Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uzanması Ermənistanın ziyanına işləyir

 

Respublikapartiyasının siyasi məsləhətçisi Suren Surenyants bu qənaətdədir

 

Ermənistanda iqtisadi böhran dərinləşdikcə əhalinin güzəranı daha da pisləşir. Bu günlərdə ölkənin statistika komitəsinin yaydığı məlumatda bildirilir ki, ümumi daxili məhsul istehsalı əvvəlki illərlə müqayisədə xeyli azalmış, zəruri ərzaq məhsulları bahalaşmış, əhalinin pul gəlirləri kəskin azalmış, ölkədən köçüb gedənlərin sayının artdığı qeydə alınmışdır. Bunu indiki hakimiyyətin yarıtmaz fəaliyyəti ilə əlaqələndirən yerli siyasətçilər əlavə edirlər ki, problemin digər səbəbi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uzadılmasıdır.

 

Son vaxtlar bir sıra ölkələrin Ermənistana yardımı dayandırması azaltması ölkədə ciddi çaxnaşma yaradıb. Bunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uzadılması ilə əlaqələndirən ictimai-siyasi xadimlər, həmçinin siyasi partiya rəhbərləri Ermənistan hakimiyyətindən öz siyasətində dönüş yaratmağı tələb edirlər. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin — ABŞ, Rusiya və Fransa prezidentlərinin İtaliyada keçirilən “Böyük səkkizlər”in sammitində verdikləri bəyanat da Ermənistanda ciddi narahatçılıq yaradıb. Xatırladaq ki, ABŞ, Rusiya və Fransa prezidentləri öz bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üç prinsipə — zorakılığın rəddi, ərazi bütövlüyü və öz müqəddəratını həll etməyə daha çox diqqət yetiriblər. Bu üç prinsipin tamamilə Ermənistanın əleyhinə olduğunu bildirən “Respublika” Partiyasının siyasi məsləhətçisi Suren Surenyants deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uzadılması Ermənistanın ziyanına işləyir. O, bunu dünyanın super dövlətlərinin və tanınmış beynəlxalq qurumların Ermənistana qarşı münasibətlərində soyuqluq yaranması ilə əlaqələndirib. Siyasətçi təlaşla bildirib ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin sonuncu bəyanatı Dağlıq Qarabağ probleminin aradan qaldırılmasının sona yaxınlaşmasından xəbər verir. Özu də Azərbaycanın mövqelərinin dəstəklənməsi şəraitində. S. Surenyants artıq Ermənistan diplomatiyasının çökdüyünü diqqətə çatdırmaqla hakimiyyəti istefaya çağırıb.

Politoloq daha sonra deyib ki, həmsədr ölkələr — xüsusilə ABŞ və Rusiya açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir. Onun qənaətinə görə, həmsədrlər bu ilin sonuna qədər münaqişəni Madrid prinsipi əsasında aradan qaldırmağa çalışırlar. S. Surenyants Madrid prinsipinin münaqişənin sülh yolu ilə aradan qaldırılmasına istiqamətləndirildiyini müsbət dəyərləndirib. O deyib ki, problemin aradan qaldırılmasının uzadılması Ermənistanın ziyanına işləyir. İlk növbədə ona görə ki, ölkəmiz beynəlxalq aləmdə tədricən nüfuzdan düşür, sülh tərəfdarı olmayan ölkə kimi tanınır, digər ölkələrlə əməkdaşlığı zəifləyir. Onun sözlərinə görə, on il əvvəl Ermənistanın nüfuzu nə qədər yüksək idisə, indi bir o qədər aşağıdır. Bilmək olmaz ki, növbəti on ildən sonra bizim aqibətimiz necə olacaq. Ona görə də hakimiyyət öz xarici siyasətində dəyişiklik etməli, ölkənin və xalqın gələcək taleyi barədə düşünməlidir. Ermənistanın beynəlxalq aləmdə tamamilə nüfuzdan düşdüyü nəhayət ki, dərk edilməlidir.

“İrs” Partiyasının fraksiya rəhbəri Armen Martirosyan da Serj Sarkisyan hakimiyyətinin yarıtmaz siyasətini kəskin tənqid edib. O, ATƏT-in Minsk qrupu həmsədr ölkələri prezidentlərinin son bəyanatını Ermənistanın süqutu hesab edib. A. Martirosyan yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin bu vaxta qədər nizamlanmaması Ermənistanı tamamilə nüfuzdan salıb. Danışıqlar prosesində Dağlıq Qarabağ nümayəndələrinin iştirakının təmin edilməməsinə Azərbaycan tərəfinin imkan verməməsini indiki hakimiyyətin uğursuz diplomatiyası hesab edən fraksiya rəhbəri Rusiyanın da Azərbaycanın mövqelərini dəstəkləməsindən narahatlığını bildirib. O deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ və Rusiyanın münaqişənin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəkləməsi vəziyyətin Ermənistanın əleyhinə getdikcə pisləşməsindən xəbər verir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 28 iyul.- S. 7.