Nizami rayonunda cari ilin ilk yarısına yekun vurulmuşdur

 

Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2009-cu ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətçiliyinin memarı, ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoydular.

 

Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev açdı. Tədbir iştirakçıları ulu öndərimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra iyulun 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədən fraqmentlər nümayiş etdirildi, dövlət başçısının proqram xarakterli nitqinin bəzi məqamları bir daha səsləndirildi.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev 2009-cu ilin ilk yarısı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat məruzəsi ilə çıxış etdi. Natiq ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən uğurla dava etdirilməsi nəticəsində cari ilin altı ayında ölkəmizdə ümumi inkişafın davam etdiyini diqqətə çatdırdı. Azərbaycanda sosial-iqtisadi sahələrdə həyata keçirilən bütün islahatların əsas məqsədinin vətəndaşların rifahının yaxşılaşdırılmasına yönəldiyini vurğulayan məruzəçi ümumi inkişafı xarakterizə edən makroiqtisadi göstəricilərin getdikcə yaxşılaşdığını və bunun Azərbaycanı regionun lider dövlətinə çevrilməsinə imkan yaratdığını bildirdi.

Cari ilin birinci yarısının Azərbaycan Respublikası üçün kifayət qədər uğurlu və yüksək nailiyyətlərlə zəngin bir dövr olduğunu qeyd edən natiq dedi ki, iyul ayının 22-də Prezident Sarayında dövlət başçısı cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında son illər ərzində ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirlimişdir. Belə ki, Prezident İlham Əliyev statistik göstəricilər əsasında Azərbaycanda sosial vəziyyətin, sənaye istehsalının, özəl bölmənin, neft-qaz sektorunun, qeyri-neft bölməsinin, o cümlədən kənd təsərrüfatının və digər bütün sahələr üzrə istehsalın yüksəlməsini və inkişafını təhlil edərək dünyada davam edən maliyyə böhranına baxmayaraq, cari ilin 6 ayında ölkədə ümumi daxili məhsulun 3,6 faiz artdığını, qeyri-neft sektorunda isə 4,1 faizlik inkişafın baş verdiyini bildirmişdir. Dövlət başçısı ölkədə sosial proqramların uğurla icra olunduğunu vurğulayaraq ötən 6 ayda ölkə üzrə inflyasiyanın 3,7 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin 19 faiz, orta aylıq əmək haqqının 15 faizdən çox artdığını, Azərbaycanda 25 mini daimi olmaqla 35 min yeni iş yerinin açıldığını bəyan etmişdir.

Son illər ölkəmizin sosial-iqtisadi həyatında baş verən tərəqqi paytaxtın Nizami rayonunda da aydın hiss olunur. Bu barədə məlumat verən rayon icra hakimiyyətinin başçısı Mehbalı Əliyev bildirdi ki, ölkə iqtisadiyyatında baş vermiş sürətli inkişaf Nizami rayonunun sosial-iqtisadi həyatını daha da canlandırmış, rayon sakinlərinin qarşılaşdığı sosial problemlərin həlli istiqamətində konkret addımlar atılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, xidmət sahələrinin fəaliyyəti yüksəlmiş, çoxsaylı yeni iş yerləri açılmışdır.

Natiq bildirdi ki, 2009-cu ilin birinci yarısında Nizami rayonunda sənaye sahəsi üzrə istehsalın həcmi 129,5 milyon manat təşkil etmişdir ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çoxdur. İstehsal olunmuş sənaye məhsulunun 34,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Məhsul istehsalında artım, əsasən, kimyəvi maddə və məhsulların, elektrik enerjisi, qaz, buxar istehsalı və bölüşdürülməsi sahəsində qeydə alınmışdır. Həmin dövrdə istehsal olunmuş məhsulun 102,1 faizi istehlakçılara göndərilmişdir. Məruzəçi qeyd etdi ki, rayon üzrə ümumi inkişafın əldə olunmasında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, “Evropean Tobacco Baku” ASC, “Neftqaztikinti” tresti, “NJT-2000" firmasının, ”Azərsun Holdinq" şirkətinin “Azəri pivəsi” və “Zəhmət – Ruzi” ASC-nin böyük xidmətləri olmuşdur.

2009-cu ilin birinci yarısında rayonun nəqliyyat və rabitə müəssisələrinin uğurlu fəaliyyətini qeyd edən natiq, həmçinin iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 40,6 milyon manat həcmində investisiya yönəldildiyini, bunun da 35,2 milyon manatının dövlət, 5,4 milyon manatının isə qeyri-dövlət müəssisələrinin payına düşdüyünü diqqətə çatdırdı. Qeyd olundu ki, hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyanın 35,6 milyon manatı, yəni 87,8 faizi istehsal təyinatlıdır. Cari ilin ilk yarısında rayon üzrə pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin həcmi 10,2 faiz artaraq 332,6 milyon manat olmuş, özəl müəssisələr tərəfindən əhaliyə 319 milyon manatlıq istehlak malları satılaraq pullu xidmətlər göstərilmişdir. Həmçinin bildirildi ki, 6 ayın yekununa görə, rayon üzrə işçilərin orta aylıq nominal əmək haqları 17,2 faiz artaraq 285,1 manat olmuşdur. Orta aylıq əmək haqqı sənayedə 25,7 faiz, nəqliyyat sahəsində 30,9 faiz, rabitədə 18 faiz, ticarətdə 16,8 faiz, sosial sahədə isə 23,3 faiz artmışdır.

M.Əliyev bildirdi ki, 2009-cu ilin yanvar-iyun aylarında Nizami rayonunda 697 yeni iş yeri açılmışdır ki, bunun da 30-u yeni yaradılmış müəssisələrin, 55-i mövcud müəssisələrin, 612-si isə fiziki şəxslərin payına düşmüşdür. Bütövlükdə, 2003-cü ilin oktyabr ayından 2009-cu il iyul ayının 1-dək rayonda 14336-sı daimi olmaqla 14463 yeni iş yeri yaradılmışdır. Cari ilin ilk yarısında rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülmüş işlər barədə məlumat verən natiq bildirdi ki, ölkə başçısı tərəfindən imzalanmış fərman və sərəncamların məhz əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilməsinin nəticəsidir ki, əvvəlki dövrlərlə müqayisədə vətəndaşların maddi rifah halı getdikcə yaxşılaşır.

Məruzəçi dövlət başçısının Nazirlər Kabinetinin məlum iclasında Bakının abadlaşdırılması, yol və kommunikasiya sistemlərinin yenidən qurulması, nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi, ekoloji sağlamlığın təmin edilməsi, xüsusən də paytaxtda yaşıllıqların qorunması və yeni ağacların əkilməsi ilə bağlı tövsiyə və göstərişlərinin rəhbər tutularaq Nizami rayonunda bu sahədə mühüm işlərin görüldüyünü diqqətə çatdırdı.

Son illər rayonun səhiyyə və təhsil müəssisələrinin işinin əsaslı şəkildə yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər cari ilin ötən dövründə də davam etmişdir. İlin əvvəlindən rayonda abadlıq-quruculuqu işləri aparılmış, əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Sakinlərin işıq, qaz, istilik və içməli su ilə təminatının yaxşılaşdırılması da rayon rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Rayon icra hakimiyyətinin başçısı bütün bu işlər barədə geniş məlumat verməklə yanaşı, mövcud problemlərə də toxundu, onların qısa müddətdə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırdı. Sakinlərin işıq və içməli su ilə təminatı sahəsində bəzi nöqsan və çatışmazlıqların müşahidə olunduğunu vurğulayan məruzəçi sözügedən qurumların rəhbərlərinə bu cür halların dərhal aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verdi.

Məruzə ətrafında çıxış edən digər natiqlər rəhbərlik etdikləri sahələrin yarım il ərzindəki fəaliyyəti ilə bağlı hesabat verdilər, ölkənin sosial-iqştisadi inkişafı yolunda bundan sonra da səylə çalışacaqlarını bildirdilər.

Yığıncağın sonunda iclasın qərar layihəsi oxundu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 31 iyul.- S. 5.