22 İyul Milli Mətbuat Günüdür

 

Doğru sözün ulu qaynağı – “Əkinçi”

 

Anadilli mətbuatımızın 134 yaşı tamam olur. 1875-ci il iyulun 22-də böyük maarifçi-demokrat Həsən bəy Məlikov Zərdabinin inadlı mübarizəsinin nəticəsi olaraq ilk milli qəzetimiz olan “Əkinçi”nin birinci sayı işıq üzü görmüşdü. Millət fədaisinin həyat yoldaşı və silahdaşı Hənifə xanım Məlikova – Abayeva sonralar qələmə aldığı xatiratında həmin günü belə təsvir etmişdi: “Həsən bəy texniki səbəblərə görə qəzetin pis çıxacağından qorxurdu. Lakin bu kiçik qəzet təmiz çıxanda Həsən bəyin gözləri sevincdən yaşarmışdı. O, əlində qəzet çox həyəcanlı halda evə gəlmişdi. Onun həyatının ən xoşbəxt bir günü idi. Qəzet bütün Rusiya müsəlmanlarını hərəkətə gətirdi. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminə yayıldı. Yatmış müsəlman aləmini hərəkətə gətirmək üçün heç nə – məktəb və teatr da bu cür təsir edə bilməzdi".

 

Doğrudan da, Həsən bəy xalqı ayıldıb öz haqlarını ona anlatmaqda qəzeti məktəb və teatrdan daha təsirli bir vasitə hesab edirdi. O bu işə Bakı Gimnaziyasında fəal müəllimlikdən və milli teatrımızın ilk tamaşalarını ərsəyə gətirəndən sonra daha ciddi girişmişdi. Həsən bəy 30 il sonra “Həyat” qəzetində “Əkinçi”ni meydana gətirən həmin zərurəti belə xatırlamışdı: “Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır... Belədə qəzet çıxarmaqdan savayı, bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın”.

Həyatını xalq işinə həsr etmiş Həsən bəy Zərdabinin gözlərindən sevinc yaşı axıdan o sevincli gündən sonra, 2 ildən artıq müddətdə 56 sayı işıq üzü görmüş “Əkinçi” 1877-ci ilin 29 sentyabrında qürub etsə də, onun bu qısa mövcudluğu ana dilində qəzet çıxartmağın mümkünlüyü və gərəkliyi ictimai düşüncə və milli oyanış tariximizə qızıl hərflərlə yazıldı. “Əkinçi”dən sonra işıq üzü görən qəzet-jurnallarımızın hamısı milli mətbuat tariximizin həmin gündən başlandığını birmənalı olaraq qəbul etdilər, “Əkinçi” yoluna və məramına sadiq qalmağa çalışdılar. “Kəşkül”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet-jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 1896-cı ildən Həsən bəyin fəal iştirakı və kürəkəni Əlimərdan bəy Topçubaşovun naşir-redaktorluğu ilə nəşr olunan rusdilli “Kaspi” qəzeti də mövzu və məfkurə baxımından Zərdabi istəklərinin daşıyıcısına çevrildi.

Səid və Cəlal Ünsizadə qardaşları, Məhəmmədağa Şaxtaxtinski, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Haşım bəy Vəzirov, Üzeyir və Ceyhun Hacıbəyov qardaşları kimi məfkurə və əməl sahibləri öz adlarını milli mətbuat tarixinə Həsən bəy Zərdabidən sonra onun ən yaxşı davamçıları kimi yazdılar.

1918-ci ilin sentyabrından işıq üzü görən ilk rəsmi qəzet “Azərbaycan” milli demokratik mətbuatımızın ən yaxşı ənənələrinə sahib çıxaraq, onun istedadlı nümayəndələrini bir yerə toplayaraq milli dövlət quruculuğuna yüksək səviyyədə xidmət göstərdi. Bu qəzet AXC dövrü tariximizin zəngin salnaməsinə çevrildi, mətbuatla cəmiyyətin sıx təmasını yaratdı, xalq və dövlət maraqlarını ilk dəfə paralel olaraq əks etdirmək təcrübəsi formalaşdırdı.

1920-ci ilin 28 aprel işğalından sonrakı günlərdə hakimiyyəti qəsb etmiş bolşevik rəhbərlər milli demokratik mətbuatımızın fəaliyyətinə xitam verdilər. Anadilli yazarlarımız yeni sovet-kommunist mətbuatında çalışmaq məcburiyyətində qalsalar da jurnalistikamız süqut etmədi. O vaxt “Azərbaycan” qəzetinin lövhəsinin yerinə bolşevik “Kommunist” qəzetinin ad göstəricisi vurulmuş, yalnız redaktor dəyişdirilmiş, yerdə qalan heyət isə fəaliyyətini yeni rəsmi nəşrdə davam etdirmişdi. 1937-ci ilin qanlı repressiyalarına qədər millətsevər ziyalılarımızın bir çoxu qəzetçilik işini “Kommunist”, “Yeni yol”, “Gənc işçi”, “Şərq qadını”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi qəzet-jurnallarda davam etdirmiş, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, maarif və mədəniyyətin yüksəlməsi, iqtisadi inkişaf məsələləri ilə sıx bağlı olmuşdular.

İkinci Dünya müharibəsi dövründə hərbi şərait və əsgəri qaydada çalışan jurnalistlərimizi sonrakı illərdə sovet sisteminin yetirməsi olan professional mətbuat işçiləri nəsli əvəzləməyə başladı. Bu illərdə ali jurnalistika təhsili sahmana salındı, mətbuat sahəsində elmi tədqiqatlar genişləndi. “Partiya-sovet mətbuatı” adı ilə tanınan bu dövr jurnalistikamız yuxarı orqanların tapşırıqlarını yerinə yetirməyə məcbur olsa da, yurdsevər, millətsevər, müstəqillik arzusunu mənəvi-siyasi tələbat səviyyəsinə qaldırmış jurnalistlərimiz xalqın köklü maraqlarını da geniş əks etdirməyə çalışırdılar.

Dağlıq Qarabağ münaqişəsindən qaynaqlanan milli oyanış və müstəqillik ab-havası XX əsrin sonuna yaxın anadilli mətbuatımızı mənəvi azadlığın hüdudlarına gətirib çıxardı. 1991-ci ilin 18 oktyabrında elan olunan dövlət müstəqilliyimiz azad, demokratik mətbuatını da fəaliyyəti üçün tarixi yol açdı. Sovet rejiminin son illərində çıxan “qeyri-formal” nəşrlər yeni azad mətbuatın qaranquşları kimi pərvazlandılar. Müstəqillik məfkurəsini qəbul edən, sovet dövründə milli maraqlara sadiqliyi ilə nüfuz qazanan “köhnə” nəşrlərin bir çoxu yeni şəraitdə fəaliyyətlərini davam etdirdilər. Mətbuat azadlığı prinsiplərinin rəsmən elan və qəbul edilməsi, yüksək səviyyəli normativ-hüquqi baza yaradılması dövlət müstəqilliyinin ilk illərində saysız-hesabsız nəşrlərin meydana gəlməsinə səbəb oldu. Uzun illərin söz azadlığı təşnəliyindən, dövrün ziddiyyətli hadisələrindən qaynaqlanan bu proses sonrakı illərdə səngiməyə və sabitləşməyə başladı.

Ulu öndər Heydər Əliyevin milli jurnalistikamızın bazar şəraitində, yeni əsaslarla inkişafı üçün həyata keçirdiyi tarixi tədbirlər mətbuatın problemlərinin həllini sürətləndirdi. Ümummilli liderin imzası ilə həyata vəsiqə alan ana dilinin dövlət statusu alması, latın qrafikalı əlifbaya keçilməsi, senzuranın ləğvi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi barədə tarixi sənədlər yeni, demokratik jurnalistikamızı müasir inkişaf yoluna çıxardı.

Prezident İlham Əliyevin sərəncamı ilə milli mətbuatımızın 130 illik yubileyinin ümumxalq bayramı kimi təntənə ilə qeyd olunması, jurnalistlərin bööyük bir dəstəsinin fəxri adlarla və dövlət mükafatları ilə təltif olunması, qəzet-jurnalların borclarının ləğvi, həbsdə olan jurnalistlərin əfv edilməsi ilə bağlı ardıcıl, humanist tədbirlər son 6 ildə jurnalistikamızın demokratik yolla inkişafına təkan vermişdir. Dövlət başçısının himayə və qayğısı ilə həyata keçirilən kütləvi informasiya vasitələrinə kömək konsepsiyası ümummilli maraqları üstün tutan, mətbuat azadlığı prinsiplərinə sadiqlik göstərən qəzet-jurnalların maddi-texniki çətinliklərinin həllini hədəfə alıb.

Böyük Həsən bəy Zərdabinin müstəsna sevgi və qeyrətlə ərsəyə gətirdiyi “Əkinçi”nin səpdiyi toxumlar zaman-zaman göyərib, milli mətbuat tariximizin şərəfli səhifələri yazılıb. Tarixi məhrumiyyətlər və ağrı-acılar milli jurnalistikamızı bütün dövrlərdə daxilən saflaşdırıb, möhkəmləndirib. 134 illik mətbuat tariximiz xalqımızın sevincli-kədərli onilliklərinin qəzet-jurnal səhifələrinə həkk olunmuş sözü və izidir.

“Əkinçi” “doğru sözü iman mənzillərinə çatdırmaq” zərurətindən yaranmışdı və həqiqət damlaları ilə cəhalət daşını dəlib keçdi. Bu ulu qaynaq sonrakı 134 illik jurnalistika tariximizin möhkəm özülü və xalqa qələmlə xidmət nümunəsi oldu. Professional Azərbaycan jurnalistikası yaşadığımız günlərin parlaq aynasıdır. Vaxtilə Həsən bəy də bunu istəyirdi: “Hər vilayətin qəzeti gərək o vilayətin aynası olsun”.

 

 

Həsən HƏSƏNOV,

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2009.- 22 iyul.- S. 4.