Dövlətin diqqət və qayğısı “Azərikimya”nı
iqtisadi böhrandan qorumuşdur
Bu gün şirkətdə istehsalat sahələrinin
genişləndirilməsi, yeni texnologiyaların tətbiqi,
keyfiyyətin yüksəldilməsi ilə bağlı məqsədyönlü
tədbirlər həyata keçirilir
“Azərikimya” Dövlət Şirkəti müəssisələrinin
istehsal etdiyi və dünya bazarında tələbatın
yüksək olduğu neft-kimya və kimya məhsullarının
istehsal həcmi və keyfiyyəti ildən-ilə
artırılır. Təsadüfi deyildir ki, son iki ildə
şirkətin məhsulları beynəlxalq qurumlar tərəfindən
“Keyfiyyət və biznes prestijinə” görə
“Qızıl” mükafata və digər yüksək təltiflərə
layiq görülmüşdür.
Geniş
texnoloji-istehsalat və güclü kadr potensialına, zəngin
əmək ənənələrinə malik “Azərikimya”
Dövlət Şirkəti dünya iqtisadiyyatındakı
mövcüd problemlərə baxmayaraq, son illərdə, eləcə
də bu ilin birinci yarısında neft-kimya məhsullarının
istehsalı sahəsindəki nailiyyətlərini davam
etdirmişdir. Bir çox dünya ölkələrinin
iqtisadiyyatına təsiri olan qlobal iqtisadi böhran Azərbaycandan
yan keçməsə də, kimyaçılarımızın
istehsalat ahəngini zəiflətməmişdir. Nazirlər
Kabinetinin 2009-cu ilin birinci yarısında sosial-iqtisadi
inkişafın yekunları ilə bağlı
keçirilmiş geniş iclasında Azərbaycan Prezidenti cənab
İlham Əliyev ölkə iqtisadiyyatının elə bir
ciddi dəyişikliyə uğramadan sabit inkişafını
xüsusi qeyd etmişdir. Bütün dünyanın nəhəng
firma və şirkətlərinin belə, ağır
böhran keçirdiyi bir dövrdə respublikamızın
iqtisadiyyatının inkişaf ahənginin
qorunub-saxlanmasına səbəb olan əsas amillərindən
biri dövlətimizin yalnız neft sektorunun deyil, həm də
qeyri-neft sektorunun tərəqqisinə göstərdiyi diqqət
və real qayğıdır. Məhz bunun nəticəsidir ki,
Azərbaycan iqtisadiyyatı dünyanın ən qabaqcıl
ölkələrinin üzləşdiyi maliyyə
böhranı fonunda qətiyyətlə duruş gətirməyi
bacarmışdır.
Ölkə
kimyaçılarının qarşıya çıxa bilən
hər cür çətinliklərin öhdəsindən
uğurla gəlmək, istehsalat ahəngini, iş ritmini
qoruyub-saxlamaq əzmi ilə yanaşı, Azərbaycanın
neft-kimya kompleksinin güclü və etibarlı texnoloji bazaya,
ən müxtəlif kimyəvi məhsulların
istehsalını təmin edə bilən texnoloji qurğu və
unikal avadanlıqlara malik olması respublikamızın kimya sənayesinin
sabit fəaliyyətinin əsasını təşkil edir.
Kimya sənayesinin nəinki
dünən və bu gün, hətta on illər sonra da dinamik
inkişafını təmin etməyə qadir olan belə bir
böyük istehsalat kompleksini, bu cür zəngin texnoloji
bazanı, nəhəng qurğu və avadanlıqları isə
ulu öndərimiz, öz dahiyanə fəhmi ilə gələcəyi
irəlicədən görmək, duymaq qüdrətinə
malik olmuş Heydər Əliyev müasir Azərbaycanımızın
tərəqqisi üçün hələ neçə illər
əvvəl məqsədyönlü və ardıcıl
şəkildə gördüyü strateji tədbirlər sayəsində
əbədi bir miras kimi xalqımıza yadigar qoymuşdur.
Onu deyim ki, dahi şəxsiyyət
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun qətiyyəti
və iradəsi sayəsində Azərbaycanın kimya sənayesinin
yenidən qurulmasında, müasirləşməsində əsaslı
dönüş mərhələsi başlandı. Məhz
Heydər Əliyev Azərbaycan iqtisadiyyatında kimya
kompleksinin roluna xüsusi əhəmiyyət verdiyindən
özünəməxsus müdriklik, qətiyyət və inadkarlıqla
SSRİ-nin o vaxtkı rəhbər orqanlarında Azərbaycanın
neftçıxarma və neft-kimya sənayesində əsaslı
yenidənqurmanın inkişafı üçün xüsusi
hökumət qərarlarının qəbul edilməsinə
nail olmuşdu. 1971-ci ildə respublikada kimya sənayesinin
qarşısında duran həlli vacib məsələləri
diqqətlə araşdıran Heydər Əliyev ilk növbədə
bu sahənin bütün texniki-iqtisadi və sosial baxımdan
yeniləşdirilməsi proqramının yaradılması
işini təşkil etməklə kimya sənayesinin
inkişaf konsepsiyasının əsasını qoydu. Dahi
öndərin SSRİ-də böyük nüfuza malik
olması, mövqe prinsipiallığı, işə gündəlik
nəzarəti, eyni zamanda köməyi obyektlərin müəyyənləşdirilmiş
vaxtda tikilib istifadəyə verilməsi üçün
yüksək tələbkarlığı sayəsində neft
emalı və kimya müəssisələrinin yenidən
qurulması dövrün reallığına
çevrilmişdi.
Hələ ötən əsrin
70-80-ci illərində keçmiş Sovet İttifaqı rəhbərliyini
Azərbaycanın kimya sənayesinin gələcək sürətli
inkişafı naminə “EP-300” və “Polimir-120” kimi müasir
istehsalat komplekslərinin məhz Sumqayıtda
inşasının labüdlüyünə
inandırmış və şəxsi iradəsi, qətiyyəti
və böyük nüfuzu sayəsində öz məqsədinə
nail olmuş ulu öndər artıq XXI əsrin əvvəllərində
— ölkəmizin müstəqillik əldə etdiyi, lakin sənaye
sahələrinin, o cümlədən kimya sənayesinin kəskin
enerji böhranı ilə üzləşdiyi ağır bir
dövrdə daha bir nəhəng kompleksin - unikal buxar-generator
qurğusunun Yaponiyadan dövlət zəmanəti üzrə
kreditlə alınaraq, onun inşasını qısa bir
müddət ərzində reallığa çevirə
bilmişdi. Məhz uzaq perspektiv nəzərə alınmaqla
inşa olunmuş həmin komplekslərin sayəsində bu
gün “Azərikimya” Dövlət Şirkəti müəssisələrinin
ahəngdar işi, 8000-dən artıq kimyaçının
iş yerlərinin qorunub-saxlanması təmin olunmuşdur.
Bütün bunları bir daha yada salaraq, dahi rəhbərimizin
Azərbaycanın neft-kimya sənayesinin inkişafındakı
çox böyük və əvəzsiz xidmətlərini
bütün aydınlığı və əzəməti ilə
dərk etməli oluruq. Bu gün obrazlı şəkildə
tam inam və fərəhlə demək olar ki, bilavasitə ulu
öndər Heydər Əliyevin təşəbbüsü və
qətiyyəti, ilk növbədə isə vətənpərvərliyi
sayəsində inşa edilmiş həmin nəhəng
komplekslər bu dahi şəxsiyyətin kimya sənayesinə
göstərdiyi diqqət və qayğıya elə onun
özü tərəfindən ucaldılmış “istehsalat
abidələri” kimi qalmaqdadır və onlar hələ uzun
illər xalqımıza xidmət edəcəkdir.
Bəli, ulu öndərimiz
Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi
1969-cu ildə də, qüdrətli xilaskar kimi yenidənt
hakimiyyətə qayıtdığı 1993-cü ildə də
böyük uzaqgörənlik və dahicəsinə
gördüyü geniş miqyaslı, bütün dünyaya səs
salan qlobal tədbirlər yalnız kimya və neft-kimya sənayesini
deyil, bütövlükdə Azərbaycanı üzləşdirdiyi
həm iqtisadi, həm də siyasi bəlalardan qurtarmaqla
yanaşı, müstəqillik əldə etmiş Vətənimizin
bugünkü yüksək sürətli, dünyanı heyrətdə
qoyan inkişafının möhkəm təməlini
qoymuşdur. Bütün dünyanın siyasi xaos və
müharibə alovları ilə üzləşdiyi, nəhəng
dövlətlərin siyasi-iqtisadi maraqlarının kəskin
toqquşduğu mürəkkəb bir dövrdə dahi rəhbərin
neft strategiyasında seçdiyi yeganə düzgün yol bu
gün Azərbaycanı sabit inkişaf magistralına
çıxarmış, bütün lider dövlətlərin
Azərbaycana olan münasibətində köklü müsbət
dəyişiklik yaratmış, ona olan diqqət və
marağı artırmışdır.
Məhz Heydər Əliyev
dühasının bəhrəsidir ki, bir zamanlar SSRİ-dən
kənarda o qədər də yaxşı tanınmayan Azərbaycan
indi dünyanın bütün qitələrində
tanınır. Həm də təkcə neft və qaz
ehtiyatları ilə zəngin bir ölkə kimi yox, eyni
zamanda, yüksək inkişaf yolunda olan, güclü
iqtisadiyyata malik bir ölkə kimi!..
Bu gün bunu da
böyük bir qürur hissi ilə etiraf etməliyik ki, Heydər
Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin
həyata keçirdiyi bir sıra strateji xarakterli tədbirlərin
nəticəsi olaraq Azərbaycanın bir çox sənaye sahələrində
olduğu kimi, kimya və neft-kimya sənayesində də
dünyanı sarsıtmaqda olan qlobal iqtisadi böhran öz fəsadlarını
geniş şəkildə göstərə bilməmişdir.
Bir çox dünya ölkələrinin nüfuzlu şirkət
və firmalarını, sənaye və kənd təsərrüfatını
az qala iflic vəziyyətinə salmış maliyyə
böhranı Azərbaycan iqtisadiyyatının müxtəlif
sahələrinin, həmçinin kimya kompleksinin fəaliyyətinə
müəyyən təsir göstərsə də,
butövlukdə müəssisələrin iş rejimində
ciddi maneəyə çevrilməmişdir. Ölkə
kimyaçıları buna ulu öndərimizin müdrik daxili
və xarici siyasətinin layiqli davamçısı, dövlətimizin
başçısı İlham Əliyevin kimya sənayesinə,
onun inkişafına göstərdiyi daimi diqqət və
qayğının sayəsində nail ola bilmişlər. Təkcə
bunu demək kifayətdir ki, son illər ərzində neft
sindromunun bütün dünyada iqtisadi problemlərlə
müşayiət olunmasına baxmayaraq, bilavasitə ölkə
rəhbərinin qayğısının real nəticəsi
kimi respublikamızın kimya müəssisələrinin
xammalla və enerji daşıyıcıları ilə təchizatında
heç bir fasilə, heç bir çətinlik nəzərə
çarpmamışdır.
Kimyaçılarımız
böyük fərəh hissi duyurlar ki, ölkə Prezidenti
İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin
nəticəsi olaraq Azərbaycanda kimya və neft-kimya sahəsinin
inkişafı üçün yeni və daha böyük
perspektivlər açılmaqdadır. Bu gün onlarla adda və
çox qiymətli, yüksək keyfiyyətli kimyəvi məhsullar
dünyanın 30-dan artıq ölkəsinə ixrac edilir. Beynəlxalq
bazarda özünə layiqli yer tutmuş Azərbaycanın
neft-kimya kompleksinin ən müasir texnologiyalar və yüksək
məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən
qurulması, habelə tələbatın daha yüksək
olduğu yeni kimya məhsullarının istehsalına
başlanılması istiqamətində aparılan geniş
miqyaslı işlər yaxın gələcəkdə ölkəmizi
kimya sənayesi məhsullarının istehsal həcmi və
keyfiyyəti baxımından dünyanın aparıcı,
lider dövlətlərindən birinə çevirəcəkdir.
Hələ bugünün özündə belə “Azərikimya”
Dövlət Şirkəti müəssisələrinin istehsal
etdiyi onlarla qiymətli kimya və neft-kimya məhsulları
dünyanın ən qabaqcıl və yüksək inkişaf
etmiş ölkələrinin - Rusiya, Çin, Türkiyə,
İran, Yunanıstan, Ukrayna, Hollandiya və s. dövlətlərin
nüfuzlu firma və şirkətləri tərəfindən
yüksək tələbatla alınır. Məmnunluq
doğuran haldır ki, şirkətimizin ən qiymətli və
yüksək keyfiyyətə malik məhsullarına - yüksək
təzyiqli polietilenə və mütləqləşdirilmiş
izopropil spirtinə (MİPS) olan tələbat yüksək
olduğundan onların sifarişləri üzrə ən
azı yarım il qabaqcadan müraciətlər daxil olur. Bu da
onunla bağlıdır ki, həmin məhsullar öz keyfiyyətinə
görə onların istehsalçısı olan digər
xarici ölkə müəssisələrinin məhsullarından
xeyli üstündür. Bu, bütün dünya miqyasında
keyfiyyətə nəzarət edən beynəlxalq assosiasiyalar
tərəfindən də rəsmi olaraq təsdiqlənmişdir.
Məsələn, “Sintezkauçuk” zavodunda istehsal edilən
”MİPS"in keyfiyyət göstəricisi 99,99-a bərabərdir
ki, bu da dünyada həmin məhsulun istehsalçısı
olan firmalar arasında ən yüksək nəticədir. Buna
görə də onun potensial alıcıları həmin məhsulu
məsafə baxımından özlərinə daha yaxın və
Avropa Birliynə daxil olan qonşu ölkələrdən
deyil, qat-qat uzaq olan Azərbaycandan almağa üstünlük
verirlər. Bu da təsadüfi deyildir ki, məhz bizim istehsal
etdiyimiz “MİPS” onun istehsalçısı olan firma və
müəssisələr arasında öz yüksək keyfiyyət
göstəricilərinə görə beynəlxalq qurumlar tərəfindən
“Arka Avropa” qızıl mükafatına layiq
görülmüşdür.
Kimyaçılarımız
üçün böyük fərəh doğuran haldır
ki, bu ilin əvvəllərində “Üzvi sintez” zavodu Beynəlxalq
Kommersiya Rəhbərləri Klubunun (Madrid) qərarı ilə
”Texnologiya və keyfiyyətə görə” beynəlxalq
mükafatına, bütünlükdə isə “Azərikimya”
Dövlət Şirkəti Beynəlxalq İdarəetmə və
Məsləhətləşmə Assosiasiyasının (Fransa)
qərarı ilə “Keyfiyyət və biznes prestijinə
görə” Qızıl mükafata layiq
görülmüşdür.
***
Əlbəttə,
bütün bunlar dövlətimizin diqqət və
qayğısına cavab olaraq
kimyaçılarımızın gərgin əməyinin, əzmkarlığının
real nəticəsidir. Bunu ötən illərin və bu ilin
istehsalat göstəriciləri də təsdiq edir. Təkcə
bunu demək kifayətdir ki, son 5 il ərzində — 2003-cü
illə müqayisədə ötən il əmtəəlik məhsul
istehsalı həcmi 2,3 dəfədən çox, həmin
dövr ərzində məhsul ixracı 3,6 dəfə
artmışdır. Bu da respublikaya xarici valyuta axınına
müsbət təsir göstərmişdir. Bu nailiyyətlər
həm kimyaçılarmızın onlara son illərdə
göstrilən diqqət və qayğıya cavab olaraq hər
bir iş yerində məsuliyyət və diqqətinin, əzmkarlığının
daha da artması nəticəsində əmək məhsuldarlığının
yüksəlməsi (bir işçiyə düşən məhsul
istehsalının həcmi rekord səviyyədə - 2,57 dəfə
artmışdır), həm də xammaldan, enerji
daşıyıcılarından qənaətlə istifadə
edilməsi nəticəsində 1 manatlıq məhsul
istehsalına çəkilən xərcin 109,8 (ziyan olaraq!..) qəpikdən
79,2 qəpiyə salınması (30,6 qəpik fərqlə)
sayəsində mümkün olmuşdur. Bütün
bunların nəticəsi kimi şirkətin ümumi əmək
haqqı fondu 2,2 dəfə, müvafiq olaraq isə
kimyaçılarımızın orta aylıq əmək
haqqı 2,5 dəfə artmışdır. Bu ilin 6 ayı ərzində
isə əməkçilərimizin orta aylıq maaşı
ötən ilin müvafiq dövrünə nisbətən daha
14,4 faiz artmışdır.
***
Əldə olunmuş
uğurlarda əmək və texnoloji intizamın yüksəlməsi,
kimyaçıların əzmkarlığı ilə
yanaşı, iş şəraitinin
yaxşılaşdırılması, hər bir
işçinin sağlamlığının
qorunmasının və istehsalat təhlükəsizliyinin təmin
edilməsi istiqamətində şirkət üzrə
görülən tədbirlərin daha ciddi və müntəzəm
xarakter almasıdır. Çünki kimya müəssisələri
təhlükə ehtimalının nisbətən daha çox
olduğu obyektlərdir. Bu səbəbdən də şirkət
üzrə və müəssisələrdə keçirilən
müşavirələrdə əməyin mühafizəsi, təhlükəsizlik
texnikası və yanğın təhlükəsizliyi məsələləri
geniş və ciddi şəkildə müzakirə olunur, əməkçilərə
sağlam və təhlükəsiz əmək şəraitinin
yaradılmasına yönəldilmiş tədbirlər həyata
keçirilir. Bu gün bütün sex və istehsalat rəisləri,
digər məsul işçilər çox yaxşı
bilirlər ki, onlardan hər biri məhsul istehsalındakı kəm-kəsirdən
öncə işçilərin təhlükəsizliyində
yol verə biləcəkləri hər hansı bir məsuliyyətsizliyə,
laqeyd münasibətə görə daha ciddi cəzalandırıla
bilərlər. Ölkə Prezidenti İlham Əliyevin Nazirlər
Kabinetinin bu il iyulun 22-də keçirilmiş iclasında
Bakı və onun ətraf ərazilərində,
bütünlükdə Abşeron yarımadasında, o
cümlədən Sumqayıtda da ekoloji vəziyyətin
yaxşılaşdırılmasında
yaşıllaşdırma tədbirlərinə xüsusi əhəmiyyət
verməsi bu sahədə aparılan işlərə dövlət
rəhbərinin necə böyük diqqət göstərdiyni,
ilk növbədə, əhalınin
sağlamlığını ön plana çəkdiyini,
görülən yaşıllaşdırma işlərinin
son dərəcə vacib, hətta sosial-iqtisadi baxımdın
da böyük əhəmiyyətə malik olduğunu təsdiq
edir. Ölkə başçısının ekologiyanın
qorunması, yaşıllığın genişləndirilməsi
ilə bağlı tövsiyələrini mühüm bir
tapşırıq kimi qəbul edən
kimyaçılarımız bu sahədə gördükləri
geniş miqyaslı işləri bundan sonra daha böyük həvəslə
davam etdirmək, Sumqayıtın bütün sənaye
zonasını yaşıllığa bürümək əzmindədirlər.
...Artıq
dördüncü ildir ki, şirkətin və onun müəssisələrinin
ərazisində müntəzəm olaraq və
ardıcıllıqla aparılan yaşıllaşdırma
işləri də bilavasitə insan amilini əsas tutmaqla,
kimyaçılarımız üçün ekoloji cəhətdən
daha təmiz və sağlam iş şəraitinin
yaradılmasına xidmət edir. Açığını
etiraf etmək lazımdır ki, hələ 2006-cı ilin əvvəllərində
yaşıllaşdırma işlərinin kütləvi və
daimi xarakter alması üçün tədbirlərə
başlayanda bir çoxları bu işin müvəqqəti,
ötəri olacağını düşünsə də,
son iki ildə zavodətrafı ərazilərdə boy verməkdə
olan həmişəyaşıl ağaclar, meyvə tingləri,
bəzək kolları indi zövq oxşadığından həmin
insanlarda yaşıllığa münasibət dəyişmiş,
onu artırmaq həvəsi yaratmışdır. Bu gün fərəhlə
deyə bilərik ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın “Hərəyə bir ağac əkək!”
təşəbbüsündən ruhlanan
kimyaçılarımızın yaşıllaşdırma
sahəsində başladıqları iş daha geniş
vüsət almışdır. Yalnız son dövr ərzində
kimyaçılarımız tərəfindən zavodətrafı
ərazilərdə, həmçinin magistral yollar boyunca 42
mindən artıq (hərəyə bir yox, 5 ədəd!)
ağac əkilmiş, yeni yaşıllıq və istirahət
sahələri salınmışdır. Bütün bunlar, əlbəttə
ki, ilk növbədə kimyaçılarımızın,
bütünlükdə Sumqayıt sakinlərinin
sağlamlığına, ekoloji vəziyyətin
yaxşılaşdırılmasına xidmət edir.
***
Bu gün ölkə
iqtisadiyyatının inkişafında və ixrac
potensialının artmasında mühüm rol oynayan “Azərikimya”
Dövlət Şirkətində istehsalat sahələrinin
genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və
məhsulların keyfiyyətinin dünya standartlarına
çatdırılması sahəsində aparılan məqsədyönlü
tədbirlər onun sabahkı güclü və sürətli
inkişafı üçün real zəmin yaradır.
Azərbaycan
Respublikası Prezidentinin neft-kimya sənayesinin daha da
inkişaf etdirilməsi və istehsalata ən müasir
texnologiyaların tətbiqi ilə bağlı
tapşırıqlarına uyğun olaraq “Azərikimya”
Dövlət Şirkətinin Azərbaycanda ən yüksək
beynəlxalq standartlara cavab verən yeni neft-kimya və gübrə
kompleksinin yaradılması sahəsində apardığı
işlər bu gün dünyanın bir çox aparıcı
neft-kimya şirkətlərinin diqqət mərkəzindədir.
İnşasının
yaxın dövrdə başlanılması nəzərdə
tutulan yeni neft-kimya kompleksinin texniki-iqtisadi əsaslandırma sənədlərinin
hazırlanaraq, başa çatdırılması istiqamətində
son illər şirkət rəhbərliyi tərəfindən
real nəticələrə nail olunmaqla intensiv iş
aparılmaqdadır. Son iki il ərzində yeni komplekslə
bağlı müvafiq sənədlər bütün prosedur
qaydalarına uyğun olaraq dünyanın ən qabaqcıl
şirkətləri ilə birlikdə hazırlanmış və
beynəlxalq banklar və investorlar tərəfindən qəbul
edilmişdir. Bu işlərin birinci, ilk mərhələsində
“Technip” firması tərəfindən yalnız
respublikamızın müxtəlif daxili xammal ehtiyatları
bazası əsasında yeni neft-kimya kompleksinin prinsipial
konsepsiyası hazırlanmışdır. İkinci mərhələ
”Nexant” firması tərəfindən yeni neft-kimya və
gübrə kompleksləri üçün texniki-iqtisadi əsaslandırma
sənədlərinin hazırlanması ilə
bağlıdır. Bu mərhələdə maliyyə məsləhətçisinin
iştirakı ilə “Societe Generale” bankı ilə və
hüquq məsləhətçisinin “White & Jase”
firması ilə birgə layihənin mümkün olan maliyyə
mənbələrinin analizi ilə kommersiya və korporativ
strukturu üzərində iş aparılmışdır.
Xüsusilə qeyd etmək
lazımdır ki, yeni yaradılacaq neft-kimya və gübrə
kompleksi Aralıq dənizi ilə Xəzər regionu hövzəsində
ən müasir və ən yüksək texnologiyalar tətbiq
edilən dünya səviyyəli bir layihədir. Layihədə
“Exxon Mobile” (ABŞ), “İneos” (İngiltərə), “Basell”
(Hollandiya), “Uhde” (“Thysenn Krupp” - Almaniya), “Technip” (Fransa), KBR
(İngiltərə) firmalarının müasir
texnologiyalarının tətbiqi nəzərdə tutulmuş
və əməkdaşlıq haqqında memorandum
imzalanmışdır. Bu dünya səviyyəli transmilli
firma və şirkətlər kimya və neft-kimya məhsullarının,
xüsusilə də poliefirlər, gübrə və digər
üzvi sintez məhsullarının istehsalı üzrə
dünya liderləridirlər. Hazırda “Azərikimya” Dövlət
Şirkətində layihənin reallaşdırılması
işləri yüksək texniki səviyyədə həyata
keçirilir. Heç şübhəsiz ki, əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş yeni neft strategiyasının uğurla həyata
keçirilməsi ölkəmizdə neft-kimya sənayesinin də
dinamik inkişafı üçün böyük perspektivlər
açacaqdır. Möhkəm özülə malik bu
strategiya Azərbaycanı nəinki dünyanı sarsıdan iqtisadi
və maliyyə böhranlarından qətiyyətlə
qoruyacaq, hətta ölkəmizin güclü və qüdrətli
iqtisadiyyata malik bir ölkə kimi liderlər sırasında
olmasını etibarlı və dönməz şəkildə
təmin edəcəkdir.
Məcid KƏRİMOV,
“Azərikimya” Dövlət Şirkətinin prezidenti,
Milli Məclisin deputatı, əməkdar elm xadimi
Xalq qəzeti.- 2009. 30 iyul.- S. 4.