Azad mətbuatın yolu aydınlığadır
Bu gün mətbuatımız peşə bayramını
qeyd edir. 134 il əvvəl iyulun 22-də Azərbaycanda
dövri mətbuatımızın ilk qaranquşu — “Əkinçi”
pərvazlanıb. Hər bir xalqın ictimai-siyasi fikir tarixində
onun anadilli mətbuatı hansı rolu oynayıbsa, “Əkinçi”
də milli mətbuat salnaməmizə belə xidmətləri
ilə həkk olunub. Qəzet 2 il işıq üzü
görüb, amma əsrlər boyu görülə bilməyən
işləri bu qısa müddətdə həyata
keçirib. O, cəhalət məngənəsində
boğulan bir xalqa maarifçilik ideyaları aşılayıb.
Bu məfkurə özündə milli özünüdərki,
Azərbaycan dilinin saflığını, mütərəqqi
fikirləri birləşdirirdi.
Həsən bəy, sözün əsl
mənasında, milli jurnalistika məktəbini yaratdı. Bu məktəb
sonradan “Şərqi-Rus”a, “Kaspi”yə, “Həyat”a, “Zənbur”a,
“Molla Nəsrəddin”ə və digər qəzet və
jurnallara örnək oldu. İllər keçdikcə bu təcrübə
ümumiləşdirildi və Azərbaycan Demokratik
Cümhuriyyəti dönəmində azad, müstəqil mətbu
fəaliyyətin əsası kimi qəbul olundu.
Əlbəttə, mətbuat
tariximizin keçmiş sovet dönəmini də sükutla xatırlamaq
olmaz. Burada senzura, hakimiyyətin yerli-yersiz müdaxilələri
və diğər neqativ hallar mövcud olsa da Zərdabi ənənələri
təsir gücünü heç vaxt itirməmişdi.
Çağdaş müstəqil, demokrafik mətbuatının təxminən 20 yaşı var. Neçə illərdir ki, formalaşma gedir. Doğrudur, indi qəzet-jurnalların sayı minlərlədir. Şübhəsiz, zaman ötdükcə meydanda Zərdabi məktəbinə sadiq qalan, azad mətbuat prinsiplərinə ehtiramla yanaşanlar qalacaq.
Əlamətdar haldır ki, bayramımız ölkədə media sahəsində sistemli və uzun illərə hesablanmış strateji kursun həyata keçirilməsinə başlanıldığı günlərə təsadüf edir. Bu vaxta qədər də dövlət medianın ihkişafı üçün çoxsaylı tədbirlər həyata keçirib. Bunlar hamıya məlumdur və minnətdarlıqla xatırlanır. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının qəbulu, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və dövlətin mətbuatın inkişafina konseptual yanaşmasının bariz göstəricisidir. Yardımın fəlsəfəsi, məramı ciddi cəmiyyətdə qəbul olunan mətbu vasitələrin iqtisadi durumunun yüksəlişınə nail olmaq, jurnalist peşəkarlığının artırılmasını təmin etmək, mətbuatın müstəqilliyinin, özünütənzimləmə mexanizminin formalaşmasına yardımçı olmaqdır. Təbiidir ki, bütün bunlar Prezident İlham Əliyevin mediyaya göstərdiyi diqqət və qayğıdan, həssas münasibətdən, medianın cəmiyyətdəki roluna dövlət başçısının verdiyi qiymətdən qaynaqlanır. Buna görə də, ölkə jurnalistləri adından ölkə Prezidentinə təşəkkürümüzü bildiririk.
İndi isə son dövrdə Azərbaycan Mətbuat Şurasının gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən söz açmaq istəyirəm. Azərbaycan Mətbuat Şurasının fəaliyyəti əsasən 5 istiqaməti əhatə edib: komissiyaların fəaliyyəti, daxil olan şikayət və müraciətlərin araşdırılması, qərar və rəylərin qəbulu; “Reket” jurnalistikaya qarşı mübarizə; Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması; media ilə bağlı konfrans və “dəyirmi masa”ların təşkili; media monitorinqi.
2009-cu ilin ilk yarısında Mətbuat Şurasına 247 müraciət daxil olub. Onlardan 81-i dövlət idarə, müəssisə və təşkilatlarından, 24-ü ictimai qurumlardan, 5-i siyasi partiyalardan, 13-ü yerli özünüidarəetmə orqanlarından, 35-i özəl müəssisələrdən, 89-u ayrı-ayrı vətəndaşlardandır. Şikayətlərin 23-ü MŞ-nin səlahiyyətinə aid olmadığından baxılmaq üçün müvafiq orqanlara göndərilib. 224 müraciətin araşdırılması ilə bağlı isə Şura Katibliyi müvafiq tədbirlər görüb. Katiblik 181 şikayətlə bağlı cavabdeh və şikayətçi tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 79 məsələ yerindəcə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Şikayətlərin 102-si komissiyalarda araşdırılıb. 55 məsələdən 31-i bu komissiya səviyyəsində həllini tapıb. Bu şikayətlər üzrə yalnız rəylərin çıxarılması ilə kifayətlənib. Digər 24 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
“Reket” jurnalistikaya qarşı mübarizə komissiyasında 36 şikayət araşdırılıb. Həmin şikayətlərə rəy verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim olunub. Mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasında 11 şikayət araşdırılıb. Onlardan 7-si həllini tapıb. 4-ü ilə bağlı əlavə materiallara ehtiyac duyulduğundan araşdırmalar davam edir.
Şuranın İdarə Heyətində müzakirə edilən şikayətlərin sayı 24-dür. Şikayətlər üzrə komissiyanın 8, “Reket” jurnalistikaya qarşı mübarizə komissiyasının 5, mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasının 3, Şuranın İdarə Heyətinin 6 iclası keçirilib. Müxtəlif məsələlərlə bağlı Şuranın sosial komissiyasının 3, hüquq və iqtisadiyyat komissiyalarının 4 iclası keçirilib. Şikayətlər üzrə komissiyanın, ”Reket” jurnalistikaya qarşı mübarizə komissiyasının təqdimatları əsasında İdarə Heyəti 17 qərar qəbul edib.
2009-cu ilin birinci yarısı ərzində iki dəfə “reket” nəşrlərin adları açıqlanıb. Fevralda 36, apreldə isə 19 nəşrin adı ”reket” elan olunub. İdarə Heyətinin müvafiq qərarı ilə mətbuatın “qara siyahı”sı tərtib olunub və həmin siyahıya MŞ-nin əvvəlki illərdə çıxardığı qərarlara əsasən ”reket” elan olunan 16 kütləvi informasiya vasitəsinin də adı daxil edilib. Mətbuatın “qara siyahı”sı tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində dərc edilib. Şura ictimaiyyətin məsələni diqqətdə saxlaması üçün “reket” nəşrlərin siyahısını xüsusi tərtibatda 5000 nüsxədə çap etdirib, sənədin paytaxtda və ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlara çatdırılmasını həyata keçirib.
“Reket” nəşrlərə qarşı ictimai qınağın fəallaşdırılması üçün ölkədə fəaliyyət göstərən yayım firmalarına və mətbəələrə məktublar göndərib. Həmçinin mətbuatın ”qara siyahısı” da onlara göndərilərək KİV-lə əməkdaşlıq qurularkən bu faktların nəzərə alınması tövsiyə edilib. MŞ “reket” jurnalistikaya qarşı mübarizə çərçivəsində əlaqədar dövlət qurumlarına da qanunvericilikdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərməyən KİV-lərlə bağlı müraciətlər ünvanlayıb.
Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə bağlı fəaliyyət Mətbuat Şurasının fəaliyyəti hələ ötən ilin əvvəlindən başlayıb. Məsələ öncə Şuranın hazırladığı kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası layihəsində əksini tapıb. Həmin sənəd ölkə Prezidentinin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənib. Dövlət başçısının 3 aprel 2009-cu il tarixli fərmanı ilə Azərbaycan Mətbuat Şurasına Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun formalaşdırılması ilə bağlı təkliflərini hazırlamaq tövsiyyə olunub. MŞ yeni qurumun Müşahidə Şurasına 9 nəfər KİV-lərdən, 9 nəfər jurnalist təşkilatlarından olmaqla, 18 namizədin siyahısını Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edib. Ölkə Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə həmin siyahıda yer alan 18 nəfərdən 3-ü KİV-lərdən, 3-ü jurnalist təşkilatlarından olmaqla, 6 nəfər Fondun Müşahidə Şurasına üzv təsdiqlənib.
Şuranın media ilə bağlı fəaliyyətini aşağıdakı kimi qruplaşdırmaq olar: tədbirlər, görüşlər; görkəmli jurnalistlərin anımı mərasimləri; konkret hadisə və proseslərə reaksiyalar. Birinci istiqamət üzrə ilk tədbir fevralda türkiyəli jurnalistlərin bir qrupu ilə Mətbuat Şurasında baş tutan görüşü vurğulamaq mümkündür. Qeyd edək ki, türk media təmsilçilərinin ölkəmizə səfərlərindən məqsəd Xocalı faciəsinin 17-ci ildönümünün Türkiyə ictimaiyyətinə daha yaxından çatdırmaq olub. “Xəbər 7” telekanalının baş redaktoru Ünal Tanılının, ”Zaman” qəzetinin yazarı Fikri Türkelin, “Bu gün” qəzetinin köşə yazarı Nuh Könültaşın, ”Aksiyon” həftəlik dərgisinin əməkdaşı Tuncer Çetinkayanın və digər media təmsilçilərinin iştirak etdikləri görüşdə qonaqlara Mətbuat Şurasının fəaliyyəti, iş prinsipləri barədə də məlumat verilib.
MŞ fevralın 20-də cəmiyyətin informasiya tələbatını öyrənmək məqsədilə həyata keçirdiyi sorğusunun nəticələrini açıqlayıb. Əhalinin müxtəlif təbəqələri arasında keçirilən sorğuda 1000 respondentin fikri öyrənilib. Müsahibəli səciyyə daşıyan sorğuda respondentlərə verilən suallar bir neçə istiqaməti əhatə edib.
Mayın 11-də Azərbaycan Mətbuat Şurasında Türkiyənin ölkəmizdə səfərdə olan nüfuzlu media təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Dialoq xarakteri daşıyan toplantıda əsas diqqət Türkiyə-Azərbaycan münasibətlərinin son durumuna, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələlərinə yönəlib. Tədbirdə Türkiyə tərəfdən Avrasiya Qəzetəcilər Cəmiyyətinin rəhbəri Kürşad Zorlu, “Yeni Şəfəq” qəzetinin müxbiri Murat Palavar, həmin qəzetin yazarı İbrahim Qaragül, ”Radikal” qəzetinin beynəlxalq xəbərlər şöbəsinin müdiri Ceyda Karan və digər nümayəndələr iştirak ediblər. Toplantıya ölkəmizin nüfuzlu media təmsilçiləri də qatılıblar.
Həmin gün Azərbaycan Mətbuat Şurasında Bakıda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun sədri Ceyn Virkunnen və qurumun icraçı direktoru Devid Dədc ilə də görüş keçirilib. Səfərdən məqsəd Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresinin və 59-cu Baş Assambleyasının Azərbaycanda keçirilmə imkanlarını dəyərləndirmək olub. Görüşdə Şuranın İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkəmizin aparıcı media vasitələrinin təmsilçiləri də iştirak ediblər. Tədbirdə BMİ-nin Dünya Konqresinin Azərbaycanda keçirilməsi üçün istər texniki, istərsə də təşkilati imkanların genişliyi vurğulanıb.
MŞ sədri kimi mən iyunun 9-10-da Strasburqda Avropa Şurasının Cənubi Qafqaz mediası ilə bağlı tədbirinə qatılmışam. Toplantıdan məqsəd Avropa Şurasının son 2 ildə region mediası ilə əlaqədar həyata keçirdiyi işlərə yekun vurmaq, qarşıdakı 3 il üçün fəaliyyət strategiyasını müəyyənləşdirmək olub. Toplantıda Avropa Şurası ölkələrində fikrin azad və sərbəst ifadə olunması sahəsində qanunvericilik, onun tətbiqi yolları, jurnalist peşəkarlığının artırılması üsulları, jurnalistika təhsilinin müasir forma və metodları, etik normalara riayət edilməsi mövzularında diskussiyalar aparılıb. Tədbirdə jurnalist təhsilinin Avropa standartlarına, dünya təhsil sisteminin qaydalarına uyğunlaşdırılması ətrafında da söhbət açılıb.
Mətbuat Şurası 2009-cu ildə “Görkəmli jurnalistlərin anımı” silsiləsindən tədbirlərə başlayıb. Məmməd Nazimoğlu, Sona Bağırova, Qubad Süleymanov və Nəriman Zeynalovun xatirə mərasimləri təşkil olunub. Tədbirlərdə jurnalistlərin həyat və yaradıcılıq yoluna nəzər salınıb, onların irsinin öyrənilməsi istiqamətində görüləcək işlər müəyyənləşdirilib.
Azərbaycan Mətbuat Şurası yanvarda Rusiyanın Ermənistana silah satması faktı ilə bağlı Rusiya KİV-lərinə müraciət ünvanlayıb. Müraciətdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi qeyd edilib, belə bir ölkənin silah-sursatla təchizatının sülh prosesinə mənfi təsir göstərdiyi vurğulanıb və Rusiyanın media vasitələrindən məsələni diqqətdə saxlamaq xahiş olunub.
Mayın 20-də “Medianın ekstremal şəraitdə iş xüsusiyyətləri” mövzusunda ”dəyirmi masa” keçirilib. Tədbirdə Şuranın ölkəmizin aparıcı kütləvi informasiya vasitələrində 30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı gedən materialların monitorinqi əsasında hazırlanmış hesabat açıqlanıb. Kütləvi informasiya vasitələri təmsilçilərinin, media ekspertləri və mütəxəssislərinin iştirakı ilə baş tutan toplantıda sənəddə əksini tapan məsələlər ətrafında diskussiyalar aparılıb, medianın ekstremal şəraitdəki iş xüsusiyyətlərinə dair təkliflər hazırlanıb.
Mətbuat Şurası bu ilin
fevralından başlayaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin
maliyyə dəstəyi ilə “Mətbuatda peşə
etikası norma və qanunlarının gözlənilməsi”
layihəsi çərçivəsində ölkənin 60-dək
aparıcı media vasitəsində monitorinq keçirir.
Monitorinqin gedişində peşə prisniplərinin
pozulmasına yol verən KİV-lərin rəhbərləri
ilə görüşlər keçirilib. Həmçinin
aylar üzrə monitorinqin nəticələri ictimaiyyətə
açıqlanıb. Layihə çərçivəsində
”Mətbuatda peşə etikası və qanunlarının
gözlənilməsi” adlı bülleten hazırlanıb.
Şura ölkənin aparıcı KİV-lərində bu il
aprelin 30-dan mayın 15-dək olan dövrü əhatə edən
xüsusi monitorinq də keçirib. Azərbaycan Dövlət
Neft Akademiyasında baş vermiş faciənin mediada
işıqlandırılması səviyyəsinə
aydınlıq gətirilib, peşəkarlıq xüsusiyyətləri
dəyərləndirilib.
Azərbaycan Mətbuat
Şurası ölkənin jurnalistika həyatını fəallaşdırmaq,
problem və çətinlikləri aradan qaldırmaq, media ilə
ictimaiyyət, jurnalistlərlə dövlət orqanları
arasında işgüzar, səmərəli əlaqələr
qurulması üçün fəaliyyətini bundan sonra da
genişləndirəcək. Bu bayram günündə qeyd etməyi
vacib bilirəm ki, milli jurnalistikamız doğru yoldadır,
üzü aydınlığadır.
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat
Şurasının sədri
Xalq qəzeti.- 2009.- 22 iyul.- S. 4.