Neft və qaz hasilatına dair yarımillik tapşırıqlara artıqlaması ilə əməl olunmuşdur

 

Ölkə iqtisadiyyatının aparıcı sahəsi sayılan neft sənayesinin dinamik inkişafı davam edir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış yeni neft strategiyasının uğurla reallaşdırılması Azərbaycanın iqtisadi qüdrətini ilbəil artırır. Artıq Azərbaycanda neft və qaz hasilatı rekord səviyyəyə çatdırılmış, ölkəmizin ixrac potensialı xeyli artmışdır. İndi ölkəmiz Avropanın enerji təhülkəsizliyinin təminatında mühüm rol oynayır. Neft sənayesinə dövlət qayğısının ilbəil artması, neftçilərin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bu şərəfli peşə sahiblərini yeni-yeni nailiyyətlərə ruhlandırır.

 

Son illər ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Neft Şirkəti modern bir quruma çevrilmiş, neft sənayesinin maddi-texniki bazası gücləndirilmiş, mütərəqqi texnologiyaların tətbiqinə diqqət xeyli artırılmışdır. Bütün bunların nəticəsidir ki, son illər Dövlət Neft Şirkəti üzrə neft və qaz hasilatına dair dövlət tapşırıqları vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilir. Dövlət Neft Şirkətinin socar.az saytının məlumatına görə, 2009-cu ilin birinci yarımilliyində şirkət üzrə 4 milyon 577 min 14 ton neft və 3 milyard 952 milyon 60 min kubmetr qaz hasil olunmuşdur.

Heç şübhəsiz, bu uğurların əldə olunmasında “Azneft” İstehsalat Birliyinin də öz payı vardır. Dövlət Neft Şirkətində həyata keçirilən kompleks tədbirlər əvvəlki dövrlərdə olduğu kimi, 2009-cu ilin birinci yarım ilini də uğurla başa vurmağa, neft sənayesinin inkişafı üçün nəzərdə tutulan tapşırıqları artıqlaması ilə yerinə yetirməyə imkan vermişdir. Belə ki, cari ilin yanvar-iyun aylarında “Azneft” İstehsalat Birliyi üzrə 3 milyon 610 min ton əvəzinə 3 milyon 619 min ton neft hasil edilərək plan taşırığına 100,2 faiz əməl olunmuşdur. Hesabat dövründə birliyin tabeliyində olan bütün neft və qazçıxarma idarələri tərəfindən neft hasilatı tapşırıqlarına artıqlaması ilə əməl olunmuşdur. “Qum adası” və “Bibiheybətneft” neft və qazçıxarma idarələri üzrə isə bu göstərici daha yüksək olmuşdur. Belə ki, yanvar-iyun aylarında adı çəkilən idarələrin kollektivləri neft hasilatı üzrə proqnoz tapşırıqlarını müvafiq olaraq 107,8 faiz və 105,5 faiz yerinə yetirmişlər. Yeri gəlmişkən, hesabat dövründə “Qum adası” NQÇİ-nin neftçiləri proqnoz tapşırığını artıqlaması ilə yerinə yetirməklə yanaşı, hətta neft hasilatında artıma da nail olmuş, ötən ilin müvafiq göstəricisini 6506 ton üstələmişlər.

İstehsalat birliyi üzrə ilin əvvəlindən neftin satışı planı da artıqlaması ilə yerinə yetirilmiş, 3 milyon 591 min 10 ton əvəzinə 3 milyon 623 min 339,8 tondan çox neft satılmışdır. Bu da yarım illik neft satışı planının 100,9 faiz yerinə yetirilməsi deməkdir."Qum adası" və “Bibiheybətneft” neft və qazçıxarma idarələrinin kollektivləri bu göstərici üzrə də böyük uğura imza atmışlar. Həmin idarələr neft satışı planını müvafiq surətdə 105,6 faiz və 108,4 faiz yerinə yetirməyə müvəffəq olmuşlar. Bundan əlavə, birliyin tabeliyində olan digər neft və qazçıxarma idarələrinin kollektivləri də neft satışı planına artıqlaması ilə əməl etmişlər.

Son illər “Azneft” İstehsalat Birliyi üzrə qaz hasilatının artılıması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. 2009-cu ilin yanvar-iyun aylarında birlik üzrə 3 milyard 648 milyon 470 min kubmetr qaz hasil olunmuşdur. Bundan əlavə, ötən 6 ayda birlik üzrə dövlətə 3 milyard 229 milyon 571 min kubmetr “mavi yanacaq” təhvil verilmişdir. “Azneft” İstehsalat Birliyi üzrə qaz hasilatı və təhvilində aparıcı yerləri “28 May”, N. Nərimanov adına və “Qum adası” neft və qazçıxarma idarələri tuturlar.

Yeri gəlmişkən, neft və qaz hasilatının artırılması üçün prioritet sahələrdən biri də yeni quyuların qazılıb istismara verilməsi, eləcə də fəaliyyətsiz fondda olan quyuların təmir olunaraq istismara qaytarılmasıdır. Bu istiqamətdə işlər getdikcə intensiv xarakter alır. Belə ki, ilin əvvəlindən birlik üzrə 37 yeni quyu istismara daxil edilib ki, bunlardan da 39 min 520 ton əvəzinə 56 min 266 ton əlavə neft alınıb. Onu da qeyd etmək lazımdır ki, bu ilin ilk yarısında qazmadan alınan quyulardan ötən ilin müvafiq dövrü ilə müqayisədə 3175 ton çox neft hasil olunmuşdur.

2009-cu ilin əvvəlindən neft və qazçıxarma idarələri tərəfindən fəaliyyətsiz fonddan 49 quyu təmir olunaraq istismara daxil edilmiş, bunun da nəticəsində 13 min 294 ton əvəzinə 13 min 299 ton əlavə neft alınmışdır. Bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də 2009-cu ilin əvvəlindən fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olmuşdur. Belə ki, cari ilin 1 iyul tarixinə birlik üzrə ümumi istismar fondundakı 5818 quyudan 4405-i fəaliyyətdə olan quyulardır. Onu da qeyd etmək lazımdır ki, istismar fondundakı quyulardan 5700-ü neft, 118-i isə qaz quyusudur. Hazırda fəaliyyətdə olan quyulardan 4306-dan neft, 99-dan isə qaz çıxarılır.

Cari ilin ilk yarısında istehsalat birliyi üzrə 1750 əvəzinə 2072 texniki tədbir həyata keçirilmiş, nəticədə 37 min 588 ton əlavə neft alınmışdır. Onu da qeyd etmək lazımdır ki, 2009-cu ilin yanvar-iyun aylarında həyata keçirilən texniki tədbirlər yüksək iqtisadi səmərə vermiş, 1658 tondan çox əlavə neft hasil edilmişdir. Hesabat dövründə geoloji tədbirlərin də sayı və iqtisadi səmərəsi ürəkaçan olmuşdur. Belə ki, yanvar-iyun aylarında birlik üzrə 396 əvəzinə 410 geoloji tədbir həyata keçirilmiş, nəticədə 82 min tondan çox neft çıxarılmışdır ki, bu da nəzərdə tutulduğundan 8072 tondan artıqdır.

Quyu fondunun daimi fəaliyyətinin təmin edilməsi, neft-qaz hasilatının sabit saxlanılması üçün qarşıda duran vacib işlərdən biri də quyularda aparılan əsaslı və yeraltı təmir işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsindən ibarətdir. Bu istiqamətdə 2009-cu ilin əvvəlində planlaşdırılmış proqnoz göstəricilərinin yerinə yetirilməsinə tam əməl edilmiş, əsaslı və cari təmir briqadalarının qüvvəsi ilə lazımi işlər görülmüşdür. Belə ki, cari ilin 6 ayı ərzində birlik üzrə istismara daxil edilmiş 719 quyuda əsaslı təmir işləri aparılmış, onlardan 111 min 923 ton, o cümlədən fəaliyyətsiz fonddan 28 quyudan 11 min 163 ton neft çıxarılmışdır.

Hesabat dövründə “Neft Daşları”, “28 May” neft və qazçıxarma idarələrinin bu sahədəki göstəriciləri daha yüksək olmuşdur. Belə ki, yanvar-iyun aylarında adları çəkilən idarələrin təmir briqadaları müvafiq olaraq 116 və 40 quyuda əsaslı təmir işləri həyata keçirmişlər. Onu da deyək ki, “Neft Daşları” NQÇİ üzrə əsaslı təmirdən sonra istismara qaytarılan quyulardan 47 min 812 ton, “28 May” NQÇİ üzrə isə 38 min 243 ton əlavə neft çıxarılmışdır. Bundan əlavə, cari ilin 6 ayı ərzində “Balaxanıneft”, “Bibiheybətneft” və Ə. Əmirov adına NQÇİ-lərdə də əsaslı təmir planına artıqlaması ilə əməl olunmuşdur. Quyuların sabit rejimdə işləməsini təmin etmək məqsədilə cari təmir işlərinə də diqqət getdikcə artırılır. Yanvar-iyun aylarında birlik üzrə 16645 yeraltı təmirin həyata keçirilməsi də bunu təsdiqləyir.

Hazırda ən vacib və prioritet istiqamətlərindən biri də ölkə başçısı tərəfindən ARDNŞ, o cümlədən də “Azneft” İB qarşısında qoyulan dövlət qaz proqramının həyata keçirilməsi və onunla bağlı olan məsələlərin həllidir. Ölkə rəhbərinin 2006-cı il dekabr ayının 1-də qışa hazırlığın vəziyyəti ilə əlaqədar keçirilən müşavirədə respublikamızın “mavi yanacağa” olan tələbatının daxili imkanlar hesabına ödənilməsi ARDNŞ qarşısında bir vəzifə kimi qoyularaq, bütün əsas səylərin qaz hasilatına yönəldilməsi tapşırığı verilmişdir. Bu məqsədilə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev tərəfindən “Azneft” İB-yə qaz hasilatının artırılması üçün müvafiq proqramın hazırlanması tapşırığı verilmişdir. Həmin tapşırıq qısa müddətdə icra olunaraq yeni qaz proqramı ARDNŞ-ə təqdim olunmuşdur. Proqrama əsasən “Azneft” İstehsalat Birliyi üzrə qaz təhvili 8 milyard kubmetrə çatdırılmalıdır. Bu baxımdan ötən hər bir gün birliyin kollektivi üçün son dərəcə məsuliyyətlidir. Məhz buna görə də “Azneft” İB-nin neft və qazçıxarma idarələrində qaz hasilatının artırılması məqsədilə yığım-nəql və qaz-kompressor sahələrinə böyük diqqət yetirilir, bu istiqamətdə mühüm işlər görülür.

Hazırda “Azneft” İstehsalat Birliyində mövcud problemlər, o cümlədən neft borularında parafin və duz çökməyə qarşı, laydan quyu dibinə qumun və lay suyunun gəlməsini təcrid edən, keçiriciliyi zəif olan laylara vibrotəsir, işlənmənin son mərhələsində olan yataqlarda layların neftveriminin artırılması üçün mikrobioloji təsir üsullarının tətbiqi, neft-mədən avadanlıqlarının və qurğularının korroziyadan mühafizəsi, hidrostatik səviyyə və quyudibi təzyiqə görə qazlift quyularının optimal iş rejiminin seçilməsi, texnoloji proseslərin layihələrində müasir kompyuter texnikası bazasında qurulmuş avtomatlaşdırma vasitələrindən istifadə olunması və s. bu kimi yeni texnika və texnologiyaların yaradılması və tətbiqi sahəsində işlərin istehsalatda tətbiqinə diqqət artırılır. Belə ki, istehsalat birliyi tərəfindən işlənilmiş “Kompleks tədbirlər planı” üzrə hər il son 4-5 ilin yüksək səmərəli işləri birliyin müvafiq əmrləri üzrə neft-qazçıxarma idarələrində tətbiq olunur.

İstehsalat birliyinin əsas prioritet məsələlərindən biri də ekoloji problemlərlə bağlıdır. Azərbaycan Respublikasının bəzi ərazilərində, xüsusən də Abşeron yarımadasında neft və neft məhsulları ilə çirklənmiş torpaqlar ekoloji problemlərin əsasını təşkil edir. Çirklənmiş torpaq sahələrinin bərpa olunması və rekultivasiyası öz əksini ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı”nda tapıb. Həmin plana uyğun olaraq, ARDNŞ-ə aid tapşırıqların yerinə yetirilməsi üzrə hazırlanmış cədvəl şirkətin prezidenti Rövnəq Abdullayev tərəfindən təsdiq edilmişdir. Rekultivasiya işləri əvvəlcə ARDNŞ-in tərkibində yaradılmış Ekologiya İdarəsinə, ötən ilin may ayından isə “EKOL” Mühəndislik Xidmətləri QSC-yə həvalə edilmişdir.Hazırda çirklənmiş torpaq sahələrinin bərpa olunması və rekultivasiya işləri müvafiq NQÇİ-lərdə qrafik üzrə həyata keçirilir.

Belə ki, “Bibiheybət” NQÇİ-nin ərazisində Ekologiya İdarəsi və “EKOL” Mühəndislik Xidmətləri QSC tərəfindən neftlə çirklənmiş 174 hektar torpaq rekultivasiya olunmuşdur. Hazırda isə NQÇİ-nin daxili imkanları hesabına 35 hektar sahədə analoji işlər davam etdirilir. Bütövlükdə isə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə “Azneft” İB-nin tədbirlər planında NQÇİ-nin neftlə çirklənmiş 352 hektar sahəsinin rekultivasiyası nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, indiyədək rekultivasiya olunmuş sahələrdə 42 mindən artıq ağac və kol əkilmişdir ki, onların da yarısına NQÇİ tərəfindən qulluq edilir. Bundan əlavə, NQÇİ üzrə lay sularının hasilatının azaldılması məqsədilə 166 perspektivsiz quyu ləğv edilmişdir. “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanmış layihə-smeta sənədləri əsasında “SOCAR ASM” MMC tərəfindən 4 min tona yaxın metal qalıqları yığılıb NQÇİ-nin ərazisindən çıxarılmışdır. Lay sularının əraziyə axıdılmasının qarşısının alınması üçün 2 ədəd min kubmetrlik çən tikilib istifadəyə verilmiş, 800 metr plastmas boru çəkilmiş və quyuların təmiri üçün qapalı sistem yaradılmışdır. Açıq kanalların isə 1080 metri dəmir-beton borularla əvəz edilmişdir.

“Balaxanıneft” NQÇİ-nin ərazisində də 3,8 hektar sahə rekultivasiya olunmuşdur. 2009-2013 illər üçün Dövlət Proqramında isə neftlə çirklənmiş 500 hektar ərazinin rekultivasiyası nəzərdə tutulur. NQÇİ-də rekultivasiya və landşaftın bərpası və bu işlərlə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması məqsədilə layihə tapşırıqları hazırlanır ki, bu tapşırıqlarda yeni neftyığım məntəqələrinin tikilməsi, lay sularının utilizasiyası üçün quyuların seçilməsi, qeyri-perspektiv quyuların ləğvi, quyuların təmirində qapalı sistemin yaradılması, ərazidə sənaye-məişət tullantı poliqonlarının ləğvi nəzərə alınacaqdır.

Ölkə neftçiləri 20 sentyabr — “Neftçilər günü”nü yüksək nailiyyətlərə qarşılamağa hazırlaşırlar. Hazırda onlar qarşıda duran dövlət plan tapşırıqlarının yerinə yetirilməsi, ölkəmizin çiçəklənən bir diyara çevrilməsi, Vətənimizin iqtisadi cəhətdən daha da qüdrətlənməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər etmişlər.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 30 iyul.- S. 2.