Birincilərdən biri

 

Səftər Quliyev neft quyulurı qazılmasının elmi əsaslarını işləyib hazırlayaraq sənaye miqyasında tətbiq edən azərbaycanlı alimlərin birincilərindən biri idi. Onun 1947-ci ildə yazdığı “Neft quyularının qazılması” dərsliyi SSRİ Ali Təhsil Nazirliyi tərəfindən müvafiq təmayüllü ali məktəbtəblərdə tədris olunmaq üçün tövsiyyə edilmiş ilk dərsliklərdən idi. Həmin dərslik uzun illər qazma sahəsində çalışan alimlərin və mütəxəssislərin stolüstü kitabı olmuşdu. SSRİ məkanının ali texniki məktəblərinin minlərlə tələbəsi həmin kitabdan bəhrələnərək qazma elminin və praktikasının sirlərinə yiyələnmişdi.

 

Sonrakı dərslikləri və monoqrafiyaları da materialın səlis şəkildə şərhi, müasirliyi və metodikliyi ilə tələbələrlə yanaşı, neft və qaz quyularının qazılması nəzəriyyəsi və praktikası sahəsində fəaliyyət göstərən neftçi alimlərin əsas bilik mənbəyinə çevrilmişdi.

SSRİ alimləri arasında ilk dəfə olaraq o, lap dərin qazmanın texnoloji problemlərinin həllində böyük uğurlar qazanmışdı. Onun elmi tədqiqatlarında qazma rejimlərinin nəzəri həllinə, quyu divarlarının bərkidilməsi məsələlərinə, sürətli qazma texnologiyasının işlənib hazırlanmasına, şaquli və maili quyuların turbinlə səmərəli qazılması problemlərinin yeganə düzgün həllinə nail olmağa xüsusi önəm verilmişdi.

S.Quliyev 21 noyabr 1908-ci ildə İçərişəhərdə tacir ailəsində doğulmuşdu. 12 yaşında ikən atası vəfat etmişdi. O zaman Səftər Bakı realni məktəbində oxuyurdu. Ailənin maddi durumunu bir qədər yüngülləşdirmək istəyən Səftər məktəbdə oxuya-oxuya Bakı qəza inqilabi komitəsində kuryerlik edirdi. Dərslərini də yaxşı oxuyurdu.

1925-ci ildə məktəbi qurtarandan sonra Azərbaycan Politexnik İnstitutunun (indiki Dövlət Neft Akademiyasının) texnoloji fakültəsinin mədən şöbəsinə daxil olmuşdu. Həmin ali məktəbin ikinci kurs tələbəsi ikən Səftər Quliyev “Azərneft” Birliyində neft mədənlərində qazma texniki işində çalışmağa başlamışdı. Topladığı istehsalat təcrübəsi gənc mütəxəssisi elmi axtarışlar aparmağa həvəsləndirmişdi. O, 1930-cu ildə institutu bitirəndən sonra Bakının neft mədənlərində qazma mühəndisi kimi fəaliyyətə başlamışdı. Səftəri bir istedadlı gənc kimi, bitirdiyi institutda nəzəri mexanika və materiallar müqaviməti kafedrasında müəllim saxlamışdılar. Bu, istedadlı gənc mühəndisin elmi fəaliyyətinin başlanğıcı idi. Səftər müəllimlik fəaliyyəti dövründə SSRİ-nin və xarici ölkələrin nəşriyyatlarında 200- dən artıq elmi tədqiqat işi dərc etdirmişdi.

Ötən əsrin otuzuncu illərinin ortalarında məhsuldar qatın aşağılarında kəşfiyyat işlərinin başlanması ilə əlaqədar olaraq Azərbaycanın müxtəlif rayonlarında dərinliyi 2500-2700 metrə çatan quyular qazılmaqda idi. Quyların dərinliyinin artması qazma kəmərlərinin iş şəraitini xeyli mürəkkəbləşdirmişdi. Qazma kəmərlərinin həmin dərinlik şəraitində işləməsinin hesablanma metodikası lazımi səviyyədə deyildi. Qazmanın texniki rəhbərlərindən biri olan Səftər Quliyev 1934-cü ildə quyudakı qazma kəmərinin iş şəraitinin tədqiqi ilə məşğul olmağa başladı. Onun apardığı mürəkkəb nəzəri və orijinal tədqiqatların uğurlu nəticəsi sayəsində ilk fundamental elmi işi- “Qazıma boruları kəmərinin dayanıqlı müvazinət formaları haqqında” adlı əsəri meydana gəldi. Səftər müəllim həmin elmi tədqiqat işini texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün 1939-cu ildə müdafiə etdi. Beləliklə də o, institutda qazma sahəsində çalışan az sayda azərbaycanlı müəllimlər arasında ilk alimlik dərəcəsi almış şəxs oldu.

Səftər Quliyev həmin əsərində qazma kəmərinin iş şəraitinin prinsipial xüsusiyyətlərini müəyyənləşdirə bilmişdi. O, müəyyənləşdirmişdi ki, qazma kəməri qazma zamanı böhran yükündən artıq yükün təsirinə məruz qalır. Buna görə də boru kəmərinin dayanıqlı müvazinət formalarının nəzəri tədqiqatı oxboyu və mərkəzdən qaçma qüvvələrinin birgə təsiri nəzərə alınmaqla aparılmalıdır və s. Həmin tədqiqatın müəllifi ilk dəfə olaraq belə bir qənaətə gəlişdi ki, baltaya oxboyu yük qazma kəmərinin aşağı hissəsinin çəkisi hesabına deyil, ağırlaşdırılmış qazma borularının tətbiqi hesabına verilməlidir. Alimin bu ideyası həmin dövrdə olduqca orijinal bir yenilik idi.

Səftər Quliyevin adı Sovet İttifaqında turbin qazması praktikasında tədqiqat aparan alimlərin birinciləri sırasında çəkilirdi.Məlumat üçün deyək ki, turbin qazması quyunun dibində yerləşdirilən hidravlik mühərrik vasitəsilə baltanın fırlanması ilə həyata keçirilir. Turbin qazmasının rotor qazmasından fərqli cəhəti də budur. Rotor qazmasında uzunluğu 6000 metr və daha artıq olan boru kəmərini quyunun ağzından fırlatmaq lazım gəldiyindən qazma boruları tez bir vaxtda sıradan çıxdığından qazma zamanı qəzalar baş verir. Ona görə də hidravlik mühərrikin quyu ağzından quyunun dibinə köçürülməsi qazma prosesini sürətləndirən və ucuzlaşdıran mühüm tədbirlərdən biridir. Çünki bu zaman qazma boruları yox, mühərrikin( hidravlik turbinin) valına birləşdirilmiş balta fırlanır.Mühərrik kimi hidravlik turbin tətbiq olunur.

Səftər Quliyev çoxpilləli turbin qazıyıcısının müəllifləri ilə birlikdə onun sənayedə sınaqdan keçirilməsində , habelə sonralar qazmada tətbiq olunmasında fəal iştirak etmişdi.

1936-cı ildə Qaraçuxur neft sahəsində quyular ilk dəfə Səftər müəllimin bilavasitə rəhbərliyi altında çoxpilləli turbin qazıyıcısı ilə qazılmışdı. O, turbinlə qazma texnologiyasının işlənib hazırlanması və təkmilləşdirilməsi sahəsində çox iş görmüşdü. Səftər Quliyev 1941-ci ildə Bibiheybət sahəsində ilk maili quyunun turbin üsulu ilə qazılmasına rəhbərlik edən mütəxəssislərdən biri kimi çox zəhmət çəkmişdi.

O, 1936-1938-ci illərdə Suraxanı mədən sahəsində məhsuldar qatın aşağı təbəqələrinə ilk, nisbətən dərin quyular qazılmasına rəhbərlik etmişdi. O, həmin vaxtdan dərin və çox dərin quyular qazılması problemi ilə məşğul olur. 1956-cı ildə nəşr etdirdiyi “Çox dərin quyular qazılması təcrübəsi” monoqrafiyası Sovet İttifaqında bu qəbildən ilk əsər olduğu üçün böyük məmnunluqla qarşılanmış və xarici dillərə tərcüməsi həyata keçirilmişdi.

Səftər Quliyev neft quyularının istismarı zamanı boşdayanmalara və hasilatın azalmasına, həm də quyu dibi ətrafın uçulmasına və istismar kəmərlərində mürəkkəbləşmələrə səbəb olan qum tıxaclarının əmələ gəlməsinin qarşısını almaq üçün orijinal nəzəri və eksperimental tədqiqatlar apararaq çınqıl süzgəclərdən qazmadan çıxan və istismarda olan quyularda istifadə təklifini vemişdi.Həmin süzgəclər neftin süxurlarda yaxşı süzülərək axması üçün geniş imkanlar açmışdı. “Neft quyuları üçün çınqıllı süzgəclər” elmi işini texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edən Səftər müəllim 1948-ci ildə dissertasiyanı uğurla müdafiə etmişdi. O, respuğlikada qazma sahəsində ilk elmlər doktoru olmuşdu. 1949-cu ildə isə neft və qaz quyularının qazılması kafedrasının ilk azərbaycanlı müdiri seçilmişdi. Bu yerdə onu da qeyd etmək lazımdır ki, 1920-ci ildə əsası qoyulmuş Sənaye İnstitutunun (indiki Neft Akademiyasının) kafedraları həmin vaxtadək qeyri-azərbaycanlı millətlərin nümayəndələrinin rəhbərliyi ilə fəaliyyət göstərirdi. Səftər müəllim kafedra müdiri seçiləndən sonra öz ətrafına istedadlı gəncləri toplamaqla güclü kadr potensialı yaratmışdı.

Ötən əsrin 40-cı illərində respublikanın neft sənayesinin qarşısında duran əsas vəzifə Xəzər dənizinin altındaki zəngin neft yataqlarının istifadəyə verilməsi idi. Neftçi geoloqların səyləri nəticəsində kəşfiyyat işləri başa çatdırıldığından istismar quyuları qazılmasına start verilməli idi. Dənizin su örtüyünün altında quyular qazılmasına hazırlıq prosesində Səftər müəllim nəzəri-praktik problemlərin həlli üçün gənc və istedadlı kadrlar hazırlanması istiqamətində işlər aparırdı. Gələcəkdə Milli Elmlər Akademiyasının akademiki olacaq Məmmədpaşa Quluzadə professor Səftər Quliyevin rəhbərliyi altında namizədlik və doktorluq dissertasiyalarını müdafiə edəndən sonra yetkin bir alim kimi tədqiqat nəticələrinin sənaye miqyasında tətbiqi üçün yorulmadan çalışırdı. Səftər müəllim dəniz neft yataqlarında qazma işlərinin aparılması üçün digər istedadlı gənc alimləri də elmi-praktik işə cəlb etmişdi. Özünün dərin elmi-tədqiqat işləri ilə qazma texnologiyasına böyük töhfələr vermiş Səftər Quliyev keçmiş SSRİ məkanında çalışan qazmaçı alimlərdən birincilərindən biri kimi dəyərləndirilirdi. O, çox dərin qazmanın elmi-texnoloji problemlərinin həlli ilə ilk dəfə müvəffəqiyyətlə məşğul olan alim kimi tanınırdı.

Ötən əsrin 60-cı illərinin əvvəllərində Yerin dərinlik quruluşunu öyrənmək məqsədilə dünyada çox dərin quyular qazılmasına başlanmışdı. Belə quyulardan biri də 1965-ci ildə Abşeronun “Şah dili” ərazisindəki 100 nömrəli quyu idi. Səftər müəllim Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun direktoru kimi öz əməkdaşları ilə birlikdə həmin quyunun layihə dərinliyinədək uğurla çatdırılması üçün tez-tez “Şah dili”nə səfər edir və qazmaçı mütəxəssislərə dəyərli əməli təkliflər verirdi. İş elə gətirdi ki, mən də həmin səfərlərin birində 100 nömrəli quyunun qazıldığı ərazidə oldum. Dərinliyi 7000 metrədək olacaq bu quyu xüsusi hazırlanmış “Uralmaş 300G” qurğusu vasitəsilə qazılırdı. Bu qurğu görməyə adət etdiyimiz vışkalara qətiyyən oxşamırdı. O, daha çox sənaye təyinatlı zavodu xatırladırdı. Qazma işləri ilə əlaqədar olan bütün hesablamalar Səftər müəllimin rəhbərliyi altında aparılmışdı. Obyektiv və subyektiv səbəblərdən həmin quyu Yerin mantiya qatına çatmadı və gözlənilmədən böyük dərinlikdə (7000 min metrdən artıq) qəza baş verdi. Qəzanın nəticələri Səftər müəllimin böyük təşkiatçılıq və texniki yaradıcılıq qabiliyyəti sayəsində aradan qaldırıldı. Bu, Avropada çox böyük dərinlikdə qəzanın aradan qaldırılması təcrübəsində nümunə kimi dəyərləndirilmişdi. Səftər Quliyev Saatlı ərazisində qazılan Avropada ən dərin quyunun bütün parametrlərini müasir tələblərə uyğun olaraq müəyyənləşdirmişdi.

Səftər Quliyev əməkdər elm xadimi, Azərbaycanın Milli Elmlər Akademiyasının həqiqi üzvü idi. O, dənizdə neft çıxarılması tarixi və gələcək perspektivləri haqqında beynəlxalq simpoziumlarda dərin məzmunlu mühazirələri ilə məşhur idi. Akademik Səftər Quliyev çox dərin qazmanın böyük bilicisi kimi tanınırdı.O, həm də neft quyularının qazılması və istismarı sahəsində terminologiyanın yaradıcısı idi. Qazma elminə Azərbaycan dilində yeni terminlər gətirmişdi. Onların arasında küt qazma (rus dilində kustovoe burenie) , kəlləçarx (rus terminologiyasında kronblok) və bu qəbildən bir çox terminləri misal göstərmək olar. Səftər müəllim hərtərəfli inkişaf etmiş bir şəxsiyyət idi. Azərbaycançılığa və ümumiyyətlə, türkçülüyə vurğunluğu ilə seçilirdi. Pantürkizmə düşmən münasibət cövlan edən bir dövrdə heç bir qorxu-hürkü hiss etmədən oğlanlarından birinin adını Atilay (böyük türk sərkərdəsi Attilanın şərəfinə), digərinin adını isə Kubilay (böyük fateh Çingizxanın nəvəsi Xubilayın şərəfinə) qoymuşdu. O, ərəb və fars filologiyasından yaxşı xəbərdar insan idi. Bu dillərdə çətinlik çəkmədən danışırdı. Rus və ingilis dillərində oxuduğu mühazirələr onu əcnəbi tələbələrin sevimlisinə çevirmişdi.Səftər müəllim qazma sahəsində çalışan alim və mütəxxəssislər üçün “İngiliscə – Azərbaycanca- rusca lüğət” nəşr etdirmişdi. Onun ən sevimli dili öz ana dili idi. Səftər müəllim öz həmkarlarını doğma ana dillərində səlis danışmağa həvəsləndirirdi. Rus dilinin az qala dövlət dili səviyyəsinə qalxdığı, buna görə də bütün yazışmaların rus dilində ararıldığı bir dövrdə müdiri olduğu kafedranın və direktoru olduğu Dərin Qazma Problemləri İnstitutunda bütün tədbirlərin Azərbaycan dilində keçirilməsinə səy göstərirdi. Əməkdaşların Azərbaycan dilində sərbəst danışmasını və yazmasını istəyirdi. Başçılıq etdiyi institutda dəftərxana işləri Azərbaycan dilində aparılırdı. Bir sözlə, akademik Səftər Quliyev öz vətənini və xalqını ürəkdən sevən ali şəxsiyyət idi. Onun azərbaycanlı tələbələr üçün yazdığı dərsliklər onların stolüstü kitabına çevrilmişdi.

İnsansevərliyi və xeyirxahlığı ilə seçilən akademik Akif Əlizadənin təşkilatçılığı ilə akademik Səftər Quliyevin Milli EA-nın Geologiya İnstitutunda keçirilən 100 illik yubileyi zamanı toplaşanlar- Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmlər doktoru, Sosialist Əməyi Qəhramanı İsmayıl İbrahimov, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyasını həqiqi üzvü professor Midhət Abasov bir çox digər mütəxəssislər öz çıxışlarında neft quyuları qazılması sahəsində birincilərdən biri olan Səftər Mehdiqulu oğlu Quliyev haqqında xoş sözlər söylədilər. Neft sənayesinin inkişafı üçün milli kadrların yetişdirilməsi sahəsində böyük əmək sərf etmiş Səftər Quliyevin əziz xatirəsi heç bir vaxt unudulmayacaq.

 

 

Arif HÜSEYNOV,

yazıçı-jurnalist

 

Xalq qəzeti.- 2009.- 28 iyul.- S. 6.