Binəqədi rayonunda bu ilin birinci yarısının
yekunları müzakirə olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr
Binəqədi Rayon İcra Hakimiyyəti
başçısı yanında Şuranın geniş
iclasında müzakirə edilmişdir. İclasda rayonun sənaye
müəssisələri, təsərrüfat xidmətləri,
təhsil, səhiyyə ocaqlarının, hüquq-mühafizə
orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin
nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş
sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti
başçısı Alı Qocayev bu ilin birinci
yarısında ölkədə sosial-iqtisadi sahələrdə
yüksək göstəricilər əldə edildiyini
vurğulamış, bunun dövlət başçısı
İlham Əliyevin apardığı uğurlu daxili və
xarici siyasətlə bağlı olduğunu bildirmişdir. Natiq
həmçinin qeyd etmişdir ki, Azərbaycan dövləti
bütün sosial məsələlərin həlli istiqamətində
səmərəli fəaliyyət göstərir və
insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması
üçün müvafiq tədbirlər həyata
keçirir.
İclasda icra hakimiyyəti
başçısının müavini Vüsal
İsmayılov rayonun sosial-iqtisadi inkişafının
altı aylıq makroiqtisadi göstəriciləri barədə
ətraflı məlumat vermişdir. O, göstərmişdir
ki, rayon üzrə sözügedən dövrdə sənaye
məhsulunun həcmi 60258,3 min manat təşkil etmişdir. Yanvar-iyun
aylarında istehlakçılara 67146,6 min manatlıq sənaye
məhsulu göndərilmişdir. Bu məhsulun 58860,3
manatlığı müəssisələrin öz
istehsalıdır. Hesabat dövründə sənaye müəssisələrində
6506 nəfər işləmişdir. Rayon üzrə sənaye
müəssisələrində əmək haqqı fondu
10646,6 min manat olmuşdur. Bu da ötən ilin müvafiq
dövründən 12,5 faiz çoxdur. Orta aylıq əmək
haqqı 327,3 manata çatmışdır. Bu isə əvvəlki
ilin müvafiq dövründən 24,4 faiz çoxdur.
Natiq göstərmişdir
ki, rabitə xidmətindən əldə olunan gəlir 1329,2
min manat təşkil etmişdir ki, bu da keçən ilin
müvafiq dövründəkindən 2,7 dəfə
artıqdır. Hesabat dövründə rabitə müəssisələrində
546 işçi çalışmışdır, onların
orta aylıq əmək haqqı ötən ilin eyni
dövrünə nisbətən 38,5 faiz artaraq 305,1 manat
olmuşdur.
Əmək
haqqının artımı nəqliyyat sahəsində də
müşahidə olunur. Bu sahədə yanvar-iyun aylarında
4120 nəfər işçi
çalışmışdır. Onların orta aylıq əmək
haqqı 23,5 faiz artaraq 249,8 manata çatmışdır.
Pərakəndə əmtəə
dövriyyəsi 400599,5 min manat olmuşdur. Bu da keçən
ilin müvafiq dövrünə nisbətən 121,6 faiz təşkil
edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi
83224,6 manat təşkil etmişdir. Xidmətlərin 22,8 faizi
dövlət müəssisələrinin payına
düşür.Pullu xidmətlərin 23,7 faizini məişət
xidmətləri təşkil etmişdir. Yanvar-iyun aylarında
19716,7 min manatlıq və ötən ilin səviyyəsindən
17,2 faiz çox məişət xidmətləri göstərilmişdir.
V.İsmayılov daha sonra demişdir:
— Respublika Prezidenti cənab İlham Əliyev 2009-cu ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin iclasında hesabat dövründə Azərbaycanda 35 min yeni iş iş yerinin açıldığını və onlardan 25 mininin daimi iş yeri olduğunu qeyd etmişdir. Yeni açılmış iş yerlərindən 636-sı Binəqədi rayonunun payına düşür. Ümumiyyətlə, 2003-cü ilin oktyabrın 1-dən 2009-cu ilin iyulun 1-nə qədər olan dövrdə rayonda 22703 yeni iş yeri açılmışdır.
İclasda digər sahələrin fəaliyyəti də təhlil edilmişdir. Bildirilmişdir ki, rayon ərazisindəki qaz xətlərində aparılan təmirlə yanaşı, əlavə olaraq müxtəlif ünvanlarda ümumi uzunluğu 10556 poqonometr müxtəlif diametrli borularla yeni qaz xətti çəkilmiş, 18 ədəd siyirtmə və 11 ədəd tənzimləyici şkaf quraşdırılmışdır. Əlbəttə, bu sevindirici haldır. Lakin bununla belə rayon Qaz İstismar İdarəsinin işində bu gün də müəyyən nöqsanlar mövcuddur. İstər əhali tərəfindən istifadə olunan təbii qazın dəyərinin yığılmasında, əhalinin fasiləsiz mavi yanacaqla təminatında, istərsə də baş vermiş qəzaların aradan qaldırılmasında yol verilən nöqsanlar sözügedən təşkilatın rəhbərliyinin və bu sahənin məsul işçilərinin öz xidməti vəzifələrinin icrasına laqeyd yanaşmalarının nəticəsidir...
Rayon Su Kəməri
İstismarı və İstehsalat Zonasının işi demək
olar ki, qənaətbəxşdir, lakin burada da bəzi
nöqsanlar nəzərə çarpır. Belə ki, su kəmərlərində
baş vermiş qəzaların vaxtında aradan
qaldırılmaması müşahidə olunur ki, bu da
insanlarda haqlı narazılıq yaradır.
V.İsmayılov həmçinin
bildirmişdir ki, cari ilin birinci yarısında Binəqədi
və Biləcəri enerji təchizatı və
satışı sahələri tərəfindən bir
sıra yeni elektrik transformatorları
quraşdırılmış, köhnə xətlər təmir
olunmuş, hava xətləri yeraltı kabellərlə əvəz
edilmiş və 1800 yeni tipli elektrik sayğacı
quraşdırılmışdır.
İclasda ekoloji mühitin
sağlamlaşdırılması ilə bağlı rayonda
görülmüş işlər haqqında da məlumat
verilmişdir. Göstərilmişdir ki, Bakı-Şamaxı
yolunun Binəqədi rayonuna aid olan hissəsində, 7-8 və
9-cu mikrorayonların ərazisində, yol kənarlarında 12000-dən
çox ağac və bəzək kolu əkilmişdir.
Ağacların kəsilməsinə son qoyulmuşdur...
İclasda həllini gözləyən
problemlər, çatışmazlıqlar və onların
aradan qaldırılması yolları, habelə vətəndaşların
müraciətləri ilə əlaqədar məsələlər
geniş müzakirə olunmuşdur.
Yığıncaq Şura
iclasının qərar layihəsinin oxunması ilə
başa çatmışdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 30 iyul.- S. 5.