Azərbaycan iqtisadiyyatının inkişafı “Xalq qəzeti”nin
həmişə diqqət mərkəzində olmuşdur
“Xalq qəzeti” mənalı
yaradıcılıq yolu keçmiş, özünəməxsus
üslub və sənətkarlıq xüsusiyyətləri
olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist”
adı ilə nəşr edilən bu qəzet bütün
Sovet dövrü ərzində Azərbaycanın ictimai,
iqtisadi və mədəni həyatının
güzgüsü olmuşdur...
Heydər ƏLİYEV
Ümummilli lider
Yaşadığımız qloballaşma şəraitinin
özünəməxsus xüsusiyyətləri mövcuddur. Xüsusilə
nəzərə alsaq ki, XXI əsr həm də informasiya əsri
adlandırılır, onda müasir dövrümüzdə
informasiyanın rolu aydın olar. Təbii ki, istənilən
inkişaf prosesində vaxtında, dəqiq və qərəzsiz
əldə edilmiş informasiyanın xüsusi əhəmiyyəti
böyükdür. Başqa sözlə desək, lazımi
informasiyalara malik olmadan gələcək perspektivlərə
nail olmaq qeyri-mümkündür. Bu mənada Azərbaycan
Respublikasının, onun ayrı-ayrı regionlarının
sosial-iqtisadi inkişafında cəmiyyəti vaxtında və
dəqiq informasiya ilə təmin edən “Xalq qəzeti”nin əhəmiyyəti
danılmazdır. Ümummilli liderimiz Heydər Əliyevin
sözləri ilə desək “Bu qəzet həmişə yeni
həyat uğrunda çarpışanların ilk
sıralarında getmişdir”.
Hər gün səmimi
dost kimi görüşdüyümüz, maraqla vərəqləyib
dünyada və ölkədə baş verən ictimai-siyasi və
sosial-iqtisadi proseslərlə yaxından tanış
olduğumuz “Xalq qəzeti”nin bu günlərdə 90
yaşı tamam olur. Tarixə nəzərə saldıqda
“Xalq qəzeti”nin 90 illik ömür yolunda mürəkkəb,
keşməkeşli, mübarizələrlə dolu bir yol
keçdiyinin şahidi oluruq. Fəaliyyətə
başladığı gündən obyektivliyi və operativliyi
ilə digər mətbu orqanlardan açıq-aydın
seçilən “Xalq qəzeti” səhifələri fəhlə
və kəndlilərin, elm və mədəniyyət
işçilərinin, ziyalıların, bir sözlə, cəmiyyətin
bütün təbəqələrinin üzünə həmişə
açıq olmuşdur. Öz oxucuları ilə dil
tapmağı bacaran, hətta yeri gəldikdə oxucuların
ağıllı məsləhətlərinə qulaq asan,
onların arzu və təkliflərini qəbul edən bu qəzet
materialların aktuallığını həmişə diqqət
mərkəzində saxlamışdır.
Azərbaycan
xalqının və dövlətinin 90 illik tarixini
özündə əks etdirən “Xalq qəzeti” ötən əsrin
əvvəllərində dünyada baş verən hadisələri
olduğu kimi işıqlandırmış, ölkədə
savadsızlığın aradan qaldırılması, cəmiyyətin
dolğun və dəqiq informasiya ilə təmin edilməsi,
eləcə də ana dilimizin saflığı uğrunda
mübarizənin ön sıralarında olmuşdur. Hələ
II Dünya müharibəsi zamanı İttifaq səviyyəsində
faşizmə qarşı aparılan ölüm-dirim
mübarizəsində Azərbaycan xalqının igid
övladlarının həm arxa, həm də ön cəbhələrdə
göstərdikləri misilsiz qəhrəmanlıqları tam
dolğunluğu ilə işıqlandıran qəzet müharibədən
sonrakı illərdə də öz operativliyini qoruyub
saxlamış və daha da gücləndirmişdir. Bu səbəbdəndir
ki, istər SSRİ dövründə, istərsə də
müstəqillik illərində qəzet ölkə
iqtisadiyyatının inkişafında mühüm rol
oynamışdır. Belə ki, “Xalq qəzeti” müharibədən
sonra ölkədə gedən bərpa və quruculuq işlərindən,
iqtisadiyyatın möhkəmləndirilməsi istiqamətində
həyata keçirilən tədbirlərdən, müstəqillik
illərində isə həyata keçirilən iqtisadi
islahatlar, mövcud nöqsanlar, onların aradan
qaldırılması yolları və s. kimi məsələlərdən
həvəslə yazmış, xalqı səfərbəredici
qüvvəyə çevirmək üçün təbliğati
məsələləri gücləndirmişdir.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə
(1969-1982-ci illər) qəzet, sözün əsl mənasında,
ulu öndərin ideyalarının həyata keçirilməsində
mübariz tribunaya çevrilmişdi. Onun səhifələrində
neqativ hallara qarşı barışmaz mübarizə ciddi
xarakter almışdı. Respublikanın həyatında
baş verən müsbət dəyişikliklər digər mətbuat
orqanlarında olduğu kimi, “Kommunist” qəzetində də
geniş təbliğ olunur, ictimaiyyət arasında
yayılırdı. Məhz ümummilli lider Heydər Əliyevin
gündəlik qayğısı sayəsində bu qəzet Azərbaycanda
kütləviliyi ilə seçilən mətbuat orqanı
kimi fəaliyyətini daha da təkmilləşdirmiş,
tirajını bir neçə dəfə artırmış,
eyni zamanda, özünəməxsus dəst-xəttini qoruyub
saxlamışdır.
Tarixi materiallardan
aydın olur ki, yarandığı ilk illərdə
redaksiyanın cəmi 9 nəfər işçisi olmuş və
təbii ki, qəzet çox az tirajla
çıxmışdır. 1919-cu il avqustun 29-da ilk nömrəsi
əski əlifba ilə işıq üzü görən qəzetin
redaktoru görkəmli ictimai-siyasi xadim Ruhulla Axundov olmuş,
daha sonra isə müxtəlif vaxtlarda qəzetə görkəmli
ictimai xadimlər, yazıçı-publisistlər Həbib Cəbiyev,
Ağababa Yusifzadə, Böyükağa Talıblı, Əli
Vəliyev, Xasay Vəzirov, Ağababa Rzayev, Ramiz Əhmədov,
Tofiq Rüstəmov və başqaları rəhbərlik
etmişlər. Eyni zamanda, kimin rəhbərlik etməsindən
asılı olmayaraq, Azərbaycanda iqtisadiyyatın, mədəniyyətin,
ədəbiyyatın, incəsənətin və s. sahələrin
ilk bünövrə daşlarının qoyulmasında bu qəzetin
misilsiz xidmətləri vardır.
İqtisadi proseslər, ədəbi-mədəni
quruculuq və digər sahələrdə ardıcıl
mübarizə aparan “Xalq qəzeti”nin səhifələrindən
doğan, ilk dəfə bu mətbu orqanda
işıqlandırılan hər hansı təşəbbüs
qısa zaman kəsiyində bütün ölkəyə
yayılır və cəmiyyət tərəfindən dəstəklənərək
böyük bir hərəkata çevrilirdi. Yuxarıda qeyd
olunduğu kimi, qəzetin istənilən sahədə əldə
edilən uğurlarda öz payı vardır. Məsələn,
doğma dilimizin saflığı və təmizliyi uğrunda
qəzetin apardığı ardıcıl mübarizə
yaddaşlardan silinməmiş və qəzetə rəğbət
qazandıran saysız-hesabsız nümunələrdən biri
olmuşdur. Bu öz nəticəsini vermiş, qəzetin
“Dilimızin islahı” adı altında buraxdığı əlavələrin,
bu məsələyə dair yüzlərlə tutarlı məqalənin,
o cümlədən nüfuzlu ziyalı və mütəxəssislərin
mövqeyinin işıqlandırılması Azərbaycan ədəbi
dilinin inkişafında böyük əhəmiyyət kəsb
etmişdir.
“Xalq qəzeti”nin ən
qaynar və maraqlı dövrü ümummilli liderimiz Heydər
Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik
etdiyi 1969-1982-ci illərə təsadüf edir. Həmin illərdə
ölkə iqtisadiyyatının bütün sahələrində
geniş quruculuq işləri aparılır, yeni müəssisələr
yaradılır, eləcə də ölkədə cərəyan
edən iqtisadi proseslər dərhal obyektiv
işıqlandırılırdı. Ümumiyyətlə, istər
SSRİ, istərsə də müstəqillik illərində
dahi Heydər Əliyevin Azərbaycana rəhbərliyi elə
bir vaxta düşmüşdü ki, sanki xarabalıqlar üzərində
yeni bir məmləkət qurulurdu. Vaxtilə keçmiş
İttifaqın ən geridə qalmış
respublikalarından biri olan Azərbaycan məhz ümummilli
lider Heydər Əliyevin rəhbərliyi dövründə
ildən-ilə öz simasını dəyişir,
iqtisadiyyatını, elmini, mədəniyyətini, incəsənətini
və ədəbiyyatını inkişaf etdirərək
qabaqcıllar sırasına çıxırdı. Bütün
bu müsbət dəyişikliklərin baş memarı olan
dahi Heydər Əliyev çox düzgün bilirdi ki, ölkədə
görülən nəhəng işlərin, həyata
keçirilən möhtəşəm layihələrin
müvəffəqiyyətlə reallaşması, hər bir kəsin
milli iqtisadiyyatın inkişafı üçün əlindən
gələni etməsi, başqa sözlə desək, xalqı
səfərbər edə biləcək mətbuat orqanın
mövcudluğu zəruridir.
Azərbaycan
Respublikasının iqtisadi inkişafında mətbuatın,
xüsusilə “Xalq qəzeti”nin əhəmiyyətini sübut
edən başqa bir fikir isə qəzetin 50 illik yubileyində,
yenə də ümummilli lider tərəfindən səsləndirilmişdir.
Hələ sovet hakimiyyətinin hökmran olduğu 1969-cu ildə
bütün SSRİ-də dövlət dilinin rus dili olduğu
bir vaxtda ümummilli lider Heydər Əliyev doğma Azərbaycan
dilində çıxış edərək demişdir:
“...Çoxlarının yaxşı yadında olar ki, bir
vaxtlar Bakı fəhlələri vətənpərvərcəsinə
belə bir mübariz şüar irəli
sürmüşdülər: ”Neft beşilliyini iki il yarıma
yerinə yetirək! Qəzet də o zaman böyük Sovetlər
ölkəsinə son dərəcə lazım olan neftlə,
obrazlı desək, nəfəs alır, şanlı Bakı
neftçiləri ilə birlikdə əmək növbəsində
durur, neft quyuları qazmaqda, neft fontanlarını ram etməkdə
onlara kömək edirdi...”
Dahi Heydər Əliyevin
söylədiyi bu fikirlər “Xalq qəzeti”nin ölkənin
iqtisadi inkişafındakı rolunu açıq-aydın
göstərir. Ulu öndər tərəfindən qəzetin
fəaliyyətinə verilən bu yüksək qiymət
ölkədə gedən yenidənqurma proseslərini daha
operativ və maraqlı işıqlandırmaqda qəzetin
yaradıcı kollektivinə əlavə güc verir,
onları öz işlərində daha məsuliyyətli,
obyektiv və operativ olmağa sövq edirdi.
Bu günlərdə
M.F.Axundov adına Mərkəzi Kitabxanada olarkən qəzetin
keçmiş nömrələri ilə tanış olduq. Bu
nömrələri vərəqlədikcə, hələ
1970-80-ci illərdə Azərbaycanda tikilib istifadəyə
verilən yeni sənaye müəssisələrinin, təzə
yaşayış massivlərinin, müxtəlif istiqamətləri
əhatə edən yeni istehsal obyektlərinin geniş
panoramına rast gəlirsən. Aqrar sektorda əldə olunan
nailiyyətlər, pambıqçılıq,
üzümçülük istehsalında qazanılan
uğurlar, sənaye, kənd təsərrüfatı,
tikinti-quruculuq sahələrində irəli sürülən
bir sıra təşəbbüslər qəzetin baş
mövzusuna çevrilmişdir. Eyni zamanda, qəzetin mühüm
xüsusiyyətlərindən biri də odur ki, ilin
ayrı-ayrı vaxtlarında müxbir postları fəaliyyət
göstərmiş, eləcə də ölkə
iqtisadiyyatını möhkəmlətmək
üçün aparılan planlı yenidənqurma işləri
qəzetin aidiyyatı şöbələri tərəfindən
nəzarətə götürülmüdür. Keçmiş
nömrələri vərəqlədikcə metro tikintisindən
verilən reportajlar, kondisioner zavodunun tikintisi, yeni, daha
müasir neft-kimya sənayesi müəssisələrinin
inşası və s. haqqında dərc olunan materiallarla
tanış olursan.
“Xalq qəzeti”ni fərqləndirən,
əsas xüsusiyyətlərdən biri də,
qabaqcılların və yenilikçilərin təcrübəsinin
ümumiləşdirilərək geniş ictimaiyyətə
çatdırılmasıdır. Eləcə də bir
çox vətənpərvərlik təşəbbüsü
ilk olaraq ünvanını məhz bu qəzetdə
tapırdı ki, bütün bunlar da
stimullaşdırıcı amilə çevrilməklə əldə
edilən uğurların artmasına təkan verirdi. Göründüyü
kimi, iqtisadi inkişafda xüsusi əhəmiyyət kəsb edən
qəzet digər sahələrə də təsirsiz deyildi.
Məsələn,
1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra
mövcud quruluşa qarşı mübarizədə “Xalq qəzeti”
xalqın tribunasına çevrildi və müstəqillik
ideyaları ilk dəfə bu qəzetin səhifələrindən
dünyaya bəyan olundu. 1993-cü ildə isə xalqın təkidi
ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider
Heydər Əliyevin sosial-iqtisadi, ictimai-siyasi sahədə həyata
keçirdiyi mühüm dəyişikliklər qəzetin səhifələrində
öz geniş əksini tapdı. Məhz bunun nəticəsi
idi ki, ümummilli lider qəzetin 75 illik yubileyində
yazırdı: “Respublikada qəzetçilik ənənələrinin
formalaşmasında, jurnalistikamızın
inkışafında ”Xalq qəzeti"nin xidmətləri
xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli,
rəngarəng Azərbaycan mətbuatının bir çox
görkəmli nümayəndələri bu qəzetin
yaradıcılıq məktəbini keçmişdir. Müstəqilliyimizin
qazanılmasından sonra da “Xalq qəzeti” respublikanın
ictimai həyatında baş verən hadisələrə cəsarətlə
müdaxilə etmiş, bir çox problemlərin
aşkarlanmasında mühüm rol oynamışdır. Amansız
təcavüzkara qarşı apardığımız ədalətli
mübarizə qəzetin daimi mövzusuna çevrilmişdir. Bu
gün qəzet müstəqil Azərbaycanda hüquqi və
demokratik dövlət quruculuğu işində güclü səfərbəredici
rol oynayır”.
İstər
keçmişdə, istərsə də müasir qəzet
bolluğu dövründə özünəməxsus dəst-xətti,
aydın və prinsipial mövqeyi ilə seçilən,
ölkədə həyata keçirilən bir çox iqtisadi
tədbirlərin təşəbbüskarı olan “Xalq qəzeti”
doğma ana dilimizdə çıxan ən
uzunömürlü mətbuat orqanlarından biridir. Eyni
zamanda, qeyd etmək lazımdır ki, bir əsrə yaxın
müddətdə bu qəzet xalqımıza, Vətənimizə
vicdanla xidmət etmiş, həmişə dövlətə,
dövlətçiliyə, xalqımızın tarixinə,
milli-mənəvi dəyərlərinə, dilinə, dininə,
adət və ənənələrinə sadiq olmuşdur.
Keçmişdə
olduğu kimi, hazırda da bu qəzet istər ayrı-ayrı
bölgələrdə mövcud problemlərin
işıqlandırılmasında, istərsə də
regionlarda sosial, iqtisadi, mədəni və s. sahələrdə
əldə edilmiş uğurların geniş şəkildə
təbliğ olunmasında, eləcə də qarşıya
qoyulmuş vəzifələrin müvəffəqiyyətlə
icrasına ictimai nəzarətin həyata keçirilməsində
öncül mövqedədir. Bütün bunlar isə mətbuatın
dördüncü hakimiyyət adlandırılmasını
şərtləndirən əsas amillərdir ki, bu yolda da
“Xalq qəzeti” üzərinə düşən vəzifənin
öhdəsindən layiqincə gəlir.
Son dövrlər qəzetin
səhifələrində tez-tez görkəmli elm
adamlarının, gənc tədqiqatçıların,
müxtəlif sahələrin mütəxəssislərinin
fikir və mülahizələrinə geniş yer verilməsi,
dəyərli fikirlərin təbliğ olunması, “Xalq qəzeti”nə,
sözün əsl mənasında, ictimai-siyasi və elmi nəşr
deməyə əsas verir. Onu da qeyd etmək lazımdır ki,
bütün bunlar həm də qəzeti elmi ictimaiyyətin bir
istinad yerinə, informasiya mənbəyinə
çevirmişdir. Konkret olaraq iqtisadi sferada cərəyan edən
proseslər, regionların, o cümlədən ayrı-ayrı
inzibati rayonların sosial-iqtisadi inkişafı, qəbul edilən
dövlət proqramlarının icra vəziyyəti, milli
iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf səviyyəsini
xarakterizə edən statistik materiallar barədə kompleks məlumatlara
mətbu orqanlar arasında ilk olaraq, bu qəzetdə rast gəlmək
mümkündür. Əlbəttə, bütün bunların
əsas səbəblərindən biri mətbuata dövlət
qayğısıdırsa, başqa bir əsas səbəbi də
qəzet kollektivinin kifayət qədər peşəkar və
təcrübəli olmasıdır.
Beləliklə, uzun
müddət “Kommunist” qəzeti adı altında nəşr
edilən, hazırda isə “Xalq qəzeti” kimi hər gün cəmiyyətin
müxtəlif təbəqələrini əhatə edən
minlərlə oxucunun görüşünə gələn, ən
uzunömürlü anadilli mətbuat orqanının həyat
yoluna qısaca nəzər salmağa, cəmiyyətdə
geniş yayılan bir qəzet kimi ölkənin iqtisadi
inkişafında onun rolunu işıqlandırmağa
çalışdıq. Əlbəttə, “Xalq qəzeti”nin
sosial, iqtisadi, mədəni və s. sahələrdə əldə
etdiyi uğurlardakı payını, iqtisadi tədbir və
proqramların müvəffəqiyyətlə həyata
keçirilməsinə təsirini bir qəzet məqaləsi
ilə əhatə etmək qeyri-mümkündür. Sadəcə,
bu araşdırmaları aparmaqla, keçmişdə və
indi olduğu kimi, gələcəkdə də birinci
olması arzusu ilə “Xalq qəzeti”nin timsalında ölkənin
sosial-iqtisadi inkişafında mətbuatın rolunu bir daha yada
salmağa çalışdıq.
İsa ALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun
direktoru, iqtisad elmləri doktoru,
Aqil ƏSƏDOV,
AMEA İqtisadiyyat İnstitutunun
aparıcı elmi işçisi, iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2009.- 24 iyul.- S. 4.