Xətai rayonu: cari ilin ilk yarısının sosial-iqtisadi göstəriciləri uğurlu olmuşdur

 

Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisi 2009-cu ilin ilk yarısında da davam etmiş, ölkə həyatının bütün sahələrində yüksək nailiyyətlər əldə olunmuşdur. Məlum olduğu kimi, iyulun 22-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş müşavirədə ötən dövr ərzində görülmüş işlərə yekun vurulmuş, ölkənin sosial-iqtisadi mənzərəsi geniş təhlil olunmuş, qazanılmış uğurlarla yanaşı, həlli vacib məsələlərə toxunulmuş, onların aradan qaldırılması yolları müəyyənləşdirilmişdir.

 

Qeyd etmək lazımdır ki, ölkə üzrə ötən altı ay ərzində əldə olunmuş uğurlardan paytaxtın Xətai rayonuna da xüsusi pay düşür. Bu barədə dünən rayonun 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirilmiş yığıncaqda geniş söhbət açıldı.

Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq onun rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoydular. Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq, iyulun 22-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısınını proqram xarakterli nitqinin bəzi məqamları üzərində geniş dayandı. Qeyd olundu ki, əldə edilmiş bütün uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan düzgün siyasətin nəticəsidir. Həmin siyasətin isə əsas məqsədi ölkənin neft amilindən asılılığını azaltmaq, qeyri-neft sektorunu, o cümlədən kənd təsərrüfatını inkişaf etdirmək, enerji təhlükəsizliyini möhkəmləndirmək, eləcə də əhalinin rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Başçı cari ilin ilk yarısının Xətai rayonu üçün də uğurlu olduğunu və bu müddətdə mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırdı.

Sonra Xətai rayonunun 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat məruzəsi dinlənildi. Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov bildirdi ki, 2009-cu ilin altı ayında ölkənin sosial-iqtisadi mənzərəsi hökumətin məlum iclasında geniş təhlil olunmuş, Prezident İlham Əliyev giriş nitqində ölkə iqtisadiyyatında davam edən inkişafdan, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən geniş bəhs etmişdir. Dövlət başçısının qeyd etdiyi kimi, dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, respublikamızın iqtisadi inkişafı davam etmiş, ölkə üzrə ümumi daxili məhsul 3,6 faiz, qeyri-neft sektorunda isə 4,1 faiz artım baş vermişdir.

Məruzəçi 2009-cu ilin birinci yarımilində Xətai rayonunun sənaye, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində bir sıra nailiyyətlər əldə olunduğunu, abadlıq-quruculuq işləri çərçivəsində işlərin davam etdirildiyini, rayonun sosial-iqtisadi və mədəni həyatının yüksək inkişafla müşayiət olunduğunu, ayrı-ayrı sahələrdə istifadə edilməyən imkanlar və ehtiyat mənbələrinin hərəkətə gətirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, iqtisadiyyatın əsas sahələrində 2008-ci illə müqayisədə 17,9 faiz çox (604 milyon 582 min manatlıq) məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu dövrdə rayonda tikinti quraşdırma işlərinin həcmi 2008-ci ilə nisbətən 2,1 faiz artaraq 110 milyon 345 min manata çatmış, onun ümumi məhsulda xüsusi çəkisi 18,2 faiz təşkil etmişdir.

Ümumi məhsul buraxılışının və xidmətlərin 51,2 faizi sənaye sahəsində, 14 faizi ticarət və xidmət sahəsində, 15,2 faizi nəqliyyatda, 1,4 faizi isə rabitə xidmətləri sahəsində olmuşdur. Hesabat dövründə rayonun sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 309 milyon 947 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,5 faiz çox olmuşdur. Sənaye məhsullarının istehsalının belə sürətlə artmasına səbəb rayon ərazisində yeni istehsal şəbəkələrinin yaradılması olmuşdur.

Bu ilin birinci yarısında müəssisə və təşkilatlar tərəfindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 2008-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz çox və ya 120 milyon 993 min manatlıq investisiya yönəldildiyini bildirən Z. Əkbərov qeyd etdi ki, investisiyanın 91,1 faizi istehsal, 8,9 faizi isə qeyri-istehsal təyinatlı obyektlərin inşasında istifadə edilmiş, bu müddətdə tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 140 milyon 645 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,3 faiz artıq olmuşdur.

Bundan əlavə, 2009-cu ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən avtomobil sahəsində 91 milyon 749 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 86,4 faiz təşkil edir. Rayonun rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 8 milyon 425 min manatlıq və ya 2008-ci illə müqayisədə 41,5 faiz çox rabitə xidməti göstərilmişdir.

Hesabat dövründə rayon ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən əhaliyə 474 milyon 470 min manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. 2008-ci illə müqayisədə əmtəə dövriyyəsinin həcmi 11,3 faiz, pullu xidmətin həcmi isə 4,3 faiz artmışdır. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 377 milyon 206 min manat olmuş və əhaliyə 97 milyon 264 min manatlıq xidmət göstərilmişdir. Rayonun iaşə şəbəkələri vasitəsi ilə əhaliyə 6 milyon 381 min manatlıq və ya 72,5 faiz çox iaşə xidməti göstərilmişdir.

2009-cu ilin əvvəlindən rayon iqtisadiyyatında məşğul əhalinin sayı 50.718 nəfər olmuş və 2008-ci illə müqayisədə 2839 nəfər artmışdır. Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əmək haqqı 395 manat 70 qəpik təşkil etmiş və 2008-ci illə müqayisədə 13,9 faiz artmışdır.

Natiq onu da bildirdi ki, ilin əvvəlindən rayonda yeni iş yerlərinin açılması istiqamətində də tədbirlər davam etdirilmişdir. 1206 yeni iş yeri yaradılmışdır ki, bunun da 170-i yeni açılmış, 648-i mövcud, 73-ü fəaliyyətini bərpa etmiş müəssisələrdə, 315-i isə fiziki şəxslər tərəfindən yaradılmışdır.

Z. Əkbərov daha sonra rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin ödənilməsi ilə bağlı ilin ötən dövrü ərzində görülmüş işlərdən bəhs etdi, rayonun iqtisadi göstəricilərinin artması, əhaliyə göstərilən pullu xidmətlərin genişləndirilməsi və səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, abadlıq, quruculuq işlərinin aparılması və sakinlərin üzləşdikləri problemlərin vaxtında aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açdı. Natiq sakinlərin elektrik enerjisi, qaz, içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülmüş işləri də diqqətə çatdırdı, rayonun təhsil və səhiyyə müəssisələrinin fəaliyyəti və adı çəkilən sahələrdə əldə olunmuş uğurları sadaladı. Sonda vətəndaşların ərizə və müraciətlərinə baxılması sahəsində cari ilin birinci yarısında görülmüş işlərdən söz açdı.

Məruzə ətrafında çıxış edən Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayılov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Tufan Tarverdiyev, Qaz İstismar İdarəsinin rəisi Azadil Cəlilov və Məşğulluq Mərkəzinin direktoru Tahir Əliyev rəhbərlik etdikləri qurumların hesabat dövrü üzrə fəaliyyətlərindən bəhs etdilər. Onlar ölkə başçısının hökumətin məlum iclasında verdiyi göstəriş və tövsiyələrinin yerinə yetirilməsi üçün daha böyük səylə çalışacaqlarını bildirdilər.

Sonda Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov çıxış edərək ilin əvvəlindən ölkəmizdə baş verən sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatların nəticəsi kimi dəyərləndirdi. Xətai rayonunda aparılan abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirdi.

Tədbirə yekun vuran Xətai Rayon İcra Hakimiyyətinin başçısı R. Məmmədov Nazirlər Kabinetinin məlum iclasında Prezident İlham Əliyevin yekun nitqində səsləndirdiyi tövsiyələrin, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanların səfərbər olunacağını bildirdi, bununla bağlı əlaqədar təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verdi.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 29 iyul.- S. 4.