Bərdə: tariximizin möhtəşəm səhifəsi
Qədim şəhərin yeni görkəmi
Çoxdan bu yerlərə
yolu düşməyən jurnalist dostum təəccübünü
gizlədə bilmədi: “Bərdəni tanımaq olmur...” Bu səmimi
təəssürat və xoş duyğular, əlbəttə,
birdən-birə yaranmamışdı. Erkən orta əsrlərdə
yurdumuzun paytaxtı olmuş bu şəhəri
bütünlüklə gəzib-dolaşdıq, yeni
salınmış abad küçə və prospektlərlə
addımladıq. Şəhəri iki yerə bölən Tərtərçayın
sahili boyu salınan istirahət güşələrinə
baş çəkdik. Müasir arxitektura tələblərinə
cavab verən və şəhərə xüsusi gözəllik
gətirən müxtəlif təyinatlı binalara
heyranlıqla tamaşa etdik. Park və xiyabanlarda istirahət edən
şəhər sakinləri ilə görüşdük,
söhbət etdik, dincimizi aldıq...
İsti yay günündə
ilk baxışda bürkülü hava bizi təntitmişdi. Ancaq
az qala hər addımda rast gəldiyimiz park və istirahət
guşələri, yeni əkilmiş müxtəlif ağac və
gül kolları, bulaq və fəvvarələr, elə bil
ki, şəhərə xüsusi bir iqlim gətirmişdi. Görünür,
həmkarımın bayaqkı sözləri bütün
bunların — yenilik, quruculuq və inkişafın əks-sədası
idi və əslində çox böyük həqiqəti və
reallığı ifadə edirdi.
Elə buradaca kiçik bir
statiskaya ehtiyac var: Heydər Əliyev Muzeyi,
Tarix-Diyarşünaslıq Muzeyi, YAP rayon təşkilatı
üçün inzibati bina, 600 yerlik Musiqi Məktəbi,
Müalicə Diaqnostika Mərkəzi, yeni ticarət mərkəzi,
24 mənzilli yaşayış evi, Rəsm Qalereyası,
Qarabağ əlilləri və şəhid ailələri
üçün 36 mənzilli yaşayış evi, Dövlət
Sosial Müdafiə Fondunun rayon şöbəsi və qaz idarəsi
üçün yeni inzibati binalar, “Mətin”, “Xan çinar”,
“Kral” istirahət mərkəzləri...
Bu siyahını uzatmaq da olar. Onu da nəzərə alaq ki, sadalanan obyektlər son vaxtlar, özü də, qısa müddətdə tikilib istifadəyə verilmişdir. Digər vacib amil ondan ibarətdir ki, tikinti-quraşdırma işləri aparılarkən qədimlik, tarixilik qorunub saxlanılır. Başqa sözlə desək, burada tarixiliklə müasirlik qəribə bir vəhdət təşkil edir, bir-birini tamamlayır. Bərdə kimi qədim tarixi olan bir şəhər üçün bu, əlbəttə, çox vacibdir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 22 iyul 2009-cu il tarixli iclasının tələbləri baxımından Bərdə rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı ümumrayon toplantısında da son illərin hərtərəfli inkişafı, köklü yeniləşmə diqqət mərkəzində oldu. Məruzə və çıxışlarda respublikanın sürətli tərəqqisi fonunda Bərdə rayonunda əldə olunmuş nailiyyətlərə, qarşıda duran vəzifələrə ətraflı nəzər salındı, yeni vəzifələr müəyyənləşdirildi.
Aydın proqram
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev hesabat məruzəsinə ölkədə qazanılmış uğurlardan söz açmaqla başladı:
— Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ümumdünya böhranı şəraitində ölkəmizdə iqtisadi problem yaranmamış, əksinə, Azərbaycan yenə də sürətlə inkişaf edir. İlin birinci yarısında ümumi daxili məhsul respublika üzrə 3,6 faiz artmışdır. Qeyri-neft sektorunda artım 4,1 faiz olmuşdur. Bu göstəricilər hazırkı dövr üçün çox yüksək nəticədir. Möhtərəm Prezidentimiz, haqlı olaraq, əldə olunan uğurların əsas səbəbini əvvəlcədən aparılmış müdrik iqtisadi siyasətdə, səmərəli islahatlarda görür: “Azərbaycanın iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır. Biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq.”
Belə müdrik yanaşmanın nəticəsidir ki, birinci yarımildə əvvəllər ciddi problem sayılan inflyasiya minimuma endirilmişdir. Altı ayda bu göstərici 3,7 faiz, ərzaq üzrə 2,1 faiz olmuşdur. Halbuki həmin dövrdə əhalinin pul gəlirləri 19 faiz artmışdır. Ölkənin iqtisadi inkişafında vətəndaş həmrəyliyi, xalqla iqtidar arasında olan birlik, daxili sabitlik və əmin-amanlıq mühüm rol oynayır. İmkanlar, ehtiyat mənbələri dəqiq səfərbərliyə alınır və ən zəruri sahələrə yönəldilir. Bu baxımdan sahibkarlarla işin nəticələri daha çox razılıq doğurur. Sahibkarlara Kömək Milli Fondunun kreditləri 100 milyon manatdan 130 milyon manata çatdırılmışdır ki, onun da 40 faizi artıq xərclənmişdir.
Nazirlər Kabinetinin iclasında sosial məsələlərin həlli istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən də ətraflı danışılmışdır. İlham Əliyev bildirmişdir ki, neftin qiymətinin aşağı düşməsi ilə bağlı müəyyən investisiya layihələri bir az yubadılsa da bütün sosial proqramlar icra edilir”.
Möhtərəm Prezident iclasda qarşıda duran vəzifələri də aydın, dəqiq ifadə etmişdir: iqtisadi inkişaf bundan sonra da davam etdirilməlidir; qeyri-neft sektorunun inkişafı yenə də iqtisadi siyasətin əsasını təşkil etməlidir; ümumbəşəri dəyərləri bölüşsək də xalqımızın milli dəyərləri öndə olmalıdır; yol tikintisinə növbəti aylarda ciddi diqqət yetirilməlidir; energetika, təbii qaz, içməli su ilə təminat sahəsində yaradılmış bazadan əhali daha geniş bəhrələnməlidir; ekoloji problemlərin icrası istiqamətində işlər davam etdirilməlidir; abadlıq, quruculuq işləri bundan sonra da genişləndirilməlidir; maliyyə ehtiyatlarının xərclənməsi diqqət mərkəzində olmalıdır; ölkəmizdə siyasət həm sosial, həm də investisiya yönümlü olmalıdır.
Ölkə Prezidentinin müəyyən etdiyi bu konkret vəzifələr hamımız üçün fəaliyyət proqramıdır və bütün işlərimizi bundan sonra həmin istiqamətdə qurmalıyıq.
Yarımilin başlıca
uğurları
Başçı daha sonra 2009-cu ilin birinci yarısının yekunları ilə əlaqədar Bərdə rayonunda görülmüş işlər və əldə olunmuş bəzi göstəricilər üzərində dayanaraq qeyd etdi ki, iqtisadiyyatın əsasını aqrar sahə təşkil edir. Hazırda kənd təsərrüfatı işlərinin ən qızğın dövrüdür. Əsas sahələrdə məhsul yığımına başlanılmışdır. Bəzi sahələr üzrə yekun nəticələr məlumdur. Bütövlükdə ilin birinci yarısı rayon üçün uğurlu olmuşdur. Kənd təsərrüfatı işçiləri, xüsusilə əkinçilər dövlətin yaratdığı şəraitdən bacarıqla istifadə etmişlər.
Ərzaq təhlükəsizliyinə dair Dövlət Proqramına görə, respublika əhalisi özünü ərzaqla tam təmin etməlidir. Bərdəlilər bu tapşırığın öhdəsindən uğurla gəlirlər. Rayonun tarixində ilk dəfə olaraq 94 min tondan çox taxıl istehsal edilmişdir. Buğda 35 faiz, ümumi dənli bitkilər 33,7 faiz çoxalmışdır. Hər hektardan 35,1 sentner məhsul götürülmüşdür ki, bu da əvvəlki ildəkindən 2 sentner və ya 6,1 faiz çoxdur.
Yekunlar göstərir ki, rayonda bu il yerli əhali hesabı ilə adambaşına 660,2 kiloqram, qaçqın və məcburi köçkünlərlə birlikdə 527,6 kiloqram taxıl istehsal olunmuşdur. Bu göstəricilər respublikanın orta rəqəmlərindən qat-qat artıqdır. Buğda əkini sahələri cari ildə 25,7 faiz artırılmışdır.
Təbii ki, əkinçilər digər imkanlardan da səmərəli istifadə etmişlər. Söhbət məhsuldar toxum sortlarının seçilməsindən, aqrotexniki tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsindən, elmi-texniki tərəqqiyə nail olmaqdan gedir. Bununla birlikdə, əkinçiliyin inkişafında dövlət dəstəyi mühüm rol oynayır. Yanacaq və motor yağlarının, mineral gübrələrin güzəştli satışı, kreditlər, yarmarkaların təşkili və digər istiqamətlərdə dövlət yardımları sahibkarlıq fəaliyyətində yeni bir dövrün əsasını qoymuşdur.
Aqrolizinqlər aqrar sahədə çox böyük rol oynayır. Onların köməyi rayonda da daim hiss olunmaqdadır. Bundan sonra aqrolizinqlər daha səmərəli fəaliyyət göstərə biləcəklər. Ölkə Prezidentinin son günlərdə imzaladığı sərəncamla bu qurum Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçirilmişdir. İnanırıq ki, əkinçilərimiz aqrolizinqlərin xidmətindən bundan sonra daha geniş istifadə edə biləcəklər.
Rayonda əkinçilik üzrə 30 toxumçuluq təsərrüfatı yaradılmışdır. Onların fəaliyyəti istehsalın artımının elmi nailiyyətlər əsasında təmin edilməsinə yönəlib. Rayonun daxili potensialı əkin sahələrinin məhsuldarlığını xeyli artırmağa imkan verir.
Digər əkinçilik sahələrində də nəticələr uğurludur. Indiyə qədər rayonda 2 min 700 tondan çox kartof, 20 min tondan çox tərəvəz, 3 min 200 tona yaxın bostan məhsulları, 4 min 800 tondan çox meyvə və s. istehsal edilmişdir. Bu sahələrdə məhsul yığımı davam edir və biz daha yüksək göstəricilər əldə ediləcəyinə əminik.
İqtisadi artım heyvandarlıq sahəsində də özünü biruzə verir. Hazırda rayonda 79 min baş iri mal, 127,2 min baş qoyun və keçi var. İri malın sayı 2,2 faiz, qoyun və keçilərin sayı 2,8 faiz artmışdır. İlin əvvəlindən diri çəkidə ət istehsalı 5 min ton, süd 20 min ton, yumurta 9,2 milyon ədəd olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bunlar xeyli çoxdur. Aqrar sahədə görülmüş işlər ilin uğurla başa çatdırılması üçün yaxşı zəmin yaradır.
Özəl bölməyə diqqət
Sahibkarların dövlət yardımından vaxtında bəhrələnmələrinə, xüsusilə gübrələrin ən yaxşı aqrotexniki müddətdə yerlərə çatdırılmasına nəzarət gücləndirilir. Elmi-texniki yeniliklər öyrənilir və istehsalata inamla tətbiq olunur. İstər əkinçilikdə, istərsə də heyvandarlıqda yeni və daha məhsuldar sortların tətbiqi imkanları öyrənilir. Rayonda müəyyən qədər damazlıq təsərrüfatları yaradılmışdır. Lakin toxumçuluq, seleksiya işləri hər vasitə ilə genişləndirilməlidir.
Respublikaya xaricdən, xüsusilə Almaniyadan xeyli damazlıq qara mal gətirilmişdir. Həmin heyvanlardan 30 başı da bizim rayondadır. Bu cins heyvanların yerli şəraitə uyğunlaşmasında müəyyən problemlər ola bilər. Ona görə də sahibkarlar, baytarlıq xidməti işçiləri işlərini elə qurmalıdırlar ki, gözlənilməz hallar ortaya çıxmasın.
2009-cu ilin may-iyun ayları ərzində rayonda sənaye məhsulu istehsalı 22 faiz artmışdır. Artım dövlət sektorunda 39 faiz olmaqla daha çoxdur. Sənayedə çalışan işçilərin orta aylıq əmək haqqı dövlət bölməsində 39 faiz, bütövlükdə isə 26 faiz artmışdır. Bununla belə, rayonda sənayenin inkişafına, xüsusilə yeni sahələrin yaranmasına ciddi önəm verilir.
Bir sıra sənaye sahələri var ki, onları yaratmaq və inkişaf etdirmək yaxşı perspektiv vəd edir. Əhalinin ehtiyac duyduğu həmin sahələrə sahibkarların iqtisadi marağını yönəltmək lazımdır. Dövlətimiz bunun üçün sahibkarlara kifayət qədər dəstək verir. Sahibkarlara Dəstək Milli Fondu, Azərbaycan Dövlət İnvestisiya Şirkəti hər bir müraciəti həll etmək qüdrətindədirlər. Rayon üzrə sahibkarlara birinci yarımildə bütövlükdə 14 milyon 170 min manat, o cümlədən Sahibkarlara Kömək Milli Fondu tərəfindən 218 min, özəl banklar tərəfindən təqribən 1,4 milyon manatlıq kreditlər verilmişdir. Bütövlükdə, rayonun iqtisadiyyatına 3,4 milyon manatlıq investisiya yönəldilmişdir. Lakin ehtiyac varsa, sahibkarlar daha çox kreditlər götürə bilərlər.
Başçı bildirdi ki, digər sahələrdə, o cümlədən nəqliyyat, rabitə, istehlak və əmlak bazarı və s. istiqamətlərdə də ilin birinci yarısında əsaslı artım müşahidə olunmuşdur. Yuk daşınması 5 faiz, sərnişin daşınması 4,5 faiz, rabitə xidmətlərinin həcmi 18,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 12,8 faiz, ticarət müəssisələrinin sayı 11,6 faiz, fərdi sahibkarların sayı 3,4 faiz artmışdır. Sosial-iqtisadi inkişafın artımı əhalinin məşğulluğunun da çoxalmasına şərait yaratmışdır. 6 ay ərzində 442 yeni iş yeri açılmışdır ki, bunun da 231-i daimi iş yeridir.
Rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər qarşıdakı dövrdə daha da genişlənəcək. Ölkə üzrə sosial-iqtisadi inkişaf strategiyasının 2004-2008-ci illəri əhatə edən birinci mərhələsi böyük uğurlarla yekunlaşdırıldı. Bu illər Bərdənin tarixində də yeni yüksəliş dövrü oldu. Biz az vaxtda çox işlər görmüşük. Bərdə əsaslı şəkildə yenidən qurulub. Uzun illər ərzində yığılıb qalmış bir çox problemlər öz həllini tapıb. Ən başlıcası, rayon əhalisinin psixologiyasında ümumi işə, vəzifə borcuna münasibətdə müsbət dəyişikliklər baş verib.
Yeni hədəflər
Məruzəçi qarşıda duran işlərdən danışarkən bildirdi ki, həlli vacib məsələlər hələ çoxdur. Artıq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2009—2013-cü illəri əhatə edən ikinci mərhələsi başlanmışdır. Bu mərhələdə Bərdə rayonu üzrə də bir sıra ciddi problemlərin həlli nəzərdə tutulmuşdur. Biz daxili imkanlar hesabına görüləcək işləri də müəyyənləşdirmişik və qüvvələr bu istiqamətdə səfərbərliyə alınmışdır.
Bütün diqqət çatışmazlıqların aradan qaldırılmasına, əmək ehtiyatlarından, maliyyə mənbələrindən təyinatı üzrə, peşəkarlıqla istifadə olunmasına yönəldilmişdir.
Son illərdə bizim təkidli müraciətlərimizdən sonra Bərdə şəhərinin ətrafında aparılmış arxeoloji tədqiqat işləri müəyyən qədər yekunlaşdırıldı və ilkin elmi nəticə əldə edildi. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurası Bərdə şəhərinin ən azı 3 min il yaşı olduğunu təsdiq etdi. Şəhərin yubileyini geniş bayram edəcəyik. Ölkə Prezidentinin də bununla bağlı tapşırıqları, tövsiyələri olmuşdur. Yubileyqabağı bütün imkanlardan istifadə edərək qədim şəhərin yenidən qurulmasına daha böyük qüvvə ilə çalışmalıyıq.
Bərdə gündən-günə böyüyür, genişlənir. Yeni küçələr, yaşayış və xidmət massivləri salınır. Yaxın günlərdə yeni, müasir tələbata cavab verən avtovağzal binası istifadəyə veriləcək. Təzə bazar, onun ətrafındakı ticarət bazası bu gün əhalinin ən gur yerinə çevrilmişdir. Bununla yanaşı, digər yerlərdəki qarışıqlıq, səliqəsizlik aradan qaldırılır. Hamı başa düşməlidir ki, biz bunları Bərdəmiz üçün, bərdəlilər üçün eləyirik.
Hər şey insan
üçün
Nazirlər Kabinetinin yığıncağında dövlət başçısı qeyd etmişdir ki, ölkə tələbatından təxminən 1000 meqavat çox elektirk enerjisi istehsal edir. Rusiyaya, İrana, Türkiyəyə və Gürcüstana elektirk enerjisi verilir. Belə məlumatlar adamda dərin qürur hissi yaradır. Təəssüf ki, bu real imkanlardan rayonda normal bəhrələnmək olmur. Biz başa düşürük ki, elektrik ötürücüləri bəzi hallarda fasiləsiz işləməyə davam gətirmir. Lakin hər şeyi bununla izah etmək doğru olmazdı. Bir sıra hallarda xidmət işlərinin normal getməməsi ayrı-ayrı adamların tapşırılmış işə məsuliyyətsiz münasibəti nəticəsində yaranır.
Ölkənin qaz ehtiyatları bizə ən azı 100 il kifayət edəcəkdir. Azərbaycan dünyada qaz ixrac edən ölkə kimi tanınır. Bununla belə, rayonda əhalinin hələ böyük əksəriyyəti təbii qazdan istifadə edə bilmir. Bəzi yerlərdə isə verilən qaz normadan az olduğu üçün ondan istifadə etmək olmur. Xidmət haqlarının yığılmasına gəlincə, həm elektirk enerjisi, həm də təbii qazdan istifadə üzrə göstəricilər aydan-aya artmaqdadır. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı ölkə Prezidenti Adminstrasiyasının gündəlik nəzarətdə saxladığı məsələlərdəndir. Rayon İcra hakimiyyətində də müvafiq qərargah yaradılıb və hər həftənin dördüncü günləri işlərin gedişi təhlil olunur.
Bu barədə aidiyyəti qurumlarla birlikdə çox müzakirələr aparılıb. Üç məsələ üzərində dayanmaq istəyirəm: birincisi, əhaliyə keyfiyyətli səviyyədə xidmət göstərilməlidir. Elektrik enerjisi də, təbii qaz da, su da normal qaydada, normal həcmdə verilməlidir. Ikinci, təminatda fasilə olmamalıdır. Əgər fasilə mütləqdirsə, əvvəlcədən hər bir abonent dəqiq məlumatlandırılmalıdır. Nəhayət, üçüncüsü, sərf olunan xidmət haqları vaxtında ödənilməlidir. Yaxşı olar ki, kartla işləyən sayğaclardan istifadə edilsin. Gəncədə belə təcrübə var və Nazirlər Kabinetinin iclasında həmin təcrübə bəyənilmişdir.
Əlaqədar idarələrin, ümumən bütün idarə və müəssisələrin rəhbərlərindən xahişimiz və tələbimiz ondan ibarətdir ki, müvafiq baş idarələrlə sıx əlaqə saxlasınlar, çətinlikləri şərh etsinlər, görüləsi işlərin vaxtında aparılması üçün kömək göstərilməsinə, vəsait ayrılmasına nail olsunlar. Ölkə Prezidenti yekun nitqinin xeyli hissəsini ekologiya məsələlərinə həsr etmişdir. Ekoloji sağlamlıq, ətraf mühitin çirklənməsinin qarşısının alınması hazırda dünyanı məşğul edən ən ciddi problemlərdəndir. Ölkəmizdə və rayonumuzda hər cür şərait yaradılmasına baxmayaraq, dərin təəssüflə qeyd olunmalıdır ki, bu istiqamətdə mövcud vəziyyət qənaətləndirici deyildir. Hər mövsümdə şəhərdə, digər yaşayış məntəqələrində minlərlə ağac əkilir. Lakin onların xeyli hissəsi baxımsızlıq üzündən tələf olur. Yollar boyunca ağaclar əkiləsi boşluqlar çoxdur və bu ərazilər aqrotexniki müddətdə doldurulmalıdır. Eyni zamanda, meşələrin bərpası və buradakı seyrəkliyin aradan qaldırılması mütləq təmin edilməlidir.
Məruzəçi sonda bildirdi ki, ilin yarısı hələ qarşıdadır, təbii ki, biz yekunları vaxtaşırı müzakirə edəcəyik. İdarə, müəssisə və təşkilatlar öz fəaliyyətlərini elə qurmalıdırlar ki, burada qeyd olunan nöqsanlar qısa vaxt ərzində aradan qaldırılsın. Deyilən hər sözdən, hər iraddan əməli nəticə çıxartmaq lazımdır. Ölkə Prezidenti İlham Əliyev bizim hər birimizdən fəal işgüzarlıq və səmərəli nəticə tələb edir. Bərdəlilər ənənələrinə sadiq qalaraq, bundan sonra da ölkənin ümumi inkişafına öz töhfələrini artıracaq, halal zəhmətlə həyatlarını gözəlləşdirəcəklər.
Məruzə ətrafında çıxışlarda da ayrı-ayrı sahələrdə qazanılan uğurlar təhlil edildi, nöqsanları aradan qaldırmaq yolları göstərildi. Ümumi qənaət bu oldu ki, 3 min illik tarixi olan Bərdənin bugünkü övladları əlamətdar yubiley qarşısında yeni bir Bərdəni yüksəltmək üçün əzm və qeyrətlə çalışacaqlar.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2009.- 31 iyul.- S. 4.