Qaradağ inkişaf dinamikasını qoruyur

 

Qaradağ Rayon İcra Hakimiyyətinin 2009-cu ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı ənənəyə uyğun olaraq, toplantı iştirakçılarının ümummilli lider Heydər Əliyevin Mərkəzi parkda ucaldılmış qranit büstü önünə tər gül dəstələrinin qoyulması ilə başladı. Mərkəzi mədəniyyət evinin geniş iclas salonunda hesabat yığıncağını Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Hüseyn İsrafilov açdı.

 

Geniş məruzə ilə çıxış edən natiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə iyulun 22-də Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında müzakirə olunan məsələlərə toxunaraq bildirdi ki, toplantıda dövlət başçısının vurğuladığı kimi, bu ilin altı ayında dünyanı bürüyən qlobal maliyyə və iqtisadi böhranına baxmayaraq, Azərbaycanda iqtisadi islahatların və infrastruktur layihələrinin həyata keçirilməsi uğurla davam etdirilmişdir. Bu uğurların əldə edilməsində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun həyata keçirilməsinin müstəsna rol oynadığını diqqətə çatdıran H.İsrafilov onu da qeyd etdi ki, məhz uğurlu siyasət bu gün ölkədə regional inkişaf proqramının ilkin mərhələsinin reallaşdırılmasına imkan açmışdır. Bu böyük və əzəmətli proqramda nəzərdə tutulan layihələr gerçəkləşəndən sonra Azərbaycanın regionlarında mövcud olan problemlərin bütünlüklə aradan qalxacağına şübhə yoxdur. Azərbaycanın əldə etdiyi uğurların və nailiyyətlərin Qaradağ rayonunun timsalında da aydın göründüyünü diqqətə çatdıran H.İsrafilov çıxışında dedi:

— Rayonun sosial-iqtisadi həyatında son illər müşahidə olunan inkişaf dinamikası 2009-cu ilin birinci yarısında da davam etmişdir. Rayonun sənayesində cari ilin altı ayında 130138,2 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənayedə qeyri-dövlət müəssisələri tərəfindən 61494,9 min manatlıq və ya ümumi istehsalın 47,3 faizi, dövlət müəssisələri tərəfindən isə 68643,3 min manatlıq və ya ümumi istehsalın 52,7 faizi qədər sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.

2009-cu ilin yanvar-iyun aylarında istehsalçılara 151683,3 min manatlıq və ya bütün sənaye istehsalının 116,6 faizi qədər sənaye məhsulu göndərilmişdir.

2009-cu ilin altı ayında rayonun sosial, iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 79161,3 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 95 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın 93,6 faizi istehsal təyinatlı obyektlərin inşasına sərf edilmişdir ki, qoyulmuş investisiyanın 34767,7 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat sektorunda 2784,2 min manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 66,6 faiz, rabitə sahəsində 888,8 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz çox xidmətlər göstərilmişdir.

Cari ilin birinci yarısında əhaliyə 111744,8 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 45,3 faiz artaraq 80626,1 min manata, pullu xidmətlərin həcmi 26,4 faiz artaraq 31118,7 min manata çatmışdır. Əmtəə dövriyyəsinin 99,7 faizi, pullu xidmətlərin isə 87 faizi özəl bölmə tərəfindən həyata keçirilmişdir.

Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta əmək haqqı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artaraq 485,7 manat olmuşdur. Sənaye sahələrində çalışanların əmək haqqı isə cari ilin yanvar-iyun aylarında 22 faiz artaraq 669,1 manat təşkil etmişdir.

Respublikada həyata keçirilən ünvanlı sosial yardım proqramı çərçivəsində hazırda Qaradağ rayonunda 1677 ailəyə orta hesabla təxminən 100 manat məbləğində ünvanlı sosial yardım verilir.

Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönələn dövlət proqramlarının əsas məğzi sayılan yeni iş yerlərinin açılması sosial həyatın aparıcı göstəricilərindəndir. Bu proqramların icrası nəticəsində rayonda 2003-cü ilin oktyabr ayından bu günədək 4703 yeni iş yeri açılmışdır ki, bunlardan da 482 iş yeri 2009-cu ilin birinci yarısının payına düşür.

Eyni zamanda böyük həcmdə investisiyaların cəlb ediləcəyi Ələt qəsəbəsində yeni Bakı Dəniz Limanının, Sahil qəsəbəsində Gəmiqayırma və gəmi təmiri zavodunun, Qızıldaş qəsəbəsində yeni sement zavodunun inşası üçün hazırlıq işləri aparılır, Puta qəsəbəsində metanol zavodunun tikintisi başa çatmaq üzrədir. “Binə” və “Sədərək” kimi nəhəng ticarət mərkəzləri artıq qismən istifadəyə verilmişdir. Cari ilin aprelin 14-də möhtərəm Prezidentimizin iştirakı ilə Sahil qəsəbəsi ərazisində “Qaradağ-sement” ASC-nin 400 milyon avro dəyərində irimiqyaslı yenidənqurma layihəsinin təməli qoyulmuşdur. Qeyd olunan, eləcə də digər layihələrin icrası Qaradağ rayonunun sosial-iqtisadi tərəqqisinə və rayonda yüzlərlə yeni iş yerlərinin açılmasına kömək göstərəcəkdir.

Hesabat dövründə rayon əhalisinin və sosial əhəmiyyətli obyektlərin zəruri təsərrüfat və kommunal xidmətləri ilə, o cümlədən su, istilik, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması üçün xeyli həcmdə məqsədyönlü tədbirlərin reallaşdırılmasının təmin olunduğunu da qeyd edən natiq bunu konkret faktlarla açıqlayaraq dedi:

— Rayonun istilik enerjisi ilə təchizatının mərkəzləşdirilmiş qaydada səmərəli təşkili üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin 10 saylı İstilik Sistemləri İstismarı Sahəsi tərəfindən bu istiqamətlərdə yenidənqurma işləri davam etdirilmiş, Lökbatan, Sahil, Ələt və digər qəsəbələrdə 1550 paqonometr məhəllədaxili istilik xətləri çəkilmiş, 1900 paqonometr uzunluğunda binaların daxili istilik boruları şaquli istilik boruları və dayaqları yenisi ilə əvəz edilmiş, təhsil, səhiyyə və məktəbəqədər tərbiyə müəssisələrində 164 müasir istilik radiatoru quraşdırılmışdır.

Ötən qış mövsümündə rayon üzrə 24 çoxmərtəbəli yaşayış binası, 17 məktəbəqədər tərbiyə, 18 təhsil, 8 səhiyyə müəssisəsi istilik enerjisi və təbii qazla normal qızdırılmışdır. Əgər nəzərə alsaq ki, təxminən üç-dörd il bundan əvvəl qeyd olunan sosial obyektlərin cəmi 10-15 faizi istiliklə təmin edilirdi, bu işdə nə qədər böyük irəliləyişin əldə olunduğu aydın görünər.

Bununla belə, rayonun istilik enerjisi ilə təchizatı sistemində aparılan yenidənqurma işlərinin, xüsusilə də çoxmərtəbəli yaşayış binalarının istiliklə təminatı işlərinin sürətləndirilməsinə ehtiyac vardır. Rayonun aidiyyəti qurumu olan “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin 10 saylı İstilik Sistemləri İstismarı Sahəsi tərəfindən bu məqsədlə əlavə tədbirlərin həyata keçirilməsi zəruridir.

Hesabat dövründə əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təchizatı, enerji resurslarının, xüsusilə elektrik enerjisi və təbii qazın uçotu, istifadəsi və dəyərinin ödənilməsi istiqamətlərində də xeyli məqsədyönlü işlər görüldüyünü diqqətə çatdıran H.İsrafilov daha sonra dedi:

– Rayonun müxtəlif qəsəbələrində və yaşayış məntəqələrində 2400 metr yüksək və 1000 metr aşağı gərginlikli kabel xətləri, 12000 metr yüksək və 8500 metr aşağı gərginlikli hava naqilləri çəkilmiş, 12000 metr kabel sayğaclaşmada istifadə olunmuş, 1458 yeni tipli sayğac, 5 ədəd yeni kompleks transformator məntəqəsi, 6 ədəd güc transformatoru quraşdırılmış və 38 transformator məntəqəsində təmir işləri aparılmışdır.

Elektrik enerjisi ilə yanaşı, rayon əhalisinin təbii qazla təchizatının yaxşılaşdırılması məqsədilə hesabat dövründə rayonun Lökbatan, Sahil, Qızıldaş və digər qəsəbələrində müxtəlif diametrli 1854 paqonometr uzunluğunda yeni qaz kəməri çəkilmiş, 825 paqonometr uzunluğunda qaz xətləri əsaslı təmir olunmuş, 1 ədəd müasir tipli qaz tənzimləyici şkafı quraşdırılmış və 2 ədəd qaz siyirtməsi dəyişdirilmişdir.

Ölkə başçısının əhali abonentləri tərəfindən istehlak olunan enerjidaşıyıcılarının dəyərinin tam həcmdə ödənilməsi ilə bağlı tapşırığının icrasının təmin edilməsi üçün rayon icra hakimiyyəti tərəfindən xüsusi qərargah və aidiyyəti qurumlarla birgə həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi nəticəsində elektrik enerjisi və təbii qazın ödənişində inkişaf dinamikası qorunub saxlanmışdır.

Məruzədə əhalinin içməli su ilə təchizatı, kanalizasiya xidmətinin yaxşılaşdırılması, məişət və istehsal tullantılarının yığılması, daşınması, sanitar təmizlik işlərinin qaydaya salınması, geniş abadlıq, yenidənqurma, yaşıllaşdırma işlərinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdən də ətraflı danışılmış, əldə olunan uğurlarla yanaşı, mövcud problemlər və nöqsanlara da toxunulmuş konkret sahələrin səlahiyyətli nümayəndələrinə tapşırıqlar verilmişdir.

Natiq hesabat məruzəsində həmçinin yeni dərs ilinə hazırlıqla bağlı işlərin gedişini, əhalinin sağlamlığının qorunmasına cavabdeh olan səhiyyə infrastrukturunun real mənzərəsi, gənclər siyasəti, rayonda ictimai-asayişin, sabitliyin qorunması, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlıqla mübarizənin gücləndirilməsi istiqamətində görülən işlərə də geniş yer ayırmış və bu sahələrdə görülən işləri yüksək qiymətləndirdi.

Rayon icra hakimiyyətinin başçısı Hüseyn İsrafilov hesabat məruzəsini yekunlaşdırarkən bildirdi ki, icra hakimiyyəti bu ildə də və ümumiyyətlə gələcəkdə də rayonun sosial-iqtisadi inkişaf dinamikasını qoruyub saxlamaq və inkişaf etdirmək üçün bütün imkanları səfərbər edəcək və dövlət başçısı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifələrin və verdiyi tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəkdir.

Sonra məruzə ətrafında çıxışlar oldu. Natiqlər 2009-cu ilin birinci yarısında görülən işləri və rayon icra hakimiyyətinin fəaliyyətini qənaətbəxş qiymətləndirib yeni uğurlar arzuladılar. Sonda hesabat yığıncağının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul etdilər.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2009.- 30 iyul.- S. 5.