Kirman Abdin
— 50
Zamanın səsini
rəngə çevirən
sənətkar
Uzun illər rəssamlığın qrafika, daha
çox karikatura janrında özünəməxsus
yaradıcılıq yolu keçmiş, bu sahələrdə
xüsusilə qeyd edilməli uğurlar qazanmış Kirman
Abdinin 50 yaşı tamam olur. Maraqlıdır, onun 30 və 40
yaşının tamam olması münasibətilə müxtəlif
qəzetlərdə verilmiş yazılarda (belə yazılar
onlarladır) Kirman “tanınmış karikatura ustası,
”qrafika sənətimizin ünlü nümayəndəsi"
kimi təqdim edilir. Bu gün isə sənətşünaslar
və sənətkarlar Kirmanı “milli bədii plakat sənətimizin
ən görkəmli nümayəndələrindən biri”
kimi tanıyırlar. Elə biz də.
Təxminən 25 ilə
yaxın dostluğumuz, əməkdaşlığımız
olub. Beynəlxalq müsabiqələrdə iştirakına və
hansısa uğurlarına ən tez sevinənlərdən biri
də mən olmuşam. Ancaq rəngkar dostumun onlarla əsərini
bir yerdə ilk dəfə məhz 50 yaşının ərəfəsində
gördüm. Mükəmməl sənət nümunəsi
olan həmin əsərlərin hər biri hansısa konkret
tarixi hadisənin ideyaya çevrilmiş formasıdır. Dostumun
fırçasının məhsulu olan bu əsərlərə
diqqət yetirəndə XIX-XX əsrlərdə
yaşamış (1863-1952) Amerika yazıçısı Corc
Santayananın məşhur bir ifadəsi yadıma
düşdü. Hələ tələbəlik illərində
müəllimlərimizdən eşitdiyim həmin müdrik kəlamı
qətiyyətlə Kirman Abdinin son yaradıcılıq
işlərinə şamil edirəm: “Bədii
yaradıcılığın vəzifəsi hadisələri
ideyalara çevirməkdir”.
Əvvəlcə
güman etdim ki, bu iş bədii plakat sahəsində daha
asandır. Ancaq bədii plakatdakı yığcamlıq,
lakoniklik, daha az detalla daha çox fikir söyləmək məhdudiyyəti
sübut edir ki, “asan” sözünü qətiyyən buraya
yaxın buraxmaq mümkün deyil.
Baş redaktorumuz Kirman
Abdinin onlarla bədii plakatından qəzetdə vermək
üçün dördünü seçdi. Yuxarıda qeyd
etdiyimiz kimi bu işlərin hər birində milli tariximizin
müəyyən səhifələri öz əksini
tapır. Soyqırım üzərində dövlət quran
ermənilərin bəşər tarixinə yazdığı
vandalizmin qrafikanın imkanları ilə təsvir edilmiş
eybəcərlikləri... Bu əsərdə İrəvandakı
rəsmi dövlət qurumunun yerləşdiyi binanın
giriş qapılarından etibarən üzü
aşağı insan skeletləri düzülmüşdür.
“31 mart, 1918. Azərbaycanlıların
soyqırımı” adlı əsərdə kompyuterin texniki
imkanlarının köməyi ilə dəhşətin, faciənin
ümumiləşdirilmiş rəngi verilmişdir. Diqqətlə
baxanda isə bu rəng “dənizdən-dənizə
böyük dövlət” yaratmaq istəyənlərin
bayrağındakı rənglərdən biridir. Milli
mentalitetimizin mizan-tərəzisini yüksək tutan, eyni
zamanda, fərdi daxili zənginliyə malik olan Kirman erməni sənətkarlarından
fərqli olaraq bu əsərdə heç bir təhqiredici və
ya alçaldıcı ifadəyə, sözə, rəngkarlıq
detaılna yer vermir. Həm xalqımıza, həm də
dünya ictimaiyyətinə söyləyir ki, azərbaycanlılara
qarşı törədilmiş soyqırımının
startı məhz buradan — bu plakatda göstərilən
binalardan verilmişdir.
“Bakı, 20 Yanvar, 1990”
adlı bədii plakatda da çox uğurlu rəng seçimi
və fikirin ifadə priyomu vardır. Əsərin əsas hissəsi
boz rənglə işlənib. Kremlin ermənipərəst rəhbərləri
Azərbaycandakı azadlıq aşiqlərinə öz “boz
üzünü” göstərir. Atılmış iki güllə
zərif qərənfillərə dəymək üzrədir.
Gülləyə tuş gəlmiş qərənfillərdən
başqa, kənarda növbəti qərənfillər də
var. Ancaq bu, hələ əminlik deyil. Çünki həmin
qərənfillər arasında üstündə “oraq-çəkic”
şəkili aydın görünən növbəti dolu
gilizlər də vardır. Ona görə də rəssam məhz
qərənfillər rəngində olan şriftlərlə xəbərdarlıq
edir: “Əsrlərin yaddaşı nəsillərin
yaddaşından çıxmasın gərək”. Ölkəyə
müsibət və faciələr gətirmiş həmin xəyanətkar
hadisənin rəmzi olan qara rəngli zolağın
üstündə isə əsərin adı məhz ağ rəngdə,
iri şriflərlə yazılıb. Yəni güllələrin
dəhşətinə və güllələyənlərin
qəsdinə baxmayaraq güllələnənlər öz
ölkəsinə ağ gün — azadlıq gətiriblər.
Kirman Abdinin Novruz
bayramına həsr edilmiş əsərləri də möhtəşəm
rəng seçimi ilə uğur qazanıb. Daş, qaya, abidə,
tarixilik, qədimilik rəngində işlənmiş birinci əsərdə
Qobustan qayalarının üzərində yeni həyatın rəmzi
olan yaşıllıqlar boy atır. Daşların
üstündə qayaüstü rəsmlərdəki
yallının qəhrəmanları rəqs edirlər,
yaşıllıqların üzərində isə,
azadlıq, sərbəstlik rəmzi olan qaranquşlar möhtəşəm
bir simfoniyanın not yazıları kimi səmaya
düzülübdür. Aşağı küncündə
sadəcə “21 Mart” yazılmış bu əsərdə
Novruz bayramının qədimliyi ilə bu günü sintez
edilmişdir.
Özü də
ustalıqla Novruza həsr edilmiş ikinci əsər isə
daha əlvan, parlaq və isti rənglərlə işlənib.
Çünki burada əsas fikir artıq milli dövlətçilik
tariximizin şah əsəri olan Müstəqil Azərbaycan
dövlətinin bayrağını önə verməkdir. Bayraqdan
öndə verilən səməni də, fonda verilən nəbati
elementlər də məhz bayrağımızın rənglərini
tamamlayır. Elə əsərin adı da bu üç məfhumu
bir-birinə bağlayır: “Bayrağımın
bayramıdır baharım”.
Kirman Abdinin ölkədəki
bütün siyasi qüvvələri birliyə
çağıran, qazandığımız
azadlığı tərənnüm edən, müstəqilliyimizə
qarşı çıxış etmək istəyənləri
ifşa edən, dinimizin adını uca tutan, ekoloji
tarazlığın pozulmasına etiraz edən, milli-mənəvi
abidələrimizə ehtiram tələb edən, cəmiyyət
həyatında şəffaflığın zəruriliyini
xatırladan onlarla bədii plakatı böyük maraqla
qarşılanır. Eyni zamanda, onun yüzlərlə
karikaturası, dostluq şarjları da tamaşaçılar və
həmkarları tərəfindən yüksək qiymətləndirilir.
Sonda yubilyarın
özü barədə bir neçə kəlmə qeyd edək.
1959-cu ilin iyul ayında Şahbuz rayonunun Külüs kəndində
dünyaya gəlib. Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Texnikumunu və M. A. Əliyev
adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunu bitirib. Tətbiqi qrafika mütəxəssisidir.
Ona qədər beynəlxalq müsabiqədə mükafata
layiq yerləri tutub. “Qrafikada “xalturaya” yer yoxdur”, “Dostluq
şarjı təkcə gülüş yox, həm də
ünsiyyət yaradır”, “Bədii plakat üçün
mövzu sərhəddi, ifadə həddi mövcud deyil” və
sairə ifadələri onun öz
yaradıcılığına münasibətinin ifadəsidir.
Üç məsələ
ona daha böyük rahatlıq və sevinc gətirir: daim mətbuatla
əməkdaşlıq etməsi, çoxsaylı
dostlarının olması, bir də böyük
övladının onun yolunu davam etdirməsi. Uğur olsun.
Zamanın səsini rəngə çevirən sənətkara
daha böyük yaradıcılıq nailiyyətləri, can
sağlığı arzulayırıq.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.- 29 iyul.- S. 6.