Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Almaniyadan qayıdıb

 

DSMF-nun nümayəndə heyətinin Almaniyaya beşgünlük səfəri başa çatmışdır. Fondun aparıcı şöbələrinin rəhbərləri və mütəxəssislərinin daxil olduqları heyətin səfəri zamanı Avropada ən nüfuzlu pensiya orqanlarından hesab edilən Almaniya Pensiya Sığortası İdarəsinin büdcəsinin tərkibi və icrasının uçotu, həmçinin sığorta-pensiya sistemində həyata keçirilən islahatlar, aktuar tədqiqatların təşkili sahəsindəki təcrübə məsələləri müzakirə edilmişdir.

 

DSMF-nun ictimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumatda deyilir ki, Azərbaycandan olan fondun təmsilçiləri Almaniya Pensiya Sığortası İdarəsində kontrolinqlə məşğul olan şöbənin fəaliyyəti ilə yaxından tanış olumuşlar. Nümayəndə heyətinə məlumat verilmişdir ki, bu şöbənin işi əsasən büdcədə nəzərdə tutulan xərclər üzrə əldə olunan qənaət məbləğinin təhlilini aparmaqla yanaşı, istər mərkəzi aparat üzrə şöbələrin, istərsə də yerli şöbələrin işini qiymətləndirməklə məşğul olur. Eyni zamanda, sığortaolunanlara və pensiyaçılara müəyyən suallarla sorğuların göndərilməsini təmin edir, həmin sorğular vasitəsilə alınan cavabları ümumiləşdirir. Bununla da həm mərkəzi aparat üzrə şöbələrin, həm də yerli şöbələrin fəaliyyəti dəyərləndirilir. Səfər zamanı aparılan müzakirələrdə Almaniya Pensiya Sığortası İdarəsinin bu sahədə əldə etdiyi müsbət təcrübəni Azərbaycanda da tətbiq etməkdən ötrü bu iki ölkənin pensiya fondları arasında müzakirələrin davam etdirilməsi və qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə razılıq əldə edilmişdir.

Fonddan aldığımız məlumatda həmçinin bildirilir ki, Almaniyaya səfər zamanı aktuar hesablamaların Azərbaycanda tətbiqinin təşkili, bununla bağlı araşdırmaların aparılması istiqamətində də fikir mübadiləsi aparılmışdır. Aktuar tədqiqatların aparılması Azərbaycan iqtisadiyyatı üçün yenilik olsa da, DSMF ilk olaraq bu hesablamaların tətbiqini nəzərdə tutur və bu sahədə Almaniya Pensiya Sığortası İdarəsinin təcrübəsindən yararlanmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Belə ki, Azərbaycanda sığorta- pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda da aktuar hesablamaların tətbiqinə mühüm yer ayrılmışdır. Dövlət Proqramına uyğun olaraq 2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafı bu sistemin fəaliyyətinin aktuar modellər əsasında təkmilləşdirilməsini nəzərdə tutur.

Xatırlatmaq yerinə düşər ki, DSMF nümayəndə heyətinin 2007-ci ilin dekabrında Almaniyaya səfəri zamanı Almaniya Pensiya Sığortası İdarəsi ilə Dövlət Sosial Müdafiə Fondu arasında ikitərəfli saziş imzalanmışdır. İndiyə qədər həm Almaniyada, həm də Azərbaycanda keçirilmiş müxtəlif səviyyəli görüşlər zamanı, sosial sığorta haqlarının toplanmasında işəgötürənlər üzərində nəzarət, sığortaolunanların fərdi uçotu, pensiya təyinatı üzrə qurumların fəaliyyəti, mətbuat və ictimaiyyətlə iş, informasiya təhlükəsizliyi, informasiya texnologiyalarının arxitekturası məsələləri birgə müzakirə edilmişdir.

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2009.- 21 iyul.- S. 2.