Mixaylonun komandiri

 

1975-ci ilin payızı idi. Mehdi Hüseynzadənin dostu Cavad Həkimli ilə görüşə tələsirdim. Göyəzənin yanından keçən yol meşəli dağların ətəyinə qədər uzanır, sonra sağa burulub bir daha dumanlı, çiskinli aşırımlardan, gədiklərdən keçib Lori dərəsinə çatır. Batmaqda olan günəşin son şəfəqləri Ləlvər dağı arxasında “can verəndə” maşın bizi Qaraqaya zirvəsinə çatdırdı. Burdan sıra dağların, geniş dərələrin və yamyaşıl zəmilərin gözəlliyindən göz çəkmək olmur.

 

Lori dərəsinin girəcəyindəki — Gürcüstanla Ermənistanın sərhədində yerləşən Ləmbəli kəndilə bizi on-on beş kilometr ayırırdı. Amma adama elə gəlir ki, bu ucdan əl uzatsan, çatarsan. Aşağılarda — Kür üstündəki pənbə buludlar şairanə bir nazla sürünə-sürünə harasa baş alıb gedir.

Mixaylo və Cavad — hər iki ad uşaqlıqdan mənə tanış və doğmadır. Yadımdadır, 1957-ci ildə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ildırım sürətilə ölkəmizin hər bucaqına yayıldı. Onda biz məktəblilər tənəffüsdə bildiyimizi dil boğaza qoymadan bir-birimizə əfsanə kimi danışardıq. Hətta ən tələbkar riyaziyyat müəllimimiz Qiyas Hacıyev də dərsini həmkəndlisi Cavadın Mehdilə dostluğuna qurban verərdi. Bizim təsəvvürümüzdə Mixaylo və Cavad dünyanın ən cəsur, ən nəhəng qəhrəmanları idi.

Yolda Fərrux Sultanovdan dönə-dönə Cavadın boy-buxununu soruşdum:

– Ortaboylu, yerişdən və dildən iti bir adamdır, — dedi. Sonra gülə-gülə əlavə etdi: — O da mənim kimi qara qıvrım tellərini qürbət küləklərinə verib.

Doğrudan da Cavad Həkimli ilk baxışdan qeyri-adiliyi ilə heç kimdən fərqlənmir. Yalnız cəsur dostu Mehdidən danışanda adam onun yaddaşına, təvazökarlığına qibtə edir. Babalarımız gözəl deyib ki, dost qədri bilmək hər kişinin işi deyil, ər kişinin işidir. Cavadın özü haqqında ondan söz qopartmaq da hər oğulun işi deyil. Nədən danışırsan, hansı suala cavab istəyirsənsə, istər-istəməz o, Mehdi və partizan dostları ilə bağlı xatirələrinə qayıdır. Etiraf edirəm, ilk görüşümdə onun söhbətinə o qədər aludə oldum ki, qayıdanda yolda dəftərçəmə baxıb xəcalət çəkdim. Mehdilə bağlı ancaq bir neçə qeyd götürə bilmişdim. Onu da xatırladım ki, partizanın zəngin hafizəsilə yanaşı, zəngin də arxivi var. Cavadda Mehdinin əsirlikdə çəkilmiş nadir fotoşəkilləri, əlyazması və şeirləri saxlanılır.

Üzərində qədim milli naxışlar işlənmiş kitab taxçasından çıxartdığı qovluqlardan birində saralıb-solmuş bir vərəqə diqqətimi cəlb edir. Partizanın icazəsilə alıb oxuyuram. “Əziz yoldaşlar! Çoxdan səbirsizliklə gözlədiyiniz azadlıq və intiqam vaxtı çatıb. İndi söz sizindir. Digər yoldaşlarla bütün qüvvənizi toplayıb şərtləşdiyimiz yerə dəqiq təyin olunmuş vaxtda gəlin. Yığışacağımız yeri və saatı sizə bu məktubu verən çatdıracaq. Qaçışı hər hansı şəkildə ləngidib və ya sonraya qoymaq ölümlə qurtaracaq...

Zəruri olduqda partizanların tərəfinə keçməyimiz partizan birləşmələrinin bölmələri tərəfindən təmin olunur. Oxu, sonra yoldaşına ötür.

Həmyerliləriniz.

“Faşizmə ölüm-xalqa azadlıq!”.

–Bu vərəqəni ilk dəfə 1943-cü ilin əvvəllərində əsirlikdə olanda Mehdi ilə mən tərtib etdim. Vərəqə rus və Azərbaycan dillərində yazılıb paylanırdı.

Mehdi hələ əsirlikdə olanda ətrafına çəsur adamlar toplayıb, öz istədiyi təxəllüslə də onları çağırırdı. Tağı Əlizadəyə İvan Çornı (bu həm də Mehdinin qrup təxribatçısı idi), Cavad Həkimliyə Qarasaqqal əmioğlu, Fərrux Sultanova Fedya adını Mehdi vermişdi. Yuqoslaviyalı Mario, Sap (Mehdinin müavini) və alman Fris onun çox sevdiyi partizanlar olub.

– Fəqət mən Frisdən çox ehtiyat edirdim, - deyə Cavad Həkimli mərd dostları haqqında söhbətini davam etdirir. Odur ki, Mehdiyə deyərdim:

– Əmioğlu (biz bir-birimizə həmişə belə müraciət edərdik. Hamı da bizi qohum bilirdi. Mehdi dəfn olunan gün qohumu hesab etdiklərindən çıxış üçün ilk sözü mənə verdilər), qurdu nə qədər əhliləşdirsən də yenə meşəyə baxacaq. Frisdən qorxuram.

Mehdi isə özünəməxsus xırdaca-xırdaca gülümsünüb:

– Əyə, belə oğlandır,- deyib şəhadət barmağını dik tutardı.

Doğrudan da Fris axıra qədər bizə sadiq qaldı. Sonralar öyrəndik ki, onun atası Avstriya kommunisti olmuşdur.

– Cavad müəllim, deyilənə görə Mixaylo özü İvan Çornının, Tağı Əlizadənin, Ənvər Məmmədovun göstərdiyi şücaətlərlə fəxr edərmiş. Bəs onların son taleyindən bir şey bilirsinizmi?

– Mehdi xüsusilə İvan Çornının qəhrəmanlığı ilə fəxr edərdi. Tağı çox gənc idi. Bakıda anadan olmuşdu. İyirmi-iyirmi bir yaşı ancaq olardı. Kəşfiyyat diversiya qrupunun bu əsgəri qorxu nə olduğunu bilməzdi. Ən təhlükəli tapşırıqları təkbaşına yerinə yetirərdi. Körpüləri partlatmaqda, gecələr faşist gözətçisini səssizcə aradan götürməkdə ən mahir partizan idi. Faşistlər Mixaylo kimi, İvan Çornının da başı üçün böyük mükafat ayırmışdılar. Nə az, nə çox — beş yüz min lirə. Fəqət düşmən heç cür onu tuta bilmirdi. O doğrudan da zirəkliyi və cəsurluğu ilə hamını heyran qoymuşdu. Dağ keçisi kimi cəld və faşistlərə qarşı hədsiz kinli idi.

1944-cü ildə Şimali Yuqoslaviyanın Qoritsiya şəhəri yaxınlığındakı Rençe kəndində faşistlər növbəti əməliyyatda olan Tağının izinə düşüb, onu təqib edirlər. Bu vaxt bir tərəfdən vlasovçular, digər tərəfdən faşistlər qəfildən kəndi mühasirəyə alır. Tağı vlasovçuları özümüzünkü bilib onlara yaxınlaşır. Lakin vətən xainləri onu faşistlərin əlinə verirlər. Yerli əhalidən kimi “oğlumdur”, kimisi də “ərimdir” deyirsə, faşistlər inanmırlar, igid partizana olmazın əzab-əziyyət verib partizanların, Mixaylonun yerini soruşurlar. Tağı Əlizadə isə nə dostları, nə də Mehdi haqqında bir kəlmə deyir. Bir gün sonra bizə Tağının tutulması haqqında xəbər çatdı. Hücum edib onun meyidini zorla faşistlərin əlindən aldıq. Cəsur dostumuzun dəfni böyük bir nümayişə çevrildi. Ənvər Məmmədov isə Qudoviç və Vitovli əməliyyatında xüsusilə yaxşı vuruşurdu, Mehdinin ölumündən sonra rota komandiri Ənvər oldu. Yadımdadır, bir vuruşmada Ənvər qırxa yaxın faşist məhv etdi. Ənvərlə indi də görüşürük. O, Ağdamın Umudlu kəndində yaşayır.

– Bəs həbs düşərgəsində gizli iş aparan, tağım komandiri kimi böyük etibar qazanmış igid Sadıq Nadirlini necə, xatırlayırsınızmı?

– Baş leytenant Nadirli ilə mən hələ 1942-ci ilin axırlarında Ukraynada tanış olduq. Tale bizi ikinci dəfə Almaniyanın Ştranst şəhərindəki əsir düşərgəsində görüşdürdü. Düşərgəmizdə ukraynalı Jenya Zoporojets adlı bir qız vardı. O, alman qərargahında işləyirdi. Özünü “Folks doln”-yəni alman qatışığı, almana məxsus adlandırırdı. Qızın Nadirliyə xüsusi hörməti, rəğbəti vardı. Bir neçə dəfə onu sınadıq. Etibarlı qız idi. Biz, xüsusilə, Sadıq Nadirli bu qızdan təxribat işini öyrəndik.

– Xoşum gəlir,- deyərdi,- etibarlı adamdan, müharibədən sonra harada olsa Jenyanı tapıb əbədi dostluq edəcəm.

1943-cü ilin yanvarında Mehdinin, Əsəd Qurbanovun və mənim partizanlığa keçməyimizə şərait yaradan Nadirli oldu. Gizli təşkilatın rəhbərləri arasında aparılan vəzifə bölgüsünə görə Nadirli düşərgədə qaldı. Azərbaycanlı əsirlərin partizanlığa qaçmasını təşkil etdi. Sadıq Nadirli həm də alman komandanlığının hərəkət planlarını, döyüşçü və hərbi sursat daşıyan qatarların, avtomobillərin hərəkət cədvəli haqqında əvvəlcədən biz partizanlara məlumat verirdi. Bu cəsur oğlan belə çətin və qorxulu işin öhdəsindən şərəflə gəlirdi. Nadirli partizanların buraxdığı xüsusi vərəqələri əsirlər arasında yayırdı. Bu vərəqələr partizanların yanına keçmək üçün etibarnamə, buraxılış vərəqəsi idi.

Həmin il martın on dördündə əsirlik həyatına son qoymaq istəyən Nadirli öz taqımı ilə birlikdə partizanların tərəfinə keçmək üçün plan hazırlayır. Partizanlarla görüşəcəyi yeri və vaxtı dəqiqləşdirib, yaxın adamlarını planla tanış edir. Martın on altısında səhər tezdən əsir döyüşçülərinə məşq üçün həyəcan siqnalı verir. Döyüşçülər silahlanıb partizanlar olan tərəfə “hücuma” keçməli, özlərilə alman keşikçilərini də aparmalı idilər. Almanlar duyuq düşsə, vuruşa-vuruşa, duyuq düşməsələr, sakitcə partizanlar tərəfə keçməli idilər.

Lakin bu plan baş tutmur. On altısı gecə Nadirli özü partizan rabitəçisi ilə görüşüb müxtəlif sənədləri və buraxılış vərəqələrini alıb geri qayıdarkən düşərgədə yaxalanır. Axtarış vaxtı hərbi çantasından çıxan bu sənədlər onun gənc həyatına son qoydu.

– Bayaq söhbətinizdə dediniz ki, Mixaylo əməliyyata çox vaxt tək gedərdi. Az-az hallarda özünə köməkçi götürərdi. Bəs siz necə, heç Mehdi ilə birgə əməliyyatda olmusunuzmu?

– Bəli, cəmisi iki dəfə. Bir dəfə Triyest əməliyyatında məlumat toplayıb, təhlükəli zonadan keçdik. Bir çəmənliklə Dutovli kəndinə tərəf gəlirdik. Gözəl, güllü-çiçəkli dağ yamacında Mehdi dayandı: -Ah, deyib, kövrək-kövrək uzaqlarda batmaqda olan günəşə baxdı. Uzanıb yaşıl otları, çiçəkləri sığalladı: — Vicdansız faşistlər belə gözəlliyi qanla suvarmaq istəyir. -Sonra üzünü mənə tutub: -İndi vətəndə də beləcə zərif güllər açıb, ətir saçır. Möhtərəm Qarasaqqal əmioğlu, faşistləri məhv edəndən sonra sağ-salamat vətənə qayıdarıqsa, vətən və onun oğul-qızları, qocaman Xəzər bizi əziz övladı kimi qarşılayar. Əgər qayıtmasaq, taleyin acı rüzgarı arzularımızı bu yad ellərdə müdhiş qayalara vurub çilik-çilik edər. Ancaq çəkdiyimiz əməyin əks-sədasından bir parçası gedib Azərbaycana çıxar. O vaxt adımızı Azərbaycan tarixinin bir səhifəsində qeyd edərlər. Ayə, səni qəmə qərq etdim, əmioğlu, gəl sənə bir şeir oxuyum...

Sonra “Ay qız” şeirini oxudu.

Cavad Həkimli şeiri indiyədək hafizəsində qoruyub saxlayıb. Şeir heç yerdə çap olunmayıb.

 

Mən sənə aşiqəm, gəzmə aralı,

Nazlı baxışından oldum yaralı,

Bu zümrüd yamacın sənsən maralı,

Mən sənin heyranın olaydım, ay qız!

Gözlərin can alan, qaşın qaradır,

Qəlbimin çöhrəsi sənsiz yaradır,

Bir düşün, zavallım, bura haradır,

Mən sənin qurbanın olaydım, ay qız!

Mənə üz verəcək yenə yüz kədər,

Çəkdiyim zəhmətlər olarsa hədər,

Yazığın gələydi mənə bir qədər,

Yanında mehmanın olaydım, ay qız!

Uzaq bir üfüqdə günəş batanda,

Sənsə evə gəlib yorğun yatanda,

Üstünə bir güllü yorğan atanda,

O güllü yorğanın olaydım, ay qız!

Vəfasız dünyaya uyma yalandır,

Tanrı verdiyini geri alandır,

Dünyada yaxşılıq bircə qalandır,

Mən sənin qadanı alaydım, ay qız!

 

 

(ardı var)

 

Şəmistan NƏZİRLİ,

tədqiqatçı-jurnalist 

 

Xalq qəzeti.- 2009.- 19 iyul.- S. 6.