Azərbaycanın çoxəsrlik tarixinin quruculuq, inkişaf illəri Heydər Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə birdən-birə çaşqınlıq, anarxiya başlandı. SSRİ dağılandan sonra müttəfiq respublikaları öz ixtiyarlarına buraxmaq hamı üçün gözlənilməz oldu. Belə bir şəraitdə xalqı öz arxasınca apara biləcək liderə böyük ehtiyac var idi. Təəssüf ki, müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ keçirmək uğrunda başlanan daxili didişmə vəziyyəti olduqca mürəkkəbləşdirmişdi. 1993-cü ildə böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həyat tədricən öz axarına düşdü.

 

Birinci dəfə, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əlirza oğlu Əliyevin respublikaya rəhbər seçilməsi ilə xalqımızın tarixində keyfiyyətcə yeni mərhələ başlandı. Ulu öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycanda dövlət idarəçiliyində yeni nəfəs, yeni iş metodu, ciddi nizam-intizam yaradıldı. O vaxt digər respublikalardan bütün sahələr üzrə geridə qalmış Azərbaycanı dirçəltmək, yüksəliş yoluna çıxarmaq gərgin zəhmət, siyasi uzaqgörənlik, müdriklik tələb edirdi. Bütün bunlar isə qüdrətli şəxsiyyət Heydər Əliyevdə cəmləşmişdi. Ulu öndər Azərbaycanın uğurlu inkişafı və tərəqqisini ilk növbədə milli birlikdə görürdü. Görkəmli siyasi xadim hakimiyyətdə olduğu illərdə buna nail olaraq qarşıya qoyduğu geniş planları tədricən həyata keçirdi. Azərbaycan xalqı ümummilli liderin ətrafında sıx birləşərək nəhəng problemləri həll etməyə başladı.

Heydər Əliyevin hakimiyyətdə olduğu 1969-1982-ci illərdə əldə ediləsi mümkün olmayan nailiyyətlər öz gerçəkliyini tapdı. Bu dövrdə xalqın həyatında əsaslı dönüş yarandı. İlk növbədə təhsil, mədəniyyət, incəsənət, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyuldu. Sənaye obyektlərinin sayı artırıldı, məhsul istehsalının həcmi yüksəldi, kənd təsərrüfatı sahəsində sürətli inkişaf əldə edildi. Bir sözlə, bütün sahələr üzrə misli görünməmiş uğurlar qazanıldı. Ən əsası isə ulu öndərin millətsevərlik, müstəqil dövlətçilik baxışlarını, xalqla hakimiyyət arasında yekdilliyə nail olmasını, milli adət-ənənələrimizin qorunub saxlanılmasına ciddi fikir verməsini xüsusi qeyd etmək istərdim. Bunlarla yanaşı təhsil, mədəniyyət, tarix, ədəbiyyat və incəsənətə qayğısını, milli hərbçi kadrların hazırlanmasını, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlər də daim yaddaşlarda qalacaq. Böyük tarixi şəxsiyyətin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrə nəzər saldıqda diqqət çəkən ən vacib və zəruri məqamlardan biri də hələ o vaxt bugünkü müstəqilliyin təməlinin yaradılması sahəsindəki fəaliyyətidir. Kommunist rejiminin sərt qaydalarına baxmayaraq xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, mənəviyyatı ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunmuş və milli tərəqqiyə yönələn mühüm əhəmiyyətli qərarlar qəbul olunmuşdur.

O dövrdə ölkədə güclü ruslaşdırma və milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda ulu öndər ana dilinin — Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirirdi. Onu da qeyd edim ki, Sovet rejimi dövründə milli dilin formalaşması və inkişafı barədə düşünmək çox qorxulu idi. “Millət”, “xalq”, “ana dili” deyənlər haqqında dərhal sərt qərar qəbul edilirdi və belə şəxsiyyətlər Sibirə sürgün olunurdu. Lakin hər bir xalqın milli-mənəvi dəyərlərinin yaradılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını deyən türk dünyasının lideri Heydər Əliyev Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsində bir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirirdi. Ana dilində dərs vəsaitlərinin, dərsliklərin və kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə qayğı göstərilməsi belə tədbirlərdən idi. 70-ci illərin ortalarından başlayaraq milli dillərin sıxışdırılması tədricən gücləndirilirdi. O vaxt “Vahid sovet xalqı”, “vahid dil” siyasəti nəinki geniş təbliğ olunur, hətta güclü şəkildə tətbiq edilirdi. Kommunist ideologiyasının hakim olduğu bir dövrdə milli dil məsələsinin ortaya atılması tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxs üçün bir növ tale məsələsi ola bilərdi. Hətta bu məsələ bir çox xalqların siyasi xadimləri üçün faciə ilə nəticələnmişdir. Bütün bunlara baxmayaraq, ümummilli lider Heydər Əliyev ana dilinin inkişafına qətiyyətlə çalışırdı. Ulu öndər Sovet rejiminin tüğyan etdiyi bir vaxtda deyirdi ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.

SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Azərbaycan Konstitusiyası layihəsinin ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş iclasda ulu öndər Heydər Əliyev qətiyyətlə bildirmişdir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu təklif yekdilliklə qəbul edildi və Azərbaycan SSR-də dövlət dili Azərbaycan dili oldu. Bu qədər gərgin fəaliyyətdən, SSRİ kimi nəhəng bir dövlətin süqutundan sonra müstəqillik əldə edən Azərbaycanın dövlət dili o vaxtkı rəhbərlərin siyasi naşılığı nəticəsində yenidən sıradan çıxdı. Bu, öz xalqına, millətinə qarşı xəyanət kimi dəyərləndirilir. Çünki dövləti tanıdan əsas atributlardan biri onun ana dilidir. Azərbaycanın dövlət dili olmasaydı, onu müstəqil dövlət kimi tanıyardılarmı? Axı, kommunist ideologiyasının, Sovet rejiminin ən sərt dövründə ümummilli lider həyatını riskə qoyaraq ana dilimizi özümüzə qaytarmışdı. Müstəqillik əldə etdikdən sonra isə idarəetmədə naşı olan digər dövlətlərin köməyi ilə hakimiyyətə gələnlər ana dilimizi sıxışdırıb aradan çıxardılar. Ulu öndər xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə gəldikdən sonra 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu və Azərbaycanın dövlət dili Azərbaycan dili kimi təsbit olundu. Ana dilimiz, mənəviyyatımız, milli-mənəvi dəyərlərimiz özümüzə qaytarıldı, adət-ənənələrimiz qorundu, inkişaf etdirildi. Azərbaycan müstəqil dövlət kimi Avropaya və dünya birliyinə inteqrasiya yolunda inamla irəlilədi, beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrildi. Ulu öndərin yenidən hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan dövləti dünya dövlətləri tərəfindən ardıcıl olaraq mülki cəmiyyət və hüquqi dövlət prinsiplərini həyata keçirən və demokratikləşmə prosesinin dönməz xarakter aldığı bir ölkə kimi qəbul edildi. Mövcud olduğu qısa müddət ərzində ölkə iqtisadiyyatında geriləmə və tənəzzülün qarşısı alınaraq iqtisadi inkişafa nail olunmuş, ölkə vətəndaşlarının sosial rifah halı xeyli yüksəlmişdir.

Ulu öndərin ölkəmizin və xalqımızın yolunda xidmətləri olduqca böyükdür. Müstəqil dövlətimizin minilliklər tarixinə diqqətlə nəzər yetirdikdə, bir daha şahidi olarıq ki, Azərbaycan dövləti və xalqı üçün ümummilli lider Heydər Əliyev qədər iş görmüş ikinci bir şəxsiyyət olmayıb. Heydər Əliyev ulu Tanrının xalqımıza bəxş etdiyi əvəzolunmaz şəxsiyyət, Azərbaycanın xilaskarıdır. Doğma Azərbaycanımızın çoxəsrlik tarixinin 34 ili, quruculuq, inkişaf illəri qüdrətli şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır. Bu siyasətin nəticəsində Azərbaycan yeni əsrə, yeni minilliyə müstəqil, güclü dövlət kimi qədəm qoydu və inamla irəlilədi. Ulu öndərin yarımçıq qalmış ideyaları onun siyasi kursunun ən layiqli yetirməsi, öz praqmatik düşüncəsi, intellektual səviyyəsi, uzaqgörənliyi ilə dünyada nüfuz qazanmış möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Məhz ulu öndərin məntiqli daxili və xarici siyasətinin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır. Möhtərəm Prezidentimizin məntiqli siyasəti sayəsində Azərbaycan dünyada iri infrastruktur layihələrin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi tanınır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev kimi praqmatik düşüncəli və intellektual səviyyəli bir şəxsiyyətin bu gün müstəqil dövlətimizin dünya birliyindəki nüfuzunu sürətlə yüksəltməsi ulu öndər Heydər Əliyevin ideyalarının yaşaması və qalib gəlməsidir. Azərbaycan xalqı çox yaxşı bilir ki, yalnız ümummilli liderin siyasi kursu və bu siyasətin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi altında müstəqil Azərbaycanımız daim demokratiya, inkişaf və tərəqqi yolunda irəliləyəcəkdir.

 

 

Rüstəm XƏLİLOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2009.- 19 iyul.- S. 3.