Masallı: tərəvəz istehsalı ilbəil artır

 

Ölkəmizin cənub rayonları hələ sovet dönəmindən əsasən tərəvəz və bostan məhsullarının istehsalçıları kimi tanınmışdır.Məsələn, təkcə 1981-ci ildə Lənkəranda 182 min ton, Masallıda isə 135 min ton tərəvəz yığılaraq daxili bazara, eləcə də Moskva və Leninqrada göndərilmişdir. Bu rəqəmlər həmin rayonların vaxtilə necə böyük tərəvəzçilik bazası rolu oynadığını göstərir. Son illərdə aqrar sahəyə dövlət qayğısının artması sayəsində Azərbaycanda tərəvəzçilik də inkişaf etməkdədir. 2009-cu ilin birinci yarısının yekunlarına görə, ölkə üzrə 80 min hektaradək sahədə tərəvəz, 31min hektardan çox sahədə isə bostan bitkiləri əkilmişdir.

 

Hazırda Masallı rayonunda özəl mülkiyyətə aid olan torpaq sahələrində ilbəil daha çox tərəvəz əkilir. Bu il həmin sahələr 2890 hektara çatdırılmışdır ki, bu da ötən ildəkindən 266 hektar artıqdır. Ötən il rayonda 68619 ton tərəvəz istehsal edilib. Cari ilin hazırkı vaxtına isə artıq həmin rəqəm 42635 tondur. Bunun 2235 tonu kələm, 16200 tonu xiyar, 10 min tonu pomidor, 3 min tonu soğan, min tondan çoxu sarımsaq, 8200 tonu badımcan, 1950 tonu bibərdir. Yığım intensiv davam etməkdədir.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini İsa Nuriyev:

– Sahələrdə bol məhsul var. İyunun əvvəlindən emal müəssisələri xiyar tədarükünə, iyulun 21-dən isə kütləvi pomidor emalına başlayıb. Bu il Masallıda tərəvəz istehsalı 70 min tondan artıq olacaq. Emal müəssisəsinin bundan da çox məhsul qəbul etmək imkanı var, amma rayonun konserv məhsullarının xarici bazara çıxarılmasında çətinlik olduğuna görə bu imkan tam reallaşdırılmır. Təsəvvür edin ki, fermerlərimiz qonşu Lənkəran rayonundakı emal zavoduna da öz tərəvəzlərini satırlar. Tərəvəzçilikdə su problemi yoxdur. Mütəxəssislərimiz sahələrdə reydlər keçirir və növbəti əkinlər üçün torpağın hazırlanması, yeni məhsuldar sortların əldə olunması ilə bağlı işlər aparırlar. Yerli qəzetdə “Fermerlərə məsləhət” adlı xüsusi rubrika altında gübrə, toxum, qulluq texnologiyaları üzrə tövsiyələr dərc edilir.

Bu il paytaxtın yarmarkalarına 16235 ton kələm və xiyar, 3 min ton soğan, 1500 ton noxud, 14 min ton kartof göndərmişik. İki sahibkar rayonda yeni toxum və kimyəvi maddələr satışı mağazaları açmışdır. Biz fermerlərə kömək məqsədilə Xaçmazdakı “Qafqaz” konserv zavodu ilə əlaqə yaratmışıq ki, tərəvəz istehsalçılarımız gündəlik 10 min tondan artıq badımcan kürüsü emalı üçün oraya məhsul satsınlar. Hazırda işgüzar danışıqlar gedir. Fermerlərimizin bir arzusu da bölgəmizdə tez xarab olan məhsullar üçün soyuducu anbarların tikilməsi ilə bağlıdır. Buna böyük tələbat duyulur.

Sahələrini gəzdiyimiz Sərçuvar kəndinin özəl təsərrüfatları üzrə bu il 80 hektarda pomidor, 2 hektarda xiyar, hər biri 1hektara qədər sahələrdə isə bibər, badımcan, lobya, paxla və kartof əkilib. Sirəbil kəndi ilə birlikdə bu ərazinin 667 hektar payıbəlli torpaq sahəsi var.

Məhərrəm–M” fermer təsərrüfatının başçısı, gənc fermer Məhərrəm Məhərrəmov :

Əkinə yararlı torpaqlarımız çoxdur. Əksər hissəsində taxıl ot, qalanında tərəvəz bostan bitkiləri əkilir. Dövlət tərəfindən bizə göstərilən diqqət qayğıdan ruhlanır, torpağa daha böyük həvəslə bağlanırıq. Zəhmətimiz nəticəsiz qalmır, bol ruzi qazanır,yaxşı dolanırıq. Güzəranımız ildən- ilə yaxşılaşır.

Artıq Masallıda pomidor yığımının qızğın vaxtıdır. Bunu Ələt-Astara magistralı boyunca fərdi qaydada satışa çıxarılan, xüsusən Nur-Mkonserv zavodunun qarşısına daşınan məhsulun çoxluğundan hiss etmək olar. Sahədə çalışan qadınlar isə bir yandan al-qırmızı məhsulu vedrələrə yığır, bir yandan da aparıb yeşiklərə boşaldırlar. Bərəkətli olsun!

Masallının Qızılağac kəndinin sahələrində eyni mənzərənin şahidi olduq. Burada öyrəndiyimizə görə, 1232 hektar əkinə yararlı torpaqdan səmərəli istifadə edilir.Buğda, arpa vələmirdən başqa, 10 hektarda tərəvəz yetişdirilib. Fermer Hacıbala Əliyev kəndlinin torpaqda çalışmasına yaradılan şəraitdən razılığını bildirdi:

Bərəkət torpaqdadır, qardaş. Yaxşı dolanmaq istəyən gərək torpağa tər axıtsın. Dövlət aqrar sahəyə diqqəti ilbəil gücləndirir, fermerlərə subsidiyalar verilir. Ğüzəştli şərtlərlə gübrə satılır, texnika ilə yardım göstərilir. Daha istəyirik? Ulu tanrı deyib ki, səndən hərəkət, məndən bərəkət... Bir vaxtlar Masallı şəhərinə yardım almağa gedən kəndlilərin sayı işləyənlərdən çox idi.Ələbaxımlıqdəbolmuşdu. İndi isə tamam başqa mənzərədir. Hər kəs öz işində-gücündə, halal zəhmətinin bəhrəsini görməyindədir. Bu işdə bizə rayon rəhbərliyinin dəstəyi böyükdür. Sağ olsunlar!

Rayonun Kalinovka kəndi ərazisində bu il 1500 hektara qədər sahə əkilib, bunun 770 hektarında buğda, 340 hektarında arpa, 300 hektarında badımcan, 40 hektarında kartof , 32 hektarında pomidor digər bitkilər yetişdirilib. Məhsuldarlıq qənaətbəxşdir.Bunu fermer Abid Nağıyev Yadigar Şəmmədov da vurğuladılar. Onlar da əkin-biçin, yığım üçün hər cür şərait yaradıldığından razılıq etdilər. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin hər zaman sahibkarlara, kənd təsərrüfatında çalışan insanlara diqqət göstərdiyindən, qayğılarının həllinə yardımçı olmasından bəhs etdilər. Onun tapşırığı ilə Xaçmaz konserv zavoduna badımcan satışının təşkilinə göstərilən səyləri fermerlər lazımınca dəyərləndirdilər. “Başlıçası odur ki, rayonda əsl işgüzar əhval-ruhiyyə yaradılıb, kəndlinin çəkdiyi zəhmətin itməyəcəyinə təminatı var”, - dedilər.

Əlbəttə, belə nikbin sözləri torpaq adamlarının dilindən eşitmək fərəh doğurur. Bol məhsul yığıb qışa tədarük görən, emal üçün sata bilən, haqqını vaxtında alan hər bir Masallı fermeri bu barədə təbəssümlə danışır.Yekun qənaət isə budur ki, kəndlinin güzəranı yaxşılaşır, həyatı gözəlləşir.

 

 

Əli NƏCƏFXANLI,

Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 28 iyul.- S. 6.