Görülmüş işlərin barı, bəhrəsi — 19 Olimpiya İdman Kompleksi, 15 olimpiya medalı və yüksək beynəlxalq nüfuz

 

Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi 12 il ərzində ölkəmiz nümunəvi bir idman dövlətinə çevrilmişdir

 

Azərbaycan idmanı tarixində bir-birindən əlamətdar günlər az olmamışdır. Onların siyahısında 1997-ci ilin 31 iyulu xüsusi yer tutur. On iki il əvvəl məhz həmin gün ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında yekdilliklə MOK prezidenti seçilmişdir. Həyatın da sübut etdiyi kimi, iclas iştirakçıları çox düzgün seçim etməklə tarixi bir addım atmışlar.

 

Bu fikrin təsdiqini biz nisbətən bu yaxınlarda, Azərbaycan Milli Olimpiya Komitəsi yaradılmasının 15-ci ildönümü münasibətilə 2007-ci il oktyabrın 26-da “Gülüstan” sarayında keçirilən təntənəli gecədə Avropa Olimpiya Komitəsinin üzvü, Polşa Olimpiya Komitəsinin sədri Pyotr Nurovskinin də dilindən eşitdik: “Azərbaycan idmanının uğurları, nailiyyətləri, ilk növbədə, idman infrastrukturu, o cümlədən Bakıdakı gözəl idman kompleksi bizdə, sizin yubileyin xarici qonaqlarında çox güclü təəssürat doğurmuşdur. Əminik ki, sizin lideriniz, xalqınızın, dövlətinizin və Olimpiya Komitəsinin lideri cənab İlham Əliyevin şəxsi töhfələri olmadan bu uğurları qazanmaq mümkün olmazdı”.

Cənab Nurovskinin sözlərinə çoxları şərik çıxa bilər. Azərbaycan Milli Olimpiya Komitəsi rəhbərinin idmana böyük məhəbbəti, onun inkişafına gündəlik qayğı və diqqəti, hərtərəfli köməyi təkcə ölkəmizlə dostluq və əməkdaşlıq əlaqələri gündən-günə möhkəmlənən və bu gün çox yüksək səviyyəyə çatan Polşada deyil, dünyanın digər ölkələrində də etiraf olunur. İndi Azərbaycan idmanının nədən ibarət olduğu, onun ölkə əhalisinin həyatında necə mühüm rol oynadığı, insanların asudə vaxtının səmərəli təşkilindən tutmuş böyük nailiyyətlər idmanınadək bütün sahələrdə sağlamlıq və gümrahlıq məşğələlərinin dövlətimiz tərəfindən daimi qayğı ilə əhatə olunduğu beynəlxalq dairələrə də yaxşı məlumdur. Yüksək qiymətə layiq işlər isə qayğı və diqqət, hərtərəfli kömək və yorulmaz fəaliyyətlə yanaşı, Vətənə böyük məhəbbət tələb edir.

Bununla əlaqədar cənab İlham Əliyev çıxışlarının birində belə demişdir: “Gərək idmana rəhbərlik edən şəxs, idmanla məşğul olan şəxs ilk növbədə Vətənini sevsin. Əgər o sevgi, məhəbbət varsa hər bir sahədə, o cümlədən idmanda da uğurlar qazanılacaq”.

Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri 12 ildir ki, əsl Vətən sevgisi ilə öz olimpiyaçılar komandasını, bütün idman hərəkatımızı qələbədən-qələbəyə, zirvədən-zirvəyə aparır. Bu müddət ərzində neçə-neçə çempionumuzun adları ölkənin tarixinə qızıl hərflərlə yazılmış və onlar öz böyük nailiyyətləri ilə Vətənin sərvətinə çevrilmişlər. İdmanımızın ən yaxşı nümayəndələri beynəlxalq meydanda ən mötəbər yarışlardadünya və Avropa çempionatlarında, olimpiya və paralimpiya oyunlarında yüksək ustalıqları və unudulmaz qələbələri ilə Azərbaycana böyük şöhrət gətirmişlər. Əlbəttə, bu uğurlar müntəzəm surətdə və məqsədyönlü şəkildə həyata keçirilən mühüm tədbirlər sayəsində mümkün olmuşdur.

Burada cənab İlham Əliyevin Azərbaycan MOK-una rəhbərliyinin ilk illərindən birində söylədiyi fikri xatırlatmaq yerinə düşər: — Qısa bir zaman kəsiyində Azərbaycan idmanı başlıca problemlərin məngənəsindən çıxarıldı, onun inkişafına güclü bir təkan verildi. Hələ biz görülmüş işlərin nübarını dadırıq. Onun əsas barı, bəhrəsi, bol məhsulu isə bir qədər sonra olacaq.

On iki il zaman etibarilə o qədər də uzun müddət deyildir. Lakin bu illər ərzində Azərbaycan idmanı o qədər xoş günlər yaşamış, o qədər tarixi hadisələrin şahidi olmuşdur ki, onların hamısını yox, yalnız bir qismini sadalamaq istəsək belə, yaddaşımız, bəlkə də, gücsüz görünər. Çünki idmanın ürəkdən sevildiyi və ona məhəbbətin böyük uğurlara, müxtəlif mükafatlara hamar bir yol açdığı ölkədə bütün dünyanın diqqətini cəlb edən ciddi dəyişikliklər baş verir.

Bu gün heç kim üçün sirr deyil ki, möhtərəm Prezidentimizin böyük qayğısı sayəsində Azərbaycan Ümumdünya olimpiyaçılar ailəsində layiqli yer tutur, respublikamızın idman həyatı, beynəlxalq startlarda qələbə və medallarımız hər yerdə yüksək qiymətləndirilir, ölkəmiz qüdrətli bir idman dövləti kimi çoxlarına nümunə göstərilir. Təsadüfi deyil ki, 2008-ci ilin finişində keçirilmiş Milli Olimpiya Komitəsinin V hesabat-seçki Baş Məclisində cənab İlham Əliyev yekdilliklə daha səkkiz il müddətinə MOK prezidenti seçilmişdir. Bu isə o deməkdir ki, Azərbaycanın olimpiyaçılar komandası ən azı daha iki yay Olimpiya oyunlarında mübarizəyə başlamazdan əvvəl indiki liderindən xeyir-dua alacaqdır.

Məhz Milli Olimpiya Komitəsi rəhbərinin idmanımızın şöhrətini yüksəklərə qaldırmaq üçün yorulmaz fəaliyyəti və həyata keçirdiyi mühüm tədbirlər nəticəsində bu gün respublikamız dünyanın sayılıb-seçilən idman ölkələrindən birinə çevrilmişdir. İndi hamı yaxşı bilir ki, Azərbaycanda idmana daimi dövlət qayğısı təkcə beynəlxalq meydanda qələbə və medallar qazanılması məqsədinə xidmət etmir, başlıca məqsəd insanların öz asudə vaxtlarını səmərəli keçirmələri, kütləvi idman tədbirlərində fəal iştirak etmələri, sağlamlıqlarını möhkəmləndirmələri üçün onlara zəruri şərait yaradılmasıdır. Bu vacib şərt isə istər peşəkar idmançılarda, istərsə də adi idman həvəskarlarında xoş əhval-ruhiyyə yaradır, onların məşğələlərə marağını ikiqat artırır.

Bir ay əvvəl, iyunun 30-da respublika Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yeni binasının açılışı mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bununla əlaqədar öz çıxışında belə demişdir: — Azərbaycan idmanının çox böyük potensialı, çox böyük gücü var. Həm kütləvi qaydada idmanla məşğul olmaq üçün şərait yaradılır, həm Azərbaycan xalqı peşəkar, görkəmli idmançılar yetişdirir, həm də bizim idmançılar dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında qabaqcıl yerlərdədirlər. Azərbaycanda idmanın belə geniş vüsət alması çox mühüm bir hadisədir. Gənc nəslin yetişdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ümumiyyətlə, ölkənin idman şöhrətinin yüksəkliklərə qaldırılması üçün Azərbaycan dövləti hər şeyi edir...

Burada fərəhlə qeyd etmək olar ki, son doqquz — on ildə ölkədə çoxsaylı idman qurğuları inşa edilmiş və onlar öz imkanlarına görə müasir tələblərə, beynəlxalq standartlara tam cavab verir. Bu barədə danışarkən təbii ki, ilk növbədə olimpiya idman komplekslərindən söhbət açmaq lazımdır. Azərbaycanda artıq 19 belə kompleks gənclərin ixtiyarına verilmişdir. Orta hesabla hər il ölkədə iki olimpiya idman kompleksi öz qapılarını idman həvəskarlarının üzünə taybatay açmışdır. Özü də bu komplekslər təkcə paytaxt Bakıda, Gəncə və Naxçıvan kimi böyük şəhərlərdə deyil, digər yerlərdə, hətta cəbhə bölgəsi — Ağdam rayonunun Quzanlı qəsəbəsində də inşa olunmuşdur. Ötən futbol mövsümündə “Qarabağ” bir neçə oyunda rəqiblərini məhz bu stadionda qəbul etmişdir. Hələlik sonuncu, sayca 19-cu olan Şəmkir Olimpiya İdman Kompleksi isə bu yaxınlarda, 28 May—Respublika Günü ərəfəsində istifadəyə verilmiş və təbii ki, bütün Şəmkir əhalisinin ürəyindən olmuşdur.

İdman qurğularının inşasına mühüm əhəmiyyət verən Azərbaycan dövləti və Milli Olimpiya Komitəsi bu işi ciddi nəzarətdə saxlayır. Yaxın vaxtlarda ölkəmiz yeni olimpiya komplekslərinin açılışı mərasimlərinin də şahidi olacaqdır. Hər bir yeni kompleks isə həmin bölgədə yaşayan gənclərə gözəl töhfədir, onların sağlamlığının möhkəmləndirilməsi, idman ustalığının artırılmasında çox mühüm şərtdir. Yaraşıqlı, rahat komplekslərdə təcrübəli mütəxəssislərin rəhbərliyi altında keçirilən məşqlər öz müsbət nəticələrini çox gözlətmir.

Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan idmançılarının son üç yay Olimpiya oyunlarında qazandıqları üst-üstə 15 medal da təmsilçilərimizin dünya idmançılarının ali məclisinə hazırlığı üçün yaradılan ideal şəraitin bəhrəsidir. Sidney Olimpiadası—2000-dən sərbəst güləş ustası Namiq Abdullayevlə stend atıcısı Zemfira Meftahəddinovanın gətirdikləri qızıl mükafatlar, boksçu Vüqar Ələkbərovun bürünc medalı, bundan dörd il sonra Afina Olimpiya oyunlarında yunan-Roma üsulu ilə güləşdə öz çəkisində tayı-bərabəri olmayan Fərid Mansurovun qızıl, həmin Meftahəddinova ilə yanaşı güllə atıcısı İradə Aşumovanın, eləcə də boksçular Ağası Məmmədovla Fuad Aslanovun bürünc medalları, Pekin—2008-də isə cüdoçu Elnur Məmmədlinin qazandığı qızıl, “klassiklər” Rövşən Bayramovla Vitali Rəhimovun gümüş, tatami ustası Mövlud Mirəliyevin, boksçu Şahin İmranovun, sərbəst üsulla güləşən Xetaq Qazyumovun və qadın güləşçi Mariya Stadnikin bürünc medalları bu gün Azərbaycanın xəzinəsində ən qiymətli sərvətlər kimi layiqli yer tutur.

Əgər bir il əvvəl ÇXR paytaxtında böyük hünər göstərən paralimpiyaçılarımızın da 10 medal qazandıqlarını xatırlasaq, ölkəmizdə fiziki cəhətdən qüsurlu olan idmançıların da məşqlərdə iştirakı və yarışlara hazırlığı üçün hər cür şərait yaradıldığı bir daha aydın olar. Pekində startlar ərəfəsində Sumqayıtda istifadəyə verilən və təntənəli açılışı mərasimində dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yüksək qiymətləndirdiyi Paralimpiya Kompleksi müasir tələblər səviyyəsindədir.

Bu isə onu təsdiq edir ki, paralimpiyaçı çempionlarımız cüdoçu İlham Zəkiyev, yadro itələyən Oluxan Musayev və onlar kimi Pekindən Xəzər sahillərinə medallarla qayıtmış digər həmvətənlərimiz belə böyük uğurları məhz onlara göstərilən gündəlik qayğı və zəruri məşq şəraiti sayəsində qazanmışlar.

Ən xırda məsələlərin belə nəzərə alındığı yüksək səviyyəli şərait hər il Azərbaycanda onlarla mötəbər beynəlxalq yarışın keçirilməsində həlledici rol oynayır. Təkcə onu deyək ki, Avropa Gimnastika İttifaqı kimi çox nüfuzlu bir təşkilatın son üç ildə iki dəfə bədii gimnastika üzrə qitə çempionatının Bakıda təşkilinə qərar verməsi çox şeyə sübutdur. Cəmi on gün əvvəl yenə paytaxtımızda təşkil olunan və idmanımızın bugünkü səviyyəyə çatmasında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən sərbəst güləş, yunan-Roma və qadın güləşi üzrə “Qızıl Qran-pri” turniri də bu ilin çox mühüm və unudulmaz hadisəsi idi. Dünyanın 32 ölkəsindən böyük məmnuniyyətlə Azərbaycana gələn 300-dən çox iştirakçı ulu öndərə dərin ehtiramını bir-birindən maraqlı və gərgin görüşlərlə ifadə etdi. Yarış başa çatdıqdan sonra isə qonaqlar öz ölkələrinə Heydər Əliyevin vətəni haqqında zəngin təəssüratla qayıtdılar.

Həqiqətən, idmanımızın nüfuzunun yüksəlməsi, respublikamızda mötəbər yarışların bir-birini əvəz etməsi xaricdə Azərbaycana marağı durmadan artırır. İndi xarici ölkələrin nümayəndələri Bakıya səfər etmək imkanı qazandıqda paytaxtımızla yaxından tanış olmaq fürsətini də qaçırmırlar. Bu zaman aldıqları xoş təəssürat barədə söylədikləri rəylər isə hər bir azərbaycanlının ürəyindən olur. Məsələn, Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Qızıl Qran-pri” turnirinin gedişini izləmiş Beynəlxalq Güləş Assosiasiyaları Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti mətbuat konfransında Azərbaycan Güləş Federasiyasının fəaliyyətini yüksək qiymətləndirib “onun qısa müddətdə beynəlxalq aləmdə böyük uğurlar qazanmış yeganə idman təşkilatı olduğunu” deyərkən Bakıya hər gəlişində Azərbaycan paytaxtının simasında müsbət dəyişikliklərin şahidi olduğunu da vurğulayaraq bildirmişdir ki, zənnimcə, bir neçə ildən sonra Bakı dünyanın ən gözəl şəhərlərindən biri olacaqdır.

Bu fikir bir daha təsdiq edir ki, müstəqil Azərbaycan Respublikası dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə təkcə idmanda yox, həyatın bütün sahələrində əsl tərəqqi yolundadır.

Gündən-günə çiçəklənən və möhkəmlənən, bunun da nəticəsində beynəlxalq aləmdə nüfuzu daha da artan müstəqil Azərbaycan Respublikasının qüdrətli bir idman dövlətinə çevrildiyi hər yerdə etiraf olunur. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqun respublikamıza son səfərlərindən birində dediyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə idmanın inkişafına böyük diqqət yetirir və bu sahədə qazanılmış uğurlar müasir standartlara cavab verir.

Dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda idman qurğularının inşasının sürətlə davam etdirilməsi dövlətimizin imkanlarının və bu sahəyə gündəlik qayğısının parlaq təzahürüdür. Bu ilin may ayında respublikamızın qonağı olmuş Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Karlos Qonsalves Prezident İlham Əliyev ilə görüşü zamanı Azərbaycan Milli Olimpiya Komitəsinin yarandığı vaxtdan bəri keçdiyi inkişaf yolundan və qazandığı uğurlardan, cənab İlham Əliyevin bu sahədə xidmətlərindən xəbərdar olduqlarını bildirmiş, sonra isə demişdir: — Zati-aliləri, idman fəaliyyətinizdə və gündəlik həyatınızda Olimpiya tərbiyəsinin, ədalətli oyunlar dəyərlərinin və prinsiplərinin vacibliyinə yönələn bütün təşəbbüslərə verdiyiniz hərtərəfli dəstəyi də bilirik. Buna görə də Olimpiya Ədalətli Oyunlar Hərəkatının İcraçı Komitəsi Sizin təşkilatın tarixində ilk dəfə olaraq Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı ilə təltif edilməyinizə dair qərar qəbul etmişdir. Bu, ümumi məqsədlərimizə nail olmaq üçün verdiyiniz böyük töhfələrə görə bizim Sizə dərin minnətdarlığımızın ifadəsidir.

Burada xatırlatmaq yerinə düşər ki, dövlətimizin və idmanımızın lideri cənab İlham Əliyev hələ beş il əvvəl — 2004-cü ilin fevralında olimpiya hərəkatında görkəmli xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali mükafatı — Olimpiya Ordeninə də layiq görülmüşdür.

...Sanki dünən böyük həyəcanla izlədiyimiz Pekin Olimpiadasından artıq bir il keçir. Londonda təşkil olunacaq XXX Yay Olimpiya Oyunlarına isə cəmi üç il qalır. Azərbaycan idmançılarının 2012-ci ildə İngiltərə paytaxtında yubiley Olimpiadasında iştirakı cənab İlham Əliyevin ölkə olimpiya hərəkatına rəhbərliyinin 15-ci ilinə təsadüf edəcəkdir. Olimpiyaçılarımız öz liderlərinin rəhbərliyi altında yarışdıqları üç Olimpiadadan — Sidney, Afina və Pekindən yuxarıda qeyd etdiyimiz kimi, üst-üstə 15 medal — 4 qızıl, 2 gümüş və 9 bürünc medalla qayıtmışlar. Bu mükafatların hamısı Azərbaycan xalqına hədsiz sevinc bəxş etmişdir. London startlarından sonra isə olimpiya qənimətlərimizin sayı, şübhəsiz, daha da çoxalacaq, kim bilir, bəlkə də ikiqat artacaqdır. Bu, cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ilinə ən qiymətli töhfə olar.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 31 iyul.- S. 3.