“Min bir gecə”nin bir gündüzü

 

Uzun qış gecələrində kim qızıl qumlu çimərlikdə istirahət edib il boyu canına hopmuş gərginliyi, yorğunluğu qovmaq, enerjisini bərpa etmək haqqında xəyallara dalmır? Amma bu xəyalların gerçəkliyə çevrilməsi üçün ilk növbədə “məzuniyyəti harada keçirim” sualına cavab tapmalısan. Həm də elə etməlisən ki, sənin istirahətin ailə büdcəsini, elmi dildə desək, kəsrdə qoymasın.

 

Azərbaycanda, lap elə paytaxt Bakıda yaşayan sakinlərə bunun cavabını tapmaq üçün bahalı kurort və şəhərlərin sorağına çıxmağa elə də böyük ehtiyac yoxdur. Məsələn, mən həmkarım Rafiq Salmanovla bir istirahət günümüzü Bakının Şıx çimərliyi ərazisində salınmış “Min bir gecə” istirahət və əyləncə mərkəzində keçirəndən və fürsəti əldən verməyib elə buradanca reportaj hazırlamaq üçün görüşüb söhbət etdiyimiz əcnəbi qonaqların danışıqlarından bu qənaətə gəldik ki, çimərlik istirahətinin ən gözəl məkanı Xəzərin qızıl qumlu sahilləri, bu sahillərdə ən etibarlı ünvanlardan biri isə “Min bir gecə” istirahət və əyləncə mərkəzidir.

Əslində bu reportajımızda bunun niyəsini açıqlamaq, kiməsə nəyisə anlatmaq fikrindən daha çox, burada istirahət, xüsusilə çimərlik istirahəti üçün yaradılan şəraitdən, təhlükəsizlik tədbirlərindən, yüksək servis xidmətindən əhalinin, daha çox isə Bakının qonaqlarının gəldiyi qənaəti diqqətə çatdırmaqdır.

Beləliklə, Rafiq müəllimlə qərarlaşdığımız kimi, reportaja və istirahətə sübh tezdən başladıq. Səhər saat 7.30-da biz artıq Şıx çimərliyinin “Min bir gecə” istirahət və əyləncə mərkəzinin ərazisində idik. Sahil boyu gimnastika ilə məşğul olan qonaqlara mane olmadan, əyləncə mərkəzinin baş nəzarətçisi Daşdəmir Qəmbərov personala təmizlik işlərilə bağlı son göstərişlərini verirdi. Çimərliyin qızılı qumu ötən günün zibillərindən yenicə daranıb təmizlənmişdi. Xidmətçilər çardaq və köşklərdəki stol və stulların tozunu alır, sahildən bir neçə metr aralı çimərlik böyu salınmış qızılgül kolları, yaşıllıqlar suvarılırdı. İlk baxışdan inanmağım gəlmədi ki, çimərlikdən, dənizin duzlu suyundan çox da aralı olmayan bu ərazidə belə yaşıllıq, sözün əsl mənasında, kiçik bir oazis salına bilər. Rafiq müəllim foto-kamerasını işə salanda mühafizəçilərdən biri yaxınlaşıb xahiş etdi ki, istirahət vaxtı burada çəkiliş aparmayaq, çünki “mentalitet” məsələsi var. Başa düşdük və bildirdik ki, biz kimlərisə yox, reportaj üçün müəyyən ümumi mənzərələr çəkməyi planlaşdırırıq. Razılaşdıq və istirahətlə bərabər peşə vəzifələrimizi də yerinə yetirməyə başladıq.

Havanın bir qədər küləkli olmasına baxmayaraq, çimərliyə gələnlərin sayı bizim gözləmədiyimiz şəkildə artmağa başlamışdı. Başına gündən qorunmaq üçün şlyapa qoymuş, bədəni qıp-qırmızı qızarmış sarışın, ucaboy bir qonağa yaxınlaşırıq. Moskvadan gəldiyini biləndə daha böyük maraqla suallar verməyə başlayırıq. Aleksandr Nikolayeviç Qenayev idmançıdır, vaxtı ilə Rusiyanın yığma voleybol komandasının üzvü olub. Bakıya ilk gəlişidir və nədən bu vaxta qədər bu şəhərə gəlmədiyinə heyfsilənir:

— Bakıda insanlar çox səmimi, mehriban və qonaqpərvərdirlər. Çox eşitmişdim, amma indi bunun canlı şahidi oldum. Paytaxtınız çox xoşuma gəldi. Şəhər çox gözəldir. Çimərliklərinizə isə söz ola bilməz. Mən belə çimərlikləri Bolqarıstanda görmüşəm. Xəzərin rahatlıq və sağlamlıq bəxş edən duzlu suyu və qızıl qumu isə misilsizdir. Artıq on gündür bura, “Min biri gecə”yə gəlirəm. Ondan əvvəl bir neçə çimərlikdə oldum, ancaq buranı çox bəyəndim. Personal çox diqqətli, səmimi və qayğıkeşdir. Yeməklərinizə isə vurulmuşam. Xüsusilə ləvəngiyə.

Aleksandr Nikolayeviçə xoş istirahət arzulayıb ayrılanda bildirdi ki, sağlıq olsun növbəti ildə o istirahət üçün yenə bu şəhəri və bu məkanı seçəcək. Həm də tək olmayacaq, dostlarını, ailəsini də bura gətirəcək.

Duzlu dəniz küləyinin tumar çəkdiyi dalğalar sanki insanları öz qoynuna çağırırdı. Ailəvi istirahətə gələnlərin sayı artdıqca çimərlikdə azyaşlı, körpə uşaqların sayı da sürətlə artırdı. Xidmətçilərin, xüsusilə xilasedicilərin qayğıları artır, onlar daha diqqətli olmağa çalışır, səsgücləndiricilərin vasitəsilə valideynləri uşaqları suda nəzarətsiz buraxmamağa çağırırdılar. Qəribə idi ki, valideynlər təkcə suda yox, elə istirahət mərkəzinin ərazisində tam sərbəst hərəkət edən, əylənən, şənlənən uşaqlar üçün bir o qədər də narahatlıq keçirmirdilər. “Min bir gecə” istirahət və əyləncə mərkəzinin baş inzibatçısı Gündüz Rüstəmovla söhbətimdə də ilk sualım bununla bağlı oldu. Gündüz sualıma zarafatyana cavab versə də həqiqəti dedi:

— Ona görə ki, o uşaqların qayğısına bizim personal — xidmətçilər, mühafizəçilər, xilasedicilər qalır. Bura gələn ailələr, insanlar bizim artıq daimi qonaqlarımıza çevriliblər. Buranın qayda-qanunlarına, mühafizəsinə yaxşı bələddirlər. Bizim işçilər də çalışırlar ki, onların etimadlarını doğrultsunlar və onların istirahətini pozan hər hansı insident baş verməsin.

Gündüzdən soruşulası sözümüz çox idi. Amma baş inzibatçı mehribancasına bütün suallarımıza diqqətli müşahidələrimizlə cavab tapacağımıza əmin olduğunu söylədi və bir də bildirdi ki, ən çox diqqətdə saxladıqları məsələ istirahət üçün təhlükəsiz, rahat, səs-küysüz şərait yaratmaqdır. Bunlar olmasa çimərliyə gəlməyin nə yeri?!

Köşklərin birində gözündə eynək, mütaliə edən orta yaşlı qadına yaxınlaşırıq. Mahirə xanım Aslanova ehtiyatda olan polis zabitidir. İndi Azərbaycan Qadınlar Cəmiyyətində ictimai fəaliyyətlə məşğul olur. Ondan istirahətə niyə məhz “Min bir gecə”yə gəlmisiniz soruşanda düşünmədən dedi:

— Artıq üçüncü ildir ki, yay istirahətimizi burada keçiririk. Çox sağ olsunlar ki, bizdən diqqət və qayğılarını heç zaman əsirgəməyiblər. İstirahət mərkəzinin rəhbərliyi çimərlikdə bəzi xidmətləri bizə təmənnasız göstərir. Açığını desək, bu da bizim istirahət büdcəmizə xeyli qənaət etməyə imkan verir. Çox sağ olsunlar. Görünür, hələ veteranlara qiymət verən, onların xidmətlərini dəyərləndirən adamlar var.

Söhbətimizin bu yerində gözüm stolun üstündəki rəylər və təkliflər kitabına sataşdı. Qadınlar Cəmiyyətinin prezidenti, Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru professor Zemfira Verdiyeva kompleksin rəhbərliyinə hələ 2008-ci ilin iyulunda ünvanladığı məktubda yazırdı: “Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin 75 min üzvü adından yay mövsümündə əhaliyə, o cümlədən cəmiyyətimizin xanımlarına göstərdiyiniz yüksək xidmətə görə Sizə və Şıx çimərliyində yerləşən ”Min bir gecə" istirahət kompleksinin bütün kollektivinə minnətdarlığımı bildirirəm. Dörd ildir ki, cəmiyyətin professor və ziyalıları, şəhid anaları, qaçqın və köçkün ailələrin üzvləri xeyirxah insanlarla rastlaşmış və istirahət kompleksində təmənnasız mədəni, gözəl, səliqəli xidmətlərinizdən istifadə etmişlər...”

Bu məktubu oxuyub başa çatdırmamış yenidən xilasedicilərin səsgücləndiricilər vasitəsilə müraciəti ucadan səsləndi. Xahiş olunurdu ki, hava küləkli olduğu üçün şarlarla işarələnmiş ərazidən o tərəfə üzməsinlər. Onların işi ilə maraqlandıq. Kompleksin xilasedicilər qrupunun rəhbəri Malik Müzəffərov bildirdi ki, xilasedicilərin işi səhər saat 7.00-dan axşam 24.00-a qədər uzanır. Hava proqnozu ilə bağlı gün ərzində 3 dəfə informasiya alır, işimizi bunun əsasında qururuq. Küləkli havada məhdudiyyət zolağı bir qədər də sahilə doğru azaldılır.

Malik onu da qeyd etdi ki, Fövqəladə Hallar Nazirliyinin nəzarət qrupu da sürətli katerlərlə bütün günü çimərliklərdə sayıqlıq göstərirlər.

Malik onların işinin təkcə dənizdə çimənlərə nəzarət etməklə bitmədiyini, sahil boyu müntəzəm gəzib istirahət edənlərin səhhətinə diqqət yetirdiklərini də qeyd etdi:

— Biz kontingenti yaxşı tanıyırıq. Burada istirahətə gələnlərin böyük əksəriyyəti daimi müştərilərdir. Xüsusilə yaşlıları, xəstələri, uşaqları, daha çox isə spirtli içki qəbul edənləri nəzarətdə saxlayırıq.

Daşdəmir kişi də əlavə etdi ki, “Min bir gecə” istirahət kompleksində fövqəladə hallara vaxtında reaksiya vermək üçün tibb məntəqəsi də fəaliyyət göstərir. Kəskin istilər olanda istirahətə gələn hər hansı qonaq özünü pis hiss edərsə dərhal ona tibbi yardım göstərilir.

Günortaya yaxın çimərlikdə, demək olar ki, iynə atsan yerə düşməzdi. Xidmətçilər qonaqların sifarişlərini canla-başla yerinə yetirməyə çalışır, heç nəyi gözdən qaçırmırdılar. Dərisinin rəngindən çimərlik istirahətini yaxşı keçirdiyi bəlli olan xanıma yaxınlaşırıq. “Siz bakılısınız?” sualımıza çox şirin və səmimi bir cavab eşitdik:

— Müəyyən mənada hə. Çünki beş ildir mən Xəzərin sahilində məhz “Min bir gecə”nin ərazisi sayılan çimərlikdə dincəlirəm.

Sonradan öyrəndik ki, Yelena Poznyakova Moskva şəhərindən gəlib. Bakını çox sevir. İlk növbədə, ona görə ki, buranın insanları, həmişə olduğu kimi, bu gün də qonaqpərvər, mehriban və səmimidirlər. Onu “Min bir gecə”nin daimi “sakininə” çevirənsə öz təbirincə desək, burada istirahət edənlərə təkcə yüksək xidmət yox, həm də insani münasibət və qayğıdır.

— Bax, bu qayğını hər yerdə görmək olmur. Səhər saat 6.30-dan mən çimərlikdə oluram ki, yod vannası qəbul edim. Görürəm artıq hər yer tər-təmizdir və göz oxşayır. Bu, onu göstərir ki, personal, bu mərkəzin rəhbərliyi istirahətin nədən başladığını bilir. Mərkəzin mühafizə xidmətinin işinə isə söz ola bilməz.

Eyni sözləri Qroznıdan gəlmiş Fatima Mirzəbekova, Nalçikdən gəlmiş Rena Bjikişiyeva, bakılı Vasili Xoxlov və qayınanası Lyudmila Yeqorova da söylədi.

Burada istirahət edən yazıçı Xeyrəddin Qoca isə çimərlik istirahətinə özünəməxsus tərzdə münasibət bildirdi:

— Mən uzun illər idi ki, çimərliyə gəlirdim. Səbəb də o idi ki, çimərliklərimiz bərbad vəziyyətdə idi, suda saxsı parçaları, şüşə, daş və müxtəlif tullantılar dənizdə çimməyi də gözümüzdən salmışdı. Üç il bundan əvvəl “Min bir gecə” istirahət mərkəzinin ərazisindəki çimərliyə gələndən hər şeyin dəyişdiyinin şahidi oldum. Şübhəsiz, mənimçün ən önəmlisi buradakı təmizlik, səliqə-sahman, istirahət üçün yaradılmış rahat şəraitdir. Artıq üçüncü ildir ki, buranın daimi müştərisinə çevrilmişəm. Bəzən dostlarıma da istirahət üçün məhz buranı məsləhət görürəm.

Amma bir şeyi deməyə bilmərəm. Səhər tezdən buralar tərtəmiz olur. Axşama yaxın artıq ətrafda müxtəlif tullantılar müşahidə edilir. Yəni müştərilər də yaradılan bu şəraiti dəyərləndirməli, təmizliyə riayət etməlidirlər.

Xeyrəddin müəllimin qənaətlərini hüquq elmləri namizədi, hakim, yazıçı Ənvər Seyidov da bölüşdü. Kompleksin rəhbərliyinin və xidmət göstərən personalın ünvanına xoş sözləri əsirgəməyən Ənvər müəllim özünü “Min bir gecə”nin fəxri müştərisi hesab edərək dedi:

— İnsanların daxilən rahatlıq tapdıqları müəyyən daimi guşələr, məkanlar olur. Mənim üçün bu Şıx çimərliyinin ərazisində yerləşən “Min bir gecə” istirahət mərkəzidir. Açığını deyim, diqqət yetirsəniz görərsiz ki, burada istirahət edənlərin sayı və kontingenti digər çimərliklərdən fərqlidir. Əvvəla, bura veteranlar və uşaqlar pulsuz buraxılır. İkinci tərəfdən, burada qiymətlər əhalinin yaşayış səviyyəsinə uyğun tənzimlənir. Yəni insan istirahətə gəlirsə burada xərclədiyi vəsait sonradan onun gərginlik keçirməsinə səbəb olmamalıdır. Ona görə də, görürsünüzmü, sahil boyu az qala, hər yer dolub. Bu ilk növbədə, xidmətin qiymətlərinin aşağı, keyfiyyətinsə yuxarı olmasından xəbər verir.

Buranın aurası da insanları, xüsusilə gənc, uşaqlı ailələri, yaşlı nəsli çəkir. Burada elə bir mühafizə sistemi qurulub ki, heç kim istirahətə gələnlərin planlarını poza bilməz, bu da əsas şərtlərdən biridir.

Mən böyük inamla çimərlikdə istirahət etmək istəyənlərə “Min bir gecə”yə gəlməyi məsləhət görərdim. Əgər Moskvadan, Permdən, İrkutskdan, Ukraynadan, Moldovadan min kilometrlərlə yol qət edib bura istirahətə gələnlər sonradan buranın daimi müştərilərinə çevrilirlərsə, demək onların istirahəti yaxşı keçib.

Gün batana yaxın biz əşyalarımızı toplayıb “Min bir gecə”dən çıxmağa hazırlaşırdıq. Xidmətçilər isə tikilinin qarşısındakı meydanda stolları düzməyə başlamışdılar. Axşam burda qonaqlar rəqs edəcək, əylənəcək və mənalı istirahətin daha bir günündən xoş əhvali-ruhiyyə ilə ayrılacaqdılar.

 

 

İlqar RÜSTƏMOV

 

 Xalq qəzeti.- 2009.- 24 iyul.- S. 5.