Muzey xalqımızın çoxəsrlik tarixini
özündə əks etdirən maddi-mənəvi xəzinədir
Muzey tarixi, maddi və mənəvi dəyərlərin
saxlanıldığı, qorunduğu və öyrənildiyi
elm, maarifləndirmə müəssisəsidir. Muzeylər
tarixin müəyyən məqamını özündə
yaşadan, ötən əsrlərin müxtəlif
olaylarından xəbər verən eksponatları komplektləşdirən,
qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən
maddi-mənəvi xəzinə hesab olunur. Bu “xəzinə” əslində
elm, maarif müəssisəsidir. Əlbəttə, muzeylərə
sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin
saxlanc yeri kimi baxmaq düzgün deyil. Burada saxlanılan hər
bir eksponat xalqın çoxəsrlik tarixini, qədimliyini,
milliliyini əks etdirir.
Azərbaycanda muzey işi qədim
dövrlərdən başlayaraq özünəməxsus
inkişaf yolu keçmişdir. Ölkəmizdə ilk dəfə
muzey yaranması XIX əsrin sonlarında Nehrəm kəndində
məktəb muzeyi təşkil edildiyi dövrə təsadüf
edir.
XX əsrin əvvəllərində
artıq Bakıda da muzey fəaliyyət göstərməyə
başlayıb. Azərbaycan Demokratik Respublikasının
mövcud olduğu dövrdə Bakıda “Müstəqillik
muzeyi” fəaliyyət göstərib. 1920-ci ildən
başlayaraq Azərbaycanın bir çox şəhərlərində
— Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə
tarix-diyarşünaslıq muzeyləri yaradıldı.
Böyük tarixi şəxsiyyət
Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycana rəhbərliyə
gəldikdən sonra bütün sahələrdə əsaslı
dönüş, canlanma yarandı. Bu canlanma muzeylərə də
öz təsirini göstərdi. Ulu öndər milli-mənəvi
dəyərlərimizin inkişafına və qorunmasına
xüsusi diqqət yetirirdi. 70-ci illər Azərbaycanda muzey
şəbəkəsinin daha sürətli inkişafı ilə
yadda qaldı. Bu da Azərbaycana rəhbərlik edən
qüdrətli siyasi xadim Heydər Əliyevin fəaliyyəti
və şəxsi təşəbbüsü ilə
bağlı idi. Bu dövrdə və sonrakı illərdə
Azərbaycanın görkəmli incəsənət və ədəbiyyat
xadimlərinin xatirə muzeyləri açıldı.
1980-ci ildə müvafiq qanuna
uyğun olaraq respublikamızın demək olar ki, bütün
rayonlarında tarix-diyarşünaslıq muzeyləri
yaradıldı. Qəbələ rayon
tarix-diyarşünaslıq muzeyi də həmin il təşkil
olundu. Muzeydə Azərbaycanın — Qəbələnin iki min
beş yüz illik tarixini əks etdirən on iki mindən
çox tarixi və elmi əhəmiyyətə malik eksponat
mühafizə olunur.
90-cı illərdə Azərbaycanda
baş verən sosial-siyasi hadisələr digər sahələrdə
olduğu kimi, muzeylərin fəaliyyətinə də öz təsirini
göstərdi. Azərbaycan müstəqilliyini qazandığı
ilk illərdə ölkədə yaranmış anarxiya, xaos və
başı pozuqluq muzeylərin fəaliyyətini iflic vəziyyətinə
salmışdı. Daxili didişmə, hakimiyyətdə
birincilik davası milli-mənəvi dəyərlərimizin
inkişafını və qorunmasını yaddan
çıxarmışdı. Muzeylərə gələnlərin
sayı tamamilə heçə enmişdi. Ölkədə
baş alıb gedən özbaşınalıq muzeylərin
sayı və tematikasına da öz təsirini göstərirdi.
1993-cü ildə ümummilli lider xalqın təkidli tələbi
və xahişi ilə yenidən siyasi hakimiyyətə gəldikdən
sonra həyat tədricən öz axarına düşdü.
Azərbaycan bütün sahələr üzrə inkişaf
yoluna qədəm qoydu. O cümlədən muzeylərin də
fəaliyyətində əsaslı dönüş
yaradıldı. Azərbaycanda demokratik hərəkat tarixinə,
müstəqillik uğrunda mübarizəyə həsr edilən
yeni muzeylər yaradıldı. Hazırda Azərbaycanda 180
muzey fəaliyyət göstərir. Onlardan biri də Qəbələ
tarix-diyarşünaslıq muzeyidir.
Qəbələ Azərbaycanın
ən qədim diyarlarındandır. Bunu
tarix-diyarşünaslıq muzeyində saxlanılan eskponatlar,
arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq sənəti nümunələri,
qədim əlyazma və çap kitabları da təsdiqləyir.
Bu mədəniyyət ocağı ölkəmizin qabaqcıl
muzeyləri, Azərbaycan MEA-nın elmi-tədqiqat müəssisələri
ilə sıx əməkdaşlıq edir. Burada tədqiq, təbliğ,
mühafizə olunan arxeoloji materiallar əsasında çoxlu
sayda namizədlik və doktorluq elmi işləri
yazılıb.
2004-cü ilin aprel ayından muzey
əsaslı təmir olunmuş yeni binaya köçüb.
Fondda 12 mindən çox eksponat saxlanılır. Bunların əksəriyyəti
nadir eksponat hesab olunur. Ən maraqlısı odur ki, muzey 2500
illik tarixi əks etdirir. Muzeyə daxil olanların diqqətini
ilk növbədə ulu öndər Heydər Əliyev və
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qəbələ
rayonuna səfərlərini əks etdirən fotoşəkillər
cəlb edir.
Möhtərəm Prezidentimiz cənab
İlham Əliyev Qəbələyə səfəri
zamanı tarix-diyarşünaslıq muzeyində olmuş,
Qafqaz Albaniyası dövrünə aid eksponatlara maraqla
baxmış, bunları yüksək qiymətləndirmiş,
Azərbaycanın qədim tarixə malik olmasını
sübut etdiyini bildirmişdir. Azərbaycan Prezidenti cənab
İlham Əliyev tarix-diyarşünaslıq muzeyi ilə
tanışlıqdan sonra xatirə kitabına ürək
sözlərini yazıb: “1980-cı illərin əvvəlində
xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü
ilə yaradılmış Qəbələ
diyarşünaslıq muzeyi, şübhəsiz, öz
eksponatları ilə diyarın qədim tarixini əks etdirir. Qəbələ
Azərbaycanın qədim torpağıdır, eramızdan əvvəl
yazılmış mənbələrdə Qəbələnin
adını çəkirlər. Biz öz tarixi və mədəni
irsimizə böyük diqqətlə yanaşırıq. Biz
öz tariximizi sevməliyik, onu dərindən öyrənməliyik
və beynəlxalq ictimaiyyətə təqdim etməliyik. Qəbələ
diyarşünaslıq muzeyi bu vəzifələri uğurla
yerinə yetirir. Qəbələlilərə öz dərin
hörmət və məhəbbətimi bildirirəm”.
Qəbələ
respublikamızın ən gözəl, dilbər guşələrindən
biri olduğundan bu rayona çoxlu sayda tanınmış
qonaqlar gəlir. Onlar mütləq tarix-diyarşünaslıq
muzeyinə baş çəkir, buradakı nadir eksponatlara
heyranlıqla tamaşa edirlər. Muzeyin xatirə
kitabını vərəqlədikcə buraya kimlərin gəlməsi
bir daha aydın olur. Rəy kitabında ölkəmizin
adlı-sanlı akademiklərindən mərhum Ziya Bünyadovun,
Qara Əhmədov, Budaq Budaqov, Mirməmməd Cavadzadə,
Cahangir Qəhrəmanovun, tanınmış incəsənət
xadimlərindən Rəşid Behbudov, Əbülfət Əliyev,
Hacıbaba Bağırov, Habil Əliyevin, Milli Məclisin
deputatlarından Fəttah Heydərov, Əkrəm Əylisli, Bəxtiyar
Əliyevin, xalq şairi mərhum Bəxtiyar Vahabzadə, Zəlimxan
Yaqubun, ictimai-siyasi xadimlərdən Hidayət Orucov, Ədalət
Vəliyevin, əməkdar elm xadimi Seyfəddin Qəndilovun,
nazirlərdən Kəmaləddin Heydərov, Səfər Əbiyev,
səfirlərdən Namiq Abbasov, Vilayət Quliyev, Polad
Bülbüloğlunun, xarici qonaqlardan Tur Heyerdol, Oljas
Süleymenov, Əhməd Şmidenın, Qətər dövlətinin
müdafiə naziri Həməd Bin-Əli Əl-Atiyyənin,
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Rino Harnişin,
Misir, İran, Litva və digər ölkələrin Azərbaycandakı
sabiq səfirlərinin ürək sözlərini oxuduqca bir
daha şahidi olursan ki, Qəbələ
tarix-diyarşünaslıq muzeyi çox dəyərli və
qədim tarixə malik eksponatlarla zəngindir.
Tarix-diyarşünaslıq
muzeyinin doqquz yüz kvadratmetrlik binası, bir hektar torpaq sahəsi,
13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə
otaqları, şəkil qalereyası, zəngin elmi
kitabxanası, qədim daş abidələrdən
açıq səma altında təşkil olunmuş sərgi
meydançası var. Bura rayon sakinlərinin ən çox
baş çəkdikləri yerdir. Muzeydə mütəmadi
olaraq sərgi və maarifləndirmə işləri
aparılır. Azərbaycanın Müstəqillik
gününə, 20 Yanvar faciəsinə, ədəbiyyat, elm
və incəsənət xadimlərinin yubileylərinə,
Milli Musiqi Gününə, 8 Mart Qadınlar bayramına və
digər bayramlara həsr olunmuş tədbirlər, sərgilər
keçirilir. Dövlət başçımızın muzeylərə
göstərdiyi diqqət və qayğı
qarşımızda daha ciddi vəzifələr qoyub. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin “Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhərində
İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin
ucaldılması haqqında” və “Müasir İncəsənət
Muzeyinin yaradılması” haqqındakı sərəncamları
muzey işinə dövlət qayğısının
aydın təzahürüdür. Möhtərəm
Prezidentimiz milli-mənəvi sərvətlərimizin
qorunması və gələcək nəsillərə
çatdırılması işinə xüsusi diqqət
göstərərək daim artan iqtisadi potensialın tempinə
uyğun olaraq mədəniyyət sahəsində də yeni mərkəzlərin
yaradılmasını, fəaliyyət göstərməsini,
millətə, xalqa xidmət etməsini zəruri sayır.
Ölkə muzeylərinin mövcud vəziyyətini daha da
yaxşılaşdırmaq üçün bu sahədə bir
sıra əlavə tədbirlərin həyata keçirilməsi
zərurəti də özünü göstərməkdədir.
Bu, bir tərəfdən maddi-mənəvi abidələrin
mühafizəsi üçündürsə, digər tərəfdən
də inkişaf edən, gündən-günə şöhrətlənən
müstəqil dövlətimizin hər bir mədəniyyət
ocağının dünya standartlarına uyğun şəkildə
həyata qaytarılması, bərpa edilməsi və
yaşamasıdır. Biz də milli-mənəvi sərvətlərimizin
qorunub saxlanılması və gələcək nəsillərə
çatdırılması yolunda üzərimizə
düşən vəzifəni layiqincə yerinə yetirməyə
çalışırıq.
Xalis MƏMMƏDOV,
Qəbələ rayon tarix-diyarşünaslıq
muzeyinin direktoru, əməkdar mədəniyyət
işçisi
Xalq qəzeti.- 2009.- 26 iyul.- S. 7.