Prezident İlham Əliyev: Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınacağını gözləmək mənasızdır

 

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan iyulun 17-də Moskvada görüşmüş və növbəti görüşün payızda keçirilməsi barədə razılıq əldə olunmuşdur.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi beynəlxalq aləmə artıq məlumdur. Dövlətimizin başçısı problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində aradan qaldırılması barədə mövqeyini dəfələrlə bildirib. Məlum olduğu kimi, dövlət başçımızın bu mövqeyi dünyanın super dövlətlərinin başçıları, habelə nüfuzlu beynəlxalq qurumların nümayəndələri tərəfindən də dəstəklənir. Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən əvvəlki danışıqlarda Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi beynəlxalq aləmdə qınaq obyektinə çevrilib. Artıq Ermənistan tərəfi açıq-aydın hiss edir ki, beynəlxalq aləmdə işğalçı dövlətlə əməkdaşlıq etmək arzusunda olan yoxdur. Buna baxmayaraq, Ermənistan tərəfi hələ də qeyri-konstruktivlik nümayiş etdirir. Doğrudur, iyulun 17-də Moskvada keçirilən ikitərəfli danışıqlardan sonra Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, görüş konstruktiv keçib. Əslində Ermənistan bununla öz əməllərini sığortalayır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması beynəlxalq aləmdə ən çox diqqət yetirilən problemlərdəndir. Artıq dünyanın inkişaf etmiş ölkələri münaqişənin həllində açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir. Bu da Ermənistanı bərk qorxuya salıb. Münaqişənin nizamlanmasında Rusiyanın fəallıq göstərməsi və Azərbaycanı dəstəkləməsi Ermənistanda ciddi narahatlıq yaradıb. Azərbaycanın xarici işlər naziri E. Məmmədyarov da bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiyanın fəallaşmasından məmnundur.

Bu yaxınlarda İtaliyada keçirilən “Böyük səkkizlər”in sammitində də Dağlıq Qarabağ münaqişəsi müzakirə obyektinə çevrilmişdir. Bu sammitdə Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatlarında Dağlıq Qarabağ problemi ilə əlaqədar üç prinsipə—zorakılığın rəddi, ərazi bütövlüyü və öz müqəddəratını həll etməyə daha çox diqqət yetirilmişdir.

Məlum olduğu kimi, Ermənistan işğalçı dövlət olduğundan zorakılıq onlara aiddir. Ərazi bütövlüyü dedikdə Azərbaycanın ərazi bütövlüyü nəzərdə tutulur. Çünki bir qədər əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzə də öz dövləti adından demişdir ki, ABŞ Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Ötən ilin sonunda Moskvada üç dövlətin — Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladıqları bəyannamədə də münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə üstünlük verilmişdi. Qaldı ki, öz müqəddəratını həll etmə məsələsinə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilməsi mümkündür. Ümumiyyətlə, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə öz sadiqliyini bir daha nümayiş etdirib. Son on beş ildə bu mövqe özünü aydın və dəqiq büruzə verir. Bu, dövlət başçımızın fəaliyyətində öz təsdiqini tapıb. Ermənistanın isə işğalçılıq missiyasından əl çəkməməsi onu beynəlxalq aləmdən təcrid edir. Bütün bunları dərk edən Ermənistan Prezidenti Serj Sarkisyan sabiq prezident Robert Koçaryanla müqayisədə danışıqlarda sona qədər iştirak edir və müxtəlif bəhanələrlə aradan çıxmır. Bu da ondan irəli gəlir ki, artıq Azərbaycanın uğurlu diplomatiyası qarşısından qaçmaq da mümkün deyil. Bütün danışıqlarda dövlətimizin başçısı Dağlıq Qarabağa müstəqillik verilməsini qətiyyətlə rədd edib.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfəri zamanı bu məsələyə öz münasibətini bildirərkən deyib: “Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı ideyanın heç bir perspektivi yoxdur. Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət kimi tanınmayacaq. Bunu gözləmək mənasızdır. Biz bu ərazidə yaşayanlara suveren Azərbaycan dövləti çərçivəsində ən yüksək muxtariyyət verməyə hazırıq”. Azərbaycan Prezidenti Moskvada Ermənistan Prezidenti ilə görüşü zamanı münaqişənin nizamlanması istiqamətindəki münasibətini bir daha açıqladı. Möhtərəm Prezidentimiz dedi: “... Eyni zamanda, əfsuslar olsun ki, mən bu gün hərb variantını istisna edə bilmərəm. Çünki birincisi, Azərbaycan BMT-nin Nizamnaməsi əsasında özünü müdafiə etmək hüququna malikdir. Dünyanın istənilən digər ölkəsi kimi, Azərbaycanın da öz ərazi bütövlüyünü bərpa etmək hüququ var. Heç bir ölkənin bu hüququ şübhə altına alına bilməz... Azərbaycan güclü və müasir silahlı qüvvələrə malikdir. Azərbaycan ordusu ölkənin ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bununla belə rəsmi Bakı münaqişənin dinc vasitələrlə həlli səylərini davam etdirəcək”. Yeri gəlmişkən qeyd edək ki, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Fasye də bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi müharibənin başlanmasına gətirib çıxara bilər.

Hazırda Ermənistan tərəfi cidd-cəhdlə çalışır ki, Dağlıq Qarabağ müstəqil tərəf kimi danışıqlarda iştirak etsin. Bununla da Dağlıq Qarabağın guya müstəqil olması barədə beynəlxalq aləmdə rəy formalaşdırmaq istəyir. Hətta, Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-də Moskvada keçirilmiş görüşü ərəfəsində Amerikanın Erməni Milli Komitəsi müxtəlif təşkilatlara, hətta ABŞ Prezidenti Barak Obamaya müraciət edərək Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf kimi iştirakının təmin olunmasını istəyirdi. Görünür, erməni lobbisi hələ də dərk etmir ki, bu vaxta qədər heç bir beynəlxalq təşkilat, hər hansı bir ölkə, hətta Ermənistan Dağlıq Qarabağı müstəqil bir qurum kimi tanımayıb. Bəs onda Dağlıq Qarabağ danışıqlarda niyə üçüncü tərəf kimi iştirak etməlidir? Xatırladaq ki, Ermənistan Prezidenti Serj Sarkisyanın 2008-ci ilin oktyabrında imzaladığı Moskva bəyannaməsində də açıq şəkildə bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər. Dağlıq Qarabağın danışıqlarda iştirakı qeyri-mümkündür. Çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Möhtərəm Prezidentimiz Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi səfəri zamanı məşhur siyasətçilərin, diplomatların, mətbuat nümayəndələrinin, Avropanın tanınmış publisistləri və ictimai xadimlərinin üzvü olduqları Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçirdiyi görüşdə demişdir: “... Danışıqlar tərəflərindən söhbət açsaq, deyə bilərəm ki, Ermənistan Prezidenti Sarkisyan Moskva bəyannaməsini münaqişənin tərəfi kimi imzaladı. Əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, o, bunu imzalamazdı. Əgər Dağlıq Qarabağ münaqişə tərəfi olmaq istəyirsə, bunu etmək çox asandır. Birincisi, Ermənistan ordusu Dağlıq Qarabağdan çıxarılmalıdır. Bu gün tam aydındır ki, Ermənistan ordusu Dağlıq Qarabağda yerləşdirilibdir. Ermənistan prosesdən tamamilə çıxarılmalıdır. Sonra isə 60 min əhalisi olan Dağlıq Qarabağ və Azərbaycan nə etməli olduqlarını qərarlaşdıracaqlar. Danışıqlar Ermənistanla Azərbaycan arasında aparılır. Bu, beynəlxalq formatdır. Bizim üçün heç bir səbəb yoxdur ki, bu formatı dəyişək. Əgər Dağlıq Qarabağın erməni icması iştirak etmək istəyirsə, onda onlar Dağlıq Qarabağın azərbaycanlı icması ilə danışıqlara gedə bilərlər. O azərbaycanlı icması ki, zorakılıqla Dağlıq Qarabağdan qovulub və qeyd etdiyim kimi, onların bütün abidələri yerlə yeksan edilibdir”.

Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən müstəqil dövlətdir. İqtisadi cəhətdən qüdrətli olan dövlətdə qarşıya çıxan problemləri aradan qaldırmaq mümkündür. Əminik ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bundan ötrü bizim qüdrətli ordumuz var. Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında da dövlətimizin başçısı bunu xüsusi vurğulayaraq dedi: “Ordu quruculuğu məsələlərinə ənənəvi olaraq diqqətimizi əsirgəmirik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda, ilk növbədə bu məsələlərə ən böyük diqqət göstərilməlidir. Keçən ay ordu günü ərəfəsində keçirilmiş genişmiqyaslı hərbi təlimlər bir daha bizim gücümüzü göstərdi. Keçən il biz hərbi paradı keçirməklə öz hərbi texnikamızı nümayiş etdirdik, bu il öz döyüş qabiliyyətimizi nümayiş etdirdik. Mən çox şadam ki, bu gün Azərbaycan ordusunun vəziyyəti elədir ki, qarşıda duran istənilən vəzifəni uğurla icra edə bilər. Bizim bütün səylərimiz bir məqsədə xidmət edir — Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, işğalçı qüvvələr ölkəmizin zəbt edilmiş torpaqlarından çıxarılsın”.

Dövlətimizin başçısı daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesindən söhbət açdı. Qeyd olundu ki, danışıqlarda Azərbaycanın mövqeyi həmişəki kimi birmənalıdır və dəyişməzdir. Möhtərəm Prezidentimiz bir daha bildirdi ki, Azərbaycanın mövqeyi bütün beynəlxalq normalara əsaslanır və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr və qərarlar əsasında qurulub. O, diqqətə çatdırdı ki, məsələ bu hüquqi müstəvidə öz həllini tapa bilər. Dövlətimizin başçısı ümidvar olduğunu bildirərək dedi ki, əgər Ermənistan tərəfi real vəziyyəti nəzərə alsa və Azərbaycanın artan imkanlarını, — həm hərbi, həm iqtisadi, həm siyasi, həm diplomatik uğurlarını təhlil edərək nəzərə alsa, məsələ tezliklə öz həllini tapa bilər. Təbii ki, bu razılaşma ilk növbədə ədalətli olmalı, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilməlidir.

Azərbaycan Prezidentinin bu istiqamətdə gördüyü işlər artıq öz bəhrəsini verir. Bu gün Azərbaycan dünyada beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan sülhsevər bir dövlət kimi tanınır. Əgər danışıqlar prosesi bir səmərə verməsə, o zaman işğal altında olan torpaqlarımız digər vasitələrlə azad ediləcək. Bunu etmək üçün Azərbaycanın çox güclü və qüdrətli nizami ordusu var.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 30 iyul.- S. 3.