“İki qala”nın ziyarəti

 

Şərq ədəbiyyatı ən qədim zamanlardan bəri səfərnamələr, səyahətnamələrlə zəngindir. Şərqin müdrük, ziyalı, savadlı insanları həmişə səfər zamanı və yaxud da səfərdən döndükdən sonra öz təəssüratlarını, müşahidələrini qələmə almış, getdikləri ölkə, səfər etdikləri, ötüb keçdikləri məmləkətlər barədə oxucularına, həmvətənlərinə məlumatlar verməyə çalışmış, öz düşüncələrini, gördüklərini onlarla bölüşmək istəmişlər. Bu, həqiqətən də, gözəl bir təşəbbüsdür.

 

Çünki həmin ölkələri görməyən, onları görmək iqtidarında olmayan oxucu, qiyabi də olsa, bu əsərlər vasitəsilə həmin ölkələr haqqında məlumat alır, müəllifin dünyagörüşü, savadı, düşüncələri işığında dəyərli bilgilər əldə edir. Bu mənada, əgər ümumiyyətlə səfərnamələr, səyahətnamələrlə tanış olmaq, bu əsərlər vasitəsilə bilmədiklərini öyrənmək xoşdursa, digər tərəfdən müdrik bir müəllifin qələmindən çıxan bu yazıları oxumaq ikiqat faydalıdır. Qeyd edək ki, bu janr ədəbiyyatımızda müasir günümüzdə də öz əhəmiyyətini qorumaqda və bu janrda yeni-yeni əsərlər yaranmaqdadır.

Belə səfərnamələrdən, səyahətnamələrdən biri də görkəmli alimimiz, akademik Bəkir Nəbiyevin qələminə məxsusdur. Bu məqamda bildirək ki, ziyalılarımızın bir qrupu- AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, akademiyanın müxbir üzvü, f.e.d., professor Teymur Kərimli, həmin institutun baş elmi işçisi f.e.d., professor Qəzənfər Paşayev, Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi f.e.n. Səadət xanım Şıxıyeva, Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi, şöbə müdiri şərqşünas Fikrət Babayev, Mədəniyyət abidələrinin qorunması, tədqiqi və bərpası şöbəsinin müdiri, memar Rüstəm Muxtarov, Mədəni irs şöbəsinin Bərpa-layihələndirmə və ekspertiza bölməsinin müdiri Telman Kərimli 2008-ci ilin noyabr ayında akademik Bəkir Nəbiyevin başçılığı altında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 640 illiyi münasibətilə Suriya Ərəb Respublikasına səfər edərək, XIV yüzillikdə yaşayıb yaratmış böyük şairimizin qəbrini ziyarət etmişlər. Və Bəkir müəllimin qələmə aldığı “Nəsimi kəlamının işığında” (redaktoru professor Qəzənfər Paşayev, Bakı,2009) adlı kitab da bu səfər təəssüratından doğmuş, bu səfərə işıq gətirən, aydınlıq gətirən bir əsərdir.

Doğrudur, bu kitab səfərnamə janrında yazılsa da , əslində onu Nəsiminin həyat və yaradıcılığı haqqında Azərbaycan ədəbiyyatşünaslığında yazılmış son monoqrafiya kimi də qiymətləndirmək olar. Çünki Bəkir müəllim bu kitaba özünün vaxtilə Nəsimi barəsində yazdığı məqalə və çıxışlarla yanaşı, Suriyada Nəsimi haqqında etdiyi həcmcə kiçik, lakin məzmun baxımından Nəsiminin həyat və yaradıcılığını, dövrünü, mühitini, şəxsiyyətini, yaradıcılığının əsas konseptual istiqamətlərini, bütövlükdə Şərq fəlsəfəsini, irfanı, təssəvvüfü əhatə edən mıəqaləsini - məruzəsini də daxil etmişdir. Mənə elə gəlir ki, Bəkir müəllimin bu əsəri onun Nəsimi haqqında olan fikirlərini nümayiş etdirməklə bərabər, eyni zamanda ədəbiyyatşünaslığımızın son illərdə Nəsimi yaradıcılığı, irfan və təsəvvüf haqqında olan fikirlərini də ümumiləşdirmiş olur.

Yaxın Şərq ölkələrilə bizim xalqımızı müxtəlif tellər bağlayır. Bu mənada Suriya, Dəməşq, Hələb torpağı da bizim üçün doğmadır, əzizdir. Çünki bu torpaqda XIV yüzil anadilli poeziyamızın ən böyük nümayəndəsi İmadəddin Nəsimi uyuyur. Bəkir müəllim bu kiçik kitabçasında Nəsiminin məzarının ziyarəti ilə əlaqədar Suriya Ərəb Respublikasında olan səfəri ən kiçik detallarına qədər təsvir etmiş, onun əhəmiyyət və məqsədini bir alim və eyni zamanda yazıçı qələminə məxsus istedadla tərənnüm etmişdir. Kitabçanı vərəqləyərkən məlum olur ki, Azərbaycandan Suriyaya gedən nümayəndə heyətimizin əsas məqsədi ilk növbədə iki dost xalq, dövlət arasında olan əlaqələri inkişaf etdirməklə bərabər, eyni zamanda, böyük şairimiz Nəsiminin məzarını ziyarət etmək, onun məzarının abadlaşdırılmasıyla bağlı layihələrin müzakirəsində iştirak etmək, şairin anadan olmasının 640 illiyi münasibətilə keçirilən konfransda məruzələr etməklə yanaşı, həmçinin Şərqin bu qədim şəhərilə tanışlıq da olmuşdur. Bu mənada, Bəkir müəllim Nəsiminin məzarını ziyarət edərkən özü başda olmaqla bütün nümayəndə heyətinin keçirdiyi hissləri elə canlı təsvir edir ki, oxucu özü də o sətirləri oxuyan zaman özünü o türbənin başında, həmin nümayəndə heyətinin arasında hiss edir. Kitabçanı oxuyarkən səfərin zənginliyi , keçirilən görüşlərin əhəmiyyəti, xüsusilə Hələbdə, Suriyada Nəsiminin şəxsiyyətinə, yaradıcılığına verilən yüksək qiymət, onun məzarına, məqbərəsinə göstərilən ehtiram diqqəti daha çox cəlb edir.

Kitabın bölmələrini təşkil edən “Şəhid şairin qərib məzarı önündə”, “Valinin görüşündə”, “Müftinin üzürxahlığı” fəsillərində bu məsələlər daha ətraflı öz əksini tapır. “Dəməşq universitetinin vüsəti”, “Yazıçılar birliyində”, “Suriya ensiklopediyası ölkəmiz haqqında”, “Milli muzeyin salonlarında” fəsilləri isə Bəkir müəllimin əsl ziyalı, Azərbaycan problemlərini dərindən düşünən bir alim olduğunu bir daha sübut edir. Belə ki, bu fəsillərdən məlum olur ki, Bəkir müəllim bu ölkə ilə tanış olarkən etdiyi səfərin məqsəd və məzmunu ilə kifayətlənməyərək, təkcə Nəsimi yaradıcılığıyla deyil, başqa məsələlərlə də, məsələn, Dəməşq universitetinin tələbə- müəllim heyəti, orada təhsilin istiqamətrləri, ümumiyyətlə, təhsil prosesi, Suriya yazıçılar birliyinin yaradıcılıq istiqamətləri, onların problemləri, bu ölkənin nəşr etdiyi milli ensiklopediya və s. problemlər haqqında da olduqca geniş müzakirələr aparmış, onlarla yaxından maraqlanaraq onların uğurlu cəhətlərini öyrənməyə çalışmışdır. Sözsüz ki, qeyd etdiyimiz kimi, Bəkir müəllimin başçılığı altında istər Hələb valisiylə, istər Dəməşq universitetində universitetin rektoruyla, istərsə də yazıçılar birliyində birliyin sədri ilə keçirilən görüşlərin əhəmiyyəti nə qədər böyük olsa da, bu səfərin əsas məqsədi Nəsimi və onun yaradıcılığıyla bağlı idi. Bu məqamda qeyd etmək yerinə düşər ki, Nəsimi yaradıcılığından danışarkən akademik Bəkir Nəbiyev haqlı olaraq kitabının ilk səhifələrində istər ulu öndərimiz mərhum Heydər Əliyevin və istərsə də möhtərəm prezidentimiz İlham Əliyev cənablarının Nəsimi yaradıcılığına və nəinki Nəsimi yaradıcılığına, ümumiyyətlə bütün ədəbiyyat, mədəniyyət, elm , təhsil sahələrinə göstərdikləri qayğıdan danışmış, onların bir dövlət başçıları kimi elm, sənət, mədəniyyət xadimlərinə diqqətlərindən bəhs etmişdir.

Bizə elə gəlir ki, biz ədəbiyyatşünaslar üçün kitabın ən əhəmiyyətli cəhətlərindən biri, Bəkir müəllimin kitaba daxil etdiyi ərəb ədəbiyyatşünaslarının konfransda etdikləri məruzələrin və Nəsimi haqqında yazdıqları kitabların, monoqrafiyaların xülasələridir. Belə ki, biz məhz Bəkir müəllimin qələmi vasitəsilə son illər ərəb alimlərinin Nəsimi yaradıcılığı, Nəsimi şəxsiyyəti haqqında nə düşündüklərini, bu böyük şair haqqında nə yazdıqlarını öyrənirik. Bizcə, Bəkir müəllimin biz ədəbiyyatşünaslara bu kitab vasitəsilə etdiyi ən qiymətli töhfələrdən biridir.

Diqqətindən heç zaman heç nə yayınmayan Bəkir müəllim bu kitabda da öz xarakterinə və elmi üslubuna sadiq qalaraq təkcə səfər haqqında, orada görülən işlər barəsində məlumat verməklə kifayətlənmir, eyni zamanda, Suriya ərəb respublikasında fəaliyyət göstərən səfirliyimiz, səfriliyimizin əməkdaşları haqqında da öz təəssüratlarını, fikirlərini bildirir. Belə ki, Bəkir müəllim Suriya Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfirimiz olan hörmətli Mahir Əliyev haqqında fəxrlə danışaraq, onun ölkəyə səfir təyin olunduğu kiçik müddət ərzində kifayət qədər işlər gördüyünü, xüsusilə Nəsimi ilə bağlı konfransın keçirilməsində böyük zəhmət çəkdiyini vurğulayaraq, ümumiyyətlə səfirliyimizin digər əməkdaşları haqqında da xoş sözlər söyləmiş, onların ərəb dilinin incəliklərinə necə dərindən yiyələndiklərini ürəkdən tərifləmiş, bu yolda Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin rolunu, əhəmiyyətini düzgün olaraq yüksək qiymətləndirmişdir. Bu sətirləri, yəni Bəkir müəllimin universitetimizin Şərqşünaslıq fakültəsinin müəllimlərinin zəhmətinə verdiyi yüksək qiyməti oxuyarkən mən də bir oxucu kimi xeyli qürur hissi keçirtdim. Çünki bu gün ölkəmizin daxilində və xaricində fəaliyyət göstərən gözəl ərəbşünasların yetişməsində mənim dayımın da, uzun müddət şərqşünaslıq fakültəsinin müəllimi olmuş, filologiya elmləri namizədi, dosent mərhum Malik Qarayevin də böyük rolu olmuşdur.

Kitabın əsas hissəsinin son fəslini – “Hələbdə iki qala var” fəslini oxuyanda təsirlənməyə bilmirsən. Bizcə, Bəkir müəllimin təfəkkürünün, düşüncəsinin nəticəsidir ki, oxucusu ilə bu şəkildə ayrılır. Çünki gözəl, xeyirxah, səmimi, kövrək insan olmaqla bərabər, eyni zamanda böyük alim, ədəbiyyatşünas olan Bəkir Nəbiyev, məncə, Nəsimi məzarı ilə məhz elə bu şəkildə də ayrılmalı idi: “ Böyük şəhərdə bir-birindən azacıq aralı iki qala var: onlardan biri qədim tarixə malik dünyaca məşhur memarlıq abidəsi, digəri isə Azərbaycan və bütün Yaxın Şərq şeirində nadir hadisə olan İmadəddin Nəsiminin parlaq mənəviyyat, iradə, əzm və təmkin qalasıdır. Əzəmi ölçülərinə, sambal və tutumuna baxmayaraq, təbiətin kor qüvvələri mürur zamanla Hələb qalasına bəlkə də bu və ya digər sədəmə toxundura bilər... Nəsiminin poeziya , vüqar qalası isə əbədi və toxunulmazdır. Çünki onun yeri hər hansı bir dağın başında yox, Suriyada da, Azərbaycanda da insanların ürəyindədir və tarix boyu nəsildən-nəslə ötürülür”.

Akademik Bəkir Nəbiyev bu kiçik kitabı vasitəsilə iki qalanın ikisini də fəth etmiş, öz elm, təfəkkür bayrağını bu qalaların zirvəsinə sancmağı bacarmışdır.

 

 

Tərlan QULİYEV,

filologiya elmləri doktoru 

 

Xalq qəzeti.- 2009.- 28 iyul.- S. 8.