Yeni kitab

 

Qiymətli tədqiqat əsəri

 

Azərbaycan folklorşünaslığının xüsusi tədqiqat obyektlərindən biri olan aşıq sənətinin öyrənilməsi həm sənətin təşəkkülü və inkişafı baxımından, həm də xalq yaradıcılığının bir çox xüsusiyyətlərini özündə ehtiva edən, onu şifahi şəkildə yaşadan peşəkar söyləyici və ifaçılar vasitəsilə xalqın mənəvi ehtiyatlarının elmi şəkildə təhlil olunması aktual məsələlərdəndir. Bu mənada Şirvan aşıq məktəbinə mənsub olan görkəmli sənətkar Aşıq Əhmədin yaradıcılığının tədqiqi olduqca xeyirxah, elmi cəhətdən isə dəyərli bir işdir.

 

“Çaşıoğlu” nəşriyyatı tərəfindən bu yaxınlarda nəfis şəkildə çap olunmuş “Aşıq Əhmədin yaradıcılığı” kitabı şifahi xalq ədəbiyyatının dərin bilicisi, söz və sənət ustadı olan Əhməd Ədil bəy oğlu Rüstəmovun xatirəsinə ən qiymətli hədiyyədir. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə işıq üzü görən bu kitabda XX əsr Şirvan aşıq mühitinin görkəmli nümayəndəsi, Böyük Vətən müharibəsi veteranı, respublikanın əməkdar mədəniyyət işçisi, 50 ildən çox müddətdə sazı və sözü ilə aşıq sənətinin ənənələrini böyük sədaqətlə yaşatmış, şeirləri və bəstələri ilə Azərbaycanın aşıq sənətinin inkişafında xüsusi əməyi olmuş, mahnıları bu gün də sevilə-sevilə dinlənilən Aşıq Əhmədin ömür yoluna və yaradıcılığına hərtərəfli nəzər salınır.

Kitabın müəllifi Yaqut Bahadurqızıdır. Həm müəllif, həm də əsərin qəhrəmanı Aşıq Əhməd əslən Kürdəmir rayonundan olduqları üçün bir-birini yaxşı tanıyırdılar. Ona görə də kitabda təsvir olunan hadisələr real həyat gerçəkliklərinə söykənir. Yaqut Əşrəfova Aşıq Əhmədin ömür yolunu diqqətlə izlədiyi və dərindən öyrəndiyi üçün belə qənaətə gəlir ki, yüzə yaxın şagirdə sənətin sirlərini öyrətmiş bu el ozanının sənət və yaradıcılığunun tədqiqi aşıq sənətinin tarixi-mədəni inkişafının müasir mərhələsi baxımından son dərəcə aktual elmi problemdir.

Üç fəsildən ibarət olan qiymətli tədqiqat əsərinin dili sadə və oxunaqlıdır. Birinci fəsildə Aşıq Əhmədin həyat və yaradıcılıq yoluna nəzər salınır. İkinci fəsildə onun poeziyasından söz açılır. Üçüncü fəsildə isə Aşıq Əhmədin dastan yaradıcılığı təhlil edilir. AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılovun elmi redaktorluğu ilə çap olunan kitaba AMEA-nın müxbir üzvü, professor, Milli Məclisin deputatı Rafael Hüseynov, filologiya elmləri doktoru, professor Qara Namazov, filologiya elmləri doktoru Seyfəddin Qəniyev rəy vermişlər.

İxtisasca jurnalist olan Yaqut Bahadur qızı Əşrəfova Azərbaycan Dövlət Universitetini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Kitabsevərlər Cəmiyyəti Kürdəmir rayon təşkilatının məsul katibi, rayon partiya komitəsində təlimatçı, rayon qəzetində şöbə müdiri, rayon partiya komitəsinin katibi, Kürdəmir Rayon İcra Hakimiyyəti aparatının məsul işçisi vəzifələrində çalışıb.

Hazırda AMEA-nın N.Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin Aran Regional şöbəsinin müdiri işləyir. 2007-ci ildə Folklor İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Yaqut Əşrəfova “Həsrət”, “Vurğunam nəğməyə, saza”, “Qoca Şirvanın balasıyam mən” kitablarının, onlarla elmi məqalə və oçerklərin müəllifidir.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2009.- 19 iyul.- S. 6.