Modernləşmə sənayenin rəqabət qabiliyyətinin
yüksəldilməsinin vacib şərtidir
XX əsrin axırlarında dünyada iqtisadi
inkişafın xarakteri və şərtlərini dəyişdirən
informasiya-texnologiya inqilabı baş vermişdir. Bunun nəticəsində sənayedə texnika və texnologiyanın
tətbiqi ictimai tərəqqinin aparıcı qüvvəsinə
çevrilmişdir. İqtisadi inkişafın xarakterik şərtlərinin
tamamilə yeni bazaya əsaslanması isə cəmiyyətin
modernləşməsini tələb edir.
Akademik Ramiz Mehdiyev “Gələcəyin
strategiyasını müəyyənləşdirərkən:
modernləşmə xətti” adlı məqaləsində
göstərdiyi kimi: “Hazırda sosiomədəni
transformasiyanı milli tranzitin iki aspekti-iqtisadi və siyasi
modernləşmə müəyyən edir. Bu
transformasiyanın əsas mahiyyəti inkişaf dərəcəsi,
siyasi və iqtisadi hazırlıq səviyyəsi müxtəlif
olan cəmiyyətlərə ”üçüncü demokratik
dalğa”nın genişlənməsi ilə əlaqədar “
idxal edilən” şəffaflıq, yeni idarəetmə
stereotipləri, digər davranış və sosiomədəni
normalar və arxetiplər şəklində təzahür
edir”.
Nəzəriyyəyə
əsasən, modernləşdirmə dedikdə ənənəvi
qapalı cəmiyyətdən “müasir açıq cəmiyyətə”
aparan sənayeləşmə, sekulyarizasiya, urbanizasiya,
müasir ümumtəhsil sisteminin, siyasi hakimiyyətin
yaradılması, məkan və sosial mobilliyin
artırılması və s. başa düşülür. Ən
ümumi şəkildə modernləşmə ənənəvi
cəmiyyətdən iri maşınlı istehsala və
qanunlara əsaslanan və ictimai həyatdan rasional idarə
olunan cəmiyyətə keçilməsi prosesidir.
Modernləşmə
prosesi çərçivəsində adətən
aşağıdakı dəyişikliklər baş verir:
bütün ictimai münasibətlərin təkmilləşdirilməsi
və həyat ukladının dəyişdirilməsi, konfliktlərin
tənzimlənməsi və ictimai problemləri həll edən
yeni prosedur və mexanizmlərin meydana gəlməsi;
ayrı-ayrı fərdlərin şüurluluğunun və
müstəqilliyinin artması; iqtisadiyyat sahəsində əmtəə-pul
münasibətlərinin maksimum dərəcədə
yayılması, yeni qabaqcıl texnologiyanın yaranması,
menecer və muzdlu işçilərin peşələr
üzrə ixtisaslaşmasının yüksək səviyyəsinə
nail olunması; sosial münasibətlərin dəyişdirilməsi-mobil
olmayan cəmiyyətdən yüksək sosial mobilliyə və
sosial rəqabətə əsaslanan dinamik cəmiyyətə
keçilməsi.
Modernləşmə prosesinin səciyyəvi
cəhətləri həyatın bütün sahələrini
əhatə etdiyi üçün onun kompleks xarakter
almasıdır. Modernləşmənin sistemli olması, cəmiyyətin
hər hansı bir ünsüründə və yaxud həyatın
bütün sahələrində (məsələn, mədəniyyət
və siyasətdə) baş verən dəyişikliklər
digər sahələrdə (məsələn, iqtisadiyyatda)
öz əksini tapır. Modernləşmə qlobal xarakter
daşıyır. Qərbdə başlanan modernləşmə
sonralar bütün dünyaya yayılır. Həm də o davamlı
xarakter alır – modernləşmə birdəfəlik deyildir,
mərhələ-mərhələ özünü göstərir.
O, eyni tipli və düzxətli differensial xarakterə malikdir.
Modernləşmə hər bir ölkədə müxtəlif
şəkildə özünü göstərir,
çünki bu və ya digər şəkildə ənənəvi
milli mədəniyyətə və etik normalara əsaslanır
və onlardan tam imtina olunmasını tələb etmir.
Ənənəvi cəmiyyətdən
müasir və yaxud industrial (və yaxud postindustrial və ya
informasiya) cəmiyyətinə keçilməsi kimi mürəkkəb
prosesin mühüm tərkib hissəsi siyasi modernləşmədir.
Onun əsas məzmunu isə siyasi sistemin dəyişdirilməsidir.Hər
hansı bir köklü modernləşmə güclü
dövlət iradəsini tələb edir.
Müstəqil Azərbaycan dövləti
ölkədə sosial-iqtisadi və təsisat-struktur sahəsində
köklü dəyişikliklər aparılması, şəffaflığın
genişləndirilməsi, cəmiyyətin yeni
konturlarını müəyyən edən ən perspektivli
dövlət siyasəti aparılması yolunu tutmuşdur. Azərbaycanda
müstəqillik illərində ardıcıl olaraq həyata
keçirilən liberallaşdırma və vətəndaş
cəmiyyətinin yaradılması xətti siyasi modernləşmənin
təməl daşıdır. Siyasi modernləşmə cəmiyyətin
yenidən qurulmasının mühərriki olan iqtisadi modernləşməyə
də yaşıl işıq yandırır.
Modernləşmənin mühüm
istiqaməti və tərkib hissəsi institusional
islahatların aparılmasıdır. Totalitar sistemdən miras
qalmış siyasi, iqtisadi və sosial təsisatların
köklü surətdə yenidən qurulması və yenilərinin
yaradılması müstəqil Azərbaycanda ictimai-iqtisadi tərəqqinin
əsasını təşkil edir. Təsisat islahatları ilə
yanaşı, ölkə və iqtisadiyyat üçün
prioritet istiqamətləri müəyyən edən iqtisadi
inkişaf strategiyasının hazırlanıb həyata
keçirilməsi olduqca vacibdir. Belə prioritetlər həm
ümumi (yığım normasının və
investisiyaların artırılması, ixracatın
çoxaldılması, təhsilin inkişaf etdirilməsi və
s.), həm də xüsusi (məsələn, sənaye siyasəti)
xarakterə malikdir.
İqtisadi inkişaf strategiyası məhdud
təsərrüfat resurslarının, ilk növbədə,
investisiya ehtiyatlarının iqtisadiyyatın, o cümlədən
milli sənayenin rəqabətqabiliyyətinin yüksəldilməsinə
yönəldilməsini təmin etməlidir. Çünki
ölkəmizdə bir çox sənaye sahələrində
tətbiq edilən texnologiyanın və müvafiq olaraq məhsuldarlıq
və rəqabət qabiliyyətinin səviyyəsi hələ
də aşağıdır. Azərbaycanın sənaye
müəssisələrinin çoxunda rəqabət qabiliyyəti
təbii üstünlüyə (ucuz işçi qüvvəsinə,
ucuz xammala) əsaslanır. Son məhsulun rəqabət qabiliyyəti
isə onlarda nisbətən aşağı səviyyədədir.
Bir sıra sənaye sahələrinin bu yolla inkişafı
ciddi çətinliklər törədir. Sənayenin
inkişafında yeni mərhələ bütün istehsal
aparatının modernləşməsinə və onun yenilənməsi
üçün investisiyaların artırılmasına əsaslanmalıdır.
Belə bir fikir
formalaşmışdır ki, bazar iqtisadiyyatının əsas
məqsədi “səmərəli iqtisadiyyatın”
yaradılmasıdır. Lakin Rusiyanın tanınmış
ictimai xadimi Q.A.Yavlinskinin fikrinə görə, söhbət
heç də abstrakt səmərəlilikdən deyil, sosial səmərəli
iqtisadiyyatdan getməlidir. Səmərəli iqtisadiyyat cəmiyyətin
modernləşməsini və tərəqqisini təmin etməlidir.
Başqa sözlə, səmərəli iqtisadiyyat dinamik və
özünü inkişaf etdirən olmalıdır. Yalnız
bir ictimai təbəqəni və öz orbitinə yalnız
ayrı-ayrı əraziləri, sənaye mərkəzlərini
deyil, bütün cəmiyyəti cəlb etməlidir. Səmərəli
iqtisadiyyat ancaq bir və ya iki istehsal resurslarından deyil, cəmiyyətdə
mövcud olan bütün ehtiyatlardan səmərəli istifadə
olunmasını təmin etməlidir. Elm və təhsili
inkişaf etdirməklə ölkənin bütün
intellektual potensialının
reallaşdırılmasını təmin etməli və
müasir ictimai münasibətlərə əsaslanmalıdır.
Deyilənlərlə yanaşı, onu
da əlavə etmək lazımdır ki, milli iqtisadiyyat haqqında
yuxarıda göstərilən tələblər
iqtisadiyyatın, milli sənayenin və ölkədə
istehsal edilən məhsulların dünya bazarında rəqabət
qabiliyyətinin artırılması məqsədinə xidmət
etməlidir.
Müstəqillik illərində cəmiyyətin,
siyasi sistemin və iqtisadiyyatın modernləşməsi sahəsində
həyata keçirilmiş tədbirlər sistemi “Azərbaycanı
yeni davranış normaları və stereotipləri, davamlı
siyasi sistemi və mərhələlər üzrə
formalaşmaqda olan demokratik təsisatları, bazar sisteminə
xas iqtisadi strukturu olan məkana çevirməyə imkan
vermişdir. Təsadüfi deyildir ki, Dünya Bankının
hesabatında Azərbaycan 2008-ci ildə dünyanın on ən
islahatçı ölkələri sırasına daxil
edilmişdir.
Son illərdə özünü
göstərən neft bumu, onunla əlaqədar neft gəlirlərinin
sürətlə artması və görülən kompleks tədbirlər
nəticəsində ölkəmizin iqtisadi inkişafı
sürətlənmişdir. Bununla yanaşı, qlobal iqtisadi
böhran zamanı ölkədə iqtisadi inkişafın
davamlılığının təmin edilməsi və milli
sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi
ölkə sənayesinin keyfiyyət baxımından daha da
modernləşməsi siyasətinin ardıcıl olaraq
aparılmasını tələb edir. Bu isə dövlətlə
özəl sektorun getdikcə artmaqda olan gücünün və
səylərinin birləşdirilməsi əsasında
mümkündür.
Modernləşməyə və şəffaflığın
artırılmasına tələbat ona görə yüksəkdir
ki, Azərbaycandakı əmtəə
istehsalçılarının bir çoxu yuxarıda qeyd
edildiyi kimi, rəqabət qabiliyyətli deyillər. Əhalinin
alıcılıq qabiliyyəti artdıqca bu, daha aydın hiss
edilir. Bu təmayül son illərdə əhalinin həyat səviyyəsinin
yüksəldiyi bir şəraitdə özünü
yaxın və uzaq ölkələrdən idxalın
artmasında da göstərir. Dünya dövlətlərinin
təcrübəsi göstərir ki, daxili və beynəlxalq
rəqabət qabiliyyətinə malik məhsul istehsal edilməsi
yeni texnologiyanın genişmiqyaslı tətbiqini tələb
edir. Azərbaycan sənayesinin sürətlə modernləşdirilməsi
zərurəti məhz bu amildən irəli gəlir.
Modernləşmənin daha da sürətlənməsi
üçün hazırda Azərbaycan iqtisadiyyatında əlverişli
şərait yaranmışdır. Hər şeydən əvvəl,
ölkədə uzun müddətdir ki, makroiqtisadi sabitlik təmin
olunmuşdur. Dövlət büdcəsi son illərdə
profistə malikdir. İnflyasiya və valyuta məzənnəsi
nəzarət altındadır, ölkə milli valyutanın
sabitliyinin qorunması üçün kifayət qədər
qızıl – valyuta ehtiyatına malikdir. Qlobal maliyyə
böhranına baxmayaraq 2009-cu ilin proqnozları da optimistdir.
Son illərdə ölkə
iqtisadiyyatına kapital qoyuluşlarında daxili
investisiyaların rolu durmadan artır. Belə ki, onun ümumi
investisiyalarda xüsusi çəkisi 2003-cü ildə 20,1
faizdən 2007-ci ildə 53,1 faizə qədər yüksəlmişdir.
Daxili investisiyaların tərkibində isə müəssisə
və təşkilatların xüsusi çəkisi 2007-ci ildə
61,6 faiz təşkil etmişdir.
Müstəqillik illərində Azərbaycanda
bazar iqtisadiyyatının və bazar infrastrukturunun ümumi əsasları
yaradılmışdır ki, bu da cəmiyyətin modernləşməsinin
mühüm tərkib hissəsidir. Bununla yanaşı, bazar
infrastrukturunun normal fəaliyyətinin təmin olunması
üçün bir sıra mühüm seqmentlər-birja və
fond bazarları, sığorta biznesi, bank sektoru nisbətən
zəif inkişaf etmişdir. Bundan əlavə, Azərbaycan
iqtisadiyyatında qiymətlərdə disproporsiyalar
özünü aqrar-sənaye kompleksi ilə sənaye, habelə
təbii inhisarlarla maşınqayırma sənayesi məhsulları
arasında göstərir.
Kiçik və orta sahibkarlıqla iri
oliqarxiya biznesi arasında mütənasibliyin gözlənilməsi
də modernləşmə və bunun əsasında sənayedə
rəqabət qabiliyyətinin yüksəldilməsi
üçün çox mühümdür. Büdcə həlqələrinin
ixracatyönümlü iri müəssisələrdən
asılılığının artması iqtisadi
qeyri-sabitliyin yaranması riskini özündə
daşıyır. Manatın məzənnəsinin yüksək
səviyyədə saxlanılması emal sənayesinin
inkişafına mənfi təsir edir və ixracat-xammal sənayesinin
üstün inkişafına şərait yaradır.
Modernləşmənin kadr təminatı
da mühüm əhəmiyyətə malikdir. Bu baxımdan
xaricə tələbə göndərilməsi ilə
bağlı həyata keçirilən dövlət
proqramı çox mühümdür. Modernləşdirmə
prosesində Azərbaycanda təhsil sistemi və strukturun təkmilləşdirilməsi
də çox vacibdir. Ali təhsil alanların sayının
sürətlə artması və onların peşə
orientasiyası da diqqətlə öyrənilməli, iqtisadi
inkişaf və modernləşmə tələblərinə
uyğunlaşdırılmalıdır. Xarici şirkətlərdə
və yerli iri müəssisələrdə yüksək
ixtisaslı menecer kadrların əsas etibarilə kənardan cəlb
edilməsi narahatlıq doğurmaya bilməz. Bu baxımdan
texniki peşə məktəblərinin inkişaf etdirilməsi
üzrə dövlət proqramı yerində qəbul
edilmiş sənəddir.
Hələ ki, dünyada modernləşmənin hazır modeli yoxdur. Üstəlik, müxtəlif ölkələrdə siyasi və iqtisadi situasiya o qədər fərqlidir ki, belə bir universal və hamı tərəfindən qəbul edilə bilən modeli yaratmaq heç mümkün də deyil. Müasir mərhələdə iqtisadiyyatın modernləşdirilməsi əsasında rəqabət qabiliyyətinin yüksəldilməsi dövlətin sənaye siyasətinin prioritet istiqamətlərindən biridir.
2009-2012-ci illərdə sənaye sektorunun inkişafı istiqamətində qarşıya qoyulan əsas məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətə davamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsi, dövlət dəstəyi ilə əlaqədar tədbirlərin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələri və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi tədbirlərini həyata keçirməklə sənayenin dayanıqlı və davamlı inkişafına nail olmaqdan ibarətdir.
Bu baxımdan sənaye şəhərçiyinin yaradılması ilə rəqabətə davamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsalların yaradılmasının təşviqi, regional və dünya iqtisadiyyatına inteqrasiyanın gücləndirilməsi, dünyada mövcud olan elmi-texniki innovasiya proseslərinə qatılması, ixtisaslı işçi qüvvəsinin hazırlanması, ixracın dəstəklənməsi və daxili bazarın qorunması mühüm əhəmiyyətə malikdir.
Ümumiyyətlə, modernləşmə məqsəd deyil, milli sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olmaq üçün bir vasitədir. Həmin irimiqyaslı ümummilli vəzifə strateji əhəmiyyətə malikdir və ölkə əhalisinin rifah halının inkişaf etmiş ölkələr səviyyəsinə yüksəldilməsi məqsədinə xidmət etməlidir.
Tədqiqatların və texnologiyaların inkişaf etdirilməsi sahəsində mövcud olan xüsusiyyətlər və innovasiya fəaliyyətinin əhəmiyyəti bazar iqtisadiyyatının inkişaf səviyyəsi ilə sıx əlaqədardır. Təhsil və texnologiya sahəsində siyasəti formalaşdıran qurumların gücü və ənənələri, bu sahədə məsuliyyətin mərkəzi və yerli orqanlar arasında bölgüsü, müxtəlif nazirliklərin rol və gücləri, hökumət-sənaye əlaqələrinin xarakteri, dövlət-özəl şirkətlərin mövcudluğu dərəcəsi baxımından ölkələr arasında ciddi fərqlər mövcuddur. Bəzi ölkələr (məsələn, Yaponiya) təhsilin təməlinin gücləndirilməsinə, digər ölkələr isə (məsələn, ABŞ) dövlət tədqiqat müəssisələrinin məlum məqsədlərə istiqamətlənmiş fəaliyyətinə xüsusi əhəmiyyət verirlər. Müxtəlif Avropa ölkələrində isə innovasiya mədəniyyətinin (xüsusən də kiçik miqyaslı müəssisələrdə) yüksəldilməsi ön plana çəkilir.
Texnologiya siyasətinin müəyyən bir xəttə tabe edilməsi hökumət müdaxilələrinin səmərəliliyinin azaldılması riskini artıra bilər. Ancaq bu, eyni zamanda, ölkənin innovasiya qabiliyyətinin artırılması işinə misilsiz faydalar verə bilər.
Dünyamalı VƏLİYEV,
iqtisad elmləri namizədi, dosent,
Elvin VAQİFOĞLU,
Azərbaycan Universitetinin dissertantı
Xalq qəzeti.- 2009.- 19 iyul.- S. 2.