“Sayarsan – sayılarsan” şüarı ilə yaşayır və işləyir

 

Azərbaycan jurnalistlərinin yaşlı nəslinə mənsub qələm sahiblərindən biri, “Say” qəzetinin təsisçisi və baş redaktoru Hacı Rafiqin 70 yaşı tamam olur.

 

Rafiq Əliqulu oğlu Əliyev 1939-cu il iyul ayının 26-da Bakıda anadan olmuşdur.

Onun imzası respublika mətbuatında 1956-cı ildən görünməyə başlamışdır. O vaxtlar, hələ Bakıdakı 199 saylı orta məktəbdə oxuyarkən, fotoqrafiyanın sirlərinə dərindən bələd olması sayəsində, respublikamızın paytaxtında nəşr olunan bir sıra qəzet və jurnalların, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, yenicə çıxmağa başlayan “Bakı” qəzetinin ştatdankənar fotomüxbiri kimi çalışmışdır. Orta məktəbi bitirdikdən sonra, 1958-ci ildə BDU-nun jurnalistika şöbəsinə daxil olmuşdur. Peşəkar jurnalistlik fəaliyyətinə də elə tələbə ikən başlamışdır. 1962-ci ildə universitetin IV kursunda oxuyarkən “Politexnik” qəzetinin Azərbaycan bölməsinin redaktoru təyin edilmiş, ali təhsilini bitirdikdən sonra əvvəlcə politexnikumda, sonra isə institutda dərs demişdir.

1966-cı il artıq püxtələşmiş jurnalist Rafiq Əliyevin həyatında bəlkə də dönüş nöqtəsi oldu. Bakıda doğulub böyümüş, universitet bitirmiş, jurnalistika sahəsində bir neçə vacib ixtisasa yiyələnmiş, şəhərdə evi-eşiyi, işi-gücü olan gənc mütəxəssis ( o vaxtlar artıq Pedaqoji İnstitutun qəzetini redaktə edir, eyni zamanda fəlsəfə kafedrasının müəllimi işləyirdi ) Mərkəzi Komitənin adi bir təklifi ilə rayon qəzetində çalışmağa razılıq verdi. Əvvəlcə Ucarda çıxan “Yeni söz” qəzetinə redaktor müavini, az müddət keçdikdən sonra isə Ağcabədi rayonunun “Sürət” qəzetinə redaktor vəzifəsinə təyin edildi. Rafiq müəllim istər Ucarda, istərsə də Ağcabədidə çalışarkən cəsarətli, qətiyyətli mövqeyi, peşə yenilməzliyi ilə seçilmiş, rayonların iqtisadi, sosial həyatında başçılıq etdiyi qəzetlərin daha fəal rol oynamasına nail olmuşdur.

R. Əliyev 1972-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmiş, o vaxtlar respublikamızın nüfuzlu mətbu orqanlarından sayılan “Kənd həyatı” jurnalına partiya həyatı şöbəsinin müdiri təyin edilmişdir. Həmin illərdə Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin işləyib hazırladığı kənd təsərrüfatının dirçəldilməsi strategiyası ölkəmizin iqtisadi həyatında çox böyük əhəmiyyət kəsb edirdi. Artıq təcrübəli aqrar jurnalist adı qazanmış Rafiq müəllim respublikamızın demək olar ki, bütün rayonlarını kəndbəkənd gəzib-dolaşır, Heydər Əliyev planlarının əmək adamları tərəfindən necə böyük ruh yüksəkliyi ilə həyata keçirildiyinin şahidi olur, əldə edilən uğurları öz peşəkar qələmi ilə əks etdirirdi.

Keçmiş SSRİ-nin çökməsi ilə azadlıq və demokratiya ab-havası gücləndikcə, qələm sahibləri, ziyalılar daha dərindən nəfəs almağa, sabaha daha böyük ümidlə baxmağa başladılar. Rafiq Əliyev elə bu ümidlə də “Say” adlı qəzet təsis etdi və onun baş redaktoru oldu. Adı ilə devizi arasında “Sayarsan - sayılarsan” deyə möhkəm uyarlığı ilə seçilən bu qəzetin ilk nömrəsindən əsas mövzu dairəsini respublikamızda iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində yazılar təşkil edir.

Lakin, respublikamızın, xaalqımızın, millətimizin şərəf və ləyaqətinə toxunan iftira və böhtanlar ortaya çıxanda Hacı Rafiqin kəskin publisist qələmi işə düşür, istər doğma Azərbaycan dilində, istərsə də rus dilində eyni səviyyəli yazılarla bədxahlarımıza kəskin cavablar verir. Təkcə bunu göstərmək kifayətdir ki, bir vaxtlar, necə deyərlər, qılıncının dalı da, qabağı da kəsən “Pravda” qəzetinə Hacı Rafiq replika yazır, bu replika məhz “Say” qəzetində dərc edilmişdir. Moskva televiziyasının bir sıra verilişlərinə tutarlı cavabları, rus dilində dərc etdirdiyi bir çox digər yazıları, xalqımızın məkrli bədxahı Jirinovskiyə ünvanlanmış “Ne lezte ne v svoi vorota, qospodin Jirinovskiy” başlığı ilə dərc etdirdiyi replika oxucuların böyük marağına səbəb olmuşdur.

Rafiq Əliyev “Ustad sənətkar” ali jurnalist mükafatı laureatıdır.

Respublikamızda ilk özəl qəzetlərdən birinin təsisçisi olan R. Əliyev Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konfederasiyasının Şura üzvüdür. O, Bakıda, Moskvada, Bişkekdə, Ankarada, Tehranda, Bağdadda keçirilən beynəlxalq konfranslarda nümayəndə kimi iştirak etmiş, bu tədbirlərin yüksək tribunasından etdiyi cəsarətli çıxışlarında Qarabağ müharibəsinə dair həqiqətlərə həmişə önəmli yer vermişdir.

Geniş dünyagörüşünə malik, əhatəli erudisiya sahibi olan Rafiq müəllim eyni zamanda mahir ədəbiyyatçı, axtaran və yeni cəhətləri üzə çıxaran tədqiqatçıdır. Sədi Şiraziyə həsr olunmuş beynəlxalq konfransda etdiyi “Sədi “Gülüstan”ında Azərbaycan fidanları” adlı elmi məruzəsində bu böyük fars şairinin o zamankı Azərbaycanın ictimai fikir, təfəkkür və irfan mühiti ilə sıx bağlı olmasına dair gətirdiyi, indiyədək heç kəsin diqqətini çəkməyən dəlillər şərqşünasların böyük marağına səbəb olmuşdur. Hacı Rafiq geniş maarifçilik fəaliyyəti ilə məşğuldur. Onun müxtəlif televiziya verilişlərində, islam dininin təbliği, eyni zamanda bu dinin hər cür mövhumata, xürafata zidd olması ilə bağlı çıxışları, eləcə də şeir adına ləkə gətirən bayağı deyim nümunələrini xalqa poeziya kimi təqdim edənlərə qarşı ardıcıl, məntiqli etirazları xalqın ziyalı qisminin dərin rəğbətini qazanmışdır. Rafiq müəllim gözəl şeir bilicisi, Vahid poeziya məclisinin sədridir.

Hacı Rafiq Hindistan, Pakistan, Şri-Lanka, Misir Ərəb Respublikası, Türkiyə, İran və İraqda, bir sıra Avropa ölkələrində işgüzar səfərlərdə, ezamiyyətdə olmuşdur.

Onun başçılıq etdiyi “Say” qəzeti öz fəaliyyətini ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş çiçəklənən Azərbaycanın siyasi, iqtisadi və sosial sahədə uğurlarını inamla davam etdirən və yeni yüksək səviyyəyə qaldıran Prezident İlham Əliyevin, respublikamızın mədəni və sosial həyatında əvəzolunmaz rol oynayan Mehriban xanım Əliyevanın ümummilli və ümumbəşəri səylərinə layiq qurmağa çalışır. Həmkarları, mətbuat nümayəndələri, çoxsaylı oxucuları adından biz Hacı Rafiq Əliyevə bu yolda yeni yaradıcılıq uğurları arzulayır, onu 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik!

 

 

M. İMAMVERDİYEV

 

Xalq qəzeti.- 2009.- 26 iyul.- S. 7.