Bolluq, bərəkət, halallıq...

 

Meliorasiya və su təsərrüfatı kompleksi ölkədə Ərzaq Proqramının yerinə yetirilməsində böyük rol oynayır

 

Elə bil təbiət insanları sınağa çəkib: son günlər havalar daha da istiləşmişdir. Qızmar, bürkülü yay günləri davam edir. Ancaq bu, kənd adamlarının əlini işdən soyutmur. Axı, indi kənddə işlərin ən qığzın çağıdır – taxıl biçilir, yem bitkiləri toplanır, meyvə-tərəvəz tədarük olunur, pambıq sahələrində becərmə işləri sürətlə davam etdirilir.

 

Havaların həddən artıq isti keçməsi, şübhəsiz ki, suvarma suyuna olan tələbatı da artırmışdır. Bəli, bu günlər meliorasiya və su təsərrüfatı işçilərinin qayğıları birə beş artmışdır. Aqrar islahatların çoxdan uğurla başa çatdığı, özəl sahibkarlığın sürətlə inkişaf etdiyi indiki şəraitdə kənd adamlarının, fermerlərin konkret kömək gördüyü, üz tutduğu yeganə ünvan da məhz onlardır – meliorasiya və su təsərrüfatı idarələridir. Bu qarşılıqlı əlaqə və əməkdaşlıq isə son nəticədə məhsul bolluğuna, kəndin də, kəndlinin də inkişafına, dəyişməsinə, yeniləşməsinə gətirib çıxarmışdır.

Bəs cari ildə yerlərdə işin təşkili necədir? Əldə edilmiş nəticələr nədən ibarətdir? Qarşıda duran konkret vəzifələr, çətinlik və problemlər necə aradan qaldırılır?

Biz bu suallarla Beyləqan, Ağcabədi və Laçın rayon meliorasiya və su təsərrüfatı idarələrinin rəhbərlərinə müraciət etdik. Aşağıda onların cavablarını veririk.

 

Nadir ƏLİYEV, Beyləqan Rayon Meliorasiya İdarəsinin rəisi:

 

– Əvvəlcə bu söhbətimiz üçün maraqlı və xarakterik ola biləcək bir məsələdən danışmaq istəyirəm. Bir neçə il bundan qabaq rayonumuzun Mil və Milabad kəndlərində gərgin vəziyyət yaranmışdı. Yeraltı sular əkin sahələrinin çox hissəsini tutmuşdu. İş hətta o yerə gəlib çatmışdı ki, əksər kənd sakinlənrinin evləri də nəm və rütubət içərisində idi. Əlbəttə, bu vəziyyətdə yüksək məhsuldarlıqdan danışmağa belə dəyməzdi. Kənd sakinləri ilboyu gərgin zəhmət çəkir, vaxt tamam olanda isə heç toxumu da çıxara bilmirdilər.

Əlbəttə, yaranmış vəziyyət əsaslı tədirlər işlənib həyata keçirilməsini, ciddi ölçü götürülməsini tələb edirdi. Belə də oldu. Beyləqanda müstəqil meliorasiya idarəsi yaranandan sonra gördüyümüz ilk iş məhz həmin kəndlərdə meliorasiya tədbirlərinin həyata keçirilməsi idi. Başqa sözlə desək, 1200 hektar sahədə örtülü və açıq drenaj şəbəkəsi quruldu, torpaq şor sulardan təmizləndi.

Maraqlıdır, bəs indi aparılan meliorasiya tədbirlərindən sonra həmin kəndlərin əkin sahələrində vəziyyət necədir? Qısaca olaraq deyək ki, həmin sahələrdə məhsuldarlıq 3-4 dəfə artmışdır. Eyni xoş sözləri I Aşıqlı, II Şahsevən, Dünyamallar,Eyvazallar və başqa kəndlərin ərazilərində aparılan əsaslı meliorasiya tədbirləri haqqında da demək olar.

Bundan başqa, Dünya Bankının vəsaiti hesabına rayonun Şərq qəsəbəsi ərazisində olan bütün kollektor-drenaj şəbəkələrinin və onların üzərində yerləşən hidrotexniki qurğuların əsaslı şəkildə təmir edilməsinə başlanılmışdır. Aparılan hesablamalar nəticəsində məlum olmuşdur ki, həmin tədbirlər başa çatdırıldıqdan sonra rayonun 35 min hektar əkin sahəsini meliorasiya cəhətdən yaxşılaşdırmaq mümkün olacaqdır.

Ümumiyyətlə, idarəmizin balansında 1200 kilometr kollektor-drenaj şəbəkəsi var. Başlıca vəzifəmiz həmin şəbəkənin vaxtında lildən təminlənməsi, şəbəkə üzərində olan hidrotexniki qurğuların cari və əsaslı təmiridir. Bu işlərin vaxtında və keyfiyyətlə aparılması üçün, ilk növbədə, tələb olunan texnika alınmalıdır. Bu cəhətdən işimizdə heç bir problem yoxdur. Yeri gəlmişkən, mən respublika Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə konkret diqqət və köməyə görə kollektivimizin hər bir üzvünün, o cümlədən kənd əməkçilərinin minnətdarlığını çatdırmaq istəyirəm. Belə kömək və diqqətin nəticəsidir ki, idarəmiz müstəqil olaraq fəaliyyətə başlayandan indiyə kimi nəzərdə tutulan bütün tapşırıqları artıqlaması ilə yerinə yetirmişdir. Məsələn, ötən il kollektivimizin gücü ilə 156 kilometr kollektor-drenaj şəbəkəsi lildən təmizlənmiş, 3 kollektor əsaslı şəkildə təmir edilmişdir. Cari ilin 6 ayında isə 150 kilometr kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri aparılmışdır.

Torpaqların meliorasiya cəhətdən yaxşılaşdırılması, şor suların vaxtında axıdılması, ümumiyyətlə, bu istiqamətdə nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi isə öz real nəticələrini verir. Belə ki, rayonumuzda kənd təsərrüfatı məhsulları istehsalı son illər artan sürətlə inkişaf edir. Cari ildə ötən ilə nisbətən taxıl əkini sahələri 9 min hektara yaxın artırılmışdır. Artıq biçin yekunlaşmaq üzrədir. İlkin hesablamalar göstərir ki, bu il Beyləqanda 90 min ton taxıl gözlənilir. Bu isə rayon tarixində ən yüksək göstəricidir. Əldə edilən bu yüksək nəticələrdə, əlbəttə, biz meliorasiya və su təsərrüfatı işçilərinin də layiqli və şərəfli əməyi var.

 

Azər RZAYEV, Ağcabədi Rayon Meliorasiya İdarəsinin rəisi:

 

– Biz melioratorlara əbəs yerə torpağın təbibi demirlər. Doğrudan da, şoran, necə deyərlər, xəstə torpağı sağaltmaq, münbit, məhsuldar hala gətirmək şərəfli olduğu qədər də məsuliyyətli bir işdir. Ona görə dolu sünbüllü taxıl zəmilərinə, bərəkətli, barlı, bəhrəli pambıq tarlalarına, meyvə-tərəvəz, bar-bostan sahələrinə baxanda fərəh hissi keçiririk, çəkdiyimiz zəhmətin nəticələrini görəndə sevininirik.

Ümumiyyətlə, meliorasiya tədbirlərindən danışarkən hökmən ötən əsrin 70-80-ci illərini, xalqımızın böyük oğlu, ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illəri xatırlamaq lazım gəlir. Əslində respublikamızda hazırkı məhsul bolluğunun bünövrəsi məhz həmin illərdə qoyulmuşdur. Olduqca fərəhlidir ki, aqrar sahədə seçilmiş həmin strateji xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyildir ki, regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramında da meliorasaiya tədbirlərinin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılmışdır.

Ağcabədidə son illər bu istiqamətdə sistemli və ardıcıl iş qurulmuşdur. Daha dəqiq desək, təkcə ötən ildə şəhər daxilində və ayrı-ayrı kəndlərdə kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi sahəsində nəzərdə tutulan vəzifələr artıqlaması ilə yerinə yetirilmişdir. Belə ki, rayon daxilində 45,8 min kubmetr ekskovator, 10,6 min kubmeter buldozer, Xocavənd kəndində 31,8 min kubmetr ekskovator, 10,8 min kubmetr buldozer, Ağabəyli kəndində 24,3 min kubmetr ekskovator, 9,15 min kubmetr buldozer, Qaravəlli kəndində 33,8 min kubmetr ekskovator, 14,1 min kubmetr buldozer işi görülmüşdür. 2008-ci ildə ümumilikdə kollektivimizin səyi ilə kollektor-drenaj şəbəkələrində 600 min kubmetr işi aparılmışdır.

Həyata keçirilən bütün bu tədbirlər isə rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması, hər hektarın məhsuldarlığının yüksəldilməsi ilə nəticələnmişdir.

Cari ilin ötən aylarının yekunları da fərəhlidir. Məsələn, təkcə onu deyək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aparılan meliorasiya işlərinin ümumi həcmi 25 faizdən çox artmışdır. Konkret olaraq Qiyəməddinli kəndi ərazisində 33,8 min kubmetr ekskovator, 11,9 min kubmetr buldozer, Şənlik kəndində 23,46 min kubmetr ekskovator, 7,4 min kubmetr buldozer və s. iş görülmüşdür. Ümumilikdə isə cari ilin ötən dövrü ərzində 400 min kubmetrdən artıq torpaq işi görülmüşdür. Bir sözlə, belə deməyə tam əsasımız var ki, idarəmizin kollektivi bundan sonra da qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olacaqdır.

 

Maşallah Sadıqov, Laçın Rayon Suvarma Sistemləri İdarəsinin rəisi:

 

– Əvvəllər Ağcabədi və İmişli rayonlarının ərazisindəki 30 min hektardan artıq torpaq sahəsindən ancaq qış yatağı kimi istifadə edirdik. 1992-ci ildən alınmaz qala olan Laçın dağları xəyanət nəticəsində düşmənə təslim edildikdən sonra isə əhalinin böyük bir hissəsi burada məskunlaşdı. Bu isə öz növbəsində ev, məktəb, xəstəxana, yol çəkilişi və başqa infrastrukturla yanaşı, meliorasiya və su təsərrüfatı sahəsində də əsaslı tədbirlər görülməsini tələb edirdi. Laçın Suvarma Sistemləri İdarəsinin geniş və əsaslı fəaliyyəti də məhz bu dövrdən başlanmışdır.

Əlbəttə, ötən müddət ərzində bu istiqamətdə görülmüş işlər, həyata keçirilən tədbirlər barədə geniş danışmaq çox vaxt aparardı. Qısaca olaraq onu deyək ki, əgər bu gün Ağcabədi qış yataqlarında məskunlaşmış 86 obanın sakinləri il ərzində özlərinə bəs edəcək qədər taxıl, bağ-bostan, tərəvəz, heyvandarlıq məhsulları istehsal edə bilirlərsə, bu, həm də vaxtında aparılan meliorasiya və suvarma tədbirlərinin nəticəsidir. Bircə faktı xatırladaq ki, qış yataqlarında yüz hektarlarla sahələrə heç vaxt suvarma suyu axıdılmamışdır. Əslində buna əvvəllər heç ehtiyac da yox idi. Ona görə ki, əsasən heyvandarlıqla məşğul olan laçınlılar ilin çox hissəsini doğma yurdlarında – dağlar qoynunda keçirirdilər.

Yuxarıda da dediyimiz kimi, Ağcabədi qış yataqları 30 min hektardan artıq sahəni əhatə edir. Əlbəttə, bu qədər geniş ərazini təkcə nasos stansiyalarının gücü ilə suvarmaq qeyri-mümkündür. Bununla yanaşı, ona nail olmağa çalışırıq ki, nasos stansiyalarının gücündən maksimum istifadə edək, boşdayanma hallarına yol verməyək, kanalların lildən təmizlənməsi vaxtında və keyfiyyətlə aparılsın. Bu məqsədlə Kür çayı üzərində 27 nasos stansiyası fəaliyyət göstərir ki, bunlardan da 14-ü dizellə, 13-ü isə elektriklə işləyir. Təkcə cari ilin II rübü ərzində 23712 hektar əkin və örüş sahələri suvarılmışdır. Bu müddət ərzində 21 hidrotexniki qurğu, 6 nasos stansiyası, elektrik avadanlıqları, transformatorlar, boru kəmərləri və s. təmir edilmişdir. Qoşasu obası ərazisində Qayğı kanalı üzərində elektrik nasos stansiyası, Alxaslı obası ərazisində isə 2 ədəd hidrotexniki qurğu quraşdırılmışdır.

Qayğı kanalı isə sözün həqiqi mənasında biz laçınlılara yeni həyat gətirmişdir. Məlumdur ki, bu kanal 2007-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə göstərişi əsasında çəkilmişdir. Öz mənbəyini Qarqar çayından götürən kanalın ümumi uzunluğu 8,5 kilometrdir. Beləliklə, hazırda bu kanal vasitəsilə 10 min hektar sahəni suvarmaq mümkündür. Qayğı kanalının çəkilişdən sonra Vağazini, Şeylanlı, Qarakeçdi, Mirik, Minkənd, Qoşasu, Ağbulaq obalarının əkin sahələrində məhsuldarlıq 7-8 dəfə artmışdır.

Ağcabədi qış yataqları şoranlaşmaya meyillidir. Ona görə də burada meliorasiya tədbirlərinin aparılması ikiqat əhəmiyyətlidir. Hazırda bu məqsədlə geniş meliorasiya işləri həyata keçirilir. İndiyə kimi 1270 metr qapalı drenaj xətti, 2800 metr kollektor çəkilmişdir. Bundan başqa, 38 hidrotexniki qurğu tikilmişdir.

Kənd adamı üçün ən böyük sevinc yüksək nəticə, götürdüyü bol məhsuldur. Laçınlı məcburi köçkünlər də indi bax, belə xoş duyğularla yaşayırlar. Vaxtında aparılan meliorasiya tədbirləri, suvarmanın keyfiyyətlə aparılması, fermerlərlə, sahibkarlarla qarşılıqlı, əlbir fəaliyyət öz gözəl bəhrəsini verir. Belə ki, ildən-ilə kənd təsərrüfatı məhsulları istehsalı artan sürətlə inkişaf edir. Məsələn, cari ildə 3026 hektarda taxıl yetişdirilmişdir. Cəmi 9700 ton məhsul götürülmüş, hər hektarın məhsuldarlığı isə 31,8 sentnerə çatdırılmışdır.

Bəli, bu gün Azərbaycan kəndi öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Bu inkişaf və yüksəlişdə kənd adamının özü də dəyişmiş, daha maraqlı, təşəbbüskar və zəngin olmuşdur. Göründüyü kimi, bu bolluğu və bərəkəti, xoşbəxt və firavan həyatı yaradanlar sırasında meliorasiya və su təsərrüfatı sistemində çalışanların da öz halal və layiqli payı var...

 

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 24 iyul.- S. 4.