“Laçın şikəstəsi”nin uzaqlarda qalan və ürəklərdə eşidilən harayı

 

Qarşımda bir kitab var. Müəllifini qiyabi tanıyıram. Söhbət istedadına, yaradıcılığına, şeirlərinə şəksiz ŞAİR möhürü vurulmuş Adil Şirindən gedir. Onunla necə söhbətləşəcəyimi bilmirəm. Müəllifin “VEKTOR” Beynəlxalq Elm Mərkəzinin eyniadlı Nəşrlər Evində işıq üzü görən şeirlər və poemalarının toplandığı “Laçın şikəstəsi”ni oxuyandan sonra beynimdə yaranan bir çox suallara cavab almaq istəyi var.

 

Onun kitabını mübaliğəsiz və birmənalı şəkildə birnəfəsə oxumağıma da şübhə etməyin. Çünki vərəqləyib oxumaq üçün seir seçmək istəyilə əlimə götürdüyüm bu kitabı bir də son səhifədə Laçın şikəstəsi poemasını tamamlayandan sonra yerə qoydum. Bir-birindən maraqlı mövzular və təkrar mövzulara bir-birindən fərqli yanaşma tərzi. Çağdaş poeziyamızın yaxşı tanınmış simalarından olan Adil Şirinin şeirlərini, poemalarını oxuduqdan sonra bir qənaətə gəlirsən: onun hansı mövzuda, nədən yazmasından asılı olmayaraq mövzu kasadlığı çəkməyən bütün yaradıcılığından keçən bir ana xətt var: Laçın - indi yağı tapdağı altında qalan əsrarəngiz torpaq. Və bu torpağın dərdləri, o torpaqsız həyat sürən laçınlıların yurd həsrəti, doğma el-obaya qovuşmaq arzusu.

“VEKTOR” Beynəlxalq Elm Mərkəzinin prezidenti Prof. Dr. Elçin İskəndərzadə kitaba yazdığı ön sözdə Adil Şirinin yaradıcılığını gerçək sənətin ekstremal zirvələrindən biri hesab edir və yazır: “O, nədən yazırsa yazsın, necə yazırsa yazsın, hansı ovqatda olursa olsun, mütləq Laçın dağlarının əsrarəngiz gözəlliklərinin rəngini, Dədə Qorqud qopuzundan Sarı Aşıq sazınadək süzülüb gələn ruhumuzun sehirli səsini və o rəng, o səs qədər müqəddəs olan milli kimliyimizin söz atributunun sirli əzəmətini böyük ustalıqla şeirlərinə hopdurur”.

A. Şirinin şeirlərini oxuduqca onun bütün yaradıcı varlığıyla yurd həsrətinə köklənmiş şair olduğunu görürük. “Ana, laylan ovutmaz, ovutmaz qərib könlümü. Fələk göydən boylanıb, baxıb, görüb könlümü.”- deyərək anasına yalvaran şair, fələyin göylərdən enib kəsdiyi yolların açılması üçün ona dua etməsini istəyir. O, anasına durnalarla məktub göndərir, cırıb atma deyə xahiş edir, qara misralarını qara sevdalı olmasına bağlayır. Başqa bir şeirində yenə anasına üz tutur, ondan ayrıldıqdan sonra dilinin ucuna gələn haqq sözləri belə deyə bilmədiyini, ondan uzaqda bütün rəngləri eyni gördüyünü dilə gətirir.

Yuxularında qar yağan gecələri, hər gecənin bir işgəncə olduğunu elə təsirli şəkildə oxucuya çatdırır ki, şeiri oxuyan hər kəs qar altında üşüyür, dumanlar içində gümanlarını axtarır,"Dumanım harda qaldı, gümanım hərda qaldı, umanım harda qaldı, umudum Laçın dağları..." deyərək az qala dağları ittiham edir: “İtirin izlərimi, unudun sözlərimi, qapasın gözlərimi, buludun, Laçın dağları.”- deyərək sənət sınağından üzüağ çıxan misralar, şeirlər yaradır. Kimə isə vəd etdiyi gözəl röyaların ömrün səmum yellərində ilğımlar kimi sovrulduğunu və elə şair ömrünün də röyaların, ilğımların, yağmurların içində keçdiyini kövrək misralarla oxucuya çatdıran şair, şeirlərinə hakim kəsilən Ayın göydən baxdığını, elə buna görə də bir ulduz axması səbəbindən ağlamamağı, qürurunu sındırmamağı tövsiyə edir. Torpaq üstə düşüb qalan uşağın, dil- dodağı qançır olan, gözləri isə oyaq qalan bu on dörd- on beş yaşlı şəhid balanın sürgün ömrünə ağı deyir. Bir gecə Aya baxmağıyla bəxtinin yatdığını, üz-gözünün qəmə, ağ gününün qaraya boyandığını və bununla da o dağların ətəyindən əllərinin üzüldüyünü, bu həsrətin nə qədər sürəcəyindən darmadağın dağıldığını peşiman şəkildə oxucuya çatdırır.

Adil Şirinin məhəbbəti əzabmış—bilməyib, hicran yaxın, vüsal uzaqmış— bilməyib, həsrətdən cana gəlibmiş— onu da bilməyib, amma onu bilib ki, ağrılar, acılar selindədir, uğursuz sevgilər dilindədir və ən nəhayət, başdan ayağadək qəm-gileylə doludur, kədər içinə dolduğundan özü o kədərin çölündə qərarlaşıb.

 

Ümidim yollara töküldü, getdi,

Həsrətin könlümə büküldü getdi,

Bulud tək gəlmişdin, çəkildin, getdin,

İndi ayrılığın əlindəyəm mən.

 

Müəllifin “Əsmə, rüzğar, əsmə ayrılıqlara”, “Bir ovuc torpaq imiş şairlərin umacağı”, “Ana yurdda qərib olduq”, “Qar yağır məzarıma”, “Təl-Əvivə göndərilməmiş məktublar” və digər şeirlərini oxuduqca dərd içində üzən, amma ona boyun əyməyən bir şairin doğuluşundan ölümsüzlüyünü qazanmış bir poeziya nümunələri ilə tanış olursan. “Qarabağ şikəstəsi” poemasını oxuyanda isə Laçının Ərikli kəndində, Hacı Samlı meşələrində, Əhmədbəyli yaylağında bir zamanlar başı qarlı dağlara baxıb buranın cənnətməkan olduğuna inanan Əhməd oğlu Məhəmmədlə tanış olur, onun Əriklidən Berlinədək keçdiyi yola nəzər salır, “Za Rodinu! Za Stalina!” deyə rus dilində bağıran, Əriklini ölməzdən öncə görmək arzusuyla iki dəfə yaralanan, amerikan əsgərləri Bağdada girəndə üç gün, üç gecə Quran oxuyub dua edən bu ahıl laçınlını indi paytaxt küçələrinin qaçqın sakini kimi tanıyırıq.

Bütün yaradıcı varlığıyla yurd həsrətinə köklənmiş sevdalı şair Adil Şirinin kitabı ilə söhbətimi, soruşacaqlarıma elə oradan da cavab tapdığım şeirlər barədə düşüncələrimi ön söz müəllifinin fikirləri ilə bitirmək daha məqsədə uyğundur: “Adil Şirin poeziyamızın Laçın şikəstəsidir. ...Adil Şirin şeirlərinin misralarından Laçın dağlarının cökə balı damır...”

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2009.- 26 iyul.- S. 7.