Odlu ürəyin döyüntüləri
Müstəqil Azərbaycan Respublikası Demokratik
Cümhuriyyətin varisi kimi bir çox dəyərləri bərpa
etmişdir. 1997-ci il mart ayının 23-də ümummilli lider
Heydər Əliyevin sərəncamı ilə 28 mart
günü Azərbaycan təhlükəsizlik
orqanlarının əməkdaşlarının peşə
bayramı kimi tarixə düşdü.
Hər bir xalq öz
ölkəsinin və qurduğu dövlətin möhkəm,
etibarlı olması üçün qanunlardan və digər
hüquqi institutlardan istifadə edir. Bəşəriyyət
tarixində çox güclü dövlətlər, nəhəng
imperiyalar hökm sürmüş, tarixdə iz qoymuş və
sonradan xarici müdaxilə, ya da daxili amillər nəticəsində
çökmüşdür. Dövlətin möhkəm
olması üçün güclü ordu ilə
yanaşı, onun xüsusi xidmət, təhlükəsizlik
orqanının da olması mütləq və vacib
lazımdır.
Azərbaycan
Yazıçılar Birliyinin üzvü, hərbi jurnalist,
polkovnik İlqar Quliyevin müxtəlif illərdə qələmə
aldığı məqalə, oçerk və müsahibələrin
toplandığı “Odlu ürəyin döyüntüləri”
kitabı məhz dövlətin möhkəm olması yolunda
çalışanların fədakar işinə həsr
edilmişdir. Kitabda demokratik cümhuriyyətin qurulması və
beynəlxalq aləmdə tanınması istiqamətində
atılan addımlar, bolşeviklərin və digər riyakar
qüvvələrin gənc respublikaya qarşı məkrli və
təcavüzkar niyyətlərinin, habelə onlara əlaltılıq
edən daşnakların pozuculuq fəaliyyətinin
qarşısını almaq üçün həm peşəkar
ordunun, həm də müstəqil əks-kəşfiyyat
funksiyalarını yerinə yetirəcək xüsusi xidmət
orqanının yaranmasına ciddi ehtiyac duyulan dövrdən
danışılmaqla yanaşı, ölkəyə
qarşı törədiləcək kəşfiyyat pozuculuq əməllərinin
qarşısını almaqdan ötrü 1919-cu il mart
ayının 28-də Hərbi Nazirıiyın Baş Qərargahının
general-kvartirmeyster şöbəsində kəşfiyyat və
əks-kəşfiyyat bölməsinin yaradılmasından da ətraflı
söz açılır.
1919-cu il iyunun 11-də
Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat
bölməsinin “Əksinqilab ilə Mübarizə Təşkilatı”nın
yaradılması, bu qurumun ilk rəisi M.
Şeyxzamanlının rəhbərliyilə əhali
arasında pozuculuq fəaliyyəti aparmağa cəhd edən
xarici qüvvələrin xəfiyyələrini ifşa etmək
üçün görülən mühüm işlər
kitabda verilən “Kəşfiyyat və əks-kəşfiyyatdan
MTN-ə qədər” məqaləsi xüsusi maraq və
lakonik dillə qələmə alınmışdır.
Ölkədə
müstəqillik əldə edildikdən sonra DTK arxivlərindən
hazırlanaraq mətbuata ayaq açan materiallara toxunan müəllif
ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdaraq parçalanmaqda olan Azərbaycanı xilas etməsinə,
onun səriştəli dövlətçilik idarəçiliyi
sayəsində respublikada maraqları kəsişən
qüvvələrin sabitliyi pozmaq, cəmiyyəti
çalxalamaq, qarşıdurma yaratmaq cəhdlərinin
qarşısını qətiyyətlə almasına böyük
önəm verir. “Şanlı məktəbin yetirmələri”
adlı başlıq altında toplanmış “General
sözü”, “İnam itməyəndə”, “Kəşfiyyatçı
ömrü”, “Odlu ürəyin döyüntüsü”, “Vətən
üçün doğulmuşdu”, “İki cəbhənin
veteranı”, “Haqqı nahaqqa verməyən insan” və digər
portret cizgilərdə generallar Mustafa Nəsirov, İskəndər
Allahverdiyev, Firudin Hüseynov, polkovniklər Maqsul Məmmədov,
Musa Qocayev, Sevlan Qasımov, Məhəmməd Həmidov,
müharibə veteranı Əhəd Şəmsizadənin həyat
və fəaliyyətləri haqqında maraqlı faktları
oxuculara çatdırmaqla onların dövlətimizin
bütövlüyü naminə gördüyü işlərdən,
fədakarlıqlardan söz açır.
“Sərhəd”dən
seçmələr” başlığı altında
toplanmış “Ulu öndərin şah əsərlərindən
biri”, “ Bir amalın yolçusu”, “Sitəm”, “Səsinin sehri ilə
ucalan qadın”, “Söz mülkünün nəhənği”,
“Ağır itki”, “Zəlilər”, “Aldanmışlar” adlı
publisistik məqalələrində İ. Quliyev müxtəlif
insan talelərinə müraciət edərək öz ürək
çırpıntılarını yana-yana sətirlərə
köçürmüşdür. Ümummilli liderin şəxsi
təşəbbüsü, səyi və rəhbərliyi
altında layihələşdirilən və tikintisi başa
çatdırılan MTN-in inzibati binasını ulu öndərin
əsərlərindən biri adlandıran müəllif onun
gördüyü hər bir işin əvəzsiz olduğunu
xüsusi olaraq diqqətə çatdırır. İstər
Anarın 60 illik yubileyinə, Ofelya Sənaniyə, istər Xəlil
Rza Ulutürkün ağır itkisinə, istərsə də
Azərbaycanda istiqlalın qələbəsindən sonra
çox mühüm dövlət işində
çalışan Mahmud Səfikürdski, 1937-ci ildə
repressiyaya uğramış Ənvər Yusifoğluna həsr
etdiyi və MTN əməkdaşlarının fəaliyyəti
nəticəsində normal həyata qayıdan vətəndaşların
faciəsini qələmə aldığı oçerklərdə
müəllif kimliyini sübut etmiş hər yazıda, hər
sətirdə doğma torpağı uğrunda, lazım gələrsə,
“qələmini süngüyə çevirməyə” qadir vətəndaş
mövqeyini saxlamışdır.
İnanırıq ki,
müəllifin bundan əvvəl nəşr olunmuş
“İstiqlalın sabahına doğru”, “Burdan vətən
görünür”, “İtirilmiş sevgi” kitabları kimi bu
yeni kitabı da oxucular tərəfindən rəğbətlə
qarşılanacaq.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2009.- 18 iyul.- S. 6.