Ulu öndər Heydər Əliyev Mədəniyyət mətbuatın, jurnalistlərin yaxın dostu idi

 

Mənim xatirimdədir, 1970-ci il idi. Bizim “Kommunist” qəzeti bir neçə rayonda bəzi şeyləri aşkara çıxardı, böyük məqalələr verdi. Biz onları Mərkəzi Komitədə müzakirə etdik, o rayon rəhbərlərini işdən uzaq etdik, bəzilərini hüquq-mühafizə orqanlarına verdik və həmin rayonların işini daha da yaxşılaşdırdıq.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

 

Azərbaycanın tarixinə 14 iyul 1969-cu il qızıl hərflərlə yazılıb. Həmin günədək fəaliyyəti məxfi sayılan bir təşkilata — Dövlət Təhlükəsizlik Komitəsinə sədrlik edən general-mayor Heydər Əliyev Azərbaycana rəhbər təyin olundu. Aydın səmada şimşək çaxması kimi əks-səda doğuran bu təyinat sonralar xalqımızın taleyində mühüm rol oynadı. Belə ki, bu gəlişilə Heydər Əliyev Azərbaycana təxminən 34 il rəhbərlik etdi. Arada beş il SSRİ-nin rəhbərlərindən biri olan ulu öndər təcrübəli dövlət xadimi kimi bir çox xalqların, millətlərin dərin hörmət və ehtiramını qazandı.

Ötən illər sübut etdi ki, xalqımızı Heydər Əliyevə böyük məhəbbət və qırılmaz tellər bağlayır. Qarşılıqlı olan bu bağlılıq 1993-cü ildə – ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalanda daha bariz şəkildə özünü göstərdi. Xalqımız israrla, təkidlə Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. 40 il bundan əvvəl, 1969-cu ilin yayında onu İttifaq rəhbərliyi Azərbaycana başçı təyin etmişdisə, on altı il öncə xalqın tələbi belə oldu.

Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında əvvəlcə keçmiş SSRİ məkanında görünməmiş sürətlə inkişaf etdi, iqtisadiyyatın bütün sahələrində ciddi dönüş yaradıldı. Elmdə, mədəniyyət və incəsənətdə böyük nailiyyətlər əldə olundu. Ömrünü xalqın tərəqqisi, xoşbəxtliyi yolunda şam kimi əridən bu dahi insanın respublikada hakimiyyətə yenidən qayıdışı Azərbaycanı dünya orbitinə çıxartdı. Ümummilli liderin uzaqgörənliklə apardığı daxili və xarici siyasət ölkədə etibarlı sabitlik yaratdı, beynəlxalq aləmdə söz sahibi olduq. 1994-cü il sentyabrın 20-də Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın müstəqilliyini əbədi etdi, ölkənin iqtisadi inkişafının möhkəm təməlini yaratdı.

Ümummilli liderimiz ölkəyə rəhbərliyi dövründə mətbuata, jurnailstlərin fəaliyyətinə həmişə yüksək qiymət vermişdir. Heç təsadüfi deyil ki, Azərbaycana birinci dəfə rəhbər təyin olunandan az sonra Heydər Əliyev “Kommunist” qəzetinin 50 illik yubileyində (29 avqust 1969-cu il) iştirak etmiş, doğma Azərbaycan dilində nitq söyləyərək demişdir: “Bu qəzet həmişə yeni həyat uğrunda çarpışanların ilk sıralarında getmişdir. Çoxlarının yaxşı yadında olar, bir vaxtlar Bakı fəhlələri vətənpərvərcəsinə belə bir mübariz şüar irəli sürmüşdülər: ”Neft beşilliyini iki il yarıma yerinə yetirək!" Qəzet də o zaman böyük Sovetlər ölkəsinə son dərəcə lazım olan neftlə, obrazlı desək, nəfəs alır, şanlı Bakı neftçiləri ilə birlikdə əmək növbəsində durur, neft quyuları qazmaqda, neft fontanlarını ram etməkdə onlara kömək edirdi...

Həqiqət və ədalət bayrağını uca qaldıran qəzetimiz əməkçi kəndlilərlə birlikdə ilk traktorların sükanı arxasına keçir, birlikdə torpaq şumlayır, yeni həyat yaradıb qururdu".
Ulu öndərimizin bu yüksək qiyməti ölkədə gedən yenidənqurma işlərini daha operativ və maraqlı işıqlandırmaqda qəzetmizin kollektivinə əlavə güc verdi. Əgər siz ötən əsrin 70-80-ci illərində çıxan qəzetimizin nömrələrini vərəqləsəniz, Azərbaycanda tikilib istifadəyə verilən yeni sənaye müəssisələrinin, təzə yaşayış massivlərinin geniş ponaramına rast gələrsiniz. Kənd təsərrüfatında əldə olunan nailiyyətlər hamını valeh edirdi. Pambıqçılar, üzümçülər məhsul istehsalında bir milyon tonluq həddi ötüb keçmişdilər.

Qəzetmizin o vaxtkı fəaliyyətini xatırlayan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 2001-ci ildə Prezident Sarayında kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşərkən demişdir: “...Keçmişdə, Sovet hakimiyyətı vaxtında Azərbaycana rəhbərlik edərkən, bizdə bir mətbuat — kommunist mətbuatı var idi. Amma mən həmişə bu mətbuatı bizim nöqsanları araşdırmaq, aşkara çıxarmağa yönəldirdim. Çünki niyə? Biz hamısını aşkara çıxara bilmirdik. Bizim yerli hakimiyyət orqanları, o vaxt raykom, icraiyyə komitəsi idi və bunlar, əlbəttə ki, öz qüsurlarını gizlədəcəkdilər.

Mənim xatirimdədir, 1970-ci il idi. Bizim “Kommunist” qəzeti bir neçə rayonda bəzi şeyləri aşkara çıxardı böyük məqalələr verdi. Biz onları Mərkəzi Komitədə müzakirə etdik, o rayon rəhbərlərini işdən uzaq etdik, bəzilərini hüquq-mühafizə orqanlarına verdik və həmin rayonların işini daha da yaxşılaşdırdıq”.

Mətbuatın hər çıxışını diqqətlə izləyən Heydər Əliyev kütləvi informasiya vasitələrinə qarşı edilən “hücumlara”, haqsızlıqlara kəskin reaksiya verirdi. 1974-cü ildə Göyçay rayonunda çıxan “Yeni həyat” qəzetinin nömrəsinin bütün nüsxələri rayon partiya komitəsinin göstərişinə əsasən müsadirə olunaraq, yandırılmışdı. Rayon kənd təsərrüfatı idarəsi rəisinin yarıtmaz işini tənqid etdiyinə görə raykomun bürosu qəzetin redaktorunu vəzifədən çıxarmışdı. Belə bir biabırçı fakt Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevdən gizlədilmişdi. Bununla əlaqədar “Pravda” qəzetində dərc olunan “Qərəzçilik” sərlövhəli məqalədən dərhal sonra bu məsələ ulu öndərin şəxsi tapşırığı ilə Mərkəzi Komitə bürosunun müzakirəsinə çıxarıldı.
Respublikanın əməkdar jurnalisti Oqtay Cəfərov (“Yeni həyat” qəzetinin redaktoru olub – T.Ə.) həmin müzakirəni, indinin özündə belə yaxşı xatırlayır:

— Yeddi saat davam edən büro iclasının yekununda ulu öndərimiz Heydər Əliyevə ünvanladığım teleqramı gizlətdiklərinə görə Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsinin müdiri, rayon partiya komitəsinin birinci katibi ciddi cəzalandırıldılar. MK-nın şöbə müdirinin müavini, raykomun ikinci katibi isə vəzifədən azad olundular. Ümummilli liderimizin o vaxt qətiyyətli tədbir görməsi başqalarına dərs oldu, mətbuata təzyiq göstərmək istəyənlərin arzuları gözlərində qaldı.

Jurnalist əməyinə böyük hörmətlə yanaşan Heydər Əliyev “dördüncü hakimiyyət” nümayəndələrini cəmiyyətin aparıcı qüvvəsi hesab edirdi, onların qaldırdıqları problemlərə həssaslıqla yanaşırdı. 1993-cü ilin iyun ayında ölkədə vətəndaş müharibəsi başlayanda AXC-Musavat rəhbərlərinin dəvəti ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev vəziyyəti yerində öyrənmək üçün Gəncə şəhərinə gedəndə özü ilə yalnız jurnalistləri aparmışdı. O yaxşı bilirdi ki, geniş xalq kütləsinə həqiqəti çatdırmaqda KİV nümayəndələri əvəzsiz vasitədirlər.

“Ruh” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatı 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə təqdim olunarkən ulu öndər söz azadlığı, aşkarlıq, demokratiya şəraitindən sui-istifdə edib həqiqətə uyğun olmayan məlumatları dilə gətirən mətbuat nümayəndələri barədə demişdir: “Bəzən jurnalist haradasa hansısa faktı eşidir, oturub yazır və bir az da ona öz fikirlərini əlavə edir. Amma bu faktı araşdıranda, müəyyən adamlarla görüşəndə aydın olur ki, məsələ belə deyil, başqa cürdür. Ona görə də mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm”.

Jurnalistika sənəti Heydər Əliyevə həmişə yaxın olub. Özünün etiraf etdiyi kimi, jurnalistika çətin sənətdir və bu peşədə çalışanlar hər cür hörmətə, ehtirama layiqdirlər. Hələ ötən əsrin 70-ci illərində hakimiyyətin olimpində dayanan ulu öndər düşüncələrini, ideyalarını jurnalistlərlə bölüşməyi vacib sayırdı. “Literaturnaya qazeta”nın müxbirinə müsahibə verən Heydər Əliyev “Qoy, ədalət zəfər çalsın!” – deməklə keçmiş İttifaqda yenicə cücərməyə başlayan rüşvətxorluğa, korrupsiyaya qarşı müharibə elan etmişdi.

Mənim bəxtim onda gətirib ki, jurnalistlik fəaliyyətimin ən maraqlı, qaynar və məhsuldar illəri ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərinə təsadüf edib.

Keçən əsrin 70-80-ci illərində qəzetin Mil-Muğan bölgəsi üzrə xüsusi müxbiri işləyirdim. 14 il yaşadığım Əli Bayramlı (indiki Şirvan) şəhərinin, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının iqtisadiyyatının sürətli inkişafı sosial-mədəni həyatında baş verən müsbət dəyişikliklər, adamların güzəranının, yaşayış səviyyəsinin durmadan yaxşılaşması gözlərim önündə olub.

Ulu öndər güclü hafizəyə malik adam idi. O, bir dəfə görüşdüyü insanı yaddan çıxarmırdı. Bunu mən öz üzərimdə hiss etmişəm. İlk dəfə Heydər Əliyevlə görüşəndə məni xüsusi müxbir kimi təqdim etmişdilər. Növbəti görüş zamanı isə o, köhnə tanış kimi məndən işlərin necə getdiyini soruşdu. Həmin görüşü əks etdirən fotoşəkil indi kitab rəfimin bəzəyi, mənim üçün isə ən qiymətli hədiyyədir.

Həyatın mənasını xalqa şərəflə, vicdanla xidmət etməkdə görən Heydər Əliyevlə çoxsaylı görüşlərim yaddaşımda unudulmaz xatirələr yaratmış, bir sıra maraqlı hadisələrin şahidi olmuşam. Üstündən on illər keçsə də həmin hadisələri məmnunluqda xatırlayıram.

Ulu öndər hər dəfə rayonlara səfər edəndə özü ilə çoxlu sayda yaradıcı ziyalı gətirirdi. Sübh tezdən gecə yarısınadək keçən gərgin iş gününü axırında adəti üzrə çay süfrəsi arxasında həmin ziyalılarla fikir mübadiləsi aparan Heydər Əliyev bir dəfə Mərkəzi televiziyanın “Vremya” xəbərlər proqramının müxbiri Mais Məmmədovdan soruşdu:

— Sizin çəkdiyiniz sujetləri harada göstərirlər? Nədənsə mən “Vremya”da onları görmürəm.

— Heydər Əliyeviç, biz materialları Moskvaya vaxtında çatdırırıq. Ancaq bəzi məsələləri həll edə bilmədiyimiz üçün sujetlərin ekrana operativ çıxarılması gecikdirilir.

— Nədir o məsələlər?

— ...

Həmin söhbətdən bir neçə gün sonra “Vremya”da Azərbaycanla əlaqədar müntəzəm verilişlər getməyə başladı. Ulu öndərimiz bu məsələni çox ustalıqla yoluna qoydu.

Ümummilli liderimiz Heydər Əliyev belə söhbətlərin birində qəzetimizə yenicə redaktor təyin edilmiş Rəşid Mahmudovu sorğu-suala tutdu. Məsələ burasında idi ki, qəzetin həmin gün çıxan nömrəsi Heydər Əliyevin kənd təsərrüfatı rayonlarına səfərinə həsr edilmişdi. Birinci səhifənin manjetində iri hərflərlə yazılan “Bir milyon ton Azərbaycan pambığı uğrunda!” sözləri Heydər Əliyevin diqqətindən yayınmamışdı. Redaktordan soruşdu ki, həmin rəqəmi haradan götürüb, hansı rəsmi sənəddə oxuyub?

Rəşid Mahmudov vəziyyətdən çıxmaq üçün respublikada gedən quruculuq işlərindən danışdı, həyata keçirilən mühüm tədbirləri yada saldı.

Cavabdan razı qalmayan Heydər Əliyev ciddi şəkildə bildirdi:

— Bizim rəsmi öhdəliyimiz var. Doğrudur, pambıqçılarımız bir milyon ton məhsul uğrunda mübarizə aparırlar. Yaxşı bilirsiniz ki, kənd təsərrüfatında qarşıya qoyulan məqsədlərə çatmaq üçün hava şəraiti həlledici amil sayılır. Olmadı elə, oldu belə. Yadda saxlayın, sizin taleyiniz həmin rəqəmin reallaşmasından asılı olacaqdır!

Xoşbəxtlikdən həmin il qəzetimizin yazdığı kimi, Azərbaycan bir milyon tondan çox pambıq istehsal etdi. Buna hamıdan çox sevinən, bəlkə də, Rəşid müəllim oldu...

Bir qərinədən çox Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev Vətəni, xalqı üçün misilsiz xidmətlər göstərmişdir. Həmişə, hər yerdə azərbaycanlı olması ilə fəxr edən bu dahi insanın zəngin həyat təcrübəsi hər birimiz üçün tükənməz ilham mənbəyidir. Ümummilli liderimizin siyasi kursu bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev irsinə sədaqətimiz bizi xoşbəxt gələcəyə aparır, ulu öndərin daim qürur hissi keçirdiyi Azərbaycan onun ideyalarının işığında yenilməz, qüdrətli dövlətə çevrilir.

 

Telman ƏLİYEV,

 

Xalq qəzeti.- 2009.- 3 iyun.- S. 6.