Bir mahnı varıydı... indi yenə var

 

95 yaşlı Kövsər xanım İrəvanın ən qocaman ziyalısıdır

 

60 il pedaqoji fəaliyyətlə məşğul olmaq... asandır. Bu müddətin 55 ilini eyni kollektivdə çalışmaq, indi 55-60 yaşı olan on minlərlə tələbəyə mühazirə oxumaq da mümkündür. Ancaq həmin mühazirələri eyni institutda üç dildə oxumaq... O qədər də asan məsələ deyil. Kövsər Tarıverdiyeva bu işi bacarıb, özü də yüksək səviyyədə. Çünki hələ 19 yaşında Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunanda böyük ədib Lev Tolstoyun bir ifadəsini özünə bayraq eləmişdi: “Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır”.

 

1914-cü il iyul ayının 14-də İrəvan şəhərində Məşədi Məmmədin ailəsində dünyaya gələn Kövsər xanım həyatda qazandığı bütün uğurlara məhz öz inamı — bu uğurların mümkün olmasına inamı nəticəsində nail olub.

... Bu yaxınlarda redaksiyamıza ünvanlanan məktublardan birində “Xalq qəzeti”nin hamı tərəfindən yüksək şəkildə qiymətləndirilən bir ənənəsi təqdir olunurdu: “Sağ olun ki, Vətən, xalq, elm, ədəbiyyat, mənəvi dəyərlərimiz yolunda uzun illər xidmət eləmiş yaşlı insanları unutmursunuz. Onların incədən incə, kövrəkdən kövrək ürəklərini sevindirmək ən ali insani əməllərdəndir”. Məktub sahibi bizim yada salıb ünvanına xoş söz söylədiyimiz qocaman soydaşlarımızın adlarını da sadalayırdı. Həmin siyahıda az qala iyirmiyə yaxın adamın adı vardı. O cümlədən də Kövsər xanımın. Məktubda Kövsər xanımın adını oxuyanda beş il əvvəl bu ağbirçək müəllimə, müəllimlər anasına verdiyim söz yadıma düşdü. Kövsər xanımın 90 illiyi münasibətilə qələmə aldığım yazıda qeyd eləmişdim ki, bu nurani insanın 95, 100 yaşlarında da mütləq nə isə yazacağam. Sən demə bir az gecikmişəm. Kövsər xanımın 95 yaşı iyulun 14-də tamam olub.

... Biz 90-cı illərin əvvəllərində tanınmış yazıçı Fuad Tarıverdiyevlə (“Tanrılı” təxəllüsünü sonralar götürmüşdü) “Bilik” Cəmiyyətinin orqanı olan “Dalğa” qəzetində birgə çalışırdıq. Teleşirkət sədrinin müavini olduğu illərdən tanış idik. Heç nəyə, hətta kiminsə qələminin əlindən düşməsinə belə biganə qala bilməyən insan idi. Belə bir həssas adam birdən-birə iki böyük nigarançılıqla üzləşmişdi. Hər an hərbçi leytenant olan oğlunun cəbhədən məktub və ya zəngini gözləyirdi. Üstəlik az qala hər saat təqaüdə çıxıb evdə oturmuş anasına zəng edir, hal-əhval tuturdu. Bir gün Fuad müəllim 8 saatlıq iş günündə anasına üç dəfə zəng elədi. Otaq yoldaşlarımızdan birinin — anasını çoxdan itirmiş həmkarımızın gözü yol çəkdi... çox qəribə təsadüf idi. Radioda kövrək səsli bir müğənninin ifası verilirdi: “Anam yadıma düşdü”.

Kövsər xanımın 90 illiyi münasibətilə yazı hazırlayanda ona çoxlu suallar vermişdim:

— Ən çox sevdiyiniz mahnı...

— Bir mahnı varıydı... indi yenə var. “Anam yadıma düşdü”.

Maraqlı təsadüf idi. Qəhrəmanımın 95 illiyi ilə bağlı sətirləri qələmə alanda isə Kövsər xanımın saçlarının rəngi həmin mahnını mənim yadıma saldı. O mahnı yenə də var...

Müəllimlər müəllimi, ağbirçəklər ağbirçəyi olan Kövsər xanım 1937-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu, sonra isə Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib (cəmi il yarıma qədər həkim işləyib). 1942-ci ildə filologiya elmləri namizədi dissertasiyasını müdafiə edib. Alimlik dərəcəsi alandan sonra bir il Xalq Maarif Komissarlığında kadrlar şöbəsinin rəisi, beş ilə qədər isə Müəllimləri Təkmilləşdirmə İnstitutunda təhsil üzrə prorektor vəzifələrində çalışıb. 1948-ci ildən etibarən 55 il özünün ali təhsil aldığı Azərbaycan Pedaqoji İnstitutunda çalışıb. Azərbaycan, rus və erməni dillərində oxuduğu mühazirələr həmişə pedaqoji və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Elmi işinin mövzusu Azərbaycan-Ermənistan münasibətlərinin tarixinə həsr edildiyinə, işin yazıldığı dil isə erməni dili olduğuna görə danosbazlar o zamankı ölkə rəhbəri Mircəfər Bağırova gizli məlumat ötürüblərmiş. Bağırov aravuranlara konkret cavab verib: “Türk qızı ermənilərin arasında ermənicə alimlik dissertasiyası müdafiə edibsə, bunun özü bir namizədlik mövzusu olmalıdır”.

Onun fəaliyyəti həmişə yüksək qiymətləndirilib. İki dəfə SSRİ Ali Sovetinin Fəxri Fərmanına, eləcə də “Əməkdar ali məktəb işçisi” Fəxri adına layiq görülüb. “Qafqazın müdafiəsi uğrunda” və “Əmək fəaliyyətinə görə” medalları ilə təltif olunub.

Kövsər Tarverdiyevanın xidmətləri onun müəllimliyi, pedaqoji və ictimai fəaliyyəti ilə bitmir. Yuxarıda qeyd etdiyimiz kimi o, 8 kitabın və 100-dən çox elmi, tarixi və salnamə xarakterli kitabların müəllifidir. Fenomenal yaddaşa malik olan bu insan uşaqlıq və gənclik illərini, xüsusən, İrəvan camaatını, bu şəhərdəki türk-azərbaycanlı abidələrini, məscidləri, mədrəsələri, bulaqların yerini, bağların, məhəllələrin adını, bir sözlə, ötən əsrin əvvəllərindəki İrəvan barədə hər şeyi yazmış, qələmə almışdır. Ötən yazımızda həmin məqamları incəliklərinə qədər qeyd etdiyimizə görə indi dəqiqliyə varmırıq.

Digər kitablarda isə Kövsər xanım Bakıda keçən həyatı boyu birgə işlədiyi həmkarları, iş prosesində tanış olduğu dövlət və hökumət xadimləri, görkəmli alimlər, yaradıcı ziyalılar barədə əhatəli söz açır. Onun kitablarında 1937-ci ildən başlayaraq həmin əsrin sonuna qədər olan bütün ictimai-siyasi proseslər barədə məlumat almaq mümkündür. Qəzet və jurnallarda verilən yazıları isə daha geniş auditoriya üçün nəzərdə tutulduğundanmı, ya nədənsə daha böyük peşəkarlıqla qələmə alınmış yazılardır.

... 95 illiyiniz münasibətilə yazı hazırlamaqda bir az gecikdim, Kövsər xanım. Söz verirəm, 100 yaşınızda gecikməyəcəyəm. İndi baxarsınız.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2009.- 21 iyul.- S. 8.