Ucar: təkliflərlə yanaşı tənqidi qeydlər də inkişafa təkan verir

 

Yaxşı yadımdadır. 80-ci illərin əvvəllərində Bakıda respublika miqyaslı növbəti bir tədbir keçirilirdi. Gənc natiqlərdən biri öz çıxışını tənqid və özünütənqid üstündə qurmuşdu. Respublikaya rəhbərlik edən adamların üzündə qəribə bir təlaş var idi. Hamı elə düşünürdü ki, tədbirdə iştirak edən ölkə rəhbəri bu tənqidi çıxışa görə kiməsə ciddi irad tutacaq. Ancaq ulu öndər Heydər Əliyev özünəməxsus təbəssümlə gülümsünərək gənc natiqi bütün zala nümunə göstərdi: “Baxın, bizim inkişafımızı məsələlərə məhz bu şəkildə münasibət bəsləyən, obyektiv düşüncəyə malik insanlar təmin edəcəklər”. Rəhbərin həmin münasibəti sonralar bizim hamımızın obyektivliyinə stimul vermişdi.

 

Bu ilin yanvar ayında Ucar Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclaslarından birində həmin məsələ yadıma düşmüş, bu xatirəni icra hakimiyyəti başçısının birinci müavini Əbil Mehdiyevə danışmışdım. Söhbət ondan gedirdi ki, icra başçısı Arzu Qafurov qeyd olunan iclasda nəinki çıxış edənlərin çoxsaylı təkliflərini, hətta, tənqidi qeydləri də maraqla qəbul edir, rayonun məsul şəxslərinə tapşırırdı ki, bütün tənqidləri mütləq qeyd etsinlər və istənilən məsələ icraata götürülsün. Onda mən Əbil müəllimə demişdim ki, məsələyə bu cür yanaşma Heydər Əliyev siyasi məktəbinin bütün məzunlarına xas münasibətdir.

Bu münasibətin nəticələrini 2009-cu ilin birinci yarısı başa çatandan sonra görəcəksiniz — deyə həmsöhbətim bir əminlik ifadə etmişdi. Budur, 2009-cu ilin birinci yarısı başa çatıb və Əbil Mehdiyevlə mən yanvardakı vədələşməyimizi yaddan çıxarmamışıq. Həmsöhbətimin üzündə yanvar ayında gördüyüm əminlik indi işin nəticəsindən yaranan məmnunluğa çevrilib.

— Özünüzün də bildiyiniz və xatırladığınız kimi, biz yanvar və fevral aylarında başçı yanında Şuranın 14 iclasını keçirmişdik. Həmin iclaslarda 2008-ci ildə rayonda ictimai-siyasi və sosial-iqtisadi sahələrdə görülmüş işlər, eyni zamanda müxtəlif hesabat məruzələrində və çıxışlarda səsləndirilmiş tənqidi qeydlərin və təkliflərin həyata keçirilməsi üçün əhatəli müzakirələr aparılmışdı. Fevların 13-də isə bu məsələlər ümumrayon toplantısı miqyasında müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdi. Müzakirələr zamanı ötən il rayonda həyata keçirilmiş bütün sosial-iqtisadi və ictimai-siyasi tədbirlər ən incə məqamlaradək qeyd edilmiş, müsbətin müsbət, mənfinin mənfi şəkildə qeyd edilməsinə şərait yaradılmışdı. Eyni zamanda, rayondakı 16 ərazi nümayəndəliyinin hamısında belə müzakirələr əhalinin fəallığı şəraitində keçmiş, yığıncaqlarda 3310 nəfər iştirak etmiş, çıxış edən 153 nəfərin müxtəlif məzmunlu 53 tənqidi qeydi və təklifi müvafiq qurumlar tərəfindən qeydə alınmışdı. Həmin tənqidi qeydlər və təkliflər ümumiləşdirilmiş, onların həlli istiqamətində müvafiq tədbirlər planı hazırlanmışdı.

— Sakinlər konkret olaraq hansı təklifləri verirdilər, tənqidi qeydlər nədən ibarət idi və ilin ilk 6 ayında həmin təkliflərin həyata keçirilməsi istiqamətində nə kimi tədbirlər görülüb?

— Əvvəlcə tənqidi qeydlərdən başlayaq. Ötən il Qarabörk, Yuxarı Şilyan, Ənvər Məmmədxanlı, Boyat, Alpout inzibati ərazi dairələrində əhali tərəfindən istifadə edilən elektrik enerjisinin dəyəri rayon səviyyəsinə nisbətən aşağı səviyyədə ödənilirdi. Qazyan, Boyat, Pirkənd, Alpout, Qarabörk ərazi dairələrində isə əhali istifadə etdiyi suyun haqqını tam ödəmirdi. Tənqidi fikirlər bununla bitmir. Rayon üzrə 17 ümumtəhsil məktəbi uyğunlaşdırılmış binalarda yerləşir. Rayonun səhiyyə müəssisələrində 139 həkim ştat vahidindən 67-si boş idi. 60-cı illərdə istifadəyə verilən 10 və 0,4 kilovoltluq elektrik verilişi xəttləri istismara yararsız vəziyyətə düşmüşdü. Ucar şəhərinin 10 küçəsində və 4 yaşayış massivində təbii qazın verilməsində problem yaşanırdı. Yaşayış yerlərində lazım olan qədər bankomatlar yox idi. Ümumiyyətlə, problemlər çox idi və bütün bu məsələlər müxtəlif toplantılarda tənqidi qeydlər kimi miəhz sakinlər tərəfindən səsləndirilmiş, rayon rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdü. Nəzarətə götürülmək isə o deməkdir ki, bu məsələ mütləq növbəti dövr üçün tərtib edilmiş tədbirlər planında öz əksini tapır.

— Elə bizi maraqlandıran da məhz həmin tədbirlər planının icrasıdır.

— Tədbirlər planının icrası nəticəsində — yəni 2009-cu ilin ilk 6 ayı ərzində Ucar Şəbəkə Rayonu tərəfindən rayon ərazisində 66 ədəd transformator yarımstansiyası əsaslı və cari təmir olunaraq əhalinin xidmətinə verilibdir. Ucar şəhərində, Bərgüşad, Yuxarı Şilyan, Qaracallı, Qazyan, Əlikənd, Alpout, Boyat, Qarabörk və sair kəndlərdə elektrik verilişi xətlərində təmir işləri aparılıbdır. Rayon Telekommunikasiya Qovşağı tərəfindən 6 ayda 129 ünvana telefon çəkilərək istifadəyə verilib. Şəhərin 20 Yanvar, Dədə Qorqud, Səttarxan, Azərbaycan küçələrində hava rabitə xətlərində cari təmir işləri aparılıb, Qarabağ müharibəsi əlilləri üçün tikilmiş 16 mənzilli yaşayış binası tam telefonlaşdırılıb, rayon mərkəzinhdəki 2500 telefon nömrəsi elektron ATS-ə köçürülübdür.

Abunəçilərin təbii qazla təmin edilməsi məsələsi də rayon rəhbərliyinin daimi diqqət mərkəzində olub. Heydər Əliyev, Nəriman Nərimanov, Oğuz, 20 Yanvar, 416-cı Taqanroq və başqa küçələrdə, eləcə də Gəraybəyli kəndində qaz xətlərində cari təmir işləri aparılıbdır.

Şura iclaslarında söylənilən tənqidi qeydlərə uyğun olaraq Qazyan, Qarabörk, Qazıqumlaq, Əlikənd, Xərəc və başqa ərazi dairələrində əhalinin istifadə etdiyi suyun pulu 100 faiz yığılıb, bir sıra başqa yaşayış məntəqələrində bu göstərici əvvəlki illərə nisbətən xeyli yaxşılaşıb. Rayon təhsil şöbəsinin təşəbbüsü ilə Heydər Əliyev Fondunun vəsaiti hesabına Alpı kəndində başlanmış 240 yerlik məktəb binasının tikintisi davam etdirilib.

Ancaq elə məsələlər var ki, belə qısa müddətdə, yəni 6 ayda həmin problemin həlli qətiyyən mümkün deyil. Ona görə də Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikilməsi, bir sıra kənd mədəniyyət evlərinin əsaslı şəkildə yenidən qurulması, 7 illik musiqi məktəbinin əsaslı təmir edilməsi, bəzi kəndlərdə və yaşayış məntəqələrində müvafiq elektrik verilişi xətlərinin yenidən qurulması, rayonda İdman-Sağlamlıq Kompleksinin tikintisi və bir çox başqa məsələlər “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edilibdir. Özünüz də gördünüz ki, verilən təkliflərin icra vəziyyəti ilə bağlı keçirilən Şura yığıncağı necə canlı keçdi. Yenə hamı öz sözünü dedi, fikrini bildirdi.

— Şura yığıncağında bildirildi ki, həm görülmüş, həm də görüləcək işlər çoxdur. Ancaq rayon rəhbərliyi öz gücünə, yerli imkanlar hesabına bu qədər problemi həll edə bilməz.

— Bəli, həll edə bilmərik. Ancaq rayon rəhbərinin devizi belədir ki, əgər tənqidi qeyd səsləndirilibsə, problem qaldırılıbsa, mütləq həll edilməlidir. Ona görə də bir çox məsələlərin həlli üçün icra başçısı səviyyəsində müvafiq dövlət strukturlarına müraciət edilir. Məsələn, elə məsələlər var ki, onların Dövlət Proqramının növbəti mərhələsinə salınmasına nail olmuşuq. Yaxud, səhiyyə, nəqliyyat, gənclər və idman nazirliklərinə, eləcə də Respublika Nazirlər Kabinetinə müraciət etmişik. Bir sözlə, irəli sürülən təkliflərlə yanaşı ortaya çıxan tənqidi qeydlərin heç biri diqqətdən kənarda qalmır. Çünki bu təkliflər və tənqidi qeydlər əslində müəyyən mənada inkişafa təkan verir. Ona görə də bu məqamlar daim rayon rəhbərliyinin diqqət mərkəzindədir.

Rayon icra hakimiyyətinin başçısı Arzu Qafurovla görüşümüz zamanı məlum oldu ki, rəhbərliyin diqqət mərkəzində olan təkcə təklif və tənqidi qeydlər deyil. Ümumiyyətlə, rayon sakinlərinə aid olan bütün məsələlər diqqət mərkəzindədir:

— Yadınızdadırmı, respublika miqyasında keçirilən böyük tədbirlərdən birində ulu öndərimiz Heydər Əliyev rayon rəhbərlərinin ünvanına kəskin tənqid söyləyərək demişdi ki, insanlar öz yaşadıqları rayon və şəhərlərdə öz problemlərinin həllinə nail ola bilmədiklərinə görə paytaxta üz tutur, dövlət rəsmilərinə müraciət edirlər. İndi mən sizdən soruşuram, son 5-6 ildə bölgələrdən respublika rəhbərliyinə, ümumiyyətlə, paytaxta ünvanlanan müraciətlərin ciddi şəkildə azalmasının səbəbi nədir?

— Əlbəttə, rayon rəhbərlərinin istənilən problemi məhz yerində və vaxtında həll etmək səyləri. Biz rayonun bütün məsul şəxslərinə konkret tapşırıq vermişik: Ucarda istənilən şikayət ədalətli şəkildə öz həllini tapacaq, istənilən tənqidi qeyd mütləq və dərhal nəzarətə götürüləcək və onun həlli yolları araşdırılacaqdır. Bu prinsipləri qəbul etməyən şəxs, deməli, bizim idarəçilik prinsiplərimizin həyata keçməsinə əngəl törədir, maneədir. Heydər Əliyev idarəçilik məktəbi şəffafdır və ona xas olan prinsiplər bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ümummilli lididerimiz rəhbər işçilərdən tələb edirdi ki, işlədiyiniz rayonu, şəhəri inkişaf etdirin, tikin, qurun, abadlaşdırın, sosial-iqtisadi tərəqqiyə nail olun. “Amma bir məsələni daha çox yadda saxlayın. Siz insanlarla işləyirsiniz. Bizim qurduğumuz dövlətdə isə insanların bütün hüquqları yüksək səviyyədə qorunmalıdır və qorunacaqdır”.

Rayon rəhbəri ümummilli liderimizin idarəçilik prinsiplərindən, dövlətçilik kursundan danışdı. Sakinlərin istənilən məsələ ilə bağlı təklif irəli sürməsi, tənqidi qeydlərini söyləməsi və bu qeydlərin öz müsbət həllini tapmasına nail olması da elə Heydər Əliyev idarəçilik məktəbinin əsas tezislərindəndir.

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 

 

Xalq qəzeti.- 2009.- 31 iyul.- S. 5.