Azərbaycanda regionların sosial-iqtisadi
inkişafında yeni mərhələ
Azərbaycan iqtisadiyyatının inkişaf tarixində
ilk dəfə keçən əsrin 70-80-ci illərində
ümummilli lider Heydər Əliyevin
başcılığı ilə respublikada məhsuldar
qüvvələrin səmərəli yerləşdirilməsi
istiqamətində mühüm addımlar atıldı və ədalət
naminə demək lazımdır ki, bu sahədə diqqətəlayiq
nailiyyətlər əldə edildi. Lakin başlanılan
böyük həcmli işlər Sovet dövlətinin
dağılması və milli müstəqilliyin ilk illərində
ölkədə yaranmış hakimiyyətsizlik üzündən
yarımçıq qaldı.
Xalqın təkidli tələbi
ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə
ölkə rəhbərliyinə qayıdışından
sonra digər vacib məsələlər kimi, regionların
sürətli sosial-iqtisadi inkişafı da mühüm vəzifə
kimi qarşıya qoyuldu. Həmin ağır illərdə Azərbaycanda
güclü iqtisadiyyat yaratmaq, həyatın bütün sahələrində
hərtərəfli inkişafa nail olmaq, ölkəmizin beynəlxalq
nüfuzunu qaldırmaq və dünya dövlətləri ilə
səmərəli əlaqələri genişləndirmək
başlıca məqsəd kimi irəli sürüldü. Bu məqsədin
reallaşmasında ulu öndər Heydər Əliyevin
uğurla işləyib hazırladığı neft
strategiyası müstəsna rol oynadı. “Əsrin müqaviləsi”
kimi nəhəng bir layihənin müvəffəqiyyətlə
gerçəkləşdirilməsi göstərdi ki, neft
müstəqillik dövründə olduğu kimi, əvvəlki
illərdə də Azərbaycan üçün həyatı
əhəmiyyətli sərvət ola bilərdi. İstər
işğalçı çar Rusiyası dövründə,
istərsə də totalitar Sovet hakimiyyəti illərində
neft amilindən Azərbaycanın milli mənafeləri
üçün lazımi səviyyədə istifadə
olunmamışdır. Müstəqillik dövründə neft
sənayesinin inkişafından əldə edilən yüksək
gəlir və başqa imtiyazlar göstərdi ki, Azərbaycan
uzun müddət ölkənin tərəqqisinə xidmət
edən belə mühüm imkanlardan mərhum edilmişdir.
Azərbaycanın
ictimai-siyasi və sosial-iqtisadi həyatında, həmçinin
onun beynəlxalq nüfuzunun artırılmasında
böyük inkişaf mərhələsi olan 1993-2003-cü
illərdə neft strategiyası tədbirlərinin
ardıcıl gerçəkləşdirilməsi, ölkə
iqtisadiyyatında düşünülmüş
islahatların həyata keçirilməsi,
sahibkarlığın inkişafına güclü dəstək
verilməsi, respublikanın ümumi tərəqqisi
üçün bütün zəruri infrakstruktur sistemlərinin
yaradılması, xalqın rifahının yüksəldilməsi
və əhalinin məşğulluq səviyyəsinin
yaxşılaşdırılması, xarici şirkətlər
üçün əlverişli investisiya mühitinin bərqərar
edilməsi və qeyri-neft sektoru sahələrinin əhatə
dairəsinin genişləndirilməsi istiqamətində
görülən möhtəşəm işlər Azərbaycanın
tezliklə ümumi iqtisadi dirçəlişini təmin etdi.
Son illər ölkənin
hərtərəfli yüksək inkişafını səciyyələndirən
məlum faktları sadalamadan təkcə onu qeyd etmək kifayətdir
ki, bu etibarlı tərəqqi yolunu inam və
yaradıcılıqla davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyev ölkə həyatının
bütün sahələrinin ümummilli lider Heydər Əliyevin
qabaqcadan nəzərdə tutduğu yüksək səviyyəyə
qaldırılmasına nail oldu. Möhtəşəm neft
strategiyasının tərkib hissəsi olan
Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum
qaz kəmərlərinin tikintisi vaxtında başa
çatdırıldı. Bu nəhəng layihələrin
reallaşması ilə əlaqədar Azərbaycan öz
enerji təhlükəsizliyini təmin etməklə
yanaşı, neft xammalının dünya bazarlarına
çıxarılması nəticəsində ölkənin
maliyyə ehtiyatlarının xeyli artırılmasına nail
oldu və respublikanın inkişaf imkanları daha da genişləndi.
Yeni şəraitdə
ölkənin daha sürətli və hərtərəfli
inkişafını təmin etmək üçün
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi əsasında
regionların sosial-iqtisadi inkişafi vəzifəsi ön plana
çəkildi. Bu böyük məqsədə nail olmaq
üçün cənab İlham Əliyev hələ Nazirlər
Kabinetinin sədri olarkən ölkədə
qarşıdakı beş il ərzində 600 min yeni iş
yerinin yaradılması, prezident seçildikdən sonra isə
ölkə əhəmiyyətli mühüm sənədlərdən
birini- 2004-2008-ci illəri əhatə edən regionların
sosial-iqtisadi inkişafı barədə Dövlət
Proqramını təsdiq etdi. Onun həyata keçirilməsi
nəticəsində regionların malik olduğu zəngin maddi
sərvətlərdən və əmək ehtiyatlarından
istifadə etmək əsasında qeyri-neft sektorunun
mühüm sahələrinin inkişafının sürətləndirilməsinə,
xidmətin və geniş infrastruktur təminatının,
habelə onların keyfiyyətinin yüksəldilməsinə,
sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılmasına, əlverişli
investisiya mühitinin yaradılmasına, əhalinin məşğulluq
səviyyəsinin artırılmasına, yeni iş yerlərinin
yaradılmasına və yoxsulluğun azaldılmasına nail
olundu. Bu zəruri tədbirlərin həyata keçirilməsi
ilə regionlarda məhsuldar qüvvələrin ümumi
artım imkanları əsaslı surətdə genişləndirildi.
Ölkə Prezidenti cənab
İlham Əliyev birinci Dövlət Proqramının
davamı olaraq 14 aprel 2009-cu ildə “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında yeni Fərman imzaladı və qətiyyətlə
bildirdi: “... Əsas məqsəd ölkədə qeyri-neft
sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaqdır”.
Bu iki proqram arasında prinsipial fərq ondan ibarətdir ki,
birinci proqramda üstünlük infrastruktur sisteminin əsaslı
surətdə yenidən qurulmasına verilirdisə, ikinci
proqramda bu işi davam etdirməklə ölkənin təbii və
əmək potensialından daha səmərəli istifadə
etməklə qeyri-neft sektorunun sürətli
inkişafının təmin edilməsi əsas məqsəd
kimi qarşıya qoyulurdu. Başqa sözlə, ikinci proqramda
bu gün regionların sosial-iqtisadi inkişafı
üçün çox vacib olan istehsalın müxtəlif
sahələrinin inkişafı məsələsi ön plana
çəkilir. Bununla əlaqədar olaraq yeni proqramda
sahibkarlıq mühitinin yaxşılaşdırılması
və onun inkişafının daha da
stimullaşdırılması, investisiyaların qoyulması
işinin davam etdirilməsi, ixracyönümlü məhsul
istehsalının artırılmasına xüsusi diqqət
yetirilməsi tələb olunur. İstehsalın gözlənilən
sürətli inkişafının nəticəsi olaraq əhalinin
məşqulluq səviyyəsinin yüksəldilməsi və
yoxsulluğun azaldılması istiqamətində tədbirlərin
davam etdirilməsi yenə də əsas vəzifə kimi irəli
sürülür.
Yeni Proqramda 1000-dən
artıq (təxminən 1026) tədbirin həyata keçirilməsi
nəzərdə tutulur. Onların bir qismi (60-a qədəri)
ölkə təyinatlı ümumi tədbirlərdir. Bu cəhətdən
büdcə-kredit və pul-vergi siyasətinin daha da təkmilləşdirilməsi,
ekologiya və təbii sərvətlərdən səmərəli
istifadə edilməsi, yol təsərrüfatı və nəqliyyat,
meliorasiya və irriqasiya fəaliyyətinin
yaxşılaşdırılması, əhalinin təhlükəsizliyinin
qorunması, sosial müdafiə işinin gücləndirilməsi
və digər tədbirləri göstərmək olar. Bundan
başqa, hər ərazinin öz tələbatından irəli
gələn ümumi tədbirlər (90-dan artıq) müəyyən
edilmişdir. Sonra müvafiq əraziyə daxil olan
bütün inzibati rayonlar üzrə 800-dən çox
görüləcək işlər göstərilir. Bu
yazıda əsasən istehsal xarakterli tədbirlər,
xüsusən sənayenin inkişafı ətrafında müəyyən
məsələlər şərh ediləcək və yeri gəldikcə
onlar ətrafında mülahizələr söylənəcəkdir.
Proqramda bir sıra
iqtisadi rayonlarda (Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran,
Dağlıq Şirvan) ümumi gücü 100 MVT olan
kiçik su elektrik stansiyalarının tikintisi nəzərdə
tutulmuşdur. Bu stansiyalar yerli tələbatın ödənilməsində
əhəmiyyətli rol oynamaqla, həm də enerji itkisini
minimuma endirəcəkdir. Taxtakörpü, Şəmkirçay
və Füzuli rayonunda tikilən su bəndləri üzərində
qurulacıq su elektrik stansiyalarını da nəzərə
alsaq, ölkənin əksər rayonlarında bu mühüm
sahənin güclü yerli potensialı yaranacaqdır. Bundan
başqa, Naxçıvan Müxtar Respublikasında çaylar
üzərində kiçik su elektrik stansiyaları tikməklə
yanaşı, Ordubad və Culfa rayonlarının Arazboyu
düzənlik sahələrində alternativ enerji mənbəyi
kimi külək elektrik qurğuları, həmcinin günəş
enerjisi ilə qidalanan müasir tipli elektrik
stansiyalarının tikilməsi həyata keçiriləcəkdir.
Yeri gəlmişkən,
ölkənin ümumi enerji təhlükəsizliyinin möhkəmləndirilməsi
və gələcəkdə onun ixrac imkanlarının
genişləndirilməsi məqsədilə bir mühüm məsələyə
təkrar toxunmağı vacib hesab edirik. Nazirlər Kabinetinin
2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və
2008-ci ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev ölkədə yeni
müasir neft emalı və neft-kimya müəssisələrinin
tikilməsi məsələsini irəli
sürmüşdür. Bununla əlaqədar müəyyən
mülahizələri söyləməyi lazım bilirik. Uzun
müddətdir ki, Abşeronda istehsalın və əhalinin həddən
artıq təmərküzləşməsi, ətraf
mühitin mühafizəsi naminə Bakıdakı iki
neftayırma zavodunun paytaxtdan kənar əraziyə
köçürülməsi (mütəxəssislərin
fikrincə, bunun üçün Ələt qəsəbəsi
daha münasibdir), Abşeron, Quba-Xaçmaz, Dağlıq
Şirvan və digər regionların müxtəlif neft məhsullarına
olan tələbatlarını ödəmək
üçün yeni müasir neftayırma zavodunun tikilməsi
barədə təkliflər səslənir. Dövlət
başcısının təklif etdiyi yeni zavodu isə Gəncə-Qazax,
Şəki-Zaqatala, Yuxarı Qarabağ, Aran (ərazinin əsas
hissəsi) iqtisadi rayonlarının tələbatını
ödəmək məqsədilə Bakı-Tbilisi-Ceyhan əsas
neft kəmərinə yaxın ərazidə yerləşən
Gəncədə və yaxud da Qazaxda tikmək daha əlverişli
olar. Çünki, əvvəla, neftayırma zavodları
çox əhəmiyyətli strateji məhsullar istehsal etdiklərindən
bu sənaye sahəsinin bir ərazidə yüksək səviyyədə
təmərküzləşməsi məqsədəuyğun
deyildir. Digər tərəfdən, dünya təcrübəsi
götərir ki, böyük tələbat olduqda neft emalı
sənayesi xammal hasil edilən rayonlarda yerləşdirildiyi
kimi, bu müəssisələrin istehlak olunduğu rayonlarda
yerləşdirilməsi də xeyli sərfəlidir. Bu halda
neft məhsulları daşıyan nəqliyyat vasitələrinin
iqtisadi səmərəsi yüksəlir, istismar müddəti
xeyli uzanır və nəhayət, neft emalı yerləşən
ərazidə onunla əlaqədar başqa istehsal sahələri
də (kimya, energetika və s.) inkişaf edir.
Yeni proqramda ölkə
regionlarında çox əhəmiyyətli sənaye sahələrinin
inkişafı dövlət tərəfindən istehsalın səmərəli
təşkili nöqteyi-nəzərindən geniş dəstəklənir.
Bu cəhətdən yerli təbii sərvətlər əsasında
Gəncə-Qazax regionunda metallurgiya, maşınqayırma,
energetika və digər sahələrin, ilk növbədə,
milli mənafelərə uyğun istiqamətdə
inkişafının təşviq edilməsinin nəinki
regionun, eyni zamanda, bütün ölkənin sosial-iqtisadi tərəqqisində
böyük müsbət dəyişikliklər
yaradacağı xüsusi qeyd edilməlidir. Məsələ
ondadır ki, müstəqilliyə qədərki dövrdə
regionun zəngin faydalı qazıntıları xammal kimi
çıxarılırdı, ilkin emalından sonra çox gəlir
verən, yüksək əməktutumlu və istehsalın daha
böyük həcmdə təşkilinə səbəb olan
hazır məhsullar buraxan mərhələsi isə
respublikadan kənar yerlərdə həyata keçirilirdi.
Hazırda istehsalın
inkişafı əsasən ölkənin maraqlarına
müvafiq olaraq, yerli sərvət imkanlarına, onun səmərəli
təşkili prinsiplərinə uyğun qurulur. Artıq alunit
yataqlarının saflaşdırılmasından (Gəncə
gil-torpaq kombinatı) sonra, onun əsasında ilkin istehsal
gücü ildə 100 min ton olacaq Gəncə alüminium
zavodu tikilir. Daşkəsən dəmir filizinin ilkin emalı nəticəsində
alınan xammal əsasında Gəncədə illik istehsal
gücü 1 milyon ton olacaq prokat kompleksi minlərlə
işçini əhatə edəcək və şəhərin
ən iri müəssisələrindən biri olacaqdır.
2009-cu il mayın 26-da Azərbaycan Beynəlxalq Mədən Əməliyyat
Şirkətinin Gədəbəy qızıl-mis emalı
zavodu yerli sərvətlər əsasında fəaliyyətə
başladı. Mütəxəssislərin tədqiqatlarına
görə, Gədəbəy yataqlarında təxminən 22
ton qızıl, 192 ton gümüş və 37 min ton mis
ehtiyatları vardır. Bu zavodda da təkcə xammal istehsal
edilməyəcək, son məhsul hazırlanacaq.
Çox əlamətdardır
ki, Gəncə şəhəri qarşıdakı illərdə
də ağır sənaye mərkəzi kimi öz
inkişafını davam etdirəcəkdir. Gəncə
avtomobil zavodunda avtomobillər, traktorlar istehsalı, Gəncə
cihazqayırma zavodunda sayğac və s. məhsullar
istehsalı xeyli genişləndirilmişdir.
Qarşıdakı illərdə Azərbaycanın
bütün regionları kimi, Gəncə şəhərində
də ənənəvi yüngül və yeyinti sənayesi
sahələrinin mövcud müəssisələri yeni
texnologiyalar əsasında xeyli genişləndiriləcəkdir.
Regionların
sosial-iqtisadi inkişafı proqramının vaxtında və
yüksək səviyyədə həyata keçirilməsi
onların ərazilərindəki müxtəlif tikinti
materiallarına olan tələbatın ödənilməsindən
çox asılıdır. Bununla əlaqədar olaraq proqramda
ölkənin 30-a qədər inzibati rayonunda zəruri tikinti
materialları (sement, mərmər, mişar daşı, əhəngdaşı,
qum, kərpic xammalı və s.) yataqlarının
axtarışı və kəşfiyyatı işlərinin
aparılması nəzərdə tutulur. Təbii ki, hər
regionun ərazisi daxilində tikinti materialları sənayesinin
lazımı səviyyədə təşkilinin gözlənilməsi
onların qarşısında qoyulan böyük quruculuq
işlərinin həyata keçirilməsini ləngidər və
iqtisadi səmərəsini aşağı salar.
Yeni proqramda Azərbaycan
mühiti üçün çox münasib olan və onun
sosial-iqtisadi inkişafında həmişə mühüm yer
tutan bir çox ənənəvi kənd təsərrüfatı
sahələrinin dirçəldilməsinə və
müvafiq emal sənayesi sahələri şəbəkəsinin
genişləndirilməsinə böyük önəm verilir.
Bu cəhətdən respublikanın 16 rayonunda
pambıqçılığa, 6 rayonda
baramaçılığa (ipəkçiliyə), 9 rayonda
üzümçülüyə, 7 rayonda meyvəçiliyə
kənd təsərrüfatının aparıcı sahələri
kimi üstünlük verilməsi ölkədə
toxuçuluq, konserv, şərəbçılıq sənayesinin
geniş miqyasda inkişafına yeni böyük üfüqlər
açacaqdır. Bununla əlaqədar onu qeyd etməyi
lazım bilirik ki, gələcəkdə barama sahəsində
kifayət qədər ənənəsi və əlverişli
şəraiti olan başqa rayonların da potensialından
istifadə olunması ölkənin sosial-iqtisadi
inkişafının sürətlənməsində, xüsusən
qeyri-neft sektoru sahələrinin genişləndirilməsində
mühüm rol oynaya bilər.
Ümumiyyətlə,
ölkənin bu sahədə imkanlarının hərtərəfli
qiymətləndirilməsi belə bir nəticəyə gəlməyə
əsas verir ki, Azərbaycan pambıq və ipək parça
toxuculuq məmulatları ilə nəinki öz tələbatını
tam ödəyə bilər, eyni zamanda, müasir texnologiyalara əsaslanaraq
yüksək keyfiyyətli rəqabətə davamlı
ixracyönümlü parça məmulatları istehsalına
görə dünya bazarlarında layiqli yer tutar. Bu fikirləri
kənd təsərrüfatında
üzümçülük, çayçılıq,
zeytunçuluq və meyvə-tərəvəzçilik sahələrinin
daha böyük həcmdə genişləndirilməsi
hesabına müvafiq emal sənayesi məhsulları
istehsalını artırmaq barədə də demək olar.
Təqdirəlayiq
haldır ki, hazırda ilk dəfə ölkədə ərzaq
təhlükəsizliyində mühüm rol oynayan
arıçılıq kimi mühüm təsərrüfat
sahəsi 9 rayonda kənd təsərrüfatının
aparıcı sahələrindən biri səviyyəsində
qiymətləndirilr. Bu sahədə əldə ediləcək
uğurlar gələcəkdə ölkədə sənaye əsasında
bu sahənin daha da geniş miqyasda inkişafına zəmin
yarada bilər.
Bir məsələ barədə
də fikir söyləməyi məqsədəuyğun hesab edirik.
Əmək ehtiyatları sürətlə artan Lənkəranda
tikilən dəniz limanı kompleksində yüksək əməktutumlu
istehsal sahələrindən olan qayıqlar, o cümlədən
onun bütün növləri (əllə işlədilən,
motorlu, yelkənli), çimərlik avadanlıqları və
geyimləri üzrə istehsalının təşkili nəinki
ölkəmizdə, eyni zamanda başqa ölkələrdə
də böyük tələbat olan məhsullar
istehsalını təmin edirdi. Bunun üçün Azərbaycanda
hər cür şərait və imkan vardır.
Nəhayət onu qeyd etmək
lazımdır ki, İqtisadi İnkişaf Nazirliyi ölkədə
tikintisinə əvvəlki illərdə başlanmış,
lakin yarımçıq qalmış obyektləri də
2009-2013-cü illərdə tikintisi başa
çatdırılacaq müəssisələrin
siyahısına daxil etsin.
“Xüsusi iqtisadi zonalar
haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu
il tarixli fərmanının tələblərindən irəli
gələn qanunun tətbiq edilməsi də ölkənin bir
sıra regionlarında məhsuldar qüvvələrin
güclü inkişafına təkan verəcəkdir. Bu,
xüsusən Naxçıvan Muxtar Respublikası, Lənkəran,
Quba-Xaçmaz regionlarına aiddir.
Sonda tam əminliklə
bildirmək istəyirəm ki, ötən 40 il ərzində
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
möhkəm əsası qoyulmuş əzəmətli
quruculuq işlərinin mühüm mərhələsi olan
regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət
Proqramı da cənab İlham Əliyevin rəhbərliyi
altında vaxtında və yüksək səviyyədə həyata
keçiriləcəkdir.
Asəf NADİROV
Xalq qəzeti.- 2009.- 19 iyul.- S. 4.