2009-cu ilin birinci yarısının yekunları Səbail rayonu üçün uğurlu olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında müzakirə edilmişdir. İclasda rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, bütün dünyanı bürümüş iqtisadi böhran hər bir ölkəyə öz təsirini göstərsə də, Azərbaycana bu təsir çox cüzi olmuş, iqtisadiyyatın uğurlu inkişafı davam etmişdir. 2009-cu ilin ilk altı ayı ərzində ölkəmizdə ümumi daxili məhsul 3,6 faiz artmış, qeyri-neft sektorunda inkişaf təxminən 4,1 faiz olmuşdur ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Altı ay ərzində əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verən A.Əsgərov qeyd etmişdir ki, 2009-cu ilin birinci yarısı ərzində Səbail rayonunun sənaye müəssisələri üzrə 177,5 milyon manatlıq məhsul istehsal edilmiş, 6 ay ərzində istehlakçılara 178,3 milyon manatlıq, o cümlədən sənaye müəssisələrinin öz istehsalı olan 178,0 milyon manatlıq məhsul göndərilmiş və xidmətlər göstərilmişdir.

Rayonda iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 163,5 milyon manat olmuş, rabitə müəssisələri birinci yarımillikdə müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 336,0 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.

2009-cu ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 700,1 milyon manatlıq investisiya yönəldilmişdir. Bu investisiyaların 653,3 milyon manatı və ya 93,3 faizi istehsal təyinatlı obyektlərə sərf edilmişdir. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyaların həcmi 203,2 milyon manat olmuşdur.

Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 164,5 milyon manat (95,1 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 8,5 milyon manat (4,9 faiz) təşkil etmişdir.

2009-cu ilin yanvar-iyun aylarında istehlak bazarında əhaliyə 257,2 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Hesabat dövründə ötən ilin müvafiq dövrünə nisbətən pərakəndə əmtəə dövriyyəsinin həcmi 18,9 faiz artmışdır.

2009-cu ilin ilk altı ayı ərzində rayonda əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 1,1 dəfə artaraq 21,3 milyon manat olmuşdur. 2009-cu ilin yanvar-may ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 88516 nəfər, orta aylıq əmək haqqının məbləği isə 636,9 manat təşkil etmişdir ki, bu da keçən illə müqayisədə 24,4 manat və ya 4,0 faiz çoxdur. Hesabat dövründə rayonda 1302 yeni daimi iş yeri açılmışdır.

2009-cu ilin birinci yarısında Səbail rayonunda yerləşən mədəniyyət ocaqlarının və digər sosial obyektlərin təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilmişdir. Bu ilin birinci rübündə əsaslı təmir və bərpa işlərindən sonra Gənc Tamaşaçılar Teatrının, MTN-nin Mədəniyyət Mərkəzinin, AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin teleqüllə kompleksinin açılışı olmuş, həmçinin “Azərbaycan” prospektində, Daxili İşlər Nazirliyinin qarşısında yenidən qurulmuş yeraltı piyada keçidi istifadəyə verilmişdir. Qeyd olunan tədbirlərdə ölkə başçısı cənab İlham Əliyevin iştirakı respublikamızda mədəniyyət və mənəviyyat məsələlərinə, milli dəyərlərimizin öyrənilməsi və təbliğinə diqqət və qayğının səviyyəsini aydın göstərir.

Rayon ərazisindəki mövcud mədəniyyət müəssisələrində aparılan təmir-bərpa işləri gənc nəslin tərbiyəsi işlərində bu müəssisələrin rolunun artırılmasına səbəb olur. M.Seyidzadə adına Mərkəzi Şəhər və Uşaq Kitabxanasında “Kitabxana-kitab mağazası”nın, M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda “İnformasiya mərkəzi”nin yaradılması rayonun, eləcə də şəhərimizin mədəni həyatında mühüm hadisə olmuşdur.

Cari ilin ilk 6 ayı ərzində rayonda aparılan abadlıq və quruculuq işləri davam etdirilmişdir. “Xaqani” bağında əsaslı təmir işləri başa çatmaq üzrədir. “Fəvvarələr bağı”nda və Nizami küçəsində əsaslı təmir və yenidənqurma işlərinə başlanmışdır. 20-ci sahədə yerləşən istirahət bağında “Veteran Neftçilər Klubu” istifadəyə verilmişdir. Klubda veteranların normal istirahəti və vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılmışdır. Şəhərin qocaman təhsil müəssisələrindən olan Beynəlxalq Təhsil Kompleksinin və 132 saylı orta məktəbin binalarının təmirinə başlanmışdır.

Rayon sakinlərinin, xüsusilə Badamdar qəsəbəsi, Bayıl- 20-ci sahə yaşayış sahəsi sakinlərinin içməli su ilə təminatında olan çətinliklərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. “Azərsu” SC tərəfindən Badamdar qəsəbəsi və 3-cü yaşayış massivində Oğuz- Qəbələ su kəməri üçün nəzərdə tutulan 4 ədəd su anbarının tikintisinə başlanmışdır.

Ölkə Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı”na uyğun olaraq Bibiheybət buxtasında neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsi çərçivəsində artıq 174 hektardan artıq torpaq sahəsi təmizlənmiş və burada yaşıllıqlar salınmışdır.

Bakının cənub-qərb girişinin Lökbatan dairəsindən Azneft dairəsinədək olan hissəsinin yenidən qurulması və genişləndirilməsi məqsədi ilə təklif olunmuş layihəyə uyğun olaraq Bibiheybət məscidinin yanından Şıx çimərliyi istiqamətində yolun genişləndirilməsi, abadlaşdırılması və mərkəz istiqamətdə yeni yolun çəkilişi “Azəryolservis” ASC tərəfindən həyata keçirilməkdədir.

İlin birinci yarısı ərzində mərkəzdəki 2 binanın dam örtüyü əsaslı təmir olunmuş, binaların damında 1210 kvadratmetr örtük dəyişdirilmiş, 14 ədəd tüstü bacası təmir edilmişdir. Həyətlərə asfalt örtüyü döşənmiş, 3 ünvanda aparılan təmir işləri zamanı 170 kvadratmetr üzlük daş qoyulmuş, istinad divarı tikilmiş, bir neçə keçid meydançaları əsaslı təmir olunmuşdur.

Badamdar qəsəbəsindəki Heydər Əliyev adına istirahət parkında təmir işləri aparılmış, yeni oturacaqlar quraşdırılmış, yeni qazon əkilmişdir. Bağlar küçəsində və 3-cü yaşayış massivində 1000 kvadratmetr yeni asfalt örtüyü salınmış, 2 ünvanda zibilxanalar təmir edilərək ətrafı abadlaşdırılmış, bura əlavə konteynerlər qoyulmuşdur.

Hər həftənin şənbə günlərində Badamdar qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunmuş, müxtəlif rayonlardan gələn fermerlər üçün burada lazımi şərait yaradılmışdır. Bibiheybət ziyarətgahının ətrafının abadlaşdırılması istiqamətində ora bitişik qeyri yaşayış sahələri sökülmüş və yeri təmizlənmiş, qəsəbədəki mədəniyyət evində və kitabxanada təmir işləri aparılmışdır.

İlin birinci yarısı ərzində rayon ərazisində müxtəlif diametrli 1320 paqonometr uzunluğunda yeni su xətləri çəkilmiş, 380 ədəd su axıntısı bərpa olunmuş, 3 ədəd müxtəlif tutumlu su anbarı yuyulmuşdur. Əraziyə 3220 paqonometr müxtəlif diametrli su xətti çəkilmişdir.

Badamdar qəsəbəsinin 1-ci Yaşayış Massivində, 1-ci Badamdar küçəsində müxtəlif ölçülü qaz xətləri çəkilib dairəvi xətlə birləşdirilmiş, Nemanzadə və A.Məmmədov, T.Elçin küçələrindən keçən qaz kəmərlərinin üzərindəki siyirtmə dəyişdirilmişdir. Dənizkənarı Milli Parkın ərazisindən keçən 530 mm-lik orta təzyiqli yeraltı qaz kəməri polad borularla yenidən qurulmuş, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 108 mm-lik 534 paqonometr qaz xətti çəkilmişdir.

Badamdar qəsəbəsində hərbi şəhərcik adlanan yerdə şəbəkə quraşdırılmış, şəhərin mərkəz hissəsində kabel xətti çəkilmiş, 3-cü massivdə 2 ədəd və 20-ci sahədə A.İsmayılov küçəsində 1 ədəd yeni transformator quraşdırılmış, 20-ci sahədə 6-cı mədən ərazisində 1000 metr naqil yenisi ilə əvəz olunmuşdur. Bayıl qəsəbəsi G.Əliyev küçəsində yerləşən transformator məntəqəsinə iki dövrəli 6 kv-luq yeni hava xətti, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, 20-ci sahədə və 3-cü Mədən ərazisində 2550 metr müxtəlif markalı naqillər dəyişdirilmişdir.

Hesabat dövründə rayonda bir sıra tədbirlər keçirilmişdir. Belə ki, aprel-may aylarında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası respublikada futbolun təbliği və inkişafı istiqamətində apardığı işlər çərçivəsində rayonun orta məktəblərində “Futbol oynayaq - sağlamlığı qoruyaq” devizi altında tədbirlər keçirilmişdir.

Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri rayonun hamilik etdiyi hərbi hissənin şəxsi heyətinə orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırmış, “Vahid” poeziya evinin kollektivi, digər incəsənət ustaları tərəfindən onlara bayram konserti verilmişdir. Azərbaycan Ordusu günü ilə bağlı Badamdar qəsəbəsindəki “N” saylı hərbi hissədə bayram tədbiri keçirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş bir sıra tədbirlər, o cümlədən Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında ənənəvi gül bayramı keçirilmişdir.

İyun ayının 6-da Səbail Rayon İcra Hakimiyyətinin, “Sodrujestvo” Həmrəylik Cəmiyyəti və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə dahi rus şairi A.Puşkinin anadan olmasının 210-cu ildönümü təntənəli şəkildə qeyd olunmuşdur.

2009-cu il ölkə başçısı tərəfindən “Uşaq ili” elan olunmuşdur. Bununla əlaqədar RİH tərəfindən tədbirlər planı təsdiq olunmuş və artıq bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin daha maraqlı və yaddaqalan olması, iştirak edənlərin sayının daha da artırılması üçün orta təhsil müəssisələri rəhbərləri, RİH-nin müvafiq şöbəsi tərəfindən görülən işlər əlaqələndirilməli və genişləndirilməlidir.

Yığıncaqda çıxış edən “Bibiheybətneft” NQÇİ-nin rəisi İlqar Həmzəyev, Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin sektor müdiri Nigar Ağayeva, “Mərkəz” Qaz İstismar İdarəsinin Səbail rayon filialının rəis müavini Teymur Əhmədov, 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Elman Yəhyayev 2009-cu ilin birinci yarısında görülmüş işlərdən danışmış və payız-qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulan planlar barədə məlumat vermişlər.

İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Yığıncaqda Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə və Səbail rayonundan millət vəkili seçilmiş Fuad Muradov iştirak etmişlər.

 

 

Ə. BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 28 iyul.- S. 4.