Ağdam indi əvvəlkindən də güclüdür

 

Yaralar sağaldıqca sabaha inam da artır

 

Yaxın-uzaq tariximizdəki fərəhli, ürəkaçan hadisə və faktlar kimi, kədərli və qara günlər də zaman-zaman yada düşür, bugün və gələcək üçün ibrətli nəticələr çıxarılır. Bu baxımdan Dağlıq Qarabağ münaqişə və müharibəsinin torpaqlarımızın işğalı ilə bağlı qara səhifələrini hər il yada salır, faciə və itkilərimizin miqyasını bütün dünyaya çatdırmaqla, erməni vəhşiliklərinin həqiqi mənzərəsini açıb göstərməyə çalışırıq.

 

Bu həqiqət isə ondan ibarətdir ki, daxili və kənar düşmənlərimizin xəyanət və təxribatları Azərbaycanı özündən qat-qat zəif Ermənistan qarşısında köməksiz qoymuş, qanımıza susayan namərd qonşu ərazilərimizin 20 faizini asanlıqla ələ keçirmiş, 1 milyon soydaşımız qaçqın-köçkün kimi dədə-baba torpaqlarımızdan qovulmuşdur.

Dövlət müstəqilliyi qazandığımız ilk vaxtlarda xalqı çaşdıraraq hakimiyyəti zorla ələ keçirmiş məsuliyyətsiz, naşı AXC, Müsavat iqtidarının birillik hakimiyyəti daha acınacaqlı hadisələrlə sonuclandı. Əvvəl Şuşa və Laçın düşmən qarşısında müdafiəsiz qalıb, 1992-ci ilin mayında düşmənə təslim edildi. 1993-cü ilin yaz-yay aylarında isə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları hakimiyyət uğrunda dartışmaların qurbanı oldu. Ölkə dağılmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı.

Belə faciəli günlərdə xalq ayağa qalxaraq öz xilaskarını, ümummilli lider Heydər Əliyevi hakimiyyətə qaytardı. Ulu öndər dövlət müstəqilliyinin itirilməsi və ərazilərimizin parçalanması təhlükəsini sovuşdurmaq üıçün həm ölkə daxilində, həm də xarici siyasətdə təsirli tədbirlər həyata keçirdiyi bir məqamda iflas etmiş siyasi qüvvələr cəbhədəki hərbi hissələri üz-üzə qoymaqla və geri çəkməklə Azərbaycana arxadan zərbə vurmaqdan çəkinmədilər. Belə bir şəraitdə — 1993-cü ilin 23 iyulunda Ağdam da müdafiəsiz qalıb düşmənin əlinə keçdi.

Ağdam, həqiqətən, Dağlıq qarabağın qapısı, düşmən qarşısında alınmaz qala idi. Ermənilər onu belə asaqlıqla ələ keçirməyi heç ağıllarına da gətirməmişdilər. 1988-ci ilin fevaralında ermənilərin Xankəndindəki qiyamından bir neçə gün sonra hiddətlənmiş insanlar əliyalın halda Ağdamdan Əsgərana doğru yürüş edəndə ermənilər ayaqyalın-başıaçıq qaçmağa üz qoymuşdular. Təəssüf ki, xalqın bu kortəbii əks-reaksiyası o vaxt namərdliklə pozulmuşdu.

Ağdamın əldən verilməsi dalbadal bir neçə rayonun itirilməsi ilə nəticələndi. Böyük xilaskarımız Heydər Əliyevin sarsılmaz iradəsi və müdrikliyi ilə daha böyük ərazilərin itirilməsinin qarşısı alındı. Operativ, təxirəsalınmaz tədbirlər nəticəsində əhalinin vahimə və çaşğınlığının qarşısı alındı, düşmənə güclü zərbələr endirilərək, onun irəliləməsi dayandırıldı.

Ağdamın işğalı o vaxt 150 mindən artıq əhalisi, güclü iqtisadiyyatı, abad şəhər və kəndləri, zəngin mədəni irsi olan bir bölgənin itirilməsi oldu. Ümummilli lider Heydər Əliyevin müstəsna səyləri ilə belə bir rayonun tamamilə itirilməsinə yol verilmədi. Qısa müddətdə ərazinin qorunub saxlanmış üçdə birində 30 mindən artıq köçkün məskunlaşdırıldı. Dağıdılmış kommunikasiyalar bərpa edildi. Həyat üçün zəruri şərait yaradıldı.

Sonrakı illərdə geri dönənlərin sayı 50 minə, 70 minə çatdırıldı. Ulu öndərin ağdamlılara diqqət və qayğısı nəticəsində idarə, müəssisə və təsərrüfatların fəaliyyəti bərpa edildi, iqtisadiyyat dirçəldildi. Digər yerlərdə məskunlaşmış ağdamlıların rayonla hərtərəfli əlaqəsi sahmana salındı. Ərazisinin üçdə ikisi itirilsə də, Ağdam rayon kimi yaşadı, ağdamlılar qeyrətlə qurub-yaratmaq ənənələrini davam etdirdilər. Ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə olduğu kimi, bu dəfə də ağdamlılara yüksək etimadla yanaşdı, onların problemlərinin həllini daim diqqətdə saxladı. Ağdamlılar Prezident Heydər Əliyevlə hər görüşdən güc-qüvvət aldılar, onun himayəsini əməli işlərlə cavablandırdılar.

Ulu öndərin yolunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev onun rayonumuza göstərdiyi qayğının hüdudlarını xeyli genişləndirdi. Dövlət başçısının Ağdama hər gəlişi quruculuq işlərinə yeni miqyas və dinamizm gətirdi. Bunun nəticəsidir ki, indi 172 min əhalinin 90 mini rayonun 44 kənd və 16 qəsəbəsində yerləşib. İqtisadiyyat yüksək inkişaf yoluna çıxarılıb. Bircə faktı xatırladım ki, indi taxıl istehsalı rayonun işğalından əvvəlki 39 min tondan 45 min tona çatıb. Ağdam ölkədə taxılçılıq məktəbi olmaq ənənəsinə sadiqdir.

Digər sahələrdə də yüksək nəticələr əldə edilir. Əhalinin güzəranı ildən-ilə yaxşılaşır. Adamlar bütün bunları haqlı olaraq dövlət başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsi, həm də ağdamlılara xüsusi münasibətinin təzahürü kimi qiymətləndirirlər.

Prezidentimiz İlham Əliyevin 17 yanvar və 4 oktyabr 2008-ci il tarixdə rayonumuza gəlməsi, qısa müddət ərzində tikilmiş Heydər Əliyev Muzeyinin, əvvəlki səfəri zamanı Quzanlı qəsəbəsində təməlini qoyduğu Olimpiya İdman Kompleksinin və bu qəsəbəyə maye qaz verilişinin açılışında iştirak etməsi, görülən işləri, ağdamlıların əməyini yüksək qiymətləndirməsi, proqram xarakterli geniş nitq söyləməsi xatirələrdə silinməz izlər qoymuşdur. Dövlət başçısının cəbhə xəttinə gedib orada əsgər və zabitlərlə görüşməsi, vəziyyətlə yerində tanış olması, bir qrup hərbçiyə yüksək mükafatlar təqdim etməsi, Dağlıq Qarabağ probleminin həllində dönməz mövqeyini bəyan etməsi yüksək əhval-ruhiyyə yaratmış, gələcəyə daha böyük inamla baxmaq, qurub-yaratmaq əzmimizi, işğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağına inamımızı artırmışdır.

Ölkə Prezidenti 22 yanvar 2008-ci il tarixdə “Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalamış, Azərbaycan Prezidentinin ehtiyat fondundan rayonumuzun sosial-iqtisadi inkişafı üçün 2 milyon manat vəsait ayırmışdır. Bu bir daha sübut edir ki, Ağdam, onun sosial-iqtisadi inkişafı ölkə rəhbərinin daim diqqət mərkəzindədir və bunun üçün dövlət başçısına dərin minnətdarlığımızı bildiririk.

Son illərdə bir ənənəyə çevrilmiş işğal gününü anma mərasimlərində başımıza gələnlərə bir daha nəzər salır, gələcəyə yolumuzu dəqiqləşdiririk. Əlbəttə, qazanılmış uğurlardan ürəkaçıqlığı ilə danışırıq. Ümumi qənaətimiz budur ki, Ağdam indi əvvəlkindən də güclüdür. Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını rəhbər tutaraq son bir ildə fəaliyyətimizi daha səmərəli qurmağa çalışmış, nəzərdə tutulan məsələlərin həyata keçirilməsini təmin etmişik. Rayonun ictimai-siyasi, iqtisadi-sosial, mədəni, hüquqi həyatında da bir sıra müsbət nəticələr əldə etmişik.

Əvvəlki illərdə olduğu kimi, vətəndaşların bilavasitə yerlərdə qəbul olunması ənənəsi davam etdirilir. Quzanlı qəsəbəsində, Əfətli, Qaradağlı, Mahrızlı, Zəngişalı, Çəmənli, Əhmədağalı, Xındırıstan, Üçoğlan kəndlərində, Bənövşələr, Birinci Baharlı, İkinci Baharlı, Səfərli, Qasımbəyli, Ayaq Qərvənd, İmamqulubəyli, Birinci Quzanlı, Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd, Birinci Alıbəyli, İkinci Alıbəyli, Yeni Ergi, Xındırıstan köçkün qəsəbələrində görüşlər, səyyar qəbullar keçirilmişdir. Problemlər yerində öyrənilərək bir çoxu həll edilmişdir.

Şəhid ailələrinə, Qarabağ əlillərinə maddi və mənəvi köməklik göstərilmiş, onlarla əmək qabiliyyətli köçkün işlə təmin edilmişdir. Ölkəmizin 60-dan artıq şəhər və rayonuna səpələnərək, didərgin vəziyyətində yaşayan köçkün sakinlərimiz bir an belə unudulmamışdır. Onlarla daim maraqlanmış, əlaqə saxlamışıq. Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində, Bərdə, Tərtər, Yevlax, Ağcabədi, İmişli, Beyləqan, Ağsu, Şamaxı rayonlarında müvəqqəti məskunlaşmış ağdamlılarla görüşlər keçirilmiş, problemlərinin həllinə kömək olunmuş, bir çox ailələrə maddi yardım edilmişdir.

Vətəndaşların qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə baxılması fəaliyyətimizin əsasını təşkil edir. Həftənin birinci günləri keçirilən qəbullarda son 1 ildə 6727 vətəndaşın problemlərinin həllinə kömək olunmuş, onların qanuni tələbləri ödənilmişdir.

Birinci regional inkişaf proqramının uğurla həyata keçirilməsi rayonumuzun sosial-iqtisadi göstəricilərini bir neçə dəfə yüksəltmişdir. Ötən il Ağdam rayonunun yerli büdcəsi 29,3 milyon manat proqnozlaşdırılmışdı. Faktiki olaraq büdcə gəlirləri 28,2 milyon manat icra edilmişdir. Yerli gəlirlər üzrə 2,3 milyon manat proqnoz 10,2 milyon manat yəni, 4,5 dəfə yerinə yetirilmişdir. Ümumiyyətlə, 2008-ci ilin büdcə gəlirləri 2004-cü ilin büdcə gəlirlərindən 4 dəfə artıq olmuşdur.

2008-ci ildə ümumi məhsul buraxılışını, o cümlədən ayrı-ayrı sahələr üzrə iqtisadiyyatın inkişafını əvvəlki illərlə müqayisədə təhlil etsək, görərik ki, son 1 ildə rayon üzrə ümumi məhsul buraxılışı 2004-cü illə müqayisədə 2,8 dəfə, sənaye məhsulu 1,9 dəfə, tikinti işlərinin həcmi 3,2 dəfə, kənd təsərrüfatı istehsalı 2 dəfə, rabitə xidməti 4,2 dəfə, ticarət dövriyyəsi 3,1 dəfə artmışdır.

2008-ci ildə rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərə 1646,2 ton un, 329,2 ton düyü, 329,2 ton şəkər tozu, 329 min 244 litr bitki yağı verilmişdir. Payız-qış mövsümündə qaçqın və məcburi köçkünlərə 2030,9 ton ağ neft yanacağı paylanmışdır.

Rayonda “Aqrolizinq” ASC-nin filialı fəaliyyət göstərir. Dövlət Proqramına uyğun olaraq, nümunəvi servis xidməti təşkil olunmuşdur. Torpaq mülkiyyətçilərinə xidmət göstərmək üçün filiala 32 müxtəlif markalı əkin traktoru, 33 kotan, 8 kombayn, 4 taxılbiçən, 3 malaçəkən, 12 otbiçən, 2 otbağlayan, 2 gübrəsəpən, 1 qazma qurğusu, 1 yükləyici yerqazan, 2 traktor qoşqusu, 1 toxumtəmizləyən, 1 yem emalı maşını, 2 ottoplayan verilmişdir. Kənd təsərrüfatı istehsalçılarına güzəştli qiymətlə 473 ton mineral gübrə satılmışdır.

Keçən il rayonda Heydər Əliyev Muzeyi, Olimpiya İdman Kompleksi, əhalinin sosial müdafiə mərkəzi və məşğulluq mərkəzləri üçün, Kapital bankın Ağdam filialı üçün inzibati binalar inşa edilmişdir. Rayon Statistika İdarəsinin inzibati binasının inşası davam etdirilir. Quzanlı qəsəbəsində bərbad hala düşmüş 640 şagird yerlik məktəb binası əsaslı təmir və bərpa edilərək köçkünlük həyatı keçirən Ağdam Dövlət Sosial İqtisad Kollecinin istifadəsinə verilmişdir. Quzanlı qəsəbəsində 50 çarpayılıq üçmərtəbəli xəstəxana binasında təmir, şəhidlər xatirə kompleksində, ulu öndərin adını daşıyan parkda genişləndirmə və abadlıq işləri aparılmışdır.

Sosial-İqtisadi İnkişaf Dövlət Proqramının 2009–2013- cü illərdə davam etdirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rayonlararası və daxili yolların bərpası və inkişafı daha sürətlə aparılacaq. Əhmədağalı, Çəmənli, Mahrızlı, Qaradağlı kəndlərinin cəbhə bölgəsindən 1-3 kilometr məsafədə yerləşməsini, göstərilən ərazilərdə 4176 yerli, 958 məcburi köçkün ailəsinin məskunlaşmasını nəzərə alaraq həmin yaşayış məntəqələrini birləşdirən 13 kilometr yolun asfaltlaşması ilk növbədə həyata keçiriləcək. Bundan əlavə, Xındırıstan—Üçoğlan yolunda 5 kilometr yolun asfaltlaşması da nəzərdə tutulur.

Yaşayış məntəqələrinin içməli və suvarma suyu ilə təchizatı da yaxşılaşacaq. 22 min hektara qədər əkin sahəsində subartezian quyuları və 2 su nasos stansiyasının gücü ilə 16,7 min hektarda suvarma aparılır. Rayonun təbii su mənbəyinin olmadığına görə 155 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.

Taxılçılıq, üzümçülük, tərəvəzçilik, pambıqçılıq və heyvandarlıq məhsullarının istehsalının və emalının inkişaf etdirilməsi, mövcud resurslardan, əhalinin peşəkarlıq səviyyəsindən istifadə edərək məşğulluğun yüksək dərəcədə təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçiriləcək. 20 min tondan artıq süd, 2 min tondan artıq ət istehsalını nəzərə alaraq, rayonda süd və ət emalı zavodunun inşasına ehtiyac var. Əhalinin yüksək peşəkarlığı və məşğulluq təminatı nəzərə alınaraq 2 min hektar üzüm bağının salınması və müasir tipli şərab zavodunun inşa edilməsi vacibdir.

Rayonda 20 min hektarda dənli bitkilər, 2 min hektara qədər sahədə xəsil üçün arpa əkilir. 500 hektardan artıq kartof, 6 min hektar yonca, 2300 hektardan artıq soğan, 200 hektardan çox digər tərəvəz bitkiləri əkilib becərilir. Onları yüksək repreduksiyalı toxumla təmin etmək üçün toxumçuluq təsərrüfatı yaradılmışdır. Ötən il 56,1 min tondan artıq tərəvəz istehsal olunmuşdu, lakin 20 faizə qədər tərəvəz xarab olub, tullantıya çevrildi. Ona görə də tərəvəz məhsullarının emalı zavodunun inşa edilməsi məqsədəmüvafiqdir.

Keçən il ümumi məhsul buraxılışı 60 milyon 209 min manat təşkil etmişdir ki, mövcud istehsalın 11 milyon 585 min manatı, yaxud 19,2 faizi dövlət sektorunun, 48 milyon 625 min manatı, yaxud 80,8 faizi qeyri-dövlət sektorunun payına düşür. Ümumiyyətlə, əhalinin 41,3 faizini təşkil edən 71340 nəfər məşğul adamdan 55699 nəfəri, yaxud 78,1 faizi qeyri-dövlət sektorunda çalışır. Son 1 ildə 1209 iş yeri açılmış, bundan 365 nəfəri daimi, 844 nəfəri mövsümü iş yerləri olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004–2008-ci illər) icrası nəticəsində rayonda 5905 yeni iş yeri açılmışdır. Bundan 2097 nəfəri daimi, 3 min 762 nəfəri mövsümi iş yerləridir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin rayon əhalisinin məşğulluğunun təmin edilməsi, həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə verdiyi tapşırığın icrası olaraq ötən dövrdə daxili işlər naziri Ramil Usubovun köməyi ilə dəyəri 2,5 milyon manat olan 5 müasir tipli orta məktəb binası, 2 uşaq bağçası inşa edilmiş, 22 subartezian quyusu vurulmuşdur. 2009—2013-cü illər üçün tərtib edilmiş Dövlət Proqramında 5 minə qədər, o cümlədən 2500-ə qədər daimi iş yerinin açılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamının icrası ilə əlaqədar 4031 nəfərə 14872 hektar buğda sahələrinin becərilməsi üçün 594885 manat vəsait ödənilmişdir. Bu da kənd təsərrüfatı bitkilərinin istehsalının artmasına təkan olmuşdur.

Rayonun 1099396 hektar torpaq sahəsinin 73 390 hektarı işğal olunmuşdur. İşğaldan kənar 36006 hektar torpaq sahəsinin 21370 hektarı əkinə yararlı, 12222 hektarı isə qış otlaq sahələrindən ibarətdir. Əkin və otlaq sahələrində 32 kəndli-fermer təsərrüfatı, 263 fiziki şəxs, 8500-dən artıq ailə təsərrüfatı, 2 pambıq, 1 üzüm səhmdar cəmiyyəti, 8 kiçik emal sexi fəaliyyət göstərir. Heyvandarlıq dinamik şəkildə inkişaf edir. Xırda mal 108024 baş, iri mal isə 30931 başdır. Rayonda 1191840 baş quş saxlanılır. Keçən il 2534 ton ət, 25649 ton süd, 130 ton yun, 8 milyon 7 min ədəd yumurta istehsal olunmuşdur ki, bu da 2007-ci illə müqayisədə xeyli artıqdır. 18924 hektar sahədə müxtəlif bitkilər əkilib becərilmişdir. 8046 hektarda taxıl, 1196 hektarda texniki bitkilər, 3174 hektarda bostan-tərəvəz, kartof, 6393 hektarda yem bitkiləri əkilib-becərilir. Taxıl istehsalının artırılması üçün görülən tədbirlərin nəticəsi olaraq 2009-cu ilin məhsulu üçün buğda sahələri 2008-ci ildəki 5562 hektardan 15327 hektara çatdırılmış və ya 175,6 faiz artmışdır. Üzümçülük gəlirli sahə olsa da, vəsait olmadığından onun genişləndirilməsi hələlik mümkün olmamışdır. Bakı şəhərinin bazarlarında 200 tondan artıq ət, 11 min tondan çox bostan-tərəvəz məhsulları satılmışdır.

Rayon ərazisində mövcud 28 məktəbdən 24-də tikinti və əsaslı təmir işi başa çatdırılmış, 3 məktəbin tikintisi və bir məktəbin təmiri isə 2009-cu ildə aparılır. Ərazidə salınmış köçkün qəsəbələrində müasir tipli, hər cür avadanlıqla təmin olunmuş 14 məktəb binası istifadədədir. 2008–2009-cu dərs ilində 151 məktəb fəaliyyət göstərmişdir, 21496 şagirdin təlim-tərbiyəsilə 3256 nəfər müəllim məşğul olmuşdur. 32 məktəbəqədər tərbiyə müəssisəsində 1520 uşaq var, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Ağdam Musiqi Texnikumu, Dövlət Sosial İqtisad Kolleci, Ağdam peşə və 50 saylı peşə məktəblərinin binası, lazımi tədris avadanlıqları, sabit kontingenti var. Ağdam Musiqi Texnikumu 2006-cı ildə Bərdə şəhərindən Quzanlı qəsəbəsində tikilmiş müasir tipli binaya köçmüşdür. Ağdam DSİK isə 2008-ci ilin sentyabr ayından yeni tədris ilini Quzanlı qəsəbə orta məktəbinin əsaslı surətdə təmir olunmuş, avadanlıqla təchiz olunmuş keçmiş binasında başladı. Kollec uzun müddət bina çatışmazlığı ucbatından Ağcabədi və Bərdə rayonlarında ağır vəziyyətdə fəaliyyət göstərmişdir. Hazırda Ağdam Musiqi Texnikumunda 4 ixtisas üzrə 229 tələbə, Sosial İqtisad Kollecində 4 ixtisas üzrə 541 tələbə, 50 saylı peşə məktəbində 6 ixtisas üzrə 105 və Ağdam peşə məktəbində 4 ixtisas üzrə 90 şagird təhsil alır.

Ağdam Rayon Mərkəzi Xəstəxanası Quzanlı qəsəbə xəstəxanasının bazasında yerləşir, tamamilə yenidən qurulmaqla və əlavə yaprdımçı binalarda fəaliyyət göstərir. Rayon Mərkəzi Xəstəxanası öz fəaliyyətini Doğum evi, Uşaq xəstəxanası, Ağ ciyər xəstəlikləri dispanseri, Göz xəstəxanası, Dəri zöhrəvi dispanseri, Ruhi-əsəb dispanseri, Təcili tibbi yardım stansiyası, Mərkəzi poliklinika, müxtəlif şöbələr, 12 sahə xəstəxanası, 87 feldşer-mama məntəqəsi və 27 kənd həkim ambulatoriyası ilə həyata keçirilir. Bütün bu müəssisələrdə 309 nəfər ixtisaslı həkim və 901 nəfər orta tibb işçisi rayon əhalisinə tibbi xidmət göstərirlər. Xəstəxanalarımızın maddi-texniki bazası durmadan yaxşılaşır. Ağdam Rayon Mərkəzi Xəstəxanası üçün xeyli əlavə kabinetlər, laboratoriya, ÜSM və fizoterapiya kabineti tam gücü ilə işə salınmışdır. Rayon İcra Hakimiyyətinin bilavasitə köməkliyi ilə Göz xəstəxanası və təcili tibbi yardım stansiyası üçün lazımi şəraiti və avadanlığı olan binalar tikilib istifadəyə verilmişdir.

Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində 50 kitabxana, 14 klub, 15 mədəniyyət evi, 2 muzey, 11 uşaq musiqi məktəbi və Dövlət Dram Teatrı fəaliyyət göstərir. 2 uşaq musiqi məktəbi və 8 mədəniyyət evi yeni salınmış köçkün qəsəbələrindədir. Şöbənin tabeliyində olan bu müəssisələrin əksəriyyəti ixtisaslı kadrlarla təmin edilmiş, lazımi avadanlıqlarla təchiz olunmuşdur. Hazırda bu müəssisələrdə 750 nəfər ixtisaslı mədəniyyət işçisi və texniki heyət çalışır.

Bütün bu deyilənlər bir daha göstərir ki, Ağdam yaşayır, öz əvvəlki şöhrət və nüfuzunu da yaşadır. Rayonun böyük ərazisi işğal altında olsa da, düşmən qurub-yaratdıqlarımıza həsədlə baxır, sabaha inamımızı görüb sarsılır, yorulur. Son vaxtlar döyüş mövqeyini tez-tez tərk edib ərazimizə pənah gətirən bezikmiş erməni əsgərləri özləri də etiraf edirlər ki, özgə torpaqlarında mənasız vaxt keçirmək onları əldən salıb. Bu, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi, Prezident İlham Əliyevin qətiyyət və dəyanətinin bizi qələbəyə doğru aparması deməkdir.

İnanırıq ki, tezliklə doğma yurda qayıdacaq, başlanmış irimiqyaslı işlərimizi azad edilmiş ərazilərdə davam etdirməklə, yeni bir Ağdam yaradacağıq. Dostlar buna sevinəcək, düşmənlər isə peşman və xar olacaqlar.

 

 

Həsən SARIYEV,

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı

 

Xalq qəzeti.- 2009.- 23 iyul.- S. 6.