onlara gördükləri müqəddəs işdə böyük uğurlar diləyirəm.

Bayramımız mübarək, dostlar və əziz oxucular!

 

 

İlham RƏHİMLİ,

sənətşünaslıq doktoru, professor

 

Xalq qəzeti.- 2009.- 18 iyul.- S. 5.