Ölkəmizdə ərzaq təhlükəsizliyi prioritet
məsələdir
Ölkə Prezidenti İlham Əliyevin sərəncamı
ilə ötən ilin avqustun 25-də təsdiqlənmiş
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı” ilə bağlı indiyədək
bir sıra mühüm tədbirlər həyata
keçirilmişdir. Qeyd edək ki, proqramda dövlət
qurumlarına torpaq və sudan istifadənin səmərəliliyinin
artırılması tədbirlərinə aid məsələlər
— eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş
və digər səbəblərdən deqradasiyaya məruz
qalmış torpaqların müəyyən edilməsi və
xəritələşdirilməsi, onlardan səmərəli
istifadə olunması ilə bağlı təkliflərin
hazırlanması tapşırılmışdır.
Eyni zamanda, torpaqların
müəyyən edilməsi, torpaqların münbitliyinin və
suvarılan torpaq sahələrinin artırılması istiqamətində
işlərin genişləndirilməsi də nəzərdə
tutulmuşdur. Bu
tapşırıqlar sırasında dağ
çaylarının gətirmə konuslarında, arid iqlimə
malik dağətəyi və düzən ərazilərdə
əkinə yararlı torpaqların kənd təsərrüfatı
məhsulları istehsalı dövriyyəsinə cəlb edilməsi
və istifadə olunmayan əkinə yararlı torpaqların əkin
dövriyyəsinə cəlb edilməsinin
stimullaşdırılması mühüm yer tutur. Pay
torpaqları əsasında formalaşmış xırda ailə
və fermer təsərrüfatlarının
könüllülük əsasında kooperasiyalarda birləşdirilməsinin
stimullaşdırılması, suvarmada mütərəqqi
texnologiyaların tətbiqinin dəstəklənməsi
qarşıda duran əsas vəzifələrdəndir.
Kənd Təsərrüfatı
Nazirliyinin şöbə müdiri, iqtisad elmləri doktoru
İslam İbrahimovun sözlərinə görə, bitkiçiliyin
inkişaf etdirilməsi və bitkiçilik məhsullarının
istehsalında növbəti əkin sisteminin yerli şəraitə
uyğun aparılması, kənd təsərrüfatı
bitkilərinin bölgələr üzrə optimal əkin
strukturunun və istehsal həcminin müəyyənləşdirilməsi,
müvafiq tövsiyələrin fermerlərə
çatdırılması, yeni məhsuldar sortların
sınaqdan keçirilməsi və
rayonlaşdırılması, məhsuldar və keyfiyyətli
buğda toxumlarının istehsalının
stimullaşdırılması və daxili tələbatın
ödənilməsi, taxılın vaxtında, itkisiz
yığılması üçün müvafiq texniki tədbirlərin
görülməsi, taxıla olan dövlət
ehtiyacının tənzimləmə mexanizminin işlənib
hazırlanması kimi məsələlər də həll
edilməlidir.
Proqramda həmçinin faraş
kartof və tərəvəz ixracının təşviq
edilməsi, tərəvəz yetişdirilən istixana
sisteminin genişləndirilməsinin dəstəklənməsi,
mövcud yaşıl çay sahələrinin, meyvə
bağlarının bərpası,
üzümçülüyün inkişaf etdirilməsi,
günəbaxan, qarğıdalı və digər yağ verən
bitkilərin yetişdirilməsinin
stimullaşdırılması, Lənkəran-Astara regionunda,
Ağdaş, Zərdab, Salyan və digər rayonlarda çəltikçiliyin
inkişafının dəstəklənməsi tədbirlərinin
həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ölkədə
heyvandarlığın, ətlik maldarlığın
inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata
keçirilməsi, dövlət damazlıq təsərrüfatlarının
maddi-texniki bazasının möhkəmləndirilməsi,
müasir tələblərə cavab verən quşçuluq
təsərrüfatlarının yaradılması, ət,
süd və digər ərzaq məhsulları istehsal edən
müəssisələrin modernləşdirilməsi, yem bitkiləri
sahələrinin genişləndirilməsi, stasionar şəraitdə
mal-qara və qoyunların saxlanılması,
arıçılığın inkişaf etdirilməsi və
digər bu kimi məsələlər də proqramda əksini
tapmışdır.
İ.İbrahimov vurğuladı
ki, “Kənd təsərrüfatı məhsulları
istehsalçılarının toxum, gübrə və
damazlıq heyvanları ilə təmin edilməsinə əlavə
dəstək verilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli sərəncamında
göstərilir ki, ölkədə aparılan uğurlu və
dinamik sosial-iqtisadi siyasət nəticəsində artıq bir
neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına
əhalinin bir sıra kənd təsərrüfatı məhsulları
ilə təmin edilməsi mümkün olmuşdur. Kənd təsərrüfatı
məhsulları istehsalçılarına verilən müddətli
vergi güzəştləri ilə bərabər keçən
ildən dövlət tərəfindən onlara yanacaq, motor
yağlarının və mineral gübrələrin
alınmasında güzəştlər edilir, dövlət və
özəl toxumçuluq təsərrüfatlarına
yetişdirdikləri toxumlara görə subsidiyalar verilir.
Bununla yanaşı, kənd təsərrüfatı məhsulları
istehsalçılarının buğda toxumuna, mineral gübrələrə
və damazlıq heyvanlara olan ciddi ehtiyacı ölkəmizin ərzaq
təhlükəsizliyinin təmin olunması istiqamətində
əlavə tədbirlərin görülməsini şərtləndirir.
Buğda toxumunun istehsalı ilə məşğul olan
dövlət və özəl toxumçuluq təsərrüfatlarına
dövlət vəsaiti hesabına idxal olunan yüksək
reproduksiyalı buğda toxumunun satış qiymətinin 50
faizinə, buğda istehsalçılarına isə mineral
gübrələrin satış qiymətinin 70 faizinə
dövlət tərəfindən güzəşt
verilmişdir.
Ölkə ərazisində kənd
təsərrüfatı heyvanlarının məhsuldarlığının
yüksəldilməsi, mövcud heyvan cinslərinin
yaxşılaşdırılması və damazlıq
heyvanların sayının artırılması məqsədi
ilə artıq xaricdən damazlıq heyvanların idxalı və
heyvandarlıqla məşğul olan kənd təsərrüfatı
məhsulları istehsalçılarına 50 faiz güzəştlə
lizinq yolu ilə satılması həyata keçirilir.
Bundan başqa, hazırda mineral
gübrələrin, habelə dövlət vəsaiti
hesabına alınan kənd təsərrüfatı
texnikasının və texnoloji avadanlıqların, kənd təsərrüfatı
məhsullarının müvafiq standartlara uyğun
saxlanılması üçün xüsusi anbarların layihələndirilməsi
və tikintisi işləri görülür.
Yeri gəlmişkən, bu il
iyulun 21-də Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə dövlət vəsaiti hesabına güzəştli
şərtlərlə kənd təsərrüfatı məhsulları
istehsalçılarına verilməsi üçün
alınan gübrələrin, kənd təsərrüfatı
texnikasının və avadanlığın
istehsalçılar tərəfindən istifadəsinin
asanlaşdırılması, eyni zamanda, istismara yararlı vəziyyətdə
saxlanılmasını təmin etmək məqsədilə
“Aqrolizinq” ASC-nin aqroservis filiallarının regionlarda tikintisi
üçün Prezidentin Ehtiyat Fondundan adı çəkilən
cəmiyyətin nizamnamə kapitalına əlavə 5 milyon
manat vəsait ayrılmışdır.
Bu səhmdar cəmiyyətin
yaradılması, fəaliyyətinin genişləndirilməsi
ilə bağlı dövlət başçımız Nazirlər
Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında demişdir: “Aqrolizinq”in yaradılması, deyə
bilərəm ki, kənd təsərrüfatının
inkişafında ciddi dönüş etdi. Ondan
subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini
böyük dərəcədə genişləndirə
bilmişik. Gübrələrin alınması,
yanacağın, toxumların alınması — bütün
bunlar Azərbaycan dövləti tərəfindən həll
olunan məsələlərdir. Bundan sonra biz
çalışmalıyıq ki, kənd təsərrüfatımız
daha çox intensiv inkişaf etsin...".
Dövlət proqramında nəzərdə
tutulan məsələlərin həyata keçirilməsi
ölkənin neft sənayesindən
asılılığını azaltmağa, aqrar sahənin
dinamik inkişafına, əhalinin gəlirlərinin
artırılmasına, həyat səviyyəsinin
yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyinin
təmin edilməsinə gətirib çıxaracaqdır.
Ərzaq təhlükəsizliyi
qlobal məsələ olmaqla dünyanın hər yerində ən
vacib problemlərdən biri kimi qiymətləndirilir. Ona
görə ölkəmizdə də bu məsələyə
önəm verilir. Biz bir çox məhsullarla
imkanlarımız hesabına özümüzü təmin etməliyik.
Bu baxımdan ötən ilin avqustun 25-də dövlət
başçısı tərəfindən təsdiqlənmiş
dövlət proqramı ölkənin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə istiqamətləndirilmiş
radikal tədbirlər kompleksini özündə əks etdirən
dövlət sənədi kimi qiymətləndirilə bilər.
Araşdırmalar göstərir
ki, aqrar sahədə istehsalın artırılmasının, ərzaq
təminatının
yaxşılaşdırılmasının əsas vəzifələrindən
biri ərzaq məhsulları istehsalının infrastruktur təminatının
yaxşılaşdırılmasıdır. Başqa sözlə,
daxili yolların qaydaya salınması, qazlaşdırma,
elektrikləşdirmə, su ilə təminat məsələləri
ön plana çəkilməlidir ki, kənddə yaşayan
mütəxəssislər və istehsalla məşğul
olanlar üçün əlverişli infrastruktur yaransın.
Buna görə də hazırda istehsalçının məhsulunun
daşınması, saxlanması, soyuducu bazalarının
yaradılmasına kömək göstərilməsi əsas vəzifələrdən
biri kimi qarşıda durur.
İ.İbrahimov sonda bildirdi ki, hər
bir sahibkarın istehsal etdiyi məhsul keyfiyyətli, rəqabətə
davamlı olmalıdır. İstehsal həcmi
çoxaldıqca, onun keyfiyyət göstəricisinin də
yaxşılaşdırılmasına diqqət
artırılmalıdır. Hazırda ölkəmizdə
dünya standartlarına cavab verən ət və süd
emalı müəssisələri fəaliyyət göstərir.
Bu müəssisələrdə beynəlxalq standartlara
uyğun məhsul istehsal edilir. İstehsalçılar tarladan
istehlakçıya qədər olan prosesdə keyfiyyətin
idarə edilməsinə diqqəti artırmalıdırlar. Əhalinin
ərzaq məhsulları ilə tam təminatına gəlincə
qeyd etmək lazımdır ki, son illərdə
adambaşına istehlak xeyli yüksəlib. Bununla
yanaşı, ölkə əhalisinin sayı da artıb.
Torpaq sahəsini isə genişləndirmək mümkün
deyil. Bunun üçün kənddə yaşayan hər bir
istehsalçı bilməlidir ki, ərzaq məhsulları
istehsalının artırılmsı, adambaşına ət,
süd, kartof, meyvə və tərəvəz
istehlakının çoxaldılması həmişə əsas
vəzifə kimi qarşıda durmalıdır.
Dövlət proqramının
icra mexanizminin həyata keçirilməsi yaxın 3-4 ilə
neft sektorundan asılılığı azaltmağa, ölkəmizdə
əhalinin ərzaq təminatını
yaxşılaşdırmağa və daxili istehsal hesabına
özümüzü təmin etməyə imkan
yaradacaqdır. Həm də Azərbaycan xaricə aqrar məhsullar
ixracını xeyli artırmaqla valyuta mənbələrinə
nail ola biləcək. Əhalinin ərzaq təminatının
yaxşılaşdırılması əhalinin gəlirlərinin
artırılmasına, mövcud ehtiyatlardan maksimum istifadə
etməyə imkanlar yaradacaq. Eyni zamanda, sahibkar gəlirləri
artırdıqca, onun sosial infrastrukturun
yaxşılaşdırılmasına meyli də artacaq.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 30 iyul.- S. 2.