Naxçıvan Muxtar Respublikası — 85

 

Naxçıvan torpağı qədim dövlətlərin tərkibində

 

Azərbaycanın siyasi, iqtisadi, mədəni elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2009-cu il tarixli sərəncamında deyildiyi kimi, “Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı, çətin, mürəkkəb eyni zamanda, parlaq inkişaf yolu keçmişdir”. Bu sərəncam Naxçıvanın qədim şanlı tarixinin araşdırılmasına yeni təkan vermiş, bu sahədə aparılan tədqiqatlar üçün dəyərli bir stimul olmuşdur. Sərəncamda xüsusi vurğulandığı kimi, Naxçıvan tarixinin əlamətdar cəhətlərindən biri Vətənimizin qədim dövlətçilik ənənələri ilə bağlı olmasıdır. Bu barədə ümummilli liderimizin sözlərini xatırlatmaq yerinə düşərdi: “Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir”.

 

Naxçıvan qədim dünyanın ilkin sivilizasiya ocaqlarından sayılan Manna, Midiya və Atropatena ilə sıx əlaqə şəraitində, onlarla bir iqtisadi, mədəni inkişaf dairəsində təşəkkül tapmışdır.

Qədim Naxçıvan mədəniyyəti öz zənginliyinə və yüksək inkişaf səviyyəsinə görə Midiya mədəniyyəti ilə eyniyyət təşkil edir. Bu cəhət Naxçıvanın b.e.ə. II-I minilliklərə aid dulusçuluq, metalişləmə kimi mühüm sənət növlərində, xüsusilə, boyalı qablar mədəniyyətində özünü daha aydın göstərir. Naxçıvanın Şahtaxtı, Kültəpə, Məhəcir, Qarabağlar, Şortəpə, Yaycı, Kərki, Plovtəpə və b. abidələrinin incə naxışlı, boyalı qabları Midiyanın mühüm mədəniyyət mərkəzləri Govurtəpə, Sialk və Təpə Ciyamın qədim dulusçuluq sənəti nümunələri ilə eyni səviyyədədir. Midiyanın qədim mədəniyyət mərkəzləri ilə qədim Azərbaycan şəhərləri Urmiya və Naxçıvanın əsas mədəniyyət ocaqları arasında sıx əlaqə olmuşdur.

Görkəmli tarixçi İ.M.Dyakokovun fikrincə, Midiyanın şimal sərhədi e.ə. VI əsrin birinci yarısında Araz çayından şimalda yerləşirdi. Deməli, tarixin müəyyən mərhələsində Naxçıvan Midiya dövlətinin tərkibinə daxil olmuşdur. Lakin Naxçıvanın qədim maddi mədəniyyət abidələrinin tədqiqi göstərir ki, bu qədim diyarın iqtisadi-mədəni inkişafı müstəqil xarakter daşımışdır.

Miaddan əvvəl 553-cü ildə Midiya hökmdarı Astiyaqın dövründə farslar üsyan etmişlər. E.ə. 550-ci ildə Midiya dövləti tənəzzülə uğramışdır. Bu dövrdən etibarən Midiya torpaqları ilə birlikdə Naxçıvan da Əhəməni fars dövlətinin tərkibinə daxil olmuşdur. Əsir edilmiş Midiya hökmdarı Astiyaqın ailəsi, yaxın adamları, saray əyanları, nökərləri, qulam və kənizləri, eləcə də on mindən çox midiyalı Naxçıvana sürgün edilmiş, əksəriyyəti Araz çayının sahilindəki kəndlərdə yerləşdirilmişdir. Astiyaqın oğlu isə əsir edilərək Şərura göndərilmişdir.

Şərurdakı Oğlanqala Midiya dövründə Naxçıvanın əsas şəhərlərindən biri olmuşdur. Bu şəhərin möhtəşəm qala sistemi, bürcləri öz tikinti xüsusiyyətlərinə görə Midiya qalalarına oxşayır. Naxçıvan e.ə. IV əsrin 30-cu illərinədək Əhəməni dövlətinin tərkibində olmuşdur.

Əhəməni monarxiyası dövründə Naxçıvan və Gilan şəhərləri sənətkarlıq mərkəzləri kimi tanınmış, Yaxın Şərqlə Cənubi Qafqaz arasındakı ticarət əlaqələrində mühüm rol oynamışdır. Bu dövrdə Naxçıvanda mədəniyyət xeyli inkişaf etmiş, ictimai binalar — saraylar, məbədlər tikilmiş, Naxçıvanın qədim qalaları bərpa edilmişdir.

Əlincəçay vadisindəki Zağalı abidəsindən antik dövrə aid sütun altlıqları ilə birlikdə aşkar olunmuş iki tunc qrifon Əhəməni mədəniyyəti abidələri ilə səsləşir. Nadir və gözəl incəsənət əsərləri olan bu qrifonlar ictimai və yaxud dini mərkəzə başçılıq edən səltənət sahibinə məxsus taxtın hissəsi hesab edilir. Əzəmətli zoomorfik obrazların (qartal, şir, at) vəhdətindən ibarət olan bu qriflər hakimiyyət, böyük səltənət qoruyucusu simvoludur.

Zağalı qrifonları Bakıda Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində və Sankt-Peterburqdakı Dövlət Ermitajında ən qiymətli mədəniyyət abidələri kimi qorunub saxlanılır.

Miladdan öncə IV əsrdə Əhəmənilər dövləti Makedoniyalı İsgəndər tərəfindən süquta yetirildikdən sonra Naxçıvan yeni meydana gəlmiş Atropaten dövlətinin tərkibinə daxil oldu. Eramızdan əvvəl III-I əsrlərdə Naxçıvan torpaqları bu dövlətin tərkibində olmuşdur.

Azərbaycan xalqının qədim təşəkkülü tarixində Atropaten dövrü çox mühüm bir mərhələdir. Naxçıvan bu dövlətin əsas əyalətlərindən, iqtisadi və mədəni mərkəzlərindən olmuşdur. Azərbaycanın iki mühüm iqtisadi regionu — Urmiya ilə Naxçıvanın yaxınlığı, əlaqələri daha da möhkəmlənmişdir.

Atropatenin əsas mərkəzi şəhəri Qazaka Urmiya gölünün cənub-şərq sahilində yerləşirdi. Naxçıvan və Qazaka şəhərləri Makedoniyalı İsgəndərə tabe olan Yaxın Şərq şəhərləri ilə geniş iqtisadi-mədəni əlaqələr yaratmışdılar.

Naxçıvan şəhərində, Xaraba Gilanda, Oğlanqalada və bir çox kənd tipli yaşayış məskənlərində Atropaten mədəniyyətinə aid abidələr, eləcə də Makedoniyalı İsgəndərin adına kəsilmiş gümüş sikkələr aşkara çıxarılmışdır.

Naxçıvan şəhəri antik dövrdə xeyli böyümüş, ərazicə genişlənmiş, Azərbaycanın əsas ticarət mərkəzlərindən birinə çevrilmişdir.

Şəhərin şimal qurtaracağında yerləşən antik dövr nekropolunda 1970-1972-ci illərdə arxeoloji tədqiqatlar aparılmış, e.ə. IV-III əsrlərə aid küp qəbir abidələri üzə çıxarılmışdır. Bu abidələrdən zəngin tunc, gümüş bəzək əşyaları (bilərziklər, boyunbağılar, sırğalar, üzüklər və s.), müxtəlif keramika məmulatları, möhürlər, şüşə muncuqlar, Makedoniyalı İsgəndərin adına kəsilmiş gümüş pullar aşkar edilmişidr. Naxçıvan şəhərinin ətrafında antik dövrə aid bir neçə nekropol vardır.

Antik dövrdə Naxçıvanla yanaşı, bu bölgədə yerləşən Gilan şəhəri də mühüm ticarətt və sənətkarlıq mərkəzi olmuşdur. Oğlanqala, Govurqala, Qazançı qalası və digər qala-şəhərlər antik dövrdə bu qədim diyarın iqtisadi, siyasi, mədəni həyatında, xüsusilə Naxçıvana qarşı olan yadelli basqınların qarşısının alınmasında çox böyük rol oynamışdır. Bununla belə, müharibələr nəticəsində antik dövrdə Naxçıvanın bir sıra qədim qala-şəhərləri dağıdılmış, tədricən tənəzüllə uğrayıb süqut etmişlər. Naxçıvan şəhəri isə bu çətin tarixi dövrdə öz mərkəzi mövqeyini qoruyub saxlamış və sonrakı tarixi mərhələlərdə daha da inkişaf etmişdir. E.ə. 150-ci ildən eramızın III əsrinədək Naxçıvan Parfiya çarlığının aramsız təzyiqlərinə qarşı rəşadətlə müqavimət göstərmişdir.

E.ə. I əsrdə romalılar Cənubi Qafqaza yiyələnmək üçün parfiyalılarla müharibələr aparan zaman Naxçıvana böyük zərbə dəymiş, çoxlu yaşayış məntəqələri dağıdılmışdır. Eramızın əvvəllərindən etibarən Naxçıvan şəhəri yenidən dirçəlmiş və Azərbaycanın iri iqtisadi-mədəni mərkəzlərindən biri kimi tanınmışdır.

İlk orta əsrlər dövründə Naxçıvan Sasanilər dövlətinin tərkibinə daxil olmuşdur. Sasanilərlə romalılar arasında gedən müharibə 283-cü ildə romalıların qələbəsi ilə nəticələndi və Naxçıvan bir müddət Sasanilərin hökmranlığından xilas oldu.

Bu dövrdə mühüm strateji əhəmiyyətə malik olan Naxçıvan dəfələrlə işğalçı İran və Roma ordularının döyüş meydanına çevrilmiş, həmçinin digər basqınçıların hücumlarına məruz qalmışdı.

389-cu ildə Sasani və Roma imperiyaları arasında sülh müqaviləsi bağlandıqdan sonra Naxçıvan yenidən Sasani dövlətinin tərkibinə daxil olmuşdur. İlk orta əsrlər dövründə Naxçıvanın iqtisadi, mədəni həyatında böyük canlanma baş vermişdir. Yaxın Şərqin ticarət mərkəzləri ilə Cənubi Qafqazı, Orta Asiyanı və Uzaq Şərq ölkələrini (Hindistan, Çin) əlaqələndirən əsas karvan yollarından biri Naxçıvandan keçirdi. Həmədandan gələn ticarət yolları üzərində ən mühüm məntəqə olan Naxçıvan şəhəri ilə Qara dəniz limanları, Kiçik Asiya şəhərləri arasında da sıx əlaqələr yaranmışdı.

Həmin dövrdə Naxçıvanı Zəngəzür və Qarabağla birləşdirən karvan yolu da böyük əhəmiyyət daşıyırdı. Batabat aşırımından keçən yolun üzərində salınmış, bugünəcən qalan qədim karvansara buna sübutdur.

V əsrdə Naxçıvan ticarət və sənətkarlıq mərkəzi kimi bütün regionda tanınırdı. Şəhərdə çoxlu bazarlar və karvansaralar vardı. Bu dövrdə Naxçıvan şəhəri böyümüş, abadlaşmış, əhalisinin sayı xeyli artmışdı. Bəzi tarixi məlumatlara görə, IV-VI əsrlərdə Naxçıvan şəhərində 30 minə qədər yaşayış evi, 150 mindən artıq əhali olmuşdur.

VI əsrdə və VII əsrin əvvəllərində Naxçıvanda Sasani dövlətinin xüsusi zərbxanası olmuş, burada “Naxç” işarəsi ilə gümüş sikkələr kəsilmişdir. Sasani hökmdarları adından ilk Naxçıvan sikkəsi şahənşah I Xosrovun (531-579) hakimiyyəti dövründə kəsilmişdir. Ərəb işğalına qədər Naxçıvanda Sasani hökmdarlarından I Xosrov, II Hörmüzd (579-590), VI Bəhram (590-591), II Xosrov Pərviz (591-628), II Qubad (628), II Əpdəşir (628-630), Puranduxt (630-631), V Hörmüzd (631-632), III Xosrov (632) və III Yezdəgürd (632-651) adından pullar kəsilmişdir.

Bu dövrdə Sasanilərlə Bizans arasında müharibə gedirdi. Bizanslılar Naxçıvanı mühasirəyə alsalar da, şəhər II Xosrov Pərvizin qoşunları tərəfindən azad edilmişdi. Lakin Bizans müharibədə qalib gəlmiş, onların qoşunları 625-ci ildə Naxçıvanı və digər yaşayış mənətəqələrini tutub qarət etmişdilər.

İlk orta əsrlər dövründə Naxçıvanda mədəniyyət, incəsənət xeyli təşəkkül tapmışdı. Naxçıvan şəhərində aparılmış arxeoloji qazıntılar nəticəsində tapılmış tunc atlı heykəli qədim dövrün nadir incəsənət nümunəsi kimi Ermitaj muzeyində saxlanılır.

Görkəmli albanşünas alim K.V.Treverin fikrincə, bu qiymətli sənət nümunəsi Alban knyazı Cavanşirin heykəlidir. Atlı heykəl dördkünc altlıq üzərində yerləşdirilmişdir. Atlının geyimi, bəzəkləri, başındakı tac, eləcə də atın bəzəkləri çox yüksək sənətkarlıqla işlənmişdir. Heykəl altılığının ön divarında qarşı-qarşıya duran iki şir, onlardan aşağıda dağ keçisi təsvir edilmişdir. Bu kompozisiya, ehtimala görə, Cavanşirin gerbidir. Altlığın yan divarlarından birində üzüm tənəkləri, tülkü və fil rəsmləri, digər divarında isə xəncər və qalxanla silahlanmış ovçunun şirlə vuruşu səhnəsi, tənək və ağac rəsmləri verilmişidir.

Culfa rayonunun Zağalı kəndi ərazisində 1932-ci ildə tapılmış qrifon tipli zoomorfik formalı tunc taxt ayaqları da nadir incəsənət nümunələridir. Onların yuxarısı qartal başına, boyun hissəsinin üstü at yalmanına, ayağı şir pəncəsinə oxşayır. Boğaz hissəsinin altına və döş hissəsinə simvolik məzmunlu zolaqlar, meandz və yarpaqvari naxışlar həkk olunmuşdur. Ümumilikdə bu qrif başlı sənət nümunələrində qartal, at, tülkü və şir ünsürləri birləşdirilmişdir.

Qrifon tipli maddi mədəniyyət abidələri Hindistan, İran, Yunanıstan, Skif, Altay, Qara dəniz sahilləri arxeoloji mədəniyyətlərindən də məlumdur. Zağalı qrifon abidələri ilk orta əsrlərə (IV-VII) aid edilir.

VII əsrdə Cənubi Qafqazın digər regionları kimi Naxçıvan da Ərəb xilafətinin işğalına məruz qaldı. 654-cü ildə ərəb əmiri Həbib ibn Məsləmənin qoşunları Naxçıvan şəhərini zəbt etdi. Bu dövrdə bizanslılarla ərəblər arasında gedən müharibələr Naxçıvanın iqtisadi və mədəni inkişafını xeyli ləngitdi.

Bir müddət sonra Naxçıvan regionda Ərəb xilafətinin hərbi və inzibati mərkəzlərindən birinə çevrilmişdir. Şəhərdə ərəb hakimlərinin iqamətgahı yerləşir və burada xilafətin xüsusi hərbi dəstələri saxlanılırdı.

IX əsrin əvvəllərində Naxçıvan xilafət zülmü əleyhinə baş qaldıran xürrəmilər — Babəkilər hərəkatının geniş yayıldığı ərazilərdən biri olmuşdur.

Babəkin adı ilə bağlı Naxçıvan ərazisində qala, yaşayış məskəni və s. abidələr var. Əzəmətli Babək qalası Ordubad rayonu ərazisində, Gilançayın sağ sahilində, Xudafərin körpüsündən Gilan şəhərinə, oradan Əlincə qalasına və Naxçıvan şəhərinə gedən karvan yolu üzərində yerləşir.

Azərbaycan tarixinin ilk orta əsrlər dövrünün öyrənilməsində Naxçıvan Muxtar Respublikası ərazisindəki maddi mədəniyyət abidləri xüsusi əhəmiyyət kəsb edir. Yaxın Şərq ölkələrilə Qafqaz xalqlarının iqtisadi-mədəni əlaqələrində mühüm rol oynayan Naxçıvanın ilk orta əsr şəhərlərinin qalıqları, onlara aid qalalar, istehkamlar, körpülər, karvansaralar, türbələr, nekropollar xalqımızın tarixinin yazılmamış səhifələrini araşdırmağa imkan verir.

Belə maraqlı tarixi abidələrin əksəriyyəti Ordubad rayonu ərazisində, xüsusilə, onun füsünkar tibbi gözəlliyə malik olan Gilançay vadisində yerləşir.

Xaraba Gilan, Aza, Biləv, Dizə və s. kəndlərin ərazisində ilk orta əsrlər dövrünə aid zəngin abidələr mövcuddur.

Cənubi Azərbaycanla Naxçıvanı, eləcə də Qafqazın digər mədəniyyət mərkəzlərini birləşdirən mühüm ticarət yollarından biri məhz Gilançay vadisindəki Dizə və Biləv kəndləri ərazisindən keçmişdir. Orta əsrlərdə ticarət karvanlarının təhlükəsiz hərəkəti üçün Biləv kəndi ərazisindəki sıldırım zirvəli yalçın qayalar arasından Əlincə qalası istiqamətində gedən yol böyük əhəmiyyətə malik olmuşdur. Gilan-Naxçıvan karvan yolu Gilançayın sol sahili boyunca şimal istiqamətində uzanaraq indiki Biləv kəndinin cənubundan qərb istiqamətinə — Əlincə qalasına doğru çevrilir. Gilançaydan karvanların rahat keçməsi üçün burada ikiaşırımlı daş körpü tikilmişdi. İndi körpünün iri aşırımının üst hissəsi uçulub dağılmışdır.

Gilançayın sol sahilindəki sıldırım yamaclı qayalar karvan yolu boyunca möhtəşəm təbii sədd əmələ gətirir. Körpüdən 3 km cənubda Gilançayın sağ sahilində ucalan monolit qaya sütunu insan əlilə qurulmuş alınmaz möhtəşəm qalanı xatırladır. Buradan Gilançay vadisi Araz çayına qədər aydın görünür. Strateji cəhətdən çox əlverişli olan bu qayanın zirvəsindəki tikilini xalq Babək qalası adlandırır. Silindrik formalı nəhəng sütunu xatırladan bu qaya Gilançay vadisindən 500 m hündürlükdədir. Onun yamacları əsrlər boyu təbiətin əlilə yonulub sıldırımlara çevrilmişdir.

Qayanın zirvəsinə qalxmaq üçün yeganə yol onun şimal-şərq yamaclarındakı dolayı cığırlardır. Burada müdafiə sədlərinin və müxtəlif maddi mədəniyyət abidələrinin qalıqları vardır. Bir zamanlar cəsur Gilan cəngavərləri qayanın zirvəsini alınmaz qalaya çevirmişdilər.

Qalanın tikilməsində tikinti materialı kimi müxtəlif ölçülü qaya parçalarından istifadə olunmuşdur. Divarlar bərkidici materialdan istifadə edilmədən hörülmüşdür. Dairəvi və dördkünc formalı binalar monolit qaya üzərində tikildiyindən bünövrə qurmağa ehtiyac olmamışdır. Bu xüsusiyyət Naxçıvanın hündür qayalar üzərində tikilmiş qədim və orta əsr qala şəhərlərinin memarlığı üçün çox səciyyəvidir. Babək qalasındakı tikililərin üst hissəsi, çox ehtimal ki, alaçıq tipli olmuşdur. Beləliklə, qayanın üzərinə qalxan yeganə cığırın zirvədəki keçidi hər iki yandan ciddi nəzarətdə saxlanmışdır. Naxçıvanın ən qədim müdafiə istehkamlarının çoxu məhz bu cür dağ zirvələrindəndir.

Babək qalası öz strateji mövqeyinə və tikinti xüsusiyyətlərinə görə Arpaçayın sol sahilində, Gümüşlüdən şimal-şərqdə yerləşən Qalacıq adlı abidə ilə eyniyyət təşkil edir. Hər iki qala e.ə. II-I minilliklərə və orta əsrlərin müxtəlif dövrlərinə aid maddi mədəniyyət qalıqları ilə zəngindir.

Babək qalasında aparılmış arxeoloji qazıntılar zamanı dən daşları, çoxlu miqdarda boz və qırmızı rəngli sadə və şirəli gil qab qalıqları aşkar edilmişdir. Buradan tapılmış daş əmək adətləri və obsidan məmulatları e.ə. II -I minilliklərə aiddir. Keramika məmulatlarına gəlincə, onların əksəriyyəti ilk orta əsrlər dövrü üçün səciyyəvidir.

Babək qalası və onu şimal tərəfdən əhatə edən Ballı qaya təbii istehkam xətti Xudafərin – Gilan – Naxçıvan yolu üzərində birinci mühüm nəzarət məntəqəsidir. Burada Cənubi Azərbaycandan gələn əsas ticarət yolundan ayrılan digər karvan yolu Gilançayın yuxarı axarı boyunca, Qapıcıq aşırımının qərb ətəyindəki Göy gölün və Qazan gölün sahilindən keçərək vaxtilə Qafqaz Albaniyasının əsas knyazlıqlarından biri olmuş Şünikə gedib çıxırdı.

Biləv kəndi yaxınlığındakı qalanın Babək qalası adlandırılması təsadüfi olmayıb, tarixi həqiqətlə bağlıdır. Azərbaycanın qəhrəman oğlu Babəkin döyüşçüləri Naxçıvan ərazisində ərəb qoşunlarına dəfələrlə zərbələr endirmişlər. Görünür, Babək Bəzz qalasından şimala çəkilərkən öz döyüşçüləri ilə bu qalada müdafiə olunmuş və son döyüşü ərəfəsində Sünikin mərkəzi Şəkiyə buradan keçərək getmişdir.

Gəmiqayanın cənub ətəyindən keçən qədim dağ yolu üzərində, Qaranquş yaylağındakı orta əsr qəbir abidələrini də yerli əhali Babəkin döyüşlərinə aid edir. Babəkilər hərəkatı ilə bağlı tarixi abidələr Naxçıvan MR-nın Şərur rayonu ərazisində də vardır.

Ərəb xilafətinin tərkibində olduğu IX-X əsrlərdə Naxçıvan şəhəri məhsuldar qüvvələrin inkişafı nəticəsində yenidən dürçəlmiş, bərpa edilmiş və Azərbaycanın əsas ticarət və sənətkarlıq mərkəzlərindən birinə çevrilmişidir. Həmin dövrdə Naxçıvan Yaxın şərqin mühüm şəhərləri ilə iqtisadi-mədəni əlaqə saxlamışdır. Məxəzlərdə göstərilir ki, Naxçıvandan keçən ticarət yolu Təbrizə çatdıqdan sonra haçalanaraq bir qolu Ərəbistana, digəri isə Hindistana və Çinə gedirdi.

X əsrin ikinci yarısından etibarən Abbasilər xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda yerli feodal dövlətlər təşəkkül tapmağa başlamışdır. Şəhərlər getdikcə müstəqil inkişaf etmiş, Azərbaycan feodal dövlətlərinin iqtisadi, siyasi və mədəni mərkəzlərinə çevrilmişdir. Bu dövrdən etibarən Naxçıvan da ölkənin Təbriz, Bərdə, Gəncə, Şamaxı, Dərbənd, Marağa, Ərdəbil kimi şəhərləri ilə bir sırada Azərbaycan xalqının həyatında çox böyük rol oynamışdır.

Naxçıvan IX əsrin sonlarından X əsrin 30-cü illərinə qədər Sacilər dövlətinin, sonralar Salarilər dövlətinin (941-981) tərkibinə daxil olmuşdur. X əsrin 80-ci illərindən etibarən isə “Naxçıvan şahlığı” adlanan kiçik feodal dövlətinin mərkəzinə çevrilmişdir. Bu feodal dövlətinin başçısı Əbu Dülaf idi. Onun haqqında Qətran Təbrizi, Əsədi Tusi və Nizami Gəncəvinin (“Yeddi gözəl”) əsərlərində məlumat vardır.

Səlcuq hökmdarı Toğrul bəyin varisi Alp Aslanın hakimiyyəti dövründə (1063-1072) Azərbaycanın cənub ərazilərində Rəvvadilər sülaləsinin hakimiyyətinə son qoyulduqdan sonra Naxçıvan 1064-cü ildən Səlcuq dövlətinin tərkibinə daxil oldu. Alp Arslanın oğlu Məlik şahın hakimiyyəti dövründə Naxçıvanda əmirlik yaradıldı və Naxçıvanın bundan sonrakı tarixi bir müddət bu böyük türk imperiyası ilə bağlı oldu.

 

 

Vəli ƏLİYEV,

 AMEA-nın müxbir üzvü,

 tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2009.- 21 iyul.- S. 6.