Laçın: problemlərin sürətli
həlli adamlarda sabaha böyük inam yaratmışdır
Laçın Rayon İcra Hakimiyyətindəki
ümumrayon toplantısında Prezident İlham Əliyevin rəhbərliyi
ilə keçirilmiş Nazirlər Kabinetinin bu ilin birinci
yarısının sosial-iqtisadi yekunlarına həsr
olunmuş geniş iclasının tələblərindən
irəli gələn vəzifələr və son 6 ayda əldə
olunmuş uğurlar ətraflı müzakirə olundu,
qarşıdakı dövrün əsas inkişaf istiqamətləri
müəyyənləşdirildi. Məruzə və
çıxışlarda göstərildi ki, regionların
sosial-iqtisadi inkişafı, qaçqın və
köçkünlərin problemlərinin həlli ilə
bağlı ölkə rəhbərliyinin həyata
keçirdiyi ardıcıl, məqsədyönlü proqramlar
respublikanın digər bölgələri kimi Laçın
rayonunda da ciddi nailiyyətlər qazanılmasına gətirib
çıxarmışdır.
Laçın Rayon
İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov
son illərdə Azərbaycanda və rayonda əldə
edilmiş sürətli inkişafın əsas göstəricilərini
qeyd etdikdən sonra ilin birinci yarısının sosial-iqtisadi
uğurlarını geniş şərh etdi:
— Nazirlər Kabinetinin
2009-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
proqram nitqindən irəli gələn vəzifələr
baxımından təhlil göstərir ki, ötən
dövrdə ölkəmizin hər yerində olduğu kimi,
rayonumuzda da xeyli işlər görülmüşdür. Məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində bir
çox tədbirlər həyata keçirilmişdir. İlin
birinci yarısında respublikanın 28 rayon və şəhərində
72 səyyar qəbul keçirirmiş, 875 nəfər məcburi
köçkün dinlənilmişdir. Qaldırılmış
problemlər dərindən təhlil edilərək müvafiq
tədbirlər planı hazırlanmışdır. Artıq
bu problemlərdən 623-ü və ya 71 faizi müsbət həll
olunmuş, qalan müraciətlər isə nəzarətə
götürülərək müvafiq tədbirlərin
görülməsi nəzərdə tutulmuşdur.
Taxtakörpü qəsəbəsi
və məcburi köçkünlərimizin sıx məskunlaşdıqları
digər ərazilərdə tikinti-abadlıq işləri
uğurla davam etdirilmişdir. Taxtakörpü qəsəbəsində
2 hektarda salınmış Heydər Parkında əlavə
olaraq 3 min ağac və gül kolları əkilmişdir. Hazırda
parkda abadlıq işləri davam etdirilir.
Əksər icra
strukturlarının fəaliyyət göstərdiyi
Taxtakörpü qəsəbəsində Dövlət Sosial
Müdafiə Fondunun rayon şöbəsi, Əhalinin Sosial
Müdafiəsi və Məşğulluq Mərkəzləri
üçün yeni inzibati binaların tikintisində son tamamlama
işləri görülməkdədir. Ərazidə
sahibkarlığın inkişafı üçün
yaradılmış şəraitin nəticəsi olaraq
Taxtakörpü qəsəbəsində qənnadı,
çörəkbişirmə, dülgər sexləri, ticarət
və ictimai iaşə müəssisələri
üçün binalar tikilir.
Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi ilə aparılmış məqsədyönlü
iş nəticəsində Taxtakörpüdə və
respublikanın digər ərazilərində məskunlaşmış
məcburi köçkünlərin elektrik enerjisi ilə
bağlı problemlərinin həll olunması məqsədilə
3 transformator quraşdırılmışdır. 6 kilometr
uzunluğunda elektrik xətti yenisi ilə əvəz
olunmuşdur. Daxili imkanlar hesabına 26 müxtəlif
transformatorda, 19 kilometr elektrik hava xəttində əsaslı
və cari təmir işləri aparılmış, 28 dayaq
yenisi ilə əvəz olunmuşdur. Görülmüş
işlərlə yanaşı, elektrik enerjisi verilişində
müəyyən fasilələr haqlı narazılıqlara səbəb
olur. Transmformator, elektrik naqili təchizatı yalnız Dövlətqaçqınkom
tərəfindən həyata keçirilir. Taxtakörpü ərazisinə
xidmət göstərən İmişli Yüksək Gərginlikli
Elektrik Şəbəkəsi də təchizat məsələlərinə
diqqəti artırmalı, payız-qış
mövsümündə əhalinin fasiləsiz elektrik enerjisi
ilə təchiz edilməsi üçün konkret tədbirlər
görməlidir.
Natiq daha sonra bildirdi ki,
Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış
məcburi köçkünlərin təsərrüfat suyuna
olan tələbatının ödənilməsi məqsədilə
6 nasos, 21 hidrotexniki qurğu əsaslı və cari təmir
edilmiş, 14 saylı nasos stansiyasında dizel mühərriki
yenisi ilə əvəz olunmuşdur. 35,6 kilometr uzunluğunda
kanal lildən təmizlənmişdir. Suvarma Sistemləri
İdarəsinin inzibati binasının həyətində
abadlıq işləri həyata keçirilmişdir. Ötən
ildən aparılan meliorasiya işləri ilin birinci
yarısında da davam etdirilmişdir.
Məcburi
köçkünlərin içməli su təminatının
yaxşılaşdırılması məqsədilə 650
metr xəttdə təmir işləri
aparılmışdır. Taxtakörpü su xəttinin 460
metr hissəsi yenisi ilə əvəz olunmuşdur. Prezident
İlham Əliyevin “Əhalinin ekoloji cəhətdən təmiz,
su ilə təminatının
yaxşılaşdırılması ilə əlaqədar əlavə
tədbirlər haqqında” Sərəncamına uyğun
olaraq, Mişni, Alxaslı, Qarıqışlaq və
Qarakeçdi obalarında sutka ərzində 20 ton su hasil edən
modul tipli sutəmizləyici qurğuların
quraşdırılmasına başlanılacaq.
Hesabat dövründə
55 saylı Yol İstismar İdarəsi Taxtakörpü ərazisində
4 kilometr çınqıl örtüklü yol təmir etmiş,
ərazidəki avtomobil yolunun 50 kilometr hissəsində cari təmir
işləri həyata keçirmişdir. Taxtakörpü qəsəbəsində
2350 kvadratmetr sahəyə asfalt örtük
salınmışdır.
Dövlət
başçısı İlham Əliyevin kənd təsərrüfatının
inkişafına göstərdiyi yüksək diqqət və qayğı
nəticəsində rayonumuzun məcburi köçkünləri
üçün də lazımi şərait
yaradılmışdır. 2009-cu ilin məhsulu
üçün taxıl səpilmiş 3026 hektar sahədən
9532,6 ton məhsul əldə olunmuşdur. Bu, ötən ilin
müvafiq dövrünə nisbətən 405 ton çoxdur.
Rayonun 1098 nəfər kənd təsərrüfatı
istehsalçılarının istifadə etdikləri yanacaq və
motor yağlarına görə yaxın günlərdə
5253 hektar əkin sahəsi üçün 210 min manat vəsait
ödəniləcək. Taxtakörpü ərazisində əhali
və fermer təsərrüfatlarına “Aqroservis” müəssisənin
12 kənd təsərrüfatı texnikası xidmət
göstərir. “Aqroservis” müəssisəsi öz
maddi-texniki bazasını yaxşılaşdırmaq
üçün Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti
ilə lazımi iş aparmalı və müəssisə
üçün əlavə maşın və mexanizmlər
almalıdır. Taxtakörpü ərazisində
heyvandarlıq və əkinçiliyin inkişaf etdirilməsi
və bu sahədə çalışanlara lazımi şərait
yaradılması üçün də tədbirlər həyata
keçirilir.
İlin birinci
yarısında rayonun
təhsil, səhiyyə
və mədəniyyət
müəssisələrinin fəaliyyətində müəyyən
irəliləyişlərə nail olunmuşdur. 2008-2009-cu
dərs ilində fəaliyyəti olmayan məktəblər barədə
tədbirlər görülmüş,
118 sinif komplekti ləğv olunmuşdur. Rayonun orta ümumtəhsil məktəblərinin buraxılış
imtahanlarında şagirdlərin
82 faizi orta təhsil haqqında attestat almışdır.
Uzun illər fəaliyyəti hiss olunmayan 127 saylı Texniki Peşə Məktəbində
irəliləyişə nail
olunmuşdur. Ötən
6 ay ərzində məktəbdə əsaslı
təmir, abadlıq işləri görülmüş,
maddi-texniki bazanın möhkəmləndirilməsi, əmək
intizamının gücləndirilməsi,
təlimin keyfiyyətinin yüksəldilməsi
üçün lazımi
tədbirlər həyata
keçirilmişdir.
Mədəniyyət və
Turizm Şöbəsinin
və onun tabeliyində olan müəssisələrin fəaliyyətinin
yaxşılaşdırılması, bu sahədə nöqsanların aradan qaldırılması istiqamətində
tədbirlər həyata
keçirilir. Əhalinin
asudə vaxtının
təşkili, adamlarda
mədəniyyətin müxtəlif
sahələrinə maraq yaradılması diqqət
mərkəzindədir.
2009-cu ilin I yarısında rayon mərkəzi xəstəxanası
150 nəfər məcburi
köçkünün respublikanın
ixtisaslı xəstəxanalarında
güzəştli şərtlərlə
müayinə və müalicəsini təşkil
etmişdir. Təcili yardım şöbəsi
848 xəstəyə tibbi
xidmət göstərmişdir.
Əksər tibb müəssisələrinin fəaliyyətini
yaxşılaşdırmaq üçün mərkəzi
xəstəxananın rəhbərliyi
qəti tədbirlər
görməlidir. Gigiyena
və Epidemiologiya Mərkəzi Taxtakörpüdə
və məcburi köçkünlərinin məskunlaşdıqları
digər ərazilərdə
yoluxucu xəstəliklərə
qarşı profilaktiki
tədbirlər aparmışdır.
Ərazidə ciddi xəstəliklər qeydə
alınmamışdır. Bruselyoz
xəstəliyi isə
problem olaraq qalmaqdadır.
Əhalinin rifahı
və onlara göstərilən yardımlarla
bağlı məruzəçi
bildirdi ki, ilin əvvəlindən
3695 nəfərə əmək
pensiyası, 1892 nəfərə
sosial müavinət və təqaüd ödənilmişdir. 9 nəfərə
işsizlik statusu verilmiş, 19 nəfərə
işsizlik müavinəti təyin olunmuşdur. Hazırda orta aylıq məbləği 91 manat olmaqla, 1237 nəfəri əhatə edən 266 ailəyə ünvanlı
sosial yardım ödənilir. Rayonun 64205
nəfər məcburi
köçkün sakininə
ərzaq müavinətinin
vaxtında ödənilməsi
təmin edilmişdir.
Yanvar ayından “Kapital Bank” Açıq
Səhmdar Cəmiyyətinin
Laçın rayon filialı fəaliyyətə
başlamışdır. Filial
6 ay ərzində 530 əməkhaqqı, 2879 yemək
xərci, 148 pensiya kartı hazırladaraq sahiblərinə çatdırmışdır.
Maddi cəhətdən
imkansız ailələrə,
xəstələrin müalicə
olunmasına, vəfat
edənlərin yas mərasimlərinin keçirilməsinə
diqqət artırılmışdır.
Ötən 6 ay ərzində maddi cəhətdən ən imkansız 615 nəfər
məcburi köçkünə
rayon icra hakimiyyəti maddi kömək göstərmişdir. Daxili
imkanlar hesabına müharibə veteranlarının
hər birinə 50 manat olmaqla, 3100 manat pul verilmişdir.
Rayonun işğalı
günü ilə əlaqədar 60 şahid və əlil ailəsinə ərzaq bağlamaları paylanmışdır.
“Dünyaya Baxış” Beynəlxalq Humanitar Təşkilatı
Taxtakörpü ərazisində
məskunlaşmış 1500 ailəyə uşaq geyimləri paylamışdır.
“Qızıl Aypara” Cəmiyyətinin rayon komitəsi Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış
190 nəfər tənha,
kimsəsiz qocaya ərzaq yardımı çatdırmışdır. Həmkarlar təşkilatları
imkansız 172 ailəyə
maddi kömək etmişdir.
Bu gün
qarşıda duran əsas vəzifələrdən
biri Taxtakörpü ərazisində qamış
evlərdə məskunlaşmış
3400 məcburi köçkün
ailəsi üçün
istismar müddəti başa çatmış
qəsəbənin yerində
yeni daş evlərin tikilməsi, bütün infrastrukturu olan qəsəbələrin
salınmasının sürətləndirilməsidir.
Torpaqların şoranlaşmasının qarşısının alınaraq,
yararlı hala gətirilməsi üçün
meliorasiya tədbirlərinin
davam etdirilməsi və işsizliyin aradan qaldırılması
üçün yeni istehsal sexlərinin yaradılmasına nail olunması da qarşıda duran məsələlərdəndir. Suvarma Sistemləri, 55 saylı Yol İstismar, Sukanal idarələrinin maddi-texniki
bazalarının möhkəmləndirilməsi
üçün yeni maşın və mexanizmlərin alınmasına
da diqqət artırılmalıdır.
Başçı məruzəsini
bu sözlərlə bitirdi:
— Möhtərəm
Prezidentimiz İlham Əliyevi bir daha əmin edirik ki, laçınlılar
qarşıda duran mühüm vəzifələrin
vaxtında və keyfiyyətlə yerinə
yetirilməsinə nail
olacaq və rayonun sosial-iqtisadi inkişafı üçün
mümkün olan bütün tədbirləri
həyata keçirəcəklər.
Toplantıda çıxış
edən digər natiqlər ayrı-ayrı sahələrdə
qazanılmış uğurlardan
və həlli vacib məsələlərdən
söz açdılar.
Qərara alındı
ki, bu ilin
bol taxılından kənarda yaşayan laçınlılara da pay ayrılsın. Sonda təqaüdə çıxmış bir qrup dövlət qulluqçusu RİH-in fəxri fərmanları və qiymətli hədiyyələrlə təltif
olundu, çoxillik səmərəli fəaliyyətlərinə
görə rayon ictimaiyyəti adından onlara təşəkkür
elan olundu.
Tahir AYDINOĞLU,
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2009.- 29 iyul.-
S. 4.