İnsanları düşündürən sosial problemlərin həlli dövlətin diqqət mərkəzindədir

 

Dünyada keçən ilin ortalarından başlanmış iqtisadi böhran davam edir. Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Çin Xalq Respublikası kimi aparıcı ölkələrdə maliyyə böhranının törətdiyi fəsadlar daha çox hiss olunur. Dünya miqyaslı iri şirkətlər müflisləşir, bir çox nəhəng konsernlər fəaliyyətlərini tam gücü ilə apara bilmir. İşsizlərin sayı durmadan artır. Bəzi ölkələrdə insanların əmək haqları aşağı salınıb, pensiyaların, sosial müavinətlərin vaxtında verilməsi çətinləşib. Vəsait çatışmazlığı üzündən bir sıra transmilli layihələr yarımçıq qalıb. Bir sözlə, yaşadığımız planetdə həyat səviyyəsi çox ciddi çətinliklərlə üzləşib, ekoloji kataklizmlər insanları çıxılmaz vəziyyətə salıb.

 

Müstəqilliyinin 18-ci ilini yaşayan Azərbaycanda isə bu gün dünya miqyaslı maliyyə böhranının bir o qədər də hiss edilməməsi onun göstəricisidir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan iqtisadi, sosial-mədəni siyasət uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərimizin siyasi kursunun dönməzliyinə sədaqətini ildən-ilə gücləndirir, onu yeni-yeni çalarlarla zənginləşdirir. Ölkə başçısının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin rüblük, yarımillik və illik hesabatları artıq ənənə şəkli almışdır. Həmin yığıncaqlarda müzakirə olunan məsələlər həyatın tələblərindən irəli gəlir, dünyada baş verən iqtisadi, sosial-mədəni proseslərə adekvat münasibət bəslənilir, əldə edilən nailiyyətlər qeyd olunmaqla yanaşı, qarşıda duran başlıca vəzifələr müəyyənləşdirilir.

Bu baxımdan, iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ölkə əhalisi tərəfindən diqqətlə izlənmişdir. Cənab İlham Əliyevin iclasda söylədiyi giriş və yekun nitqlərində, bəzi hökumət üzvlərinin çıxışlarında səsləndirilən fikirlər, sosial-iqtisadi göstəricilər adamları gələcəyə daha nikbin baxmağa sövq etmişdir. İlin birinci yarısında həyatın bütün sahələrində görülən işlərdən razılıq hissi ilə danışan ölkə başçısı əldə edilən nailiyyətlərlə kifayətlənməməyi, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması üçün bütün qüvvələri səfərbərliyə almağı qarşıya məqsəd qoymuşdur.

Dövlətimizin rəhbəri müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır ki, başqa sahələrdə olduğu kimi, ilin birinci yarısında sosial məsələlərin həlli də uğurla davam edir, bütün sosial proqramlar həyata keçirilir. Məktəb, xəstəxana tikintisi, digər sosial proqramlar icra edilir. Ünvanlı sosial yardımı alan insanların sayı 800 minə çatmışdır və orta hesabla hər bir ailəyə yüz manat yardım göstərilmişdir. Bu da çox böyük məbləğdir və çətin vəziyyətdə yaşayan soydaşlarımızın sosial durumunun yaxşılaşdırılması üçün Azərbaycan dövləti tərəfindən görülən konkret tədbirdir.

Bu il inflyasiyanın səviyyəsi çox aşağıdır. Altı ayda inflyasiya 3,7 faiz təşkil etmişdir. Ərzaq malları üzrə inflyasiyanın 2,1 faiz olduğunu nəzərə alsaq görərik ki, inflyasiya insanların sosial vəziyyətinə təsir etməmişdir. Əgər nəzərə alsaq ki, bu il əhalinin pul gəlirləri 19 faiz artmışdır, onda görərik ki, real gəlirlər təxminən 15-16 faiz təşkil edir. Orta əmək haqqı bu il təxminən 15 faiz artmışdır. Yəni bütün bu rəqəmlər onu göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm iqtisadiyyatdır, aparılan iqtisadi islahatlar davam etdirilməlidir. Azərbaycan dövləti bütün sosial məsələlərin həlli üçün səmərəli işləyir və insanların həyat səviyyəsinin yaxşılaşdırılması, dünyada hökm sürən böhrandan maksimum dərəcədə müdafiəsi üçün hər şeyi edir. İclasda bildirildi ki, 2009-cu ilin birinci yarısında Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı ötən ildə başlayan qlobal maliyyə-iqtisadi böhranın dünya iqtisadiyyatında yaratdığı mənfi fəsadları, ələlxüsus geniş ticarət dövriyyəsinin kəskin şəkildə aşağı düşməsi, iqtisadiyyatın bank və qeyri-bank kreditləşməsinin azalması fonunda baş vermişdir. Beynəlxalq Valyuta Fondunun yenicə açıqladığı dünya iqtisadiyyatının proqnozuna görə, cari ilin birinci yarısında inkişaf etmiş ölkələrdə ümumi daxili məhsul 2,5-5 faiz, Avropa İttifaqı ölkələrində 4,7 faiz, Asiyanın yeni industrial dövlətlərində 6 faiz, MDB-yə daxil olan respublikalarda isə cəm halında 4 faiz azalmışdır. Azərbaycanda isə müvafiq dövrdə ÜDM-in artımı 3,6 faiz təşkil etmişdir.

Bunun hansı yollarla, necə əldə olunduğundan danışan Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov qeyd etmişdir ki, 2009-cu ilin altı ayında dövlət büdcəsinin mədaxili 4 milyard 862 milyon manat və ya 93,4 faiz yerinə yetirilib. Hesabat dövründə bütün əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsi davam etdirilmiş, bu məqsədə dövlət büdcəsindən 1 milyard 675 milyon manat vəsait yönəldilmişdir.

Həmin vəsaitlərdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 124 milyon manat, o cümlədən təhsil müəssisələrinə 29 milyon manat, səhiyyə müəssisələrinə 9,4 milyon manat, mədəniyyət müəssisələrinə 32 milyon manat, idman müəssisələrinə 24 milyon manat, sosial müdafiə və sosial təminat təyinatlı müəssisələrə 24 milyon manat vəsait sərf edilmişdir.

Əsas kommunal və nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 84 milyon manat, o cümlədən elektrik energetikası infrastrukturlarının tikintisi üçün 168 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpası və yenidən qurulması üçün 69 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının və yol infrastrukturunun tikintisi və yenidən qurulmasına 731 milyon manat, Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro üçün avadanlığın alınmasına 47 milyon manat vəsait yönəldilmişdir.

Cari ilin ötən dövrü ərzində icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi üçün 153 milyon manat vəsait sərf edilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bir sıra vacib dövlət xərclərinin maliyyələşdirilməsinə 7,6 milyon manat, dövlət büdcəsinin Ehtiyat Fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 65,4 milyon manat vəsait istifadə olunmuşdur.

Altı aylıq yekuna həsr edilmiş iclasın materialları ilə ətraflı tanışlıq adamda belə bir inam yaradır ki, ölkə əhalisini düşündürən sosial problemlərin həlli dövlətin diqqət mərkəzindədir. Bunu möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə qeyd etmişdir. Nazirlər Kabinetinin növbəti yığıncağında da bunu xatırlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim iqtisadi vəziyyətimiz sabitdir, sosial vəziyyət yaxşıdır. Baxmayaraq ki, təbii olaraq gəlirlərimiz azalıb və neftin qiymətinin aşağı düşməsi ilə bağlı müəyyən investisiya layihələri bir az yubadılıb, ancaq biz bütün sosial proqramları icra edirik. Çünki ən əsası insanların sosial vəziyyətinin yaxşılaşmasıdır. İlk növbədə, bütün sosial proqramlar — pensiyalar, əmək haqları, ünvanlı sosial yardım proqramları icra edilməlidir...

Bu yaxınlarda gələn ilin büdcəsi üzərində ciddi iş başlanacaqdır. Artıq ilkin təkliflər irəli sürülübdür. Gələn ilin büdcəsi, əlbəttə ki, reallığı nəzərdə tutmalıdır. Həm sosial yönümlü, həm də investisiya yönümlü olmalıdır. Bizim siyasətimiz məhz bu iki amilin sintezitndən ibarətdir. Güclü iqtisadiyyat, bazar iqtisadiyyatı prinsiplərinin tam şəkildə tətbiq edilməsi, bununla bərabər, sosial məsələlərin uğurla həlli bizim sosial-iqtisadi siyasətimizin əsas istiqamətidir".

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2009.- 28 iyul.- S. 1.