Sumqayıt: layihələr inkişafın sürətləndirilməsinə
xidmət edir
İyul ayının 22-də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş geniş iclasında dövlət
başçımız dünyadakı maliyyə
böhranına baxmayaraq, ölkəmizdə iqtisadi vəziyyətin sabit olduğunu, sosial vəziyyətin isə
yaxşılaşdığını vurğulamış,
ölkə üzrə ümumdaxili məhsulun 3,6 faiz
artdığını, qeyri-neft sektorunda artımın 4,1 faiz
olduğunu nəzərə çatdırmışdır.
Respublikamızda
qazanılan uğurlar gənclik şəhəri
Sumqayıtın da dinamik inkişafına geniş imkanlar
yaratmışdır. Şəhər sakinlərinin rifah
halının yaxşılaşdırılmasına, sosial
problemlərin həllinə, infrastrukturun təkmilləşdirilməsinə
yönəldilmiş bütün layihələr ölkə
Prezidentinin Sumqayıta xüsusi diqqət və
qayğısı nəticəsində öz həllini
tapmışdır.
Sumqayıtda ilin birinci
yarısının yekunlarına həsr edilmiş fəallar
yığıncağında şəhər icra hakimiyyətinin
başçısı Vaqif Əliyev hesabat məruzəsində
bildirmişdir ki, şəhər iqtisadiyyatının əsas
göstəricisi olan ümumi məhsul
buraxılışının həcmi 167,3 milyon manat
olmuş, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 65,7 faiz təşkil etmişdir. Ümumi
məhsul buraxılışında qeyri-dövlət sektorunun
payı ötən ilin müvafiq dövrü ilə
müqayisədə 17,3 faiz artaraq 82,1 faizə yüksəlmişdir.
Son 6 il ərzində
şəhər üzrə məhsul buraxılışı
və göstərilən xidmətlərin həcmi 3 dəfədən
çox artmış, ümumilikdə 2 milyard 228 milyon manatdan
çox olmuş, əhalinin həyat səviyyəsini səciyyələndirən
nominal aylıq əmək haqqı 4 dəfədən
çox artaraq 250
manat səviyyəsini ötmüşdür.
Şəhər üzrə
bütün maliyyə mənbələri hesabına
ayrı-ayrı sahələrin inkişafına 40 milyon manatdan
çox investisiya qoyulmuşdur. Son 6 il ərzində isə
şəhər üzrə ayrı-ayrı sahələrin
inkişafına bütün maliyyə mənbələri
hesabına ümumilikdə 1 milyard 395 milyon manatdan çox
investisiya yönəldilmişdir.
Birinci yarımillik ərzində
şəhərin orta, kiçik sənaye müəssisələrində
zəruri məhsul çeşidləri istehsalının mənimsənilməsi
istiqamətində mühüm addımlar
atılmışdır. Ötən ilin eyni dövrü ilə
müqayisədə qida məhsulları istehsalı 9,8 faiz, dəri
və dəri məmulatları
2 dəfə, tikinti materialları istehsalı 2,1 dəfə
artmışdır.
Bir sıra
qeyri-dövlət müəssisələrində — “Azərbaycan
Məişət Malları” ASC, “Ürətan LTD” MMC, Dəri
istehsalı müəssisəsi, Parket istehsalı müəssisəsində
məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə
müqayisədə xeyli artmışdır.
İri diametrli
şüşə lifli boru istehsalı zavodu “Azkompozit” MMC-də
əlavə məhsul çeşidləri istehsalı mənimsənilmiş,
biskvit-makaron, un məmulatları emalı müəssisəsi
— “Bismak” Qida Sənaye Kompleksi MMC-də məhsul
istehsalının həcminin və çeşidlərinin
artırılması ilə bağlı əlavə korpusun
tikintisi və avadanlıqların quraşdırılması işləri başa
çatdırılmışdır. Qənnadı məmulatları
emalı müəssisəsi — “Elitar” MMC-də məhsulun
çeşidlərinin artırılması və
satışının təşkili istiqamətində əhəmiyyətli
işlər görülmüşdür.
Şəhər ərazisində
inşası aparılan sənaye obyektlərindən 517 MVT
gücündə Sumqayıt Elektrik Stansiyasının tikintisi
başa çatdırılmış, sutkalıq gücü
200 min kubmetr olan məişət çirkab sularının təmizlənməsi
qurğusunda, pambıq iplik istehsalı müəssisəsi —
“İnter Tekstil” MMC-də, elektrik naqilləri və kabellər istehsalı
müəssisəsində, xam kağız və karton
istehsalı sahələri — “Sumqayıt Karton” MMC və Azərsun
Holdinqin Sumqayıt fabrikində tikinti-quraşdırma işləri
davam etdirilmişdir.
“Ağac emalı” ASC ilin əvvəlindən
artan templə fəaliyyət göstərmişdir. Burada
ötən ilin müvafiq dövrü ilə müqayisədə
mebel və digər məhsulların istehsalı 5 dəfəyədək
artmışdır. “Polimer” ASC-də boş sahələr icarəyə
verilərək iri mebel istehsalı kompleksi yaradılır. “Dəmirbeton-1"
müəssisəsində müxtəlif növlü
üzlük daş istehsal edəcək yeni sahə
yaranmış və fəaliyyətə başlamışdır.
2009-cu ilin 1-ci
yarısında həyata keçirilən tədbirlər nəticəsində
ümumilikdə 1524 yeni, daimi iş yeri
yaradılmışdır və bundan 104-ü yeni
açılmış təşkilatlarda, 358-i mövcud
müəssisə və təşkilatlarda, 1062-si isə fəaliyyəti
bərpa edilmiş müəssisələrdə olmuşdur.
Hesabat dövrü ərzində
şəhərdə fəaliyyət göstərən fiziki
şəxslərin sayı artaraq 8000-ə, hüquqi şəxslərin
sayı isə 2000-ə çatmışdır. Kiçik və
orta sahibkarlar tərəfindən 10 ticarət, 5 xidmət və
2 iaşə obyekti tikilib istifadəyə verilmişdir.
Vaqif Əliyev qeyd
etdi ki, son illərdə həyata keçirilmiş iri
miqyaslı abadlıq, yenidənqurma, tikinti-quraşdırma və
təmir işləri nəticəsində bu ilin noyabrında
60 yaşını qeyd edəcək Sumqayıtın görkəmi
gün–gündən dəyişməkdədir. Şəhərimiz,
sözün əsl
mənasında, müasir bir Avropa şəhərinə
çevrilməkdədir. Bütün bunlar,
sözsüz ki, dövlətimizin
başçısının Sumqayıta, onun sadə əmək
adamlarına göstərdiyi daimi diqqət və
qayğının nəticəsində mümkün
olmuşdur. Şəhərimizdə ölkə
başçısının birbaşa dəstəyi ilə
bir çox layihələr həyata
keçirilmişdir.
Hesabat
dövründə şəhərdə yüksəkmərtəbəli
binaların tikintisi davam etdirilmişdir. 13 mənzil — tikinti
kooperativi tərəfindən 20 korpusda tikinti işləri
başa çatdırılmış, hazırda 19 binada
tikinti işləri aparılmaqdadır, 6-da işlərin
aparılması üçün hazırlıq görülür.
Yubiley ərəfəsində
şəhərin görkəminə xüsusi yaraşıq
verən hündürmərtəbəli binaların
fasadlarının müasir üslubda rənglənməsi
davam etdirilmişdir. İlin əvvəlindən 80 çoxmərtəbəli
binanın fasadı rənglənmişdir. Ümumilikdə isə
şəhərdə belə binaların sayı 231-dir. 16 binanın
kürsü hissəsinə üzlük plitə
vurulmuşdur, hazırda 1 binada bu iş davam etdirilir.
Şəhərdə
bir sıra inzibati binalar, o cümlədən Dövlət
Sosial Müdafiə Fondunun Sumqayıt şöbəsinin,
Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Ərazi
idarəsinin, Maliyyə İdarəsinin binaları tikilib
istifadəyə verilmişdir. 18-ci mikrorayonda Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün müasir tipli 36 mənzilli yeni yaşayış
binasının tikintisi davam etdirilməkdədir.
Hesabat dövründə şəhərin
mərkəzində ikimərtəbəli, müasir üslubda
inşa edilmiş “Ağsaqqallar evi” istifadəyə
verilmişdir. Uzunluğu 10 kilometr olan, istifadəyə
yaramayan Şollar su xətti bütövlükdə yeni xətlə
əvəz olunaraq istifadəyə verilmiş və şəhər
əhalisinin suya tələbatını daha dolğun ödəməyə
imkan yaratmışdır. “Heydər parkı” ərazisindən
keçən 600 millimetrlik istismara yararsız 1300 poqonmetr su xətti
yenisi ilə əvəz olunaraq parkın ərazisindən kənara
çıxarılmışdır.
Şəhərin 10-cu mikrorayonu ərazisində
Ü.Hacıbəyov küçəsində yeni istirahət
parkı yaradılmışdır. Şəhərin girəcəyindəki
“Tərəqqi” parkı yenidən bərpa olunmuşdur.
Hesabat
dövründə ümumilikdə ərazilərə 100,5 min
kvadratmetr asfalt örtüyü salınmışdır.
Şəhərlə yanaşı qəsəbələrin
abadlaşdırılması diqqət mərkəzində
olmuşdur. İlin əvvəlində H.Zeynalabdin qəsəbəsinin
küçələrinə 13,5 min kvadratmetr asfalt döşənmiş
və bununla da qəsəbənin bütün yolları əsasən
asfaltlanmışdır. Corat qəsəbəsinin
küçələrinə 7,5 min kvadratmetr asfalt
örtüyü salınmışdır.
Hər zaman olduğu
kimi, şəhər ərazisinin
işıqlandırılması diqqət mərkəzində
saxlanılmış, “Bakı” küçəsində, şəhər
icra hakimiyyətinin həyətində, Ü.Hacıbəyov
küçəsindəki parkda dirəklər
basdırılmış, ərazinin
işıqlandırılması həyata keçirilmiş,
digər prospekt və küçələrdə isə son tamamlama işləri
davam etdirilmişdir. H.Zeynalabdin və Corat qəsəbələrində
küçə və meydanların
işıqlandırılması məqsədilə 114 ədəd
fənər quraşdırılmış, 4 kilometrə
yaxın kabel xətti çəkilmişdir.
Şəhərin
yaşıllaşdırılmasına həmişə
olduğu kimi xüsusi fikir verilmiş, park, xiyaban və
küçələrdə müxtəlif ağac və
kollar, yeni çeşidli dekorativ güllər əkilmiş,
yaşıllığa qulluq edilən sahələr xeyli
artmışdır.
Şəhər ərazisində
əmələ gələn məişət
tullantılarının vaxtlı-vaxtında
yığılaraq daşınmasının müasir qaydalara
uyğun təşkili, ümumilikdə tullantıların idarə
olunması aparılan abadlıq və təmizlik işlərinin
mühüm tərkib hissəsini təşkil edir. Şəhər
icra hakimiyyəti
başçısının müvafiq sərəncamı ilə
yeni “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC
yaradılmaqla bu işlərin təşkilində müəyyən
irəliləyişə nail olunmuşdur. Departamentin
texniki bazası möhkəmləndirilmiş, küçələrdə
təmizlik işləri aparmaq üçün xüsusi təyinatlı
yeni texnika alınmışdır. Əsasən şəhərin
sənaye zonasında yerləşən və əvvəllər
xidmət olunmayan ucqar küçələr departamentin xidmət
sahəsinə daxil edilmişdir.
Hesabat dövrü ərzində əhaliyə
elektrik enerjisi, təbii qaz, su və digər kommunal xidmətlər
göstərilməsi sahəsində bir sıra təşkilati
və texniki tədbirlər həyata keçirilmişdir.
Ayrı-ayrı avadanlıqlar yeniləri ilə əvəz
olunmuş, əlavə xətlər çəkilmiş,
müasir sayğaclar quraşdırılmışdır. Bu
işlərin görülməsi göstərilən xidmətlərin
haqqının vaxtında ödənilməsinə də təsir
etmişdir.
Bu gün şəhərdə
sakinlərin içməli suya olan tələbatının
ödənilməsində problem yoxdur. Bununla belə içməli
suyun dəyərinin ödənişində problemlər tam
aradan qaldırılmalıdır.
Hesabat
dövründə “İstedad” liseyi və 5 nömrəli orta
məktəb üçün inşa edilən əlavə
korpuslar istifadəyə verilmişdir. 19 nömrəli orta məktəbdə
600 yerlik əlavə korpusun tikintisi tamamlanmış, 42
nömrəli məktəb üçün yeni məktəb
binasının tikintisi başa çatmışdır. Şəhərin
yubileyinə hazırlıq işləri çərçivəsində
Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində,
öz ölçuləri ilə müasir Olimpiya Kompleksindən
heç də fərqlənməyən 1 saylı Uşaq- Gənclər
İdman məktəbində, Şahmat məktəbində
müasir üslubda əsaslı təmir və yenidənqurma
işləri davam etdirilir.
Artıq 7-ci ildir
ki, yay tətilində şəhərdən kənarda istirahət
etməyə imkanı olmayan şagirdlərin asudə
vaxtının səmərəli təşkili, onların
idmanla məşğul olmaları, ekskursiyalara, müxtəlif
tədbirlərə cəlb edilmələri məqsədilə
şəhər məktəblərində yay düşərgələri təşkil
edilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə əlaqədar
bu il düşərgələrin işi daha da təkmilləşdirilmiş
və çox maraqlı proqram əsasında qurulmuşdur.
Yay
mövsümünün başlanması ilə əlaqədar
şənbə və bazar günləri şəhər əhalisinə
mədəni xidmət göstərilməsi məqsədilə
mədəniyyət müəssisələri tərəfindən
park və xiyabanlarda konsertlər təşkil edilir.
Şəhərin 60 illiyinə
böyük töhfə olacaq Tarix Muzeyində əsaslı təmir
və yenidənqurma işləri başa
çatdırılmışdır. Hazırda tərtibat
işləri aparılır. Hesabat dövründə
S.Vurğun adına Mərkəzi Kitabxananın əsaslı təmiri
başa çatdırılmış, yeni inventar və
avadanlıqla tam təmin edilərək istifadəyə
verilmişdir.
İlin əvvəlindən icra
hakimiyyətinin təşəbbüsü ilə şəhərin
15 idarə və təşkilatının rəhbərləri
tərəfindən yaşayış massivlərində sakinlərlə
görüşlərin keçirilməsi davam etdirilmişdir.
Hesabat dövründə 180 belə görüş
keçirilmiş, bu görüşlərdə 6000 nəfərə
yaxın sakin iştirak etmişdir. Sakinlərə
şəhərdə aparılan abadlıq, quruculuq işləri
barədə məlumat verilmiş, onlar tərəfindən
700-dən çox müxtəlif məsələ
qaldırılmış və 200-ü araşdırılaraq
yerində həll edilmiş, qalan məsələlərin
araşdırılması və həlli ilə bağlı
aidiyyəti idarə təşkilatlara rəsmi məktublar
göndərilmiş və icrası nəzarətə
götürülmüşdür.
Yubileylə əlaqədar
may ayında “Sumqayıt —60: sosial-iqtisadi tərəqqi,
inkişaf və nailiyyətlər” mövzusunda konfrans
keçirilmiş və bu tədbirdə bir sıra nazirliklərin,
Milli Elmlər Akademiyasının rəhbər vəzifəli
məsul şəxsləri iştirak etmişlər. Eyni zamanda iyun ayında
“Sumqayıt səhiyyəsi-60" mövzusunda konfrans da
keçirilmişdir.
Prezident İlham Əliyev
tərəfindən təsdiq edilmiş “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” növbəti
illərdə əhalinin həyat səviyyəsinin daha da
yaxşılaşdırılmasına, ölkəmizin
regionlarının daha da inkişaf etməsinə xidmət
göstərəcəkdir.
Proqramda Sumqayıt şəhəri üzrə 15 istiqamətdə
tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Bunlar şəhər üçün çox
mühüm əhəmiyyət kəsb edən, son nəticədə
sakinlərin rifah halının , onlara göstərilən xidmətlərin
daha da yaxşılaşdırılmasına yönəldilmiş
irimiqyaslı tədbirlərdir.
İşgüzar şəraitdə
keçən yığıncaqda qarşıda duran
bütün vəzifələrin uğurla yerinə yetirilməsi
əzmi ifadə edilmişdir.
Əli NƏCƏFXANLI,
Xalq qəzeti.- 2009.- 28 iyul.- S. 5.