Türk dünyasının birliyi strategiyası: Heydər Əliyevdən
İlham Əliyevə
Mən bu gün, həqiqətən,
qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər
boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik,
biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz
çox yaxındır, bir-birinə bənzərdir,
oxşardır. Ona görə də bunlar hamısı
xalqlarımızı hələ biz müstəqil
olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin
əsarəti altında yaşadığımız vaxtda da
bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb,
bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi
isə xalqlarımız öz müstəqilliyini əldə
edəndən sonra, müstəqil dövlət kimi dünyada
tanınandan sonra biz tarixi ənənələr əsasında,
həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə
getməliyik, inkişaf etməliyik.
Heydər ƏLİYEV
Ümummilli lider
Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan
xalqının milli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti
Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə
türk dünyasını (və ümumən
dünyanı!) əhatə edir. Böyük
tarixi şəxsiyyətin türk dünyası ilə
bağlı gördüyü işlər, irəli
sürdüyü ideyalar, söylədiyi mülahizələr
elmi-nəzəri mükəmməlliyilə yanaşı,
praktik perspektivliliyilə də böyük tarixi əhəmiyyətə
malikdir. Heydər Əliyev Azərbaycanın türk
dünyası, xüsusilə müstəqil türk dövlətləri
ilə əlaqələrinin müfəssəl
proqramını vermişdir ki, buraya əsasən
aşağıdakılar daxildir:
— Azərbaycanın
iqtisadi, siyasi, ictimai problemlərinin həllində türk
dünyasının imkanlarından istifadə etmək;
— türk
dünyasının qüvvələrini birləşdirmək,
hər hansı türk dövlətinin (xüsusilə beynəlxalq)
problemlərinin həllində türk dünyasının birgə
hərəkətini təmin etmək;
— türk
dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə
çalışmaq və bunun üçün hər bir
müstəqil türk dövlətinin imkanlarından
yararlanmaq və s.
... Heydər Əliyevin türk dünyasının problemləri ilə daha ardıcıl məşğul olduğu mərhələ 1993-cü ildən, müstəqil Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra başlayır. İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının 2-ci görüşünün iştirakçılarına 5 iyul 1993-cü il tarixli müraciətində Heydər Əliyev demişdi: “İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin — Türkiyənin, İranın, Pakistanın, Əfqanıstanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın, Tacikistanın, Azərbaycanın istifadə edilməmiş zəngin təbii sərvətləri, material ehtiyatları vardır. Onlardan birgə istifadə olunması əsl müsəlman intibahına çevriləcək, bütün bəşəriyyətin inkişafına töhfə verəcəkdir... Bu müraciətdə türklük düşüncəsinin ən azı üç tarixi əlaməti əks olunur:
1) ayrı-ayrı türk dövlətlərinin
müstəqilliyinin müdafiə olunması;
2) türk (və ümumən
müsəlman) dünyasının birliyinə
çalışması;
3) həmin birliyin dünyada harmoniya yaradılmasına xidmət etməsi ideyasının müdafiəsi.
... Heydər Əliyev
türk birliyinin möhkəmlənib inkişaf etməsində
Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş,
Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa
Kamal Atatürkün tarixi fəaliyyətini dönə-dönə
dəyərləndirmiş, onu “iyirminci əsrin bəşəriyyətə
verdiyi böyük
düha”lardan saymışdır. Türkiyə haqqında
müxtəlif vaxtlarda deyilmiş aşağıdakı
sözlərin hamısı Heydər Əliyevə məxsusdur:
“Türkiyə hazırda dünyanın siyasi durumunda
nüfuzlu təsir qüvvəsinə malik, ümumbəşəri
dəyərləri qorumaq əzmində olan, iqtisadi və mədəni
səviyyəsi etibarilə inkişaf etmiş qüdrətli
dövlətlərdən birinə çevrilmişdir... “Azərbaycanlıların
qəlbində Türkiyənin xüsusi yeri var”... “Türkiyə
Azərbaycan üçün qardaş, dost ölkədir”.
“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin
qədim və zəngin tarixi var”. “İndi Azərbaycan
Respublikası bir müstəqil dövlət kimi Türkiyə
Cümhuriyyəti ilə bütün sahələrdə əlaqələrin
inkişaf etdirilməsinə çalışır”... “Mən
bu gün bir daha Türkiyə torpağına ayaq
basmağıma, Türkiyə torpağında olmağıma
görə özümü çox xoşbəxt hesab edirəm”...
“Yeni doğulmuş müstəqil Azərbaycan dövləti Türkiyənin
köməyini, yardımını, qayğısını
daim hiss edir”. “Hələ gənc
yaşlarımda kitablardan Türkiyə haqqında, türk
xalqı haqqında oxuyarkən Türkiyəyə həmişə
həsrətlə baxır, ona böyük maraq göstərir,
Böyük Millət Məclisinin işi barədə, onun qəbul
etdiyi qərarlar barədə məlumatları həvəslə,
diqqətlə oxuyurdum”. “... Bizim tariximiz bir, dilimiz bir, dinimiz
birdir. ”... “Türkiyə ilə Azərbaycan arasında indiyədək
yaranmış əlaqələr yeni mərhələyə
keçir. ...Xalqlarımız bir kökdəndir... Hətta
son dövrdə ayrı düşməyimiz də bu birliyimizi
əlimizdən almamışdır. İndi biz bu birliyi davam
etdirmək üçün bütün imkanlara malikik... Biz
bir millət, iki dövlətik... Burada, bu salonda kimin türkiyəli,
kimin azərbaycanlı olduğunu ayırmaq mümkün
deyildir... Azərbaycanla Türkiyə arasındakı sədlər,
sərhədlər, qadağalar, yasaqlar
götürülmüşdür”... və s.
Heydər Əliyev
1994-cü ilin fevralında Türkiyə Cümhuriyyətinin
Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə
Türkiyədə rəsmi səfərdə olarkən
müxtəlif görüşlər keçirmiş, bu
ölkə barəsində on illərlə ürəyində,
beynində daşıdığı fikirlərinin əksəriyyətini
ilk dəfə
söyləmişdir...
90-cı illərin əvvəllərində
hələ Naxçıvanda olarkən Heydər Əliyev
Türkiyə Prezidenti Süleyman Dəmirəllə,
Türkiyənin böyük ictimai-siyasi və dövlət
xadimləri ilə tez-tez görüşmüş, sıx əlaqələr
saxlamışdır... Müşahidələr göstərir
ki, Süleyman Dəmirəl Azərbaycan Prezidentinin ən
çox qiymətləndirdiyi, hətta özünə
qardaş hesab etdiyi türk dövlət
başçılarından, dünya ictimai-siyasi xadimlərindən
biri (və bəlkə də birincisi)dir. Heydər Əliyevin
Süleyman Dəmirələ müraciətən dediyi
aşağıdakı sözlər bunu bir daha sübut edir: “Türkiyə Cümhuriyyətinin beynəlxalq aləmdə
xarici siyasətini aparmaqda, onu beynəlxalq təşkilatlarda təmsil
etməkdə, Türkiyə Cümhuriyyətinin ilbəil
dünya birliyində layiqli yer tutmasında sizin böyük
xidmətləriniz var və buna görə də siz təkcə
Türkiyədə yox, yalnız türk dünyasında
yox, bütün dünyada məşhur bir siyasi-ictimai
xadimsiniz, dövlət xadimisiniz”.
Heydər Əliyev daha sonra
demişdir: “Azərbaycan xalqının sizə xüsusi
hörmət və məhəbbəti vardır.
Çünki xalqımız sizi çox yaxşı
tanıyır, siyasi fəaliyyətinizi, dövlət fəaliyyətinizi
həmişə izləyir. Təsadüfi deyil ki, hələ
”soyuq müharibə vaxtı, Sovetlər İttifaqı ilə
Türkiyə Respublikası arasında münasibətlərin
gərgin olduğu bir dövrdə Azərbaycan Respublikası,
xalqımız Sovetlər İttifaqının tərkibində
olduğu bir vaxtda — 25 il bundan öncə siz Türkiyənin
baş naziri kimi Sovet İttifaqına ilk səfər etmisiniz.
Moskvada, Sovetlər İttifaqının başqa şəhərlərində
olmusunuz. Biz o zaman hiss etdik ki, qəlbiniz, ürəyiniz Azərbaycana
da gəlməyi sizə əmr etmiş, Bakıya gəlməyi
sizə tövsiyə etmişdir. Siz Bakıya, Azərbaycana gəldiniz.
Heydər Əliyev
Süleyman Dəmirəli “böyük öndər Mustafa Kamal
Atatürkün işinin etibarlı davamçısı kimi,
onun böyük şagirdi kimi qiymətləndirmiş,
türk dünyasının, türk dövlətlərinin
bir-birinə daha yaxın olması yolunda hələ çox
işlər görəcəyinə əminliyini ifadə etmişdir...
Böyük
dövlət xadimi Süleyman Dəmirəl isə “Azərbaycan
Prezidenti, qardaşım Heydər Əliyev” adlı məqaləsində
(2003) Azərbaycan xalqının milli liderinin tarixi xidmətlərini
dünyanın böyük dövlət adamlarının
öz xalqları qarşısındakı tarixi xidmətləri
ilə müqayisə edib göstərir ki, Çörçilin
1940-cı, Ruzveltin 1942-ci, Adenaurun 1946-cı, De Qollun 1958-ci ildə
gördükləri işləri Heydər Əliyev 1993-cü
ildə gördü. Və Heydər Əliyevin “intəhasız
təcrübəsi, qətiyyəti, əzmi, uzaqgörənliyi,
sülhsevərliyi, Azərbaycana və Azərbaycan xalqına
olan sonsuz məhəbbəti, türk tarixinə, mədəniyyətinə
və türklüyə bağlılığı, vətənpərvərliyi
hər cür tərifdən yüksəkdə dayanır”.
... Türkiyə xüsusilə
20-ci illərdən başlayaraq yalnız türkiyəlilərin
deyil, ümumən dünya türklərinin mənəvi vətəni
olmuşdur. Sibir, Türküstan, Volqaboyu, Şərqi Avropa,
Şimali Qafqaz, Azərbaycan türkləri həmin illərdən
etibarən ümidlərini Türkiyəyə
bağlamışdılar. Bunun bir səbəbi də o idi ki,
cəza orqanlarının təqibindən qaçan yüzlərlə
türk mücahidi 20, 30, 40-cı illərdə məhz
Türkiyədə məskunlaşmışdılar. Onların içərisində Əli bəy
Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əhməd
bəy Ağaoğlu, Zəki Vəlidi Toğan, Yusif
Akçura oğlu, İsa Yusif Alptəkin, Əhməd Cəfəroğlu...
kimi böyük simalar vardı ki, elmi, ictimai-siyasi, mədəni-ədəbi
fəaliyyətlərinin sonuna qədər
türkçülüyü türkiyəçilik səviyyəsinə
enməyə qoymamış, böyük ideallar uğrunda gərgin
mücadilələr vermişlər. Və beləliklə,
Türkiyə faktiki olaraq bir neçə on il (əlli ildən
artıq!) ümumən türklərin vətəni
olmuşdur...
... Heydər Əliyev
görünür, Türkiyəni bir də ona görə
sevmişdir ki, bütün türk dünyasından Türkiyəyə
yollar uzandığı kimi, Türkiyədən də
bütün türk dünyası görünürdü (və
bu gün də görünməkdədir). Yalnız uğurları ilə
deyil, həm də qüsurları, problemləri ilə...
Türkiyə təkcə həmin uğurlara sevinmir, problemlərin
həllinə, mübahisələr, dedi-qodulara da səbrlə
münsiflik edir.
... Heydər Əliyevin
tarixi Türküstan — Qazaxıstan, Özbəkistan, Türkmənistan,
Qırğızıstan... ilə, həmin türk regionunun
dövlət xadimləri, siyasi-ictimai liderləri ilə əlaqələri
sovet dövründə sıx olmuş, sovet dövlətinin
süqutundan sonra isə yeni milli-ideoloji məzmun kəsb
etmişdir. Hələ
sovet dövründə Qazaxıstana, onun rəhbərliyində
gedən proseslərə, rus şovinizminin bu proseslərə
müdaxiləsinə Heydər Əliyevin münasibətinin
yeganə düzgün münasibət olduğunu tarix təsdiq
elədi: Heydər Əliyevin adını böyük
uzaqgörənliklə qeyd etdiyi Nursultan Nazarbayev respublika rəhbərliyinə
gəldi.
... 1994-cü ilin martında
Çinə rəsmi səfərdən Bakıya qayıdan
Heydər Əliyev Almatıda dayanır və Nursultan
Nazarbayevlə görüşür. Azərbaycan
Prezidentinin həmin görüşdəki
çıxışı olduqca maraqlı, türk dövlətləri
başçılarının münasibətləri
baxımından olduqca təsirlidir: “Əvvəlcə qeyd etmək
istəyirəm ki, mən özüm Almatıda
dayanmağı xüsusi olaraq planlaşdırdım ki, məhz
Nursultan Abişeviçlə görüşə bilim.
Başqa sözlə, söhbət təkcə texniki ehtiyacdan
deyil, həm də mənim Nursultan Abişeviçlə
görüşmək, danışmaq arzumdan gedir. Azərbaycan
Prezidenti əlavə edir: ”Biz onunla çoxdan
dostuq. İndi üzərimizə böyük məsuliyyət
götürdüyümüz bir vaxtda, əsrlərlə
dostluq etmiş xalqlarımızın taleyi üçün
böyük məsuliyyət daşıdığımız
bir vaxtda (kursiv bizimdir — N.C.), şübhəsiz ki,
görüşlərimiz, fikir mübadiləsi
aparmağımız tələb olunur. Buna görə də
mən bu gün Nursultan Abişeviçlə məmnuniyyətlə
görüşdüm. Biz dövlətlərarası
münasibətlərimizin bir çox məsələlərinə
dair fikir mübadiləsi etdik...
Türküstan
respublikaları, həmin respublikalarla Azərbaycanın
çoxtərəfli əlaqələri, əməkdaşlığı
və s. barədə Heydər Əliyevin, görünür,
ilk proqram əhəmiyyətli fikirləri türk dövlətləri
başçılarının İstanbulda keçirilən
2-ci zirvə toplantısında söylənmişdir... Azərbaycan
Prezidentinin İstanbula yola düşərkən Bakıda,
hava limanında jurnalistlərə dediyi
aşağıdakı sözlər diqqəti cəlb edir:
“Şübhəsiz ki, zirvə toplantısı bizim
xalqlarımızın (türk xlaqlarının — N.C.),
müstəqil ölkələrimizin (türk dövlətlərinin
— N.C) bu günü və gələcəyi
üçün əhəmiyyətli yoldur. Yəni
bizim türk mənşəli, türkdilli,
xalqlarımızın, tarixi, milli, mənəvi ənənələri
eyni və yaxud bənzər olan xalqlarımız hər birinin
müstəqil dövlət kimi mövcud olması, onların
həm dövlətlərarası əlaqələrinin
inkişaf etdirilməsi, möhkəmləndirilməsi,
həm də bu əlaqələrdən istifadə edərək
tarixi irsimizi, keçmişimizi canlandırmaq və onun əsasında
xalqlarımızı daha da yaxınlaşdırmaq
dünyanın indi mürəkkəb proseslər gedən bir
dövründə çox mühümdür. Ona görə
də mən bu görüşə böyük əhəmiyyət
verirəm. Orada hansı sənədin
imzalanıb-imzalanmamasından asılı olmayaraq, elə bu
görüşlərin özü, fikir mübadiləsi, həmin
ölkələrin prezidentlərinin ünsiyyəti — bunlar
hamısı respublikamızın həm iqtisadi, həm mədəni,
elmi, həm də bütün başqa sahələrdə
bundan sonra da bir-biri ilə sıx əlaqələr
yaratması üçün imkanlar açacaqdır... Və
2-ci zirvə toplantısının
açılışında Azərbaycan Prezidenti bu fikri daha
da inkişaf etdirib demişdi: “Bizim toplantı
xalqlarımızın, ölkələrimizin tarixi kökləri,
əsrlər boyu toplanmış adət-ənənələrinin
birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında
qurulub. Bu çox böyuk əsasdır. Ona
görə də bu əsasda bizim ölkələr
arasında bütün sahələrdə əməkdaşlığı
inkişaf etdirməyə, genişləndirməyə,
bütün istiqamətlərdə bu əməkdaşlığı
təmin etməyə bizim böyük imkanlarımız var.
Azərbaycan Respublikası belə qərara gəlib ki, bundan
sonra da bu imkanlardan istifadə etsin və əməkdaşlığı
genişləndirsin (kursiv bizimdir — N.C)...”
... Həmin nitqində
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
türk dövlətləri ilə əlaqələrində,
ümumən xarici siyasətində artıq neçə illər
kölgədə qalmış bir məsələyə
işıq saldı. O, ancaq dahi diplomatlara (və türk
dünyasının birliyi uğrunda hər cür mücadiləyə
hazır böyük türkçülərə!) xas olan bir
açıqlıqla dedi: “... Ancaq bir həqiqəti
də qeyd etmək istəyirəm ki, ölkələrimiz
(söhbət türkdilli ölkələrdən gedir — N.C.)
müstəqillik əldə edəndən sonra, iki il bundan
öncə Ankarada bizim ölkələrimizin rəhbərləri
toplaşıb, görüşüb birgə bəyanat qəbul
edəndən sonra, ola bilər ki, Azərbaycan tərəfinin
buraxdığı səhvlər nəticəsində Azərbaycan
Respublikasının Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla,
Qırğızıstanla əlaqələri çox zəif
olub. Təxminən bir il bundan öncə, mən
Azərbaycan Respublikasına başçılıq etməyə
başladığım gündən bu qardaş respublikalarla əlaqələrin
bərpa olunması üçün çox
çalışmışam və bildirmək istəyirəm
ki, bu əlaqələrin zəifləməsi və bəzən
də qırılması (kursiv bizimdir — N.C.) səbəbləri
ancaq Azərbaycandadır”. Azərbaycan Prezidenti
daha sonra dedi ki, “ona görə də Azərbaycan tərəfindən
bu əlaqələrin uzun müddət zəiflədilməsinə
görə, xüsusən 1992-ci ildə Ankara bəyannaməsindən
sonra Azərbaycan tərəfindən bu dövlətlərlə
əlaqələri inkişaf etdirmək
üçün təşəbbüs göstərmədiyinə
görə mən dostlarımdan, qardaşlarımdan üzr
istəyirəm və bunu etiraf edirəm. Eyni zamanda, bildirmək
istəyirəm ki, Azərbaycan bu əlaqələrin gücləndirilməsinə
çalışır və bundan sonra da
çalışacaqdır...
Ümumiyyətlə,
bir kökdən, bir mənşədən olan və adət-ənənələri
bir olan xalqların, ölkələrin, dövlətlərin əməkdaşlığının
böyük dəstəyi var və mən hesab edirəm ki,
biz bu imkanlardan səmərəli istifadə etməliyik".
... Etiraf edək ki,
Heydər Əliyev Türküstanın dövlət
başçıları Nursultan Nazarbayev, İslam Kərimov,
Saparmurad Niyazov (Türkmənbaşı), Əsgər Akayev ilə
görüşlərində, münasibətlərində
öz ağsaqqallıq missiyasını, türk
dünyasının lideri vəzifəsini həmişə məharətlə
yerinə
yetirmişdir. Təcrübəli dövlət
adamının, müdrik ictimai-siyasi xadimin qeyri-adi nüfuzu
qısa bir müddətdə Türküstana
yayılmış və həmin ölkələr, onların
münasibətləri, beynəlxalq mövqeləri
üçün nə qədər böyük əhəmiyyətə
malik olduğunu artıq göstərməkdədir. Heydər
Əliyev uzaqgörən, qətiyyətli, lakin, eyni zamanda, səbrli,
hadisəni mahiyyətdən, təsadüfi zərurətdən
ustalıqla ayıran dövlət xadimi idi. Bu isə ona
Türküstan respublikaları ilə münasibətdə
çox geniş səlahiyyətlər verirdi... Digər tərəfdən, Mərkəzi Asiya
türklüyünün Türkiyəyə, oradan da Qərbi
Avropaya yolunun ən kəsəsi Azərbaycandan keçir.
Şimal-Qərbdən və Cənub-Qərbdən keçən
yollar, əslində, tarixi-ənənəvi yoldan (İpək
yolundan!) çıxmaq deməkdir. Bunu Azərbaycanın
köhnə “rəhbərliyi” bilmirdi, Heydər Əliyev isə
bilirdi.
... Son illərin
müşahidəsi göstərir ki, türk
dünyasının iqtisadi, siyasi, mədəni əlaqələri
türk dövlətlərinin bu sahələrdəki əməkdaşlığı
barədə adətən “xaric düşünən, arabir də
”müxalif hərəkət edən türk dövlət
başçısı Saparmurad Niyazov (Türkmənbaşı)
olmuşdur. Türk dövlət başçılarının
2-ci zirvə toplantısında mətbuat konfransında
söylədiyi aşağıdakı mülahizələr
Türkmənbaşının mürəkkəb tarixi proseslərə
dərindən (və ümumtürk mənafeləri mövqelərindən!)
yanaşmaqda çətinlik çəkdiyini göstərir:
“... Prinsip etibarilə biz Azərbaycanın Qərb konsorsiumu ilə
imzaladığı müqavilənin əleyhinə deyilik. Yeganə məqsəd bu olmalıdır ki, heç
kim bir-birindən şübhələnməsin, heç kim
fikirləşməsin ki, biri digərinin hesabına fayda
götürməyə çalışır və Xəzər
dənizi hansısa çəkişmə, mübahisə,
qeyri-sabitlik obyektinə çevrilməsin... Xəzərlə
bağlı məsələlərdə müvafiq dövlətlərin
ehtiyat etməsini başa düşmək mümkündür.
Bu gün bizlərdən kimsə bir iş görərkən
qonşular buna həmişə şübhə ilə
yanaşırlar. Bizim də Hollandiya və Argentina firmaları
ilə sazişlərimiz var, onlar Xəzər dənizinin
sahilində işləyirlər. Lakin biz mövcud neft mədənlərində
hasilatın artırılması barədə saziş
bağlamışıq və gəliri yarı böləcəyik.
Xəzərin Türkmənistan sahillərindəki şelfində
iş görmək barədə də danışıqlar
aparacağıq... Və Saparmurad Niyazov türk
dövlətləri başçılarının məclisində
yuxarıdakı sözlərin ardınca öz strateji
mövqeyini belə bəyan etmişdir: ”... Əgər Rusiya
ilə saziş bağlamaq sərfəli olarsa onunla, İranla
sərfəli olarsa, onunla saziş bağlayacağıq”.
“Xəzər dənizinin
hansısa çəkişmə, mübahisə, qeyri-sabitlik
obyektinə çevrilməsini” — deyən Türkmənbaşı
elə bil ki, Xəzəri tarixi ənənələrə
baxmadan iki daşın arasında bölüşdürüb,
öz payını daha yüksək qiymətə (kim
çox verdi!) satmaq istəyir. Halbuki Xəzər dənizi türk
dövlətlərini məhz bölünməzliyi ilə birləşdirməlidir...
Və yeri gəlmişkən, Xəzər
hövzəsi türk (eləcə də qeyri-türk) dövlətlərindən
ancaq birinin — Azərbaycanın paytaxtı Xəzər dənizinin
bilavasitə sahilində yerləşir. Yalnız Azərbaycan
Prezidentinin iş kabinetindən baxanda qədim türk
tayfalarından birinin adını daşıyan Xəzər dənizi
görünür.... “Coşğun Xəzər oynar
ayaqlarında”...
... 1994-cü il oktyabr
ayının sonlarında Heydər Əliyev Türkmənistanın
müstəqillik qazanmasının 3-cü ildönümü
şənliklərdə iştirak etmək üçün
Aşqabada gedir. Azərbaycan Prezidentinin məqsdəi,
heç şübhəsiz, sadəcə şənliklərində
iştirak etmək deyildi, Aşqabadda jurnalistlərə verdiyi
müsahibədə daha böyük (əslində, tarixi!) bir
məqsəd izlədiyini etiraf etmişdi: “... Türkmənistan
bizə qonşu, dilimizə və keçmişimizə
görə yaxın bir ölkədir. Ona görə də mən
istəyirəm ki, ölkələrimiz arasındakı əlaqələri
möhkəmləndirək. Vaxtilə böyük səhvlər
buraxılıb, Azərbaycanı Orta Asiya, ümumiyyətlə,
Mərkəzi Asiya ölkələrindən
uzaqlaşdırıblar. Mən istəyirəm ki, bu, aradan
götürülsün. Güman edirəm ki, belə tədbirlər
gələcəkdə keçmiş ”İpək yolu"nun
canlandırılmasına kömək edəcəkdir..."
Heydər Əliyevin
müstəqil Türkmənistan dövlətinin 3-cü
ildönümü münasibətilə dediyi
aşağıdakı sözlər, bir tərəfdən,
böyük türk dövlət xadiminin bir türk dövlətinin
uğurlarına ürəkdən gələn sevincini ifadə
edirsə, digər tərəfdən, həmin dövlətin rəhbərliyini
türk birliyi mövqeyində möhkəm dayanmağa
çağırır: “Mən Türkmənistanın bu
üç illik müstəqillik dövründə əldə
etdiyi nailiyyətləri, Prezident, dostum və qardaşım
Saparmurad Türkmənbaşının xidmətlərini
xüsusi qeyd etmək istəyirəm. Hörmətli Prezident
Saparmurad Türkmənbaşı ilə biz çox illərdir
ki, dostuq, tanışıq. Vaxtilə bir yerdə də
işləmişik. İndi də qonşu ölkələrə
rəhbərlik edirik. Ona görə dünən
də, bu gün də Türkmənistanın son dövrdə
(mən əvvəllər də Türkmənistanda
olmuşam), xüsusilə müstəqillik qazanandan sonra
hörmətli Prezident Türkmənbaşının rəhbərliyi
altında əldə etdiyi nailiyyətlər məni qəlbən
çox sevindirdi... Müsəlman dövlətlərinin
Pakistan, Türkiyə, Türkmənistan, İran və Azərbaycanın
rəhbərlərinin burada, Türkmənistan
torpağında, qədim türk torpağında toplanması
çox böyük hadisədir”.
... Heydər Əliyevin Türkmənistana
səfəri Azərbaycan Prezidentinin müstəqillik
yolları ilə addımlayan tarixi Türküstana — Orta
Asiyaya ilk səfəri idi və bu səfərin nəticələri
ilə əlaqədar Heydər Əliyev demişdi: “Güman
edirəm ki, gələcəkdə əməkdaşlığımız
üçün çox böyük imkanlar var və
Saparmurad Niyazovla danışdıq ki, bu imkanlardan hər iki tərəf
istifadə etməyə çalışacaqdır”.
Heydər Əliyev
türk dövlətlərinin, ümumən türk
dünyasının birliyinə heç zaman sadəcə
etnik köklərin ümumiliyinə əsaslanan mədəni-etnoqrafik
(yəni tarixdə qalmış) birlik kimi baxmaqla kifayətlənməmiş,
bu birliyin siyasi perspektivlərinə xüsusi diqqət
yetirmişdir 2000-ci ildə türkdilli dövlətlərin Bakıda keçirilən
VI zirvə görüşündə qəbul olunmuş,
bilavasitə Heydər Əliyevin düşüncələrini
əks etdirən “Bakı bəyannaməsi” hər bir maddəsi
ilə bunu bir daha təsdiq edir.
... Təbii ki, türk
dünyası Türküstandan, Mərkəzi Asiyadan çox
genişdir: Yakutiya, Sibir türkləri var; Volqaboyu türkləri
— tatarlar, başqırdlar, çuvaşlar var; Şimali Qafqaz
türkləri var... Onların hamısı sovet dövründən
(və dövlətindən!) keçmişlər, indi isə
Rusiyanın vətəndaşıdırlar. Ona
görə də Heydər Əliyev Azərbaycanla, eləcə
də digər türk dövlətləriylə Rusiya
arasındakı iqtisadi, siyasi, mədəni münasibətlərin
inkişafına, qarşılıqlı əlaqələrin
intensivliyinə həmişə xüsusi önəm
vermiş, Rusiya türklərinin milli özünüdərk
(və özünüifadə)
imkanlarının genişlənməsinə türk
dünyasının ümumi yüksəliş
strategiyasının üzvü, tərkib hissəsi kimi
baxmışdır.
Qeyd etmək lazımdır ki,
Türkiyə türklərindən sonra dünyada sayca ən
çox olan türk xalqı azərbaycanlılardır — onlar
dünya türklüyünün beşdə birindən
çoxunu təşkil edirlər. Və ona
görə də dünya azərbaycanlılarının
birliyinə, mütəşəkkilliyinə nail olmaq
üçün Heydər Əliyevin apardığı
ardıcıl mübarizə (eləcə də həmin
mübarizənin Azərbaycan dövlətinin siyasətinə
çevrilməsi) türk birliyi, mütəşəkkilliyi
uğrundakı mübarizənin, heç şübhəsiz,
fəal tərkib hissəsi, fundamental
çıxış (və dayaq!) nöqtəsidir. Azərbaycan xalqının milli liderinin uzaqgörənliklə
yaratdığı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsi böyük
öndərin ideyalarını həyata keçirmək sahəsində
artıq xeyli iş görməkdə, yaratdığı
başqa bir milli quruma — Azərbaycanda Atatürk Mərkəzinə
də öz fəaliyyətini genişləndirmək
üçün təcrübə qazanmaqda yardım etməkdədir.
Türk
dünyasının fəxri, Heydər Əliyevin türk
dünyasının yüksəlişi barədəki strateji
mövqeyini onun aşağıdakı sözləri aydın əks
etdirir: “Özünün yeni yüksəliş
dövrünü yaşayan çağdaş türk
dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr
vermək iqtidarındadır. Bu gün öz
suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin
bu sıraya qoşulması türk dünyasının gələcəyinə
işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və
mədəni həyatın sıx telləri ilə birləşməyə
başlamış türk xalqları yeni dünyanın
mühüm amillərindən birinə çevrilməkdədir.
Və fəxr olunmalıdır
ki, Azərbaycanın milli liderinin türk dünyasının
qarşılıqlı əlaqələri, yüksəlişi
strategiyasını Azərbaycan Prezidenti İlham Əliyev
respublikaya rəhbərlik etdiyi elə ilk aylardan uğurla davam
(və inkişaf!) etdirməkdədir. Onun Qazaxıstana, Özbəkistana,
xüsusilə Türkiyəyə rəsmi səfərləri
göstərdi ki, İlham Əliyev bütün sahələrdə
olduğu kimi, bu sahədə də öz siyasi enerjisini əsirgəməyəcək,
türk dövlətləri arasındakı
qarşılıqlı əlaqələrin genişlənməsi,
türk dünyasının müasir dünyada özünəməxsus
yerini tutması uğrunda müasir dövrün türk lideri
olaraq böyük xidmət göstərəcəkdir. Milli
lider Heydər Əliyevin layiqli varisi olan İlham Əliyev
Prezident kimi Türkiyəyə ilk rəsmi səfəri ərəfəsində
demişdi: “Biz öz siyasətimizi müstəqil şəkildə
aparmalıyıq ki, xalqlarımız, millətimiz daha da
güclənsin, qüdrətlənsin, möhkəmlənsin.
Bizim gücümüz də birlikdədir”. Və
Ankara görüşlərində həm Azərbaycanın, həm
də Türkiyənin xüsusi beynəlxalq problemlərinin həllində
hər iki dövlətin başçılarının
prinsipial mövqe nümayiş etdirməsi həmin “güc
birliyi”nin siyasi reallıq olduğunu bütün dünyaya bir
daha nümayiş etdirdi.
Nizami CƏFƏROV,
Azərbaycan MEA-nın müxbir
üzvü,
Azərbaycanda
Atatürk Mərkəzinin rəhbəri,
əməkdar elm xadimi,
professor
Xalq qəzeti.- 2009.- 18 iyul.- S. 3.