Azərbaycan dövlətinin iqtisadi qüdrəti Dağlıq Qarabağ münaqişəsinin istənilən yolla həllinə zəmin yaradır

 

Prezident İlham Əliyevin Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı hələ də Avropanın diqqət mərkəzindədir

 

“Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həllindən imtina edəcəkmi?”, “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hərb yolunu məqbul sayarsa, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərlərinin, bütün Avrasiya məkanı üçün böyük əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və NABUKKO-nun taleyi necə olacaq?” Bu suallar artıq Avropanın nəinki kuluarlarında, hətta ən ali məclislərində belə dövri olaraq, dönə-dönə gündəliyə gətirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ilin oktyabrından bəri, ümumiyyətlə, son 15 ildə göstərdiyi siyasətçi qətiyyəti, liderlik məharəti artıq Avropada hamıya yaxşı məlumdur. Əski qitənin istənilən politoloqu, ekspert və dövlət rəsmisi yaxşı bilir ki, Prezident İlham Əliyevin verdiyi bəyanatların heç biri havada qalmayıb. Azərbaycanın dövlət başçısı istənilən sözünün və bəyanatının reallaşdırılmasına nail olmuş dövlət xadimidir. Odur ki, Prezident Əliyevin “Biz öz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün istənilən variantdan istifadə edəcəyik” bəyanatı Avropada az qala hamının qulağında cingildəyir.

 

Avropa İttifaqı bu quruma üzv olan ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi üçün ən optimal variantlardan istifadə etməlidir. Optimal variant isə qitəyə coğrafi baxımdan ən yaxın olan enerji ehtiyatlarından yararlanmaqdır. Təəssüf ki, Avropaya coğrafi baxımdan yaxın olan (təbii ki, enerji ehtiyatlarına malik olan ölkələr nəzərdə tutulur — red.) ölkələr isə siyasi baxımdan bu qitəyə o qədər də yaxın deyillər. Avropa Birliyi ilə Rusiya Federasiyasının siyasi münasibətləri göz qabağındadır. Rusiyadan sonra daha çox enerji ehtiyatlarına malik olan İran İslam Respublikası ilə münasibətlərdən danışmaq belə mümkün deyil. Orta Asiya ölkələri Rusiya ilə hərtərəfli əməkdaşlığa önəm verir. Yaxın Şərqdə isə məlum problemin çözülməmiş qalması Avropanın həmin istiqamətdə uzanan əlini boş qaytarır. Belə bir zamanda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən Azərbaycan növbəti dəfə müharibəyə sürüklənərsə...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 13-də Londonda Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı Avropanın taleyi üçün özünü məsul sayan siyasətçilərin qulağında hələ də səslənir: “Bu gün... bizim şaxələndirilmiş təchizat infrastrukturumuz var. Onlardan 3-ü nefti, 4-ü isə qazı müxtəlif istiqamətlərdə nəql edir. Hasilata milyardlarla dollar sərmayə qoyulmuşdur. Bu il neft hasilatı 50 milyon tona yaxın olacaq, qaz hasilatı isə 25-27 milyard kubmetrə çatacaqdır. Aşkar olunmuş ehtiyatlar ən azı 100 il ərzində Azərbaycana beynəlxalq bazarlarda etibarlı qaz təchizatçısı olmağa imkan verəcəkdir. Yeni sərmayələr, o cümlədən ”BP" ilə ARDNŞ arasında bu gün səhər imzalanmış Anlaşma memorandumu Azərbaycanın hətta, böhran illərində, neftin qiymətlərinin aşağı düşdüyü dövrdə nə dərəcədə cəlbedici olduğunu nümayiş etdirir". Prezident əlavə edir: “Əvvəllər xülya kimi görünən Bakı-Tbilisi-Ceyhan artıq reallığa çevrilmişdir. Artıq 3 ildir həmin boru kəməri uğurla istismar olunur və böyük həcmdə neft nəql edir. Boru kəməri işə düşdükdən sonra onunla nəinki Azərbaycan, həm də Qazaxıstan nefti nəql olunur. Bu o deməkdir ki, gələn illər ərzində nəql olunan həcmlər artacaqdır. Belə olan halda, boru kəmərinin buraxıcılıq qabiliyyəti ola bilsin, gündə 1,6 milyon barreldən 1,8 milyon barrelə çatdırılacaqdır”.

Bu, Azərbaycan Prezidentinin ölkəmizin enerji ehtiyatları, dövlətimizin iqtisadi qüdrəti və rəsmi Bakını müasir dünyada söz sahibinə çevirən amillər barədə söylədiyi fikirlər idi. İndi isə dövlətimizin bədxahlarının və həmin bədxahlara himayədarlıq edən siyasi qüvvələrin pay götürdüyü məqamlara diqqət yetirək: “... Hazırda irəliyə doğru getmək və artıq bəlli olan məsələlər üzərində razılığa gəlmək lazımdır. Çünki işğalçılıq siyasəti heç vaxt Dağlıq Qarabağın tanınmasına gətirib çıxarmayacaqdır. Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə kimi tanınmayacaqdır. Bunu gözləmək cəfəngiyyatdır. Suveren Azərbaycan dövləti daxilində cəmi 60 min əhalisi olan ərazi müstəqil ola bilməz. Fakt ondan ibarətdir ki, Dağlıq Qarabağ bu günə qədər heç bir ölkə tərəfindən, o cümlədən Ermənistan tərəfindən tanınmamışdır. Bu aydın mümkün deyildir. Azərbaycan Dağlıq Qarabağın müstəqillik statusunu öncədən müəyyənləşdirən sülh planına heç vaxt razılaşmayacaqdır. Bu haqda söhbət belə gedə bilməz”.

Azərbaycan Prezidentinin əvvəllər dəfələrlə söylədiyi “biz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün hərb variantını da istisna etmirik” ifadəsi dövlət başçımızın London səfəri zamanı da müəyyən ekspert və siyasətçilər tərəfindən gündəliyə gətirilirdi. Avropalılar yuxarıda qeyd etdiyimiz səbəblər üzündən bu variantın reallaşdırılmasını nəinki görmək, heç bu barədə eşitmək belə istəmirlər. Ona görə də Kral İnstitutundakı məlum görüşdə Azərbaycan Prezidentinə verilən suallarda rəsmi Bakının hərb variantı seçməsinin nə dərəcədə real olduğunu öyrənmək marağı daha çox idi. Onların Prezident İlham Əliyevdən eşitdikləri cavab da elə öz maraqlarının çapında idi:

— Danışıqlar prosesində irəliləyiş əldə etdikdən sonra, təbii ki, biz heç bir hərb yoluna əl atmayacağıq və üzərimizə siyasi öhdəliklər də götürəcəyik. Lakin indiki halda biz hərb yolunu istisna edə bilmərik. Əgər biz bunu etsək, ermənilər işğal etdikləri torpaqlardan, ümumiyyətlə, çıxmaq istəməyəcəklər... Ona görə də 2009-cu ilin reallığını nəzərə alaraq bəyan edirəm ki, Ermənistanla Azərbaycan müqayisəedilməzdir. Onların tam fərqli iqtisadi, siyasi vəziyyəti var və əgər beş ildən, on ildən sonraya baxsanız, bu fərq daha da artacaqdır. Buna görə də ermənilər onsuz da edəcəkləri seçimi etməlidirlər: öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdırlar. Bundan sonra biz gücdən istifadə olunmaması haqqında öhdəlik götürə bilərik”.

Göründüyü kimi, Azərbaycan Prezidenti ermənilərə dəfələrlə söylənilən, ancaq onların başa düşmək istəmədikləri reallıqları Avropanın ən mötəbər tribunalarından biri vasitəsilə bütün dünyaya söylədi: “Azərbaycan indiki halda hərb variantını istisna etmir”. Bəs Avropa necə, özünün enerji təhlükəsizliyində ən etibarlı tərəfdaşlarından olan Azərbaycanın müharibəyə sürüklənməsini qəbul edirmi? Əsla qəbul etməyəcək.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin Kral Beynəlxalq Münasibətlər İnstitutundakı məlum çıxışından və hərb yolunun mümkünlüyü barədə fikirlərindən sonra britaniyalı ekspertlərdən biri demişdir: “Azərbaycan münaqişənin həllində hərb yolunu tutarsa, bu məsələdə bütün Avropanın günahı indidən qeyd edilməlidir. Müharibənin baiskarı Bakı yox, Avropa və dünya ictimaiyyəti olacaq”. Hər halda, Prezident İlham Əliyevin qətiyyəti Avropada hamıya yaxşı məlumdur.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2009.- 31 iyul.- S. 1.